Məhkəmə qərarları › İş №1(022)-33/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-33/2024

16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-33/2024 16.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 09 avqust 1988-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Yevlax şəhəri, Nizami prospekti, ev 53, mənzil 11-də qeydiyyatda olmaqla yaşayan, barəsində 08 oktyabr 2023-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda -1,207 qram çəkidə narkotik vasitə heroini əldə edib, saxlamış və üzərində daşıyarkən, 07 oktyabr 2023-cü il tarixdə saat 02:10 dəqiqədə Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyataxtarış tədbirləri nəticəsində Biləsuvar şəhəri, H.Əliyev küçəsində, “Görüş” kafesinin yanında şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmiş və şöbənin inzibati binasında üzərində şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə olan heroin bir ədəd sellofan kəsiyi bükümündə əynindəki gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən iki ilə yaxın olar ki, narkotik vasitə qəbul edir, lakin buna görə heç vaxt məhkum olunmamışdır. Psixi problemləri yoxdur və heç bir dispanserdə qeydiyyatda deyildir. Rəsmi olaraq heç bir yerdə işləmir. 04 oktyabr 2023-cü il tarixdə səhər saat 09 radələrində yaşadığı Yevlax şəhərində azyaşlı oğlunu məktəbə qoyub qayıdanda yerdə siqaret qutusu görmüşdür. O, elə bilmişdir ki, kiminsə cibindən düşüb içərisində siqaret var. Ona görə də qutunu götürmüş və içinə baxanda görmüşdür ki, bir ədəd sellofan kəsiyinə bükülmüş bükülü var. O, həmin bükülünü açıb içinə baxanda içərisində narkotik vasitə heroin olduğunu görmüş və əynindəki gödəkçənin sol yan cibinə qoymuşdur ki, özü sonra istifadə edər. 06 oktyabr 2023-cü il tarixdə saat 14:00 radələrində tanışı X6 ilə rastlaşmışdır. Onlar söhbət edən zamanı demişdir ki, Biləsuvarda əsgər yoldaşları var, gedək Biləsuvara, onlardan kimi tapsaq, onun vasitəsi ilə bir iş tapıb işləyək. Çünki, o əvvəllər briqada düzəldib, ev və sair tikinti işləri ilə məşğul olmuşdur. Xanlar da razılaşmış, sonra da taksi sürücüsü kimi tanıdığı X13 ilə danışıb onları Biləsuvara aparmasını xahiş etmişlər. Namik əvvəl razı olmasa da, maşının yanacağını vuracağlarını, qayıtdıqdan sonra da yol xərci nə qədər olsa pulunu verəcəklərini deyəndən sonra razılaşmışdır. Sonra da Namikin idarə etdiyi “VAZ 21015” markalı **-SA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşib yola çıxmışlar. Yolda Namikin avtomobili bir neçə dəfə xarab olmuşdur. Hər dəfə bir saatdan artıq yolda avtomobili təmir etməklə məşğul olmuşlar. Onlar çox çətinliklə saat 18 radələrində Biləsuvara çatmışlar. Rayonun girişini bilmədikləri üçün səhvən Cəlilabad istiqamətində getmişlər. Sonra geri qayıdarkən səhvən yenə də tanımadıqları istiqamətə getmişlər. Onlar soraqlaşa-soraqlaşa Biləsuvara girişdə “Görüş” kafesinin qarşısına çatanda avtomobil yenə də işləməmişdir. Həmin vaxt artıq gec olduğundan heç kimlə görüşə bilməmişlər. Ona görə də dayanıb avtomobili təmir edib geri qayıtmaq qərarına gəlmişlər. Onlar təxminən iki saat avtomobili təmir etmək üçün orada qalmışlar. Artıq gecə yarını keçmiş, yəni xx.xx.2023-cü il saat 02 radələrində onlar avtomobili düzəldib geri qayıtmaq üçün yola çıxmışlar. Bu zaman YPX avtomobili onlara saxla işarəsi vermiş və Namik avtomobili saxlamışdır. Sonrada bir neçə nəfər şəxs onlara yaxınlaşıb özlərini tədim edərək polis əməkdaşı olduqlarını bildirmişdir. Sonrada narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını deyib onları Biləsuvar RPŞ-nə dəvət etmişlər. Onlarda etiraz etmədən polis şöbəsinə gəlmişlər. Polis Şöbəsində xidməti otaqların birində hüquqları ona izah olunmuş və ona öz istəyi ilə hüquqlarını müdafiə etmək ücün X12 vəkil kimi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa hamısını çıxarıb stolun üstünə qoyun. O da əynindəki gödəkçənin sol yan cibinə qoyduğu içərisində narkotik vasitə olan bir ədəd bükülünü çıxarıb təqdim etmiş və bundan başqa üzəzrində qanunla qadağan olunmuş heç bir şeyin olmadığını bildirmişdir. Sorğu zamanı həmin bir ədəd bükülünün içində heroin olduğunu, özünə məxsus olmaqla yaşadığı ərazidə yerdən tapmasını göstərmişdir. Bundan sonra üzərində şəxsi axatrış keçirilsə də, qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Onun təqdim etdiyi bir ədəd sellofan kəsiyinə bükülmüş bükülü açılıb baxıldıqda içərisində heroinə oxşar maddə olması müəyyən olunmuş, elektron tərəzidə çəkildikdən sonra bükülü ilə birlikdə zərfə qoymuşlar və zərfi möhürləmişlər. Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən o da imza etmişdir. Onun üzərində keçirilən şəxsi axtarış barədə protokol tərtib olunmuş, protokolu hamı, o cümlədən o da imza etmişdir. Daha sonra Namikin idarə etdiyi “VAZ 21015” markalı **-SA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, lakin baxış zamanı avtomobildən qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Bu barədə də protokol tərtib olunmuş, protokolu hamı, o cümlədən o da imza etmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə 04 oktyabr 2023-cü il tarixdə yaşadığı Yevlax şəhərində yerdən tapış, gələcəkdə özü istifadə etmək üçün üzərində saxlamışdır. Onun üzərində narkotik vasitə olmasından Namik və Xanların heç bir məlumatı olmamış, onlara bu barədə heç bir söz deməmişdir. O, içərisində heroin olan bükülünü tapanda yanında heç kim olmamışdır. O, əvvəllər də narkotik vasitə istifadə etmişdir. Ona görə də içərisində heroin olan bükülünü istifadə etmək üçün üstündə gəzdirirmişdir. Həmin bir ədəd sellofan kəsiyinə bükülmüş heroin ona məxsusdur, satışı barədə düşünməmiş və heç kimə satmamışdır. Üzərindən narkotik vasitə çıxdığına görə əməlindən səmimi olaraq peşamandır. Onun Xanların üzərində narkotik vasitə olmasından məlumatı olmamış, haradan və hansı məqsədlə əldə etməsini bilməmişdir. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Biləsuvar rayon polis şöbəsinin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. Yevlax şəhər sakinləri Təqsirləndirilən şəxs və X2 əvvəllər tanımamış, onlarla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 07 oktyabr 2023-cü il tarixdə tərəfindən onun cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən o, Biləsuvar RPŞ-nin CAB-nın rəisi polis kapitanı X5, RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı X9, RPŞ-nin DYPB-nin inspektorları, X7 və X15 tərkibdə əməliyyat qrupu yaradılaraq bu barədə protokol tərtib edilmişdir. Həmin qərara uyğun olaraq 07 oktyabr 2023-cü il tarixdə saat 02:00 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmışdır. Əməliyyat tədbirinə uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhə doğuran Təqsirləndirilən şəxs içərisində olduğu ehtimal olunan “VAZ 21015” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomibil Biləsuvar rayon Qızqayıt Həsənova küçəsində əməliyyat müşahidəsinə götürülmüş, təxminən 10 dəqiqə sonra Biləsuvar şəhəri, H.Əliyev küçəsində, yerləşən “Görüş” kafesinin yaxınlığında əməliyyat qrupunun üzvləri olan RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs olduğu avtomobilə saxla işarəsi verilmiş və sürücü avtomobili saxlamışdır. Bu zaman onlar dərhal ona yaxınlaşıb özlərini təqdim edərək gəlişlərinin səbəbini izah etmişlər. Həmin yerin şəraiti şəxsi axtarış keçirilməsi üçün münasib olmadığından Təqsirləndirilən şəxs və avtomobildə olan sonradan şəxsiyyətləri onlara məlum olan X2 və sürücü X10 idarə etdiyi “VAZ 21015” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə RPŞ-nə gətirmişlər. Bundan sonra onun raportu əsasında toplanmış materialın icrası RPŞ-nin TB-nin təhqiqatçıları Mahsun Kərimova və Bəhruz Bayramova həvalə edilmişdir. Həmin andan Təqsirləndirilən şəxs, X3 və X11 müvafiq qaydada hüquq və vəzifələri izah edilmiş, o cümlədən, onlara vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil X12 tərəfindən müdafiə olunmasını bildirmişdir. Bundan sonra X12 müdafiəçi qismində dəvət edilmiş. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Həmçinin ona şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə olması şübhəsi olduğundan qanunvericiliyin tələblərinə uyğun olaraq videoçəkiliş ilə onun üzərində şəxsi axtarış keçirilməsi izah edilmişdir. Daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik maddə və yaxud qanunla qadağan edilmiş digər əşya varsa, təqdim etsin. Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki gödəkçənin sol yan cibindən bir ədəd sellofan kəsiyinə bükülmüş bükülü çıxarıb təqdim etmişdir. Həmin bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuş. Sorğu zamanı bildirmişdir ki, “həmin bükülünün içində heroin vardır, ona məxsusdur və onu yaşadığı ərazidə yerdən tapmışdır”. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan kəsiyinə bükülmüş bükülü elektron tərəzidə çəkildikdən sonra bir ədəd zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs imza etmişdir. Şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs tərəflərindən hər hansı bir zor tətbiq edilməmiş, hər bir hərəkət onun öz razılığı ilə olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs, onun müdafiəçisinin, X1, onun müdafiəçisinin, X8, onun müdafiəçisinin və şəxsi axtarışda iştirak edən digər əməkdaşların iştirakı ilə X8 idarə etdiyi “VAZ 21015” markalı **-SA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Lakin baxış zamanı avtomobildən qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Bu barədə də protokol tərtib olunmuş, protokolu hamı, o cümlədən Təqsirləndirilən şəxs, X6 və X13 imza etmişdir. Məhkəmədə şahid qismində dindirilən oğlu Şahid1 Şahid2 ilə eyni məzmunda ifadə verdi. İşdə olan Şəxsi axtarış və götürmə barədə 07 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki gödəkçənin sol yan cibindən bir ədəd sellofan kəsiyinə bükülmüş bükülü çıxarıb təqdim etmiş. Həmin bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuş. Sorğu zamanı bildirmişdir ki, həmin bükülünün içində heroin vardır, ona məxsusdur və onu yaşadığı ərazidə yerdən tapmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə 1,28 qram olması müəyyən edilmiş, sonrada ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin X4 07 oktyabr 2023-cü il tarixli 19/913 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində « Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükülü… » sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -1,207 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 1,207 qram, tədqiqata sərf edildi 0,05, qalıq 1,157 qram. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1,207 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonrakı 1,157 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının 13 dekabr 2023-cü il tarixli 1085 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asıllıq olmadan opioidlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində proflaktiki qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İ siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar himayəsində iki azyaşlı uşağının (xx.xx.2012-ci il təvəllüdlü X16 və xx.xx.2016-cı il təvəllüdlü X17) olması və əməlindən səmimi peşman olmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. İş materiallarında olan 07 oktyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2023-cü il tarixdə saat 02:40-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 08 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 08 oktyabr 2023-cü il saat 18:00-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu müddət təyin ediləcək azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzasınını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, ambulator məcburi narkoloji tibbi yoxlamanın 13 dekabr 2023-cü il tarixli, 1085 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalan 1,157 qram narkotik vasitə heroin məhv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 oktyabr 2023-cü il tarixindən 08 oktyabr 2023-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 1,157 qram olan narkotik vasitə heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X21

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar