Məhkəmə qərarları › İş №1(022)-34/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-34/2024

11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-34/2024 11.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X6 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X1 və Zərərçəkmiş şəxs2, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun müdiri Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1999-cu il tarixdə Biləsuvar rayonu, Zəhmətabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar şəhəri, H.Əliyev küçəsi, 21 saylı evdə qeydiyyatda olan, Biləsuvar rayonu, Zəhmətabad kəndində yaşayan, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 17 dekabr 2023-cü il tarixdə, saat 19 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə H.Aslanov küçəsinin kəsişdiyi yerdə - “Uğur market” mağazasının arxasında yerləşən avtomobil təmiri sexinin həyətində, insanların çoxluq təşkil etdiyi yerdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, əsaslı səbəb olmadan X1 ünvanına söyüşlər söyməklə, həmin şəxslə mübahisə edib dalaşaraq, yumruqla bir neçə dəfə başın sol gicgah nahiyəsindən və sol almacıq nahiyəsindən vuraraq, A.M.İsmayılova başın sol gicgah nahiyəsində hematoma, sol almacıq nahiyəsində sıyrıq ilə nəticələnən zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə, həmçinin mübahisənin baş verdiyi yerə gəlmiş Zərərçəkmiş şəxs2 ünvanına söyüşlər söyməklə, həmin şəxslə mübahisə edib dalaşaraq, yumruqla bir neçə dəfə başın sol gicgah-yanaq nahiyəsindən vuraraq, Zərərçəkmiş şəxs2 sol gicgah-yanaq nahiyəsinin qançırı ilə nəticlənmiş və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə, orada olan şəxslərin 15 dəqiqə ərzində narahatlığına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək, göstərdi ki, o, Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə H.Aslanov küçəsinin kəsişdiyi yerdə - «Uğur» marketin arxasında yerləşən avtomobil təmiri sexində çilingər kimi işləyir. O, həmin sexin yerləşdiyi ərazidə yaşayan X3 və həmin şəxsin qardaşı Zərərçəkmiş şəxs2 tanıyır və həmin şəxslərlə aralarında ədavət və ya hər hansı qərəzçilik olmamışdır. O, 17 dekabr 2023-cü il tarixdə, saat 19 radələrində sərxoş vəziyyətdə olarkən, onunla tanışları arasında mübahisə yarandığına görə o, həmin şəxslərlə dalaşmış, bu zaman yüngül söyüşlər söymüşdür. Həmin mübahisə zamanı o, söyüşlər söydüyünə görə hadisə yerinə A.M.İsmayılov gəlmiş və ona iradlar bildirmişdir. O, sərxoş olduğuna görə və A.M.İsmayılov onu nalayiq ifadələrlə təhqir etdiyinə görə həmin şəxsin baş nahiyəsindən yumruqla bir neçə dəfə vurmuşdur. Bundan sonra həmin yerə A.M.İsmayılovun qardaşı Zərərçəkmiş şəxs2 da gəlmişdir. O, Zərərçəkmiş şəxs2 onu söydüyünə və onun üzərinə hücum etdiyinə görə həmin şəxsi də yumruqla baş nahiyəsindən vurmuşdur. Onları avtomobil təmiri sexində çalışan digər işçilər ayırmışlar. Dava-dalaş təxminən 10-15 dəqiqə davam etmiş və ətrafda olan insanlar baş verənləri görmüşlər. O, mübahisə etdiyi vaxt sərxoş vəziyyətdə olmuş və özünü idarə edə bilməmişdir. Lakin sonradan o, əməlindən peşmanlıq hissi keçirdiyi üçün zərərçəkmiş şəxslərdən onun adından üzr istəmək üçün Biləsuvar şəhərində yaşayan 2 nəfər hörmətli şəxsi zərərçəkmiş şəxslərin yanına göndərsə də, həmin şəxslər onun söydüyü söyüşləri özünə götürməsi şərti ilə bağışlayacağını bildirmişlər. Buna görə də onların arasında barışıq əldə edilməmişdir. Sonda, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissi keçirdiyini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, barəsində ittiham irəli sürülmüş şəxsi, onun müdafiəçisini və zərərçəkmiş şəxsləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs X4 göstərdi ki, o, Biləsuvar şəhəri, H.Aslanov küçəsində yerləşən 8 nömrəli evdə ailəsi ilə birgə yaşayır. O, Təqsirləndirilən şəxs əvvəllər «Uğur» marketin arxasında yerləşən avtomobil təmiri sexində işləyən usta kimi tanımış və həmin şəxslə aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. O, 17 dekabr 2023-cü il tarixdə, saat 19 radələrində yaşadığı evdə, azyaşlı uşaqlarının dərslərində onlara kömək edən zaman küçədən ağır söyüş səsləri eşitmiş və dərhal həmin yerə getmişdir. O, səslərin gəldiyi yerə getdiyi zaman söyüş söyən və hay-küy salan şəxsin sərxoş vəziyyətdə olan, üst paltarlarını çıxarmış Təqsirləndirilən şəxs olduğu ona məlum olmuşdur. O, bir böyük kimi Təqsirləndirilən şəxs sakitləşməsini və ucadan nalayiq ifadələr işlətməklə ətrafda yaşayan insanlara mane olduğunu bildirmişdir. Lakin həmin şəxs ona heç bir əhəmiyyət verməmiş və onun üzərinə hücum çəkmişdir. Təqsirləndirilən şəxs ona 2-3 dəfə baş və sifət nahiyərəindən zərbələr endirmiş və avtomobil təmiri sexinin işçiləri Təqsirləndirilən şəxs ondan ayıraraq, uzaqlaşdırmışlar. O, bundan sonra dərhal yaşadığı evə getmiş, lakin Təqsirləndirilən şəxs onun arxasınca evinə hücum çəkmiş, onun darvazasını təpikləmiş, daha sonra isə onun evinə qonaq gəlmiş qardaşı Zərərçəkmiş şəxs2 da nalayiq ifadələrlə təhqir etmiş və yumruqla vurmuşdur. Həmin davadalaş ümumilikdə 10-15 dəqiqə davam etmişdir. Hadisə baş verən zaman ətrafda 30-40 nəfər insan toplaşmış və həmin şəxslər hadisəni görmüşlər. Sonradan Təqsirləndirilən şəxs ondan real olaraq üzr istəməmiş, ona onunla barışıq əldə etmək üçün heç bir ciddi cəhd göstərməmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs etdiyi əməlinə görə bağışlamır. Sonda, A.M.İsmayılov Təqsirləndirilən şəxs ağır cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, o, Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən 13 nömrəli evin 9A nömrəli mənzilində ailəsi ilə birgə yaşayır. O, 17 dekabr 2023-cü il tarixdə, saat 19 radələrində qardaşı A.M.İsmayılovun Biləsuvar şəhəri, H.Aslanov küçəsində yerləşən evinə piyada şəkildə qonaq kimi getdiyi zaman qardaşının evinin qarşısında xeyli sayda insanların toplaşdığını görmüş və həmin yerə yaxınlaşmışdır. O, həmin vaxt «Uğur» marketin arxasında yerləşən avtomobil təmiri sexində işləyən Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olduğunu görmüş və həmin şəxsdən qardaşı A.M.İsmayılov ilə aralarında nə baş verdiyini soruşmuşdur. Bundan sonra isə Təqsirləndirilən şəxs heç bir səbəb olmadan onun üzərinə hücum edərək, onu təhqir etmiş və onun baş nahiyəsindən yumruqla 2 dəfə zərbə endirmişdir. Daha sonra isə avtomobil sexinin digər işçiləri Təqsirləndirilən şəxs ondan ayırmışlar. O, hadisədən sonra qardaşı A.M.İsmayılovun sifət və baş nahiyələrində xəsarətlər olduğunu görmüşdür. Həmin dava təxminən 10-15 dəqiqə davam etmişdir. Hadisə baş verən zaman ətrafda çoxlu insanlar toplaşmış və həmin şəxslər hadisəni görmüşlər. O və qardaşı A.M.İsmayılov Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşdıqdan dərhal sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək, baş vermiş hadisə barədə məlumat vermişlər. Lakin sonradan Təqsirləndirilən şəxs ondan və qardaşı A.M.İsmayılovdan üzr istəmək üçün heç bir cəhd göstərməmiş, yalnız bir həmyerlisini onun yanına göndərmişdir. O, da həmin şəxsə Təqsirləndirilən şəxs ilə barışıq üçün şərtlərini desə də, həmin şəxs sonradan onunla barışıq əldə etmək üçün cəhd göstərməmişdir. Sonda, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ağır cəza təyin olunmasını məhkəmədən xahiş etdi. İşdə olan hadisə yerinə baxış keçirilməsi barədə 25 dekabr və 28 dekabr 2023-cü il tarixli protokollardan və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, hadisə yeri Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə H.Aslanov küçəsinin kəsişdiyi yerdə, «Uğur» marketin arxasında yerləşən avtomobil təmiri sexinin həyətində baş vermişdir. Hadisə yeri A.M.İsmayılov tərəfindən göstərilmişdir. A.M.İsmayılov Biləsuvar şəhəri, H.Aslanov küçəsində, Uğur» marketin arxasında yaşayır, avtomobil təmiri sexi ilə həmin şəxsin evi arasında 16 metr məsafə vardır və ev avtomobil təmiri sexinin qarşısında yerləşir. Avtomobil təmiri sexi ilə küçə arasında daş hasar yoxdur, 1 metr hündürlüyündə dəmir çərçivə vardır. Sexin H.Aslanov küçəsindən girişi vardır. Təqsirləndirilən şəxs A.M.İsmayılovu və onun qardaşı Zərərçəkmiş şəxs2 avtomobil təmiri sexinin girişində döymüşdür. İş materiallarına əlavə edilmiş canlı şəxsin ekspertizasının 18 dekabr 2023-cü il tarixli, 1382 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sol gicgah-yanaq nahiyəsində qançır müəyyən edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, yumruqla vurulma nəticəsində əmələ gələ bilər. Törəmə müddəti 17 dekabr 2023-cü il tarixə uyğun gəlir. Qeyd edilən xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan canlı şəxsin ekspertizasının 18 dekabr 2023-cü il tarixli, 1383 saylı rəyindən görünür ki, X2 başın sol gicgah nahiyəsində hematoma, sol almacıq nahiyəsində sıyrıq müəyyən edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, yumruql vurulma nəticəsində əmələ gələ bilər. Törəmə müddəti 17 dekabr 2023-cü il tarixə uyğun gəlir. Qeyd edilən xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlərdən olduğu üçün dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş Biləsuvar rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin 21 dekabr 2023-cü il tarixli, 2465 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdən “Nevrosteniya” diaqnozu ilə Biləsuvar rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin ruhi-əsəb xəstəlikləri üzrə nevroloji kabinetində qeydiyatdadır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 3-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, şəxsi münasibətlər zəminində başlanılmış hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxsun yaşadığı yer üzrə mənfi xarakterizə olunmayan, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və cavanlığını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxsn cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə barəsində ittiham irəli sürülmüş şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 yanvar 2024-cü il tarixdən hesablansın. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini cra edən R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar