Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-36/2023 14.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar şəhəri, H.Əliyev küçəsi, ev 21-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 221.1-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16 radələrində, Biləsuvar şəhəri H.Əliyev küçəsində, saat dairəsində “Al Petrol”-un yaxınlığında, yəni, ictimai yerdə çoxsaylı insanların yanında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək əmisi və qaynatası Zərərçəkmiş şəxs ünvanına söyüşlər söyməklə, sonuncu ilə mübahisə edib dalaşaraq yumruq ilə bir neşə dəfə burun, göz, almacıq və ağız nahiyələrindən, təpiklə sol diz nahiyyəsindən vuraraq ona “burun nahiyyəsinin şişkinliyi və qançırı, sağ gözaltı və almacıq nahiyyələreinin şişkinliyi və qançırları, sağ gözün ağlı qişasına, sol diz nahiyyəsinin əzilmiş yarası” ilə nəticələnən zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirməklə oradan keçən şəxslərin 5 dəqiqə ərzində əmin-amanlığının pozulmasına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs əmisidir, 2011-ci ildə onun qızı X1 ilə ailə qurmuş və birgə nigahdan iki övladı vardır. Təxminən 2-3 ay əvvəl ailədaxili narazılıqları ilə bağlı həyat yoldaşı atası evinə getmişdir. Bundan sonra qaynatası Zərərçəkmiş şəxs kişiliyə yaraşmayan ifadələrlə onu təhqir etmiş, mərhum atasını söymüşdir. Lakin onun barəsində şikayət etməmişdir. xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində zəng edərək həyat yoldaşı ilə aralarında olan nigah şəhadətnaməsini istəmişdir. Bundan bir qədər sonra Böyükağa ona zəng etmiş, harda olduğunu soruşmuş, ona «saat dairəsi» yaxınlığında olduğunu demişdir. Böyükağa onu «saat dairəsi»nə çağırmış, onun olduğu yerə getmiş, yanına çatarkən Böyükağa kənar şəxslərin yanında onu alçaldaraq təhqiramiz ifadələrlə onu söymüş, səsini yüksəldərək təhqir etməyə davam etmiş, əl hərəkətləri ilə onu itələmişdir. Arxası ilə gəlib onu qucaqlayıb yıxmaq istəmiş, bunu görüb onu kənara itələmiş, Böyükağa əl çəkmədiyi üçün əli ilə bir neçə zərbə başına və bədəninin müxtəlif nahiyyəsindən vurmuşdur. Ətrafdan keçən şəxslər onları görmüş və yaxınlaşaraq ayırmışlar. Böyükağa ona əl qol atsada, heç bir xəsarəti yoxdur. Qeyd olunan hadisə Biləsuvar şəhəri H.Əliyev küçəsində yerləşən «Saat dairəsi» yaxınlığında baş vermiş, həmin hadisəni Səddam və Akif Qasımov görmüşlər, bu hadisə mübahisə ilə birlikdə 10 dəqiqəyə yaxın davam etmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, qızı Pərvanə Dadaşzadə 2010-cu ildə qardaşı oğlu Təqsirləndirilən şəxs ilə ailə qurmuş, iki övladları vardır. Orxan iki ildir başqa qadınla qeyri rəsmi ailə kimi yaşadığı üçün qızına baxmamış və qızı 4 ay əvvəl onun evinə gəlmişdir. 2022-ci ilin dekabr ayında qızı boşanma barədə məhkəməyə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə, saat 16:15 radələrində qızı Pərvanə ona zəng edərək Orxanın ondan nigah şəhadətnaməsini istədiyini bildirmişdir. Bununla bağlı Orxana zəng etmiş və «saat dairəsi»nə onu çağırmışdır. Orxan yanına gəlmiş, ondan dərdin nədir soruşmuş, Orxan rayonda onu biabır etdiklərini demiş, aralarında mübahisə yaranmış, Orxan onu söymüş, yumruqla sifət, burun nahiyyəmdən vurmuş, yerə yıxmış, daha sonra təpiklə sol diz nahiyyəndən vuraraq onu döyərək xəsarət yetirmişdir. Dükanın qarşısında olan şəxslər Orxanı ondan aralaşdırmışlar. O, mübahisə və dava-dalaş zamanı Təqsirləndirilən şəxs vurmamışdır. Qeyd olunan hadisə Biləsuvar şəhəri H.Əliyev küçəsində yerləşən «Saat dairəsi» yaxınlığında baş vermiş, həmin hadisəni üzlə tanıdığı şəxslər görmüşlər, bu hadisə mübahisə ilə birlikdə 10 dəqiqəyə yaxın davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs onunla barışıq əldə edərək, ona dəymiş ziyanı tam ödəmişdir. Odur ki, o, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi və barəsində ittiham irəli sürülmüş şəxsi dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, digər sübutlarla da təsdiq edilir. İş materiallarında olan Biləsuvar rayon MTE-nin Zərərçəkmiş şəxs adına verilmiş xx.xx.2023- cü il tarixli 13 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş burun nahiyyəsinin şişkinliyi və qançırı, sağ gözaltı və almacıq nahiyyələrinin şişkinliyi və qançırları, sağ gözün ağlı qişasına, sol diz nahiyyəsinin əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, əllə və təpiklə vurulma nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Adçəkilən qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, hərəkətlərində cəzanı ağırlaşdıran halların olmamasını, habelə cinayətin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması, yaxud onun islah olunması ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı çəkmədən də mümkündür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №1(022)-36/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-36/2023
14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver