Məhkəmə qərarları › İş №1(022)-37/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-37/2023

28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-37/2023 28.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, 22 avqust 1994-cü il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu Zəhmətabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq -1,017 qram çəkidə narkotik vasitə qurudulmuş heroini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 06 yanvar 2023-cü il tarixdə saat 15:05 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Bazar Store» mağazasının yaxınlığında piyada hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar Rayon Polis Şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə heroin siqaretin qızılı rəngli kağızına bükülmüş bir ədəd bükümdə olmaqla əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, Biləsuvar rayonu Zəhmətabad kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, 06 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Bazar Store» mağazasının yaxınlığından keçərkən, yerdən siqaretin qızılı rəngli kağızına bükülmüş 01 ədəd büküm tapmış, həmin bükülü onda maraq oyatdığı üçün onu öz cibinə qoymuşdur. Bundan təxminən 10 dəqiqə sonra «Bazar Store» mağazasının yaxınlığında piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, onun üstündə narkotik vasitə və ya qanunla qadağan edilmiş digər hər hansı əşya və ya predmet gəzdirməsi ilə bağlı məlumatın polis əməkdaşlarına daxil olduğunu izah ədərək onu Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanıldığı üçün o, öz istəyi ilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi Baxşiyev Səfərəli Qafar oğlunun onun müdafiəçisi kimi iş üzrə dəvət edilməsini xahiş etmişdir. Bundan sonra onun üzərinə video kamera ilə şəxsi axtarış keçirilməyə başlanılmış və ona təklif olunmuşdur ki, üzərində hər hansı bir narkotik maddə və ya qanunla qadağan olunmuş əşya vardırsa, könüllü təqdim etsin. O, da üzərində olan bükümün polis əməkdaşları tərəfindən aşkar ediləscəyini bildiyinə görə əynindəki şalvarın sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş 01 ədəd bükümü çıxarıb stolun üstünə qoyaraq bildirmişdir ki, onun təqdim etdiyi bükülünün içərisindəki narkotik vasitə heroindir və özünə məxsusdur. O, həmin narkotik vasitə heroini 06 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Biləsuvar şəhəri, Ə.Eynullayev adma 04 nömrəli tam orta məktəbin yaxınlığından keçərkən yerdən tapmış, sonradan istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. O, həmçinin bildirdi ki, həmin bükümü heç kimə satmaq və ya vermək niyyəti olmamış, narkotik vasitə istifadəçisi olduğu üçün öz üzərində gəzdirmişdir. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə baxış keçirilmiş və bükümün içərisində, həqiqətən də, narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Daha sonra həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə heç bir əşya aşkar olunub götürülməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, o, müdafiəçisi S.Q.Baxşiyevlə birlikdə həmin protokolla tanış olub onu imzalamışdır. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı rütbəsindədir. Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında sonuncunun cinayət əməlinin ifşa edilməsi üçün 06 yanvar 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında onun tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı rayon polis şöbəsinin narkotiklə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 da daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 06 yanvar 2023-cü il tarixdə saat 15 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, H.Əliyev küçəsində piyada hərəkətdə olduğu zaman müşahidəyə götürülmüşdür. Bundan, təxminən, 05 dəqiqə sonra əməliyyat tədbirlərinə uyğun olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinən Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Bazar store» marketin yaxınlığında piyada hərəkətdə olan zaman əməliyyat qrupunun üzvləri ilə birlikdə o, sonuncuya yaxınlaşaraq özlərini təqdim edib gəlişlərinin səbəbini izah etdikdən sonra Təqsirləndirilən şəxs şöbəyə gətirmişlər. Həmin şəxsdə narkotik vasitə və psixotrop maddə olması şübhəsi olduğundan bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Həmin raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Qəmbərli Azər Əlisafa oğluna həvalə edilmişdir. Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuş, sonuncu vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil S.Q.Baxşiyev tərəfindən müdafiə olunmasını istəyini bildirmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuş və Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan edilmiş digər əşya vardırsa, onlara təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki narkotik vasitə heroindir, özünə məxsusdur, həmin narkotik vasitəni 06 yanvar 2023-cü il tarixdə günorta saat təxminən 13 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Ə.Eynullayev adına 04 nömrəli tam orta məktəbin yaxınlığından keçib gedərkən yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Daha sonra həmin bükümə onun iştirakı ilə baxış keçirilmiş və bükülünün içərisində, həqiqətən də, narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Həmin narkotik vasitə heroinə bənzər maddə bükülü ilə birlikdə şöbənin elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə 1,16 qram olmuşdur. Bundan sonra həmin içərisində narkotik vasitə heroinə bənzər maddə olan həmin büküm zərfə qoyulub qablaşdırılaraq 61 nömrəli möhür ilə möhürlənmişdir. Habelə sonuncunun üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə heç bir əşya aşkar olunub götürülməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla digər iştirakçılar kimi o da tanış olub imzalamışdır. O, həmçinin ifadəsində göstərdi ki, həmin vaxtı onlar narkotik vasitə heroini bükülü ilə birlikdə çəkdikləri üçün 1,16 qram çəkidə olmuşdur və o, ekspert rəyi ilə razıdır. İş üzrə şahid kimi dindirilmiş Şahid2 və Şahid3 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək, Təqsirləndirilən şəxs 06 yanvar 2023-cü il tarixdə saat 15:05 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Bazar Store» mağazasının yaxınlığında piyada hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar Rayon Polis Şöbəsinə gətirildiyini və orada üzərində şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə heroinin siqaretin qızılı rəngli kağızına bükülmüş bir ədəd bükümdə olmaqla əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdilər. İş materiallarında olan şəxsi axtarış və maddi sübutun götürülməsi barədə 06 yanvar 2023-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində döviyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik maddə vardırsa, könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim etmiş, həmin bükümdə özünün istifadəsi üçün narkotik vasitə heroin olmasını və bükülünü 06 yanvar 2023-cü il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən Ə.Eynullayev adına 04 nömrəli tam orta məktəbin yaxınlığından keçərkən yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılıb baxıldıqda içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Həmin bükülü elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə bükümün 1,16 qram olması müəyyənləşdirilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmamışdır. İçərisində narkotik vasitə heroinə bənzər maddə olan büküm zərfə qoyulub qablaşdırılaraq 61 nömrəli möhür ilə möhürlənmişdir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin Lənkəran Regional Bölməsinin 07 yanvar 2023-cü il tarixli, 19/10 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «....Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükülü....» sözlər və imzalar olan bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi - 1,017 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin narkotik vasitə heroinin təmiz çəkisi 1,017 qram olmuş, cəmi tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,967 qram qalmışdır. İş materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 09 yanvar 2023-cü il tarixli, 21 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları olubdur. Lakin, asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunmur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin 14 yanvar 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının» İ siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qramdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 yanvar 2023-cü il tarixdə saat 15:05-də şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 08 yanvar 2023-cü il tarixdə saat 12:05-də Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 09 yanvar 2023-cü il tarixli 21 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 0,967 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,967 qram olan narkotik vasitə - heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar