Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-37/2025 01.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X6 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, 22 avqust 1995-ci il tarixdə Lənkəran rayonu, Separadi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan məhkumluğu olmayan, Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olan, faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 2-ci dalanda yerləşən 47 nömrəli fərdi yaşayış evində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda - 5,462 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 21 oktyabr 2024-cü il tarixdə, saat 23:46-da Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən 104-cü kilometrliyində piyada hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılmış və həmin yerdə üzərinə şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə qurudulmuş marixuana bir ədəd sellofan bükümdə olmaqla, əynindəki gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olsa da, hazırda ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 2-ci dalanda yerləşən 47 nömrəli fərdi yaşayış evində yaşayır, subaydır. O, rəsmi olaraq heç bir yerdə işləməsə də, atasının yanında usta kimi işləməklə dolanışığını təmin edir. O, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində piyada hərəkətdə olarkən, həmin küçədə bir ədəd bükülü tapmış və həmin bükümü açıb baxdığı zaman orada nakotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. O, həmin narkotik vasitəni sonradan istehlak etmək məqsədi ilə gödəkçəsinin sol yan cibində gizlətmişdir. 21 oktyabr 2024-cü il tarixdə o, dostu Şahid5 ilə birlikdə Masallı rayonuna getmək qərarına gəlmişdir. Şahid5 Masallı rayonuna getməkdə məqsədi orada yerləşən qayınatasının evinə getmək olmuşdur. O da Şahid5 ilə birlikdə Masallı rayonuna, oradadan da nənəsinə dəymək üçün Lənkəran şəhərinə getmək istəmişdir. Onlar həmin gün Şahid5 idarə etdiyi “Khazar” markalı avtomobillə Abşeron rayonu, Xırdalan şəhərindən Masallı rayonu istiqamətində yola düşmüşlər. Lakin onlar Salyan rayonu ərazisində yerləşən “Yolüstü” kafesinin yanında olduqları zaman Şahid5 idarə etdiyi nəqliyyat vasitəsi xarab olmuş, buna görə də onlar həmin ərazidə Masallı rayonuna gedən taksi axtarmağa başlamışlar. Lakin onlar həmin vaxt Masallı rayonuna gedən taksi tapa bilməmiş, yalnız İmişli rayonuna gedən “Mercedes” markalı taksi tapmışlar. Həmin taksinin sürücüsü əvvəlcə İmişli rayonuna gedib, yüklərini boşaldacağını, daha sonra isə onları Masallı rayonun apara biləcəyini onlara bildirmişdir. Həmin şəxs onlardan gediş haqqı qismində 20 manat verməli olduqlarını da demişdir. Onlar sürücünün təklifi ilə razılaşmış və yola düşmüşlər. Lakin onlar Biləsuvar rayonun girişinə çatdıqları zaman sürücü avtomobili saxlayaraq, başqa bir işi olduğunu, buna görə də onları Masallı rayonuna apara bilməyəcəyini bildirmiş və onlara nəqliyyat vasitəsindən enməyi təklif etmişdir. O və Şahid5 avtomaşından enərək, sürücü ilə sözlü şəkildə mübahisə etməyə başalmışdır. O, sürücünün zəhmət haqqını vermişdir. Həmin vaxt Biləsuvar rayon polis şöbəsinin əməkdaşları onlara yaxınlaşmışlar. Həmin şəxslər sürücünü buraxmış və sonuncu yoluna davam etmişdir. Polis əməkdaşları ona və Şahid5 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanıldıqlarını bildirmiş və onlara hüquq və vəzifələrini izah etmişlər. Polis əməkdaşları daha sonra tutulduqları yerdə, videoçəkiliş aparmaqla, üzərlərinə şəxsi axtarış keçirmişlər. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. O da əynindəki gödəkçənin sol yan cibində gizlətdiyi həmin bükümü çıxarıb, polis əməkdaşlarına təqdim etmiş və bükülünü yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində piyada hərəkətdə olarkən yerdən tapdığını və sonradan istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üzərinə baxış keçirilmiş, lakin dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, eyni zamanda onun üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Daha sonra isə dostu Şahid5 üzərinə şəxsi müayinə keçirilmiş, lakin sonuncudan qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı əşya aşkar edilməmişdir. Onlar 2 gün şübhəli şəxs kimi Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılmış və eyni vaxtda şöbədən buraxılmışlar. Tərtib olunmuş protokol ona ucadan oxunmuş, protokol və onun üzərinə şəxsi axtarış keçirildiyi zaman aşkar edilmiş əşyaların qablaşdırıldığı zərfin üzəri o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Onun üzərində daşıdığı nakotik vasitə qurudulmuş marixuananı satmaq məqsədi olmamış, həmçinin dostu Şahid5 onun üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, hazırda tək böyrəyə malik olduğuna görə səhhətində probleləri olduğunu bildirərək və ailəsini dolandıran yeganə şəxs olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 oktyabr 2024-cü il tarixdə, günorta saatlarında əvvəllər tanımadığı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və həmin gün Biləsuvar rayonunda olacağı barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatda ona Təqsirləndirilən şəxs Biləsuvar rayonuna kimlə və ya hansı markalı avtomobillə gələcəyi barədə bildirilməmişdir. Həmin əməliyyat məlumatı əsasında 21 oktyabr 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında onun tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunun rəhbəri o olmuş, həmçinin Biləsuvar rayon polis şöbəsinin əməkdaşları X2 və Şahid3 da həmin qrupun tərkibinə daxil edilmişlər. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, həmin gün əməliyyat tədbiri keçirilməyə başlanılmış və Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən hissəsi müşahidəyə götürülmüşdür. Təqsirləndirilən şəxs Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən 104-cü kilometrliyində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında piyada hərəkətdə olduğu zaman polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq, özlərini təqdim edib gəlişlərinin səbəbini izah etmişlər. Həmin vaxt sonradan adını öyrəndikləri Şahid5 adlı şəxs də Təqsirləndirilən şəxs yanında olmuşdur. Həmin andan videoçəkiliş aparılmaqla, şübhəli şəxslərə hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçi ilə təmin olmaq hüququ izah olunmuşdur. Lakin hadisə yeridə hava şəraiti pis olduğuna, yəni yağışlı olduğuna, həmçinin “Lukoil” yanacaq doldurma məntəqəsinin girişinə çoxlu avtomobil axını olduğuna görə onlar şübhəli şəxsləri həmin yerdən bir neçə metr kənara apararaq, orada videoçəkiliş aparmaqla, həmin şəxslərin üzərlərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri onlara izah edilmiş, üzərlərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya digər əşya vardırsa təqdim etməsi təklif edilmiş və həmin şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd sellofan bükülünü çıxaraq, polis əməkdaşlarına təqdim etmiş və içərisində narkotik vasitə qurudulmuş marixuna olduğunu bildirmişdir. Həmin bükülünün içərisinə baxılarkən orada, rəngindən və digər əlamətlərindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar edilmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş və çəkisinin təxminən 7-8 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin sonuncunun üzərindən bir ədəd telefon aşkar edilsə də, dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Həmçinin o, videoçəkiliş aparıldığı zaman təqsirləndirilən şəxsin üzərindən pul çıxıbçıxmadığını hazırda xatırlamır. Daha sonra isə Şahid5 üzərində narkotik vasitə, psixotrop maddə və ya digər əşya vardırsa təqdim etməsi təklif edilmiş və həmin şəxs üzərində qadağan edilmiş hər hansı predmetin olmadığını bildirmişdir. Şahid5 üzərinə şəxsi axtarış keçirilmiş, lakin sonuncunun üzərindən dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı əşya aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokollar tərtib edilmiş, həmin protokollar o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənərək, götürülmüşdür. Həmçinin o bildirdi ki,polis əməkdaşları şübhəli şəxslərə yaxınlaşdıqları vaxt sonuncular piyada hərəkətdə olmuşlar, hər hansı avtomobildə hərəktədə olmamış və ya hər hansı nəqliyyat vasitəsindən onların müşahidə apardıqları vaxt enməmişlər. Lakin sonradan Təqsirləndirilən şəxs və Şahid5 dindirildikləri vaxt tutulduqları andan bir qədər əvvəl Biləsuvar rayonuna taksi vasitəsilə gəldiklərini və taksi sürücüsü ilə mübahisə etdikdən sonra avtomobildən düşərək, piyada şəkildə hərəkət etməyə başladıqlarını bildirmişlər. Həmin şəxslər tutulduqları andan polis əməkdaşları tərəfindən fasiləsiz videoçəkiliş aparılmışdır. Şübhəli şəxslərin üzərinə axtarış keçirildikdən və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitəyə bənzər maddə olan bükülü qablaşdırıldıqdan sonra təxminən 1 saat ərzində həmin sübutlar təhqiqatçıya videoçəkiliş aparılmaqla təqdim edilmişdir. Həmçinin onun tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitəyə bənzər maddə olan bükülüyə baxış keçirildikdən sonra həmin büküm yapışqan lentlə sarıldığına görə sonradan həmin predmetinin çəkisinin artması mümkündür. Bundan başqa, o hesab edir ki, əşyalara baxış keçirilməsi və götürmə haqqında 22 oktyabr 2024-cü il tarixli protokolda Şahid5 üzərindən 8,03 qram çəkidə narlotik vasitə qurudulmuş marixuana aşkar edilməsi barədə qeyd texniki səhv nəticəsində meydana gəlmişdir. Belə ki, o, protokol tərtib etdiyi zaman qəlib (şablon) sənədlərdən istifadə edir və hesab edir ki, əvvəlki protokolda başqa bir şəxsin üzərindən aşkar edilmiş bükülünün yeni protokolda Şahid5 üzərindən aşkar edilmiş kimi qanunla qadağan edilmiş hər hansı predmet aşkar olunmamışdır. İş üzrə şahid kimi dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşı X2 ifadəsində bildirdi ki, 21 oktyabr 2024-cü il tarixdə əvvəllər tanımadığı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və həmin qrupa o, Şahid3 da daxil edilmişlər. Həmin gün saat 23 radələrində onlar Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən 104-cü kilometrliyinə getmişlər və həmin yerdə “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında piyada şəkildə hərəkət edən Təqsirləndirilən şəxs və Şahid5 yaxınlaşaraq, özlərini təqdim etmişlər. Onlar əvvəlcədən hər hansı müşahidə aparmamışlar. Həmin vaxt şübhəli şəxslər piyada hərəkətdə olmuşlar və hər hansı avtomobildən düşməmiş, yanlarında başqa bir şəxs olmamışdır. Həmin andan videoçəkiliş aparılmaqla, şübhəli şəxslərə hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçi ilə təmin olmaq hüquqları izah olunmuşdur. Lakin hadisə yerində “Lukoil” yanacaq doldurma məntəqəsinin girişinə çoxlu avtomobil axını olduğuna görə onlar şübhəli şəxsləri həmin yerdən 10 metr kənara apararaq, orada videoçəkiliş aparmaqla, həmin şəxslərin üzərlərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri onlara izah edilmiş, üzərlərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya digər əşya vardırsa təqdim etməsi təklif edilmiş və həmin şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd sellofan bükülünü çıxaraq, polis əməkdaşlarına təqdim etmiş və içərisində narkotik vasitə qurudulmuş marixuna olduğunu bildirmişdir. Əməliyyat qrupunun rəhbəri Şahid1 həmin bükülünün içərisinə baxış keçirmiş, bükümü elektron tərəzidə çəkmiş və zərfə qoyaraq qablaşdırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid5 üzərlərinə şəxsi axtarış keçirilmiş, lakin həmin şəxslərin üzərindən qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmet aşkar olunmamışdır. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd telefon aşkar edilmişdir. Həmçinin o, şəxsi müayinə keçirildiyi zaman təqsirləndirilən şəxsin üzərindən pul çıxıbçıxmadığını hazırda xatırlamır. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokollar tərtib edilmiş, həmin protokollar o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Sonradan isə onlar Təqsirləndirilən şəxs təqdim etdiyi və sübut qismində qablaşdırılaraq götürülmüş bükümü təhqiqatçı Rəfayil Ağamaliyevə təqdim etmişlər, lakin o, sonuncunun apardığı baxış hərəkətlərində iştirak etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin post patrul xidməti bölüyünün inspektoru kimi xidmət edir. 21 oktyabr 2024-cü il tarixdə əvvəllər tanımadığı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və həmin qrupa o da daxil edilmişdir. Həmin gün,axşam saatlarında onlar Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən 104-cü kilometrliyinə getmişlər və müşahidə aparmışlar. Həmin gün, saat 23:46-da Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs içərisində olduğu avtomobil saxlanmışdır və həmin vaxt nəqliyyat avsitəsində təqsirləndirilən şəxs, Şahid5 və hazırda adını xatırlamadığı sürücü olmuşdur. Videoçəkiliş aparılmaqla, şübhəli şəxslərin, o cümmlədən sürücünün üzərinə şəxsi axtarış və avtomobilə baxış keçirilmişdir. Həmin şəxslərdən yalnız Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş və həmin bükülünü təqsirləndirilən şəxs könüllü şəkildə polis əməkdaşlarına təqdim etmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq, təhqiqatçıya təqdim edilmişdir. O, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün çəkisinin nə qədər olduğunu və ya həmin şəxsin üzərindən şəxsi axtarış zamanı pul çıxıb-çıxmadığını hazırda xatırlamır, o cümlədən o, həmin büküm təhqiqatçıya təqdim edildiyi zaman iştirak etməmişdir. İş üzrə şahid kimi dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsində təhqiqatçı vəzifəsində xidmət edir. O, 21 oktyabr 2024-cü il tarixdə növbətçi olduğu zaman Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və X2 Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut – narkotik vasitə olan zərfi və hadisə yerində şübhəli şəxsin üzərinə baxış keçirilməsinə dair videogörüntülərin köçürüldüyü 1 ədəd diski qeydiyyata aldırdıqdan sonra onun yanına gətirmişlər. O, əməliyyatçılardan aldığı həmin zərfə, videoçəkiliş aparılmaqla, Şahid1 iştirakı ilə baxış keçirmiş, zərfi açaraq içərisində olan bükümü elektron tərəzidə çəkmişdir. Həmçinin əməliyyatçılar tərəfindən ona təqdim edilmiş zərfin bütövlüyü pozulmamış vəziyyətdə olmuşdur. Həmin bükülünün üzərində yapışqanlı lent olmuş, o, əvvəlcə bıçaqla həmin sellofan bükümü kəsmiş və elektron tərəzidə çəkdikdən sonra bükülünün çəkisinin 8,03 qram olduğu məlum olmuşdur. Bundan sonra o, Şahid1 tərəfindən ona təqdim edilmiş 1 ədəd diskə xidməti kompüterində baxış keçirmişdir. Həmin videogörüntülərdən də görünür ki, polis əməkdaşları tərəfindən saxlanılmış şübhəli şəxslərdən yalnız Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilmiş, Şahid5 üzərindən isə qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Əməliyyatçılar tərəfindən ona təqdim edilmiş bükülüyə və ya diskə baxış keçirdiyi zaman Təqsirləndirilən şəxs həmin baxış hərəkətlərində iştirakı təmin edilməmişdir. Sonda isə o, həmin bükülünü gətirildiyi zərfə qoyaraq, başqa bir zərfə yerləşdirmiş və üzərində Təqsirləndirilən şəxs aşkar edilmiş bükülü olması barədə müvafiq qeyd aparmış və zərfi imzalayaraq, üzərinə möhür yapışdırdıqdan sonra ekspertiza orqanına göndərmişdir. Baxışın keçirilməsinə dair onun tərəfindən protokol tərtib edilmiş və həmin protokol o da daxil olmaqla, Şahid1 və N.C.Niftiyev tərəfindən imzalanmışdır. Həmin bükümün əməliyyatçılar tərəfindən keçirilmiş baxış zamanı elektron tərəzidə çəkildikdən sonra çəkisi 7,8 qram təşkil etsə də, o, həmin bükülünü elektron tərəzidə çəkdiyi zaman çəkisi 8,3 qram olmuşdur. O, onun bükümü çəkdiyi tərəzinin nasaz vəziyyətdə ola biləcəyini ehtimal etsə də, həmin tərəzinin düzgün çəkməməsinin səbəbini bilmir. O, elektron tərəzini baxış keçirilməzdən öncə Biləsuvar rayon polis şöbəsinin növbətçi hissəsindən təhvil almışdır. O, baxış keçirilməsinə dair protokolda Şahid5 adını texniki səhvən qeyd etmiş və sonuncunun adını silməyi unutmuşdur. Çünki o, hər bir protokolu əvvəlki sənəd şablonları əsasında tərtib edir və ehtimal edir ki, Şahid5 adı əvvəlki sənəddə qeyd edilmiş, lakin o, həmin şəxsin adını yeni tərtib etdiyi protokoldan silməyi unutmuşdur. O, şübhəli şəxslərin üzərinə baxış kkeçirilməsinə dair videogörüntülərin olduğu diskə və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülüyə 1 dəfə baxış keçirmişdir. Daha sonra isə o, vəkilin iştirakını təmin edilməklə, Təqsirləndirilən şəxs dindirmiş və sonuncu üzərindən içərisində narkotik vasitə olan bükülünün ona məxsus olmasını etiraf etmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü ekspertiza orqanında müayinə edildikdən sonra möhürlənərək, təkrarən Biləsuvar rayon polis şöbəsinə qaytarılmışdır. O, həmin möhürlənmiş maddi sübutu əldə etdikdən sonra zərfi açmamış və dərhal Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin başlanması haqqında qərar qəbul edərək, iş materiallarını və maddi sübutu şöbənin istintaq bölməsinə təhvil vermişdir. İş materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair 21 oktyabr 2024-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs və Şahid5 21 oktyabr 2024-cü il tarixdə, saat 23:46-da Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kənd ərazisindən keçən 104-cü kilometrliyində “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında piyada hərəkətdə olduğu zaman Biləsuvar rayon polis şöbəsinin təminat bölüyünün sürücüsü, polis serjantı X3 tərəfindən videoçəkiliş aparılmaqla, əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılmışdır. Həmin şəxslər saxlanıldıqları vaxt paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğu üçün saxlanıldıqları yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən Təqsirləndirilən şəxs və Şahid5 üstlərini həmin yerdə yoxlamaq mümkün olmadığına görə təxminən 10 metr aralıda polis əməkdaşları tərəfindən yoxlanılmağa başlamışlar. Təqsirləndirilən şəxs üzərinə yoxlama və götürmə aparılmasından əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi həmin şəxsə təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan sarı rəngli gödəkcənin sol cibindən 1 bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Daha sonra həmin şəxsin üstü yoxlanılmış və yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan həmin şalvarın sol yan cibindən 1 ədəd “Samsung Galaxy J2” markalı mobil telefon aşkar olunmuşdur. Bundan sonra qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 7,8 qram olması müəyyən edilmişdir. Həmin kütlə qablaşdırılmış, saxlanılan şəxs, tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung Galaxy J2” markalı mobil telefon götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitəni 3-4 gün əvvəl Abşeron rayonu, Xırdalan şəhəri ərazisində piyada hərəkətdə olan zaman zibilliyinin yaxınlığında yerdən tapdığını bildirmişdir. Şahid5 üstünə yoxlama və götürmə aparılmasından əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi həmin şəxsə təklif edilmişdir. Bu təklifdən sonra Şahid5 üzərində heç bir qeyri-qanuni əşya olmadığını bildirmişdir. Daha sonra Şahid5 üstü yoxlanılmış, lakin heç bir narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar aşkar edilməmişdir. Şübhəli şəxslərin üzərlərinin yoxlanılması Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kənd ərazisindən keçən 104-cü kilometrliyində - “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında keçirilmişdir. Protokolu yerində tərtib etmək üçün şərait olmadığına görə protokollar Biləsuvar rayon polis şöbəsinin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və götürmə haqqında 22 oktyabr 2024-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı X1 iştirakları ilə həmin protokol ondan ötrü tərtib edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlaması və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 21 oktyabr 2024-cü il tarixdə, saat 23:46 radələrində Biləsuvar rayon polis şöbəsini əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o, tanışı Şahid5 ilə birlikdə Ələt-Astara yolunun 104-cü kilometliyində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən hissəsində piyada hərəkətdə olarkən əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılmış, onların üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən bir büküm sellofana bükülmüş içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunaraq qablaşdırılıb götürülmüş və həmin şəxsdən götürülməsi raportda qeyd olunaraq aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan bir ədəd ağ rəngli zərfə və bir ədəd “DVD” diskə baxış keçirildi. Üzərində Şahid5 aşkar edilmiş yazısı yazılmış 1 ədəd yapışqan lentlə sarılmış bükümün içərisindən yaşıl rəngli, spesifik iyə malik qurudulmuş marixuanaya bənzər kütlə aşkar olundu. Daha sonra aşkar edilmiş kütlə büküldüyü sellofanla birlikdə elektron tərəzidə çəkilərək çəkisinin 8,03 qram olduğu müəyyən edilmiş və qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra 1 ədəd “DVD” diskə “HP” markalı kompüterdə baxış keçirilmişdir. Təqdim edilən “DVD" diskdə olan görüntüdə Təqsirləndirilən şəxs bir büküm üzəri yapışqan lentlə sarılmış içərisində yaşıl rəngli, spesifik iyə malik qurudulmuş marixuanaya bənzər kütlənin aşkar edilməsi və həmin kütlənin büküldüyü yapışqan lentlə birlikdə çəkilərək çəkisinin 7,80 qram olması əks olunmuşdur. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmişdir. Baxış və götürmə zamanı «Sony» markalı videokamera vasitəsi ilə Biləsuvar RPŞ-in CAB-in əməliyyat müvəkkili, polis leytenantı X2 tərəfindən video çəkiliş aparılmışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protokola 1 ədəd “DVD” diskə əlavə olunmuşdur. İşdə olan məhkəmə-bioloji ekspertizasının 22 oktyabr 2024-cü il tarixli, 19/700 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «... Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi - 5,462 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi - 5,462 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 5,412 qram qalmışdır. İş materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 21 yanvar 2025-ci il tarixli, 28 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nın İ siyahısının 109.1-ci bəndinənin tələbinə görə qurudulmuş marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və cavanlığını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 oktyabr 2024-cü il tarixdə, saat 23:46-da şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 23 oktyabr 2024-cü il tarixdə, saat 15:30-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Həmçinin işdə olan Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin 06 yanvar 2025-cü il tarixli təqsirləndiriən şəxsin axtarışının elan olunması haqqında və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaqdan gizlənməklə, istintaq orqanının çağırışlarına gəlməkdən qəsdən boyun qaçırdığına görə axtarış elan edilmiş və həmin şəxs tutulub istintaqa təhvil verilənədək cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə 19 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs 19 yanvar 2025-ci il tarixdə, saat 19:30-da Abşeron rayonu, Xırdalan şəhərində polis əməkdaşları tərəfindən tutulmuş və Biləsuvar rayon polis şöbəsinə gətirilərək, şöbənin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Cinayət işində olan şəxsin barəsində qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin 21 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş iltizam qətimkan tədbiri dəyişdirilərək, onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs 21 yanvar 2025-ci il tarixdə, saat 16:30-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət işinə məhkəmədə baxıldığı dövrdə məhkəmədən qaçıb gizləndiyinə görə sonuncu barəsində Biləsuvar rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli qərarı ilə axtarış elan edilməklə, polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş və Təqsirləndirilən şəxs 25 fevral 2025-ci il tarixdə, saat 19:00-da Abşeron rayonunda polis əməkdaşları tərəfindən tutulmuş və Biləsuvar rayon polis şöbəsinə gətirilərək, şöbənin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azdlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 ay 11 gün müddət təyin edilən müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1 günə 2 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 21 yanvar 2025-ci il tarixli, 28 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 5,412 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan dövlət nəfinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum etməklə barəsində ittiham hökmü çıxarıldıqda şəxs məhkəmənin hökmü elan edildikdən dərhal sonra həbsdən azad edilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan ittiham hökmünün çıxarıldığını, həmin şəxsin barəsində qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxdığını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədəkicraat zamanı və işə məhkəmədə baxıldığı dövrdə həbsdə saxlanıldığı 2 (iki) ay 11 (on bir) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 2 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və Təqsirləndirilən şəxs məhkəmə zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 5,412 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-37/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-37/2025
01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver