Məhkəmə qərarları › İş №1(022)-38/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-38/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-38/2024 13.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X5 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1982-ci il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, faktiki nikah münasibətlərində olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, 09 oktyabr 2023-cü il tarixdə, saat 23 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı evin həyət qapısının qarşısında, küçədə, ictimai yerdə yüngül alkoqol sərxoşluğu dərəcəsində Zərərçəkmiş şəxs ona spirtli içki almadığını və söyüş söydüyünü bəhanə edərək, heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, mənəviyyat normalarına qarşı saymamazlıq edərək, nalayiq sözlər işlədərək, səs-küy salıb cəmiyyətə açıqca hörmətsizlik edərək, dava-dalaş etmiş, cibində özü ilə gətirdiyi soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı bıçaqdan silah qismində istifadə etməklə, Zərərçəkmiş şəxs döş qəfəsinə, qarın nahiyəsinə və sol dirsəyinə üç zərbə vuraraq, ona döş qəfəsinin sol yarısının ön səthində, qarının sol yarısının ön divarında və sol dirsək oynağı nahiyəsində hər birində bir ədəd olmaqla, deşilmiş-kəsilmiş yara ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə zor tətbiq edərək, 5-10 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatlığına səbəb olan qərəzli xuliqanlıq hərəkətlər etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla yaşayır. O, heç bir yerdə rəsmi olaraq işləməsə də, fəhləlik etməklə ailəsini dolandırır. Belə ki, o, arvadı ilə rəsmi nikaha daxil olmadığı üçün, onun həmin qadınla birgə nikahından olan 3 uşağın soyadları da analarının soyadı ilə yazılsa da, həmin uşaqlar onun himayəsindədir və onlar bir ailə kimi yaşayırlar. Zərərçəkmiş şəxs onun həmkəndlisidir və həmin şəxslə əvvəllər aralarında heç bir narazılıq və ya ədavət olmamışdır. Onun Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olduğuna görə onlar dəfələrlə birlikdə yemək yeyərək, spirtli içkilər içmişlər. 09 oktyabr 2023-cü il tarixdə, o, istifadəsində olan mobil telefon vasitəsilə Zərərçəkmiş şəxs zəng vuraraq, birlikdə yeyib-içmələrini və bu məqsədlə araq almasını təklif etmişdir. Zərərçəkmiş şəxs əvvəlcə onun təklifi ilə razılaşsa da sonradan onunla əlaqə saxlamamış və onun yaşadığı evə gəlməmişdir. O, evdə təkbaşına təxminən 300-350 qram araq içmişdir. O, spirtli içki qəbul etdikdən sonra sərxoş olmuş və Zərərçəkmiş şəxs onu aldatmasının səbəbini soruşmaq üçün Zərərçəkmiş şəxs zəng etmişdir. Telefon danışığı zamanı Zərərçəkmiş şəxs onu söydüyünə görə o, söhbət etmək üçün həmin şəxsi yaxınlıqdakı küçəyə çağırmışdır. Bundan sonra o, özü ilə mətbəxdən məişətdə istifadə eldiyi bıçağı götürmüş və Zərərçəkmiş şəxsla görüşəcəyi küçəyə tərəf getmişdir. Onun həmin bıçağı özü ilə götürməsinə səbəb Zərərçəkmiş şəxs qorxutmaq olmuşdur. Zərərçəkmiş şəxs onun dediyi yerə gəlmədiyinə görə o, təkrarən həmin şəxsə zəng vurmuş və zərərçəkmiş şəxsi onu evlərinin öz darvazalarının qarşısına gəlməsini bildirmişdir. Bundan sonra, o, Zərərçəkmiş şəxs yaşadığı evin həyət darvazasının küçəyə tərəf olan hissəsində sonuncu ilə görüşmüşdür. O, Zərərçəkmiş şəxs onu niyə söydüyünü soruşduğu vaxt həmin şəxs yenidən onunla kobud şəkildə danışmağa başlamışdır. Buna görə də onlar arasında mübahisə baş vermiş, mübahisə zamanı onlar süpürləşmişlər. Onlar süpürləşdikləri vaxt o, əynindəki şalvarının sağ yan cibində gizlətdiyi bıçaq vasitəsi ilə Zərərçəkmiş şəxs sol sinə, qarın və sol qol nahiyələrinə üç dəfə bıçaq zərbələri vurmuşdur. Daha sonra o, hadisə yerindən uzaqlaşaraq, yaşadığı evə getmişdir. O, sonradan Zərərçəkmiş şəxs onun barəsində hüquq-mühafizə orqanlarına şikayət etdiyini öyrənmişdir. O, Biləsuvar rayon polis şöbəsinə çağırıldığı vaxt həmin bıçağı da polis əməkdaşların təhvil vermişdir. Onun Zərərçəkmiş şəxs vurmasında məqsədi həmin şəxsi yalnız qorxutmaq olmuşdur. Baş vermiş mübahisə təxminən 5-6 dəqiqə davam etmiş və həmin vaxt küçədə heç kim olmadığına görə insanlar həmin mübahisəni görməmişlər. O, əməlindən peşmançılıq hissi keçirdiyi üçün zərərçəkmiş şəxsdən üzr istəmiş, həmin şəxsə dəymiş zərəri ödəməklə barışıq əldə etmişdir. Sonda, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməklə, həmin şəxsə barışıq əldə etdiyini, himayəsində 3 uşağının olduğunu və ailəsini dolandıran yeganə şəxs olduğunu bildirərək, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri, özünün ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, o, Biləsuvar rayonu, Xırmandalı kəndində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləməsə də, dolanışığını təmin etmək üçün fəhlə kimi işləyir. Təqsirləndirilən şəxs onun həmkəndlisidir və həmin şəxslə münasibətləri yaxşı olmuş, tez-tez görüşərək yeyib-içmişlər. Sonuncu dəfə 09 oktyabr 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs ona zəng edərək, birlikdə yemək yemək və içməyi təklif edərək, ondan araq almağını xahiş etmişdir. O, həmin şəxsin təklifi ilə razılaşaraq, axşam görüşəcəklərinə dair vəd vermişdir. Həmin gün saat 22 radələrində Təqsirləndirilən şəxs təkrarən ona zəng vuraraq, ona yalan danışmasının səbəbini soruşmuşdur. O, həmin söhbət vaxtı Təqsirləndirilən şəxs artıq içkili olduğunu hiss edib, həmin şəxsə növbəti gün araq alcağını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs söhbət əsnasında onu nalayiq ifadələrlə təhqir etmiş, o da qarşılıqlı şəkildə sonuncunu söymüşdür. Bundan sonra Təqsirləndirilən şəxs ondan harada olduğunu soruşmuş və onu söhbət etmək məqəsilə ara küçəyə çağırmışdır. Həmin söhbətdən bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs təkrarən ona zəng edərək, harada olduğunu soruşmuş və o, həmin şəxsə evdə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onu söyməyə başlamış və həyət qapısının qarşısına çıxmasını və onla görüşməsini ona söyləyərək, zəngi sonlandırmışdır. O, bundan sonra həyətə düşmüş və Təqsirləndirilən şəxs ona zəng vuraraq, darvazanın qarşısınına çıxmasını bildirmişdir. O, dərhal həyətlərində olan darvazanın qapısını açaraq, küçəyə çıxmış və Təqsirləndirilən şəxs ilə söhbət etməyə başlamışdır. Həmin vaxt onlar arasında mübahisə başlamış və onlar dalaşmağa başlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi bıçaqla onun qolundan, habelə sinə nahiyəsinə bir dəfə və qarın nahiyəsinə bir dəfə olmaqla, ümumilikdə üç bıçaq zərbəsi vuraraq, ona yüngül dərəcəli xəsarətlər yetirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs bıçağı almaq məqsədi ilə sonuncu ilə yerdə süpürləşmişdir. Təxminən 2-3 dəqiqə onlar mübahisə etdikdən sonra onun anası Şahid2 küçəyə çıxmış, ondan evə qayıtmasını xahiş etmişdır. Bundan sonra Təqsirləndirilən şəxs hadisə yerindən getmiş və o, yaşadığı evə qayıtmışdır. O, anası Şahid2 Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığı barədə məlumat verməmiş və dərhal evdə köynəyini dəyişdirmişdir. O, özünə gəldikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng vuraraq, Təqsirləndirilən şəxs onu bıçaqlaması barədə hüquq-mühafizə orqanlarına məlumat vermişdir. Bundan sonra Biləsuvar rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı evə gələrək, onu Biləsuvar rayon mərkəzi xəstəxanasına ilkin tibbi yardım almaq məqsədi ilə aparmışlar. Həkimlər ona ilkin tibbi yardım göstərdikdən sonra onu evə buraxmışlar. Şahid2 onun hadisə barədə polisə məlumat verdiyindən və xəstəxanaya getdiyindən səhəri gün xəbəri olmuşdur. Onların arasında baş vermiş dava-dalaş təxminən 5-6 dəqiqə davam etmiş və həmin mübahisəni küçədə heç kim görməmişdir. Onun qardaşı Şahid1 həmin vaxt evdə olmamış və səhər saatlarında evə gəlmişdir. O, yaza və oxuya bilmədiyinə görə müstəntiq tərəfindən yazılmış ifadəsini imzalamışdır. Anası Şahid2 və qardaşı Şahid1, onunla Təqsirləndirilən şəxs arasında baş vermiş dava-dalaşı görməmişlər. Həmçinin hadisə baş verdiyi vaxt küçədə heç kim olmamışdır. Onun fikrincə Təqsirləndirilən şəxs onu öldürmək niyyəti olmamış, sadəcə o, vəd etdiyi kimi sonuncuya araq almadığına görə Təqsirləndirilən şəxs əsəbiləşmiş və onunla mübahisə etmişdir. Həmin mübahisə vaxtı Təqsirləndirilən şəxs sərxoş olmuşdur. Sonradan Təqsirləndirilən şəxs ondan üzr istəmiş, ona dəymiş zərəri könüllü olaraq ödəmiş və onunla barışıq əldə etmişdir. Sonda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur. O, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımış, oğlu Zərərçəkmiş şəxs həmin şəxslə münasibətləri yaxşı olmuşdur. 09 oktyabr 2023-cü il tarixdə, axşam saatlarında əlini yumaq məqsdəi ilə həyətə çıxdığı vaxt küçədən ucadan səslər gəldiyini eşitmişdir. O, dərhal darvazanın qarşısına çıxmış və Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs bir-biriləri ilə mübahisə etdiklərini görmüşdür. O, Zərərçəkmiş şəxs evə çağırmış, Təqsirləndirilən şəxs isə öz evinə getməsini bildirmişdir. Daha sonra isə o, Zərərçəkmiş şəxs ilə evə daxil olmuşdur. O, Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs ilə dalaşdığını görməmiş, habelə oğlunun bıçaqlanmasından onun xəbəri olmamışdır. Həmin hadisə baş verdiyi vaxt onun digər oğlu Şahid1 evdə olmamış, səhər saatlarında evə gəlmişdir. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng vurduğundan və daha sonra polis əməkdaşlarının onun evinə gəlib, oğlunu xəstəxanaya aparmasından onun xəbəri olmamışdır. Çünki o, hadisədən sonra televizora baxmağa davam etmiş, yalnız həmin günün səhəri Zərərçəkmiş şəxs bıçaqlanmasından xəbər tutmuşdur. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs söydüyünü eşitməmiş və ya həmin şəxsin əlində bıçaq olduğunu görməmişdir. Hadisə baş verdiyi vaxt hava qaranlıq olmuş və küçədə heç kəs olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. O, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs dalaşmasını və sonuncunun qardaşını bıçaqlamasını görməmişdir. Belə ki, o, səhər saatlarında evə gəldikdən sonra Zərərçəkmiş şəxs və anası Şahid2 tərəflər arasında baş vermiş mübahisədən xəbərdar olmuşdur. Həmin mübahisəni təkcə anası Şahid2 aşkar etsə də, qardaşı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını görməmiş, yalnız həmin şəxslərin küçədə mübahisə etdiklərinin şahidi olmuşdur. Başqa heç kim həmin hadisəni görməmişdir. Cinayət işində olan 10 oktyabr 2023-cü il tarixli, 528 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 17 oktyabr 2023-cü il tarixli, 1136 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş döş qəfəsinin sol yarısının ön səthində, qarının sol yarısının ön divarında və sol dirsək oynağı nahiyyəsində hərəsində 1 ədəd deşilmiş- kəsilmiş yara xəsarətləri xəsarətlər deşici-kəsici əşyanın (əşyaların), ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 09 oktyabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə və ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işi materiallarında olan məhkəmə ballistik ekspertizasının 14 noyabr 2023cü il tarixli, 3-16-16/2-3/1853 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş l ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində əlavə və dəyişiklik edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Həmin Məcəllənin 221.3-cü maddəsinin dospozisiyasına görə həmin Məcəllənin 221.1 və 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllər (xuliqanlıq) silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq edilməklə törədildikdə, şəxsin həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Yuxarıda sadalanan Azərbaycan Respublikası CM-nin maddələrindən də göründüyü kimi xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətdir. Xuliqanlıq cinayətinin əsas obyekti qismində ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin və mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Həmin cinayət əməli obyektib cəhətdən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərlə müşayiət edilsə də, həmin hərəkətlərin hər biri 3 mühüm əlamətə malik olmalıdır: 1) həmin hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı; 2) belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və 3) şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən cəmiyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydaının kobud surətdə pozulması təqsirkarın elə hərkətidir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahtçılıq hissinə səbəb olur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək, ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vura biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «B.Yusifovun şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, xuliqanlıq cinayət əməli məzmunundan, təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən tötədilən cinayətdir. CM-nin 221.1-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirilir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı Qərarının 3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli Qərarında göstərilir ki, törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrin xarakteri müəyyənlədirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Belə ki, cinayət qanunvericiliyinin yuxarıda öyrənilən normalarının tələblərindən göründüyü kimi şəxsin ona istinad edilən əməldə cinayət tərkibinin əlamətlərinin olması cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə yoxanılmalıdır. Həmin əlamətlərdən birinin və ya bir neçəsinin mövcud olmaması əməlin cinayət olmasını istisna edir. Xuliqanlıq cinayətinin subyektiv cəhəti isə təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq təşkil edir. Şəxsin belə məqsədinin olmaması və hadisələrin təsadüfi axarı zəminində, uzun müddət davam edən ədavətin nəticəsində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında davadalaşın yaranması formal cəhətdən xuliqanlıq cinayətinə bənzəsə də, özlüyündə şəxsin xuliqanlıq cinayəti törətməsi qənaətinə gəlməyə əsas vermir. Xuliqanlıq cinayətinin obyektiv cəhəti ilk öncə ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, daha sonra isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilir. Yəni ictimai qayda kobud surətdə pozulmadığı halda vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi xuliqanlıq cinayətinin obyektiv cəhətdən tərkibini yaratmır. Hazırki cinayət işi üzrə isə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində 09 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs yeyib-içmək məqsədi ilə ona spirtli içki alacağına dair vədini yerinə yetirmədiyinə görə həmin şəxslər aralarında münaqişə baş verdiyini göstərmişdir. Həmçinin Zərərçəkmiş şəxs da öz ifadələrində Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş mübahisənin onun həmin şəxsə spirtli içki almamasının səbəb olduğunu göstərmişdir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında 09 oktyabr 2023-cü il tarixdə sonuncunun vəd etdiyi spirtli içkini təqsirləndirilən şəxsə almadığına görə şəxsi münasibətlər zəminində ədavət yaranmış və həmin gün, saat 23 radələrində tərəflər arasında Zərərçəkmiş şəxs evinin qarşısında – həmin evin yerləşdiyi küçədə mübahisə baş vermişdir. Baş vermiş mübahisə məhz həmin ədavətin nəticəsi olmuşdur. Yəni Təqsirləndirilən şəxs öz hərəkətləri ilə ictimai qaydanı pozsa belə, onun qərəzli şəkildə ictimai qaydanı pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq məqsədi olmamışdır. Bu isə təqsirləndirilən şəxsin əməlində subyektiv cəhətdən xuliqanlıq cinayətinin tərkibinin olmasını istisna edir. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin anası Şahid2 və qardaşı Şahid1 baş vermiş mübahisəni, o cümlədən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqlamasını görmədiklərini bildirdilər. Habelə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs dava-dalaş baş verdiyi vaxt küçədə heç kim olmadığını öz ifadələrində qeyd etdilər. Belə ki, 09 oktyabr 2023-cü il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında baş vermiş hadisə qısa müddət ərzində başlamış, davam etmiş və başa çatmışdır. Həmin hadisə nəticəsində ictimai qayda kobud şəkildə pozulmamış, yəni O.Ə.Qarayevin hərəkətləri vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında, eləcə də cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərdə, təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməkdə ifadə olunmamışdır. Həmçinin tərəflər arasında baş vermiş mübahisəni görən heç bir şahid olmaması da əməl nəticəsində cəmiyyətə açıqca hörmətsizlik edildiyini istisna edir. Belə ki, müahisənin baş verdiyi yer - küçədə - ictimai yer hesab edilsə də, dava-dalaş baş verdiyi vaxt həmin küçədə heç kim olmamışdır. Bu isə Təqsirləndirilən şəxs əməlində obyektiv cəhətdən xuliqanlıq cinayətinin tərkibinin olmasını istisna edir. Bundan başqa Təqsirləndirilən şəxs əməli ictimai qaydaya və cəmiyyətə qarşı deyil, sadəcə Zərərçəkmiş şəxs ona verdiyi vədi yerinə yetirmədiyinə görə sonuncu ilə hesablaşmaq məqsədi daşımışdır. Buna görə də həmin şəxsin əməli ictimai qaydaya və cəmiyyətə qarşı yönəlmədiyindən Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin obyekti də yoxdur. «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə, işinin ədalətli və açıq araşıdırılması hüququna malikdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, məhkəmələr «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsini tətbiq edərkən hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirləndirilən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxartmaq hüququna malikdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən 128-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CM-nin 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə görə şəxs həmin Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin təhqiqatçısı X1 24 iyul 2018-ci il tarixli qərarının surətindən görünür ki, 24 iyul 2018-ci il tarixdə Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində X2 yüngül xəsarətlər yetirmiş, lakin Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona vurulmuş zərəri tamamilə aradan qaldırdığına görə cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsinə görə Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı E.M.Mustafayevin 24 iyul 2018-ci il tarixli qərarı ilə həmin Məcəllənin 73-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən əvvəllər 1 dəfə azad olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə zərərçəkmiş şəxslə barışıq əldə etməsi və həmin şəxsə dəymiş ziyanı ödəməsi Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edən hal deyil, iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmayan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cəza təyin edərkən onu da nəzərə alır ki, Təqsirləndirilən şəxs əvvəllər eyni növlü cinayətlərə görə dəfələrlə məhkum edilsə də, hazırda məhkumluğu ödənilmişdir. Törətdiyi əməldən səmimi peşman olmasını və ailəsini dolandıran yeganə şəxs olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini məhkəmə onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə təyin edələcək cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakterizə edən halları, həmçinin əvvəllər eyni növlü cinayətlərə görə dəfələrlə məhkum edilməsini, lakin məhkumluğunun ödənilməsini işin digər mühüm halları ilə birlikdə qiymətləndirərək heab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, xüsusi dəyəri olmayan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 64 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlansın. İş üzrə ekspertiza xərci qismində 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan məişət-təsərrüfat təyinatlı mətbəx bıçağı məhv edilsin. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar