Məhkəmə qərarları › İş №1(022)-38/2025

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-38/2025

06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-38/2025 06.08.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdam şəhəri, Ə.İbrahimov küçəsi, Döngə 2, ev 28-də qeydiyyatda olmaqla Ağdam rayonu Quzanlı kəndində yaşayan, Nərimanov rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 05 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmiş, Biləsuvar rayon məhkəməsinin 18 mart 2025-ci il tarixli 1(022)- 38/2025 qərarı ilə barəsində axtarış elan edilməklə “həbs» qətimkan tədbiri seçilmiş, 12 iyul 2025-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, -1,284 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, 24 avqust 2024-cü il tarixdə saat 19:00 radələrində Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Gömrük dairəsi” yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, orada üzərinə yoxlama keçirilərkən əynindəki şalvarın sol yan cibindən siqaret qutusunun içərisindən bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş xeyli miqdarda, təmiz çəkisi -1,284 qram olan qəhvəyi rəngli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o arada bir narkotik vasitə istifadə edir. Lakin buna görə cinayət məsuliyyətinə cəlb olunmamışdır. Amma başqa cinayətlərə görə iki dəfə məhkum olmuş və cəzasını çəkmişdir. Onun psixi problemləri yoxdur və heç bir dispanserdə qeydiyyatda deyildir. Rəsmi olaraq heç yerdə işləmir. 23 avqust 2024-cü il tarixdə Bərdə rayonunda olan zaman yolun kənarında yerdə şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bir ədəd bükülü görmüşdür. O, bükülünü götürüb içinə baxanda narkotik vasitə heroin olduğunu bilmişdir. Sonra da həmin bükülünü siqaret qutusunun içərisinə qoyub əynindəki şalvarın cibinə qoymuşdur ki, özü sonra istifadə edər. 24 avqust 2024-cü il tarixdə bacısı oğlu X12 işləmək üçün Bakı şəhərinə getmək istədiyini bildirmişdir. O da onunla işləmək üçün getmək istədiyini demiş, Elnur da etiraz etməmişdir. Onların pulu olmadığı üçün qərara gəlmişlər ki, Bakı istiqamətində gedən avtomobil sahiblərindən xahiş etsinlər ki, onları da aparsınlar. Sonra da yola çıxıb Ağcabədi rayonu ərazisində magistral yoldan keçən bir avtomobilə yaxınlaşmışlar. Ondan hara getdiyini soruşduqda, həmin şəxs Biləsuvar rayonuna getdiyini demişdir. Onlar da pulları az olduğu üçün ona heç bir söz demədən onun avtomobilinə əyləşmişlər və Biləsuvara getdiklərini demişlər. Həmin vaxt avtomobildə onlardan başqa da adam olmuşdur. Onlar saat 18 radələrində Biləsuvara çatmışlar. Avtomobldən düşərkən pulları olmadığını bildirdikdə sürücü narazılıq etmişdir. Həmin vaxt onlarla həmin avtomobildə gələn adını sonradan öyrəndiyi Ruslan adlı şəxs onların Ağdamlı olduqlarını bildiyi üçün pullarını vermişdir. Hətta onlara demişdir ki, “qonaqsız, nəsə yemək-içmək lazımdırsa qonağı da ola bilərlər”. Onlar da etiraz etməmişlər, sonra da bir kafeyə getmişlər, orada pivə sifariş etmişlər. Pivə içən zaman Elnura mesaj gəlmiş, Elnur «dostu ilə görüşəcəyini» demiş, Ruslandan dediyi ünvana aparmağı xahiş etmişdir. Onlar kafedən çıxıb bir qədər aralıda olan dairənin yanına gəlmişlər. Orada Ruslan yolun o biri tərəfinə keçib taksi saxlatdırmış və onları götürmüşdür. Onlar “Gömrük dairəsi” deyilən yerə çatanda Elnur avtomaşını saxlatdırmışdır. Sonra da avtomobildən düşüb bir qədər aralıda telefonla danışmağa başlamışdır. O da onun yana getmişdir. Bir neçə dəqiqə sonra Ruslan onlara yaxınlaşmış, Elnur demişdir ki, “dostum burda deyil, irəlidə gözləyir” və gəldikləri taksiyə əyləşib bir qədər getdikdən sonra YPX əməkdaşları onların olduğu avtomobilə saxla işarəsi vermişdir. Sürücü avtomobili yolun kənarına verib saxlamışdır. Bu zaman bir neçə nəfər şəxs onlara yaxınlaşıb özlərini tədim edərək polis əməkdaşı olduqlarını bildirmişdir. Sonra da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını deyib hüquqları ona izah olunmuş və üzərilərinə videoçəkilişlə şəxsi müayinə keçiriləcəyini bildirmişlər. O da etiraz etməmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla saxlandıqları yerdən bir qədər aralıda polis əməkdaşı ona təklif etmişdir ki, paltarlarında, üzərində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya və sənədlər varsa təqdim edin. O da əynindəki şalvarın sol cibindən siqaret qutusuna qoyduğu içərisində narkotik vasitə heroin olan bir ədəd bükülünü çıxarıb təqdim etmiş və bundan başqa üzərində qanunla qadağan olunmuş heç bir şeyin olmadığını bildirmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin bir ədəd bükülünün içərsində heroin vardır, ona məxsusdur, onu bir neçə gün əvvəl yerdən tapmış və özü istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra üzərində yoxlama keçirilsə də, üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Onun təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə oxşar maddə olması müəyyən olunmuş, elektron tərəzidə çəkildikdən sonra bükülü ilə birlikdə zərfə qoymuşlar və zərfi möhürləmişlər. Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən o da imza etmişdir. Onun üzərində keçirilən yoxlama barədə protokol tərtib olunmuş, protokolu hamı, o cümlədən o da imza etmişdir. Bundan sonra onların iştirakı ilə sonradan adını bildiyi sürücü X2 idarə etdiyi VAZ 2107 markalı **- DB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, lakin baxış zamanı avtomobildən qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Bu barədə də protokol tərtib olunmuş, protokolu hamı, o cümlədən o da imza etmişdir. Daha sonra isə onları polis şöbəsinə gətirmişlər. Polis şöbəsində xidməti otaqların birində hüquqlarının müdafiə olunması ilə bağlı dövlət büdcəsinin vəsaiti hesabına ona təqdim olunmuş vəkil siyahısından öz istəyi ilə hüquqlarını müdafiə etmək ücün X3 vəkil kimi dəvət olunmuş, müdafiəçi tərəfindən hüquqları ona izah edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. İfadəsinə əlavə olaraq bildirmişdir ki, o həmin heroini 23 avqust 2024-cü il tarixdə Bərdə rayonu ərazisində yerdən tapmış, özü istifadə etmək üçün üzərində saxlamışdır. Onun üzərində narkotik vasitə olmasından heç kimin məlumatı olmamışdır. Bu barədə X9, X5, X6 və heç kimə heç bir söz deməmişdir. Onun Elnurun üzərində psixotrop maddə metamfetamin olmasından məlumatı olmamış, haradan, nə vaxt, kimdən və hansı məqsədlə əldə etməsini bilməmişdir. O, içərisində narkotik vasitə heroin olan bükülünü tapanda yanında heç kim olmamışdır. O, əvvəllər də narkotik vasitə və psixotrop maddə istifadə etmiş, ona görə də içərisində heroin olan bükülünü özü istifadə etmək üçün üstündə gəzdirmişdir. Həmin bir ədəd sellofan kəsiyinə bükülmüş heroin ona məxsusdur, satışı barədə düşünməmiş və heç kimə satmamışdır. Səhvini başa düşür, ona görə də əməlindən səmimi olaraq peşamandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etiraf edici ifadəsi ilə yanaşı aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağdam şəhər sakini X10 əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. X7 narkotik vasitələrin qanunsuz əldə etməsi, saxlaması, istifadəsi və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 24 avqust 2024-cü il tarixdə onun cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin tarixli əmrə əsasən o, Biləsuvar RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili polis kapitanı Şahid2, RPŞ-nin PPXB-nin polis nəfərləri polis baş serjantları Şahid4, Şahid3, RPŞ-nin DYPB-nin inspektorları, polis baş serjantları X11 və X8 ibarət tərkibdə əməliyyat qrupu yaradılaraq bu barədə protokol tərtib edilmişdir. Həmin qərara uyğun olaraq X7 narkotik vasitələri və psixotrop maddələri əldə etməsində, saxlamasında və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, 24 avqust 2024-cü il tarixdə, saat 19:00 dəqiqədə Biləsuvar rayonu “Gömrük dairəsi” adlanan yerin yaxınlığında içərisində olması ehtimal olunan VAZ 2107 markalı ** DB *** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olan zaman əməliyyat qurupunun üzvləri tərəfindən saxlanılmışdır. Həmin andan VAZ 2107 markalı ** DB *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçi ilə təmin olmaq hüququ izah olunmuşdur. Onun saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən Təqsirləndirilən şəxs üstünü həmin yerdə yoxlamaq mümkün olmadığı üçün təxminən 10 metr aralıda yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən siqaret qutusunun içərisindən bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükülü təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı onun üzərindən əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Sonra da Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmiş və elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisi 1,64 qram (bir tam yüzdə altmış dörd qram) olmuşdur. Bundan sonra həmin kütlə qablaşdırılmış, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalandıqan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitəni Bərdə rayonu ərazisində yerdən tapdığını, şəxsi istifadə məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Üstünü yoxlama Biləsuvar rayonu Gömrük yolunun üzərində yerləşən üzərinə “İran sərhədi” sözləri yazılmış löhvənin yaxınlığında keçirilmiş, yoxlama zamanı «Samsung Galaxy» markalı videokamera vasitəsi ilə Biləsuvar RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid3 tərəfindən videoçəkiliş aparılmışdır. Eyni zamanda videoçəkiliş aparılmaqla hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçi ilə təmin olmaq hüququ izah olunmuş, bundan sonra X7, X4 və X2 üstünün yoxlanılması və VAZ 2107 markalı ** DB *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, bu barədə protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Biləsuvar RPŞ-nin inzibati binasında tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq barədə hüquq və vəzifələri izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmiş və 5(beş) ədəd DVD protokola əlavə olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 işin mahiyyəti üzrə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İşdə olan 24 avqust 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında protokoldan görünür ki, əməliyyatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməsində, saxlamasında və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 24 avqust 2024-cü il tarixdə, saat 19:14 dəqiqədə Biləsuvar rayonu Gömrük yolunun üzərində yerləşən üzərinə “İran sərhədi” sözləri yazılmış löhvənin yaxınlığında saxlanımışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən siqaret qutusunun içərisindən bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükülü təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı onun üzərindən əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Sonra da Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmiş və elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisi 1,64 qram (bir tam yüzdə altmış dörd qram) olmuşdur. Sonra həmin kütlə qablaşdırıldı, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürüldü. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitəni Bərdə rayonu ərazisində yerdən tapdığını, şəxsi istifadə məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Üstünü yoxlama Biləsuvar rayonu Gömrük yolunun üzərində yerləşən üzərinə “İran sərhədi” sözləri yazılmış löhvənin yaxınlığında keçirilmiş, yoxlama zamanı «Samsung Galaxy» markalı videokamera ilə çəkilmiş videogörüntüyə baxış keçirilmiş və istintaq materialına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X1 Bölməsinin 25 avqust 2024-cü il tarixli 19/622 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -1,284 qram olan olan qəhvəyi rəngli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 1,284 qr, tədqiqata sərf edildi 0,1 qr, qalıq 1,184 qr. İşdə olan qərara əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1,284 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonrakı 1,184 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon Polis Şöbəsinin saxlancına təhvil verilmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 667 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulundan yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İ siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirməsini, habelə təyin olunacaq cəzanın onun məqsədlərinə nail olunmasında əhəmiyyətini, ailəsinin həyat şəraitinə, habelə onun islah olunması imkanlarına təsirini nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuna uyğun və məqsədə müvafiq hesab edir. İş materiallarında olan 24 avqust 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2024-cü il tarixdə saat 22:45-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 26 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2024-cü il tarixdə saat 15:15-də saxlanılmaqdan azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 15 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 00:30 Bakı şəhərində tutulmuş və Biləsuvar RPŞnə gətirilərək MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 27 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 yanvar 2025-ci il saat 15:00-də polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu müddət təyin ediləcək azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Biləsuvar rayon məhkməsinin 18 mart 2025-ci il 1(022)- 38/2025 saylı qərarı ilə CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilərək cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan axtarışda olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə Bakı şəhərində tutulmuş və Biləsuvar RPŞ-nə gətirilərək MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağdam RPŞ-də Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaq cinayət işi üzrə xx.xx.2004-cü ildə Azərbaycan Respublikası CPM-nin 40.2.1-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 05 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməsə də, onun barəsində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, 13 iyun 2025-ci il tarixli 633-İVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə CM-nin 177.1-ci maddəsinin sanskiyasında üçüncü halda “iki” sözü “üç” sözü ilə əvəz edilmiş, yəni 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasının həddi 3 il həddində qaldırılaraq CM-nin 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət əməlindən az ağır cinayət əməlinə dəyişdirilmişdir. Lakin, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini 13 iyun 2025-ci il tarixindən əvvəl, yəni 2023-cü il tarixdə törədildiyindən həmin əməl şəxsin xeyrinə böyük ictimai təhlükə törətməyən cinayət kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinə sasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. CM-nin 18.4, 18.4.1-ci maddələrinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. CM-nin 83.3, 83.3.2-1-ci maddələrinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs hazırkı əməli cinayətlərin residivini yaratmasa da, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edildikdən sonra 1 il keçmədən, yəni xx.xx.2024-cü il tarixdə törətdiyindən məhkumluğu olan şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, məhkumluğunun ödənilməməsini, eləcə də cəzasını yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət və tutulduğu üç gün, cəmi beş gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 667 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 1,184 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eləcə də, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 avqust 2024-cü il tarixindən 26 avqust 2024-cü il tarixinədək 2 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti, habelə 25 yanvar 2025-ci il tarixdən 27 yanvar 2025-ci il tarixədək tutulduğu 3 (üç) gün müddət, cəmi 05 (beş) gün müddət təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilən cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsinin saxlancında saxlanılan və tədqiqatdan sonra qalan 1,184 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar