Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-39/2024 25.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X7 oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş Zərərçəkmiş şəxs, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Zərərçəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Biləsuvar rayon Məhkəməsinə müraciət edərək, X2 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs göstərdi ki, barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi X4 və sonuncunun qardaşı ilə onun arasında çoxsaylı məhkəmə çəkişmələri olmuşdur. Bununla belə, Ş.C.Qocayev “Facebook” sosial şəbəkəsində 2022-ci ilin dekabr ayında özünəməxsus “Shirindil Gojayev” adlı səhifədə onun barəsində böhtan xarakterli məlumatlar paylaşmış, onu ağır cinayət törətməkdə ittiham etmişdir. Buna görə də o, həmin şəxsin ona böhtan ataraq, onun barəsində həqiqətə uyğun olmayan informasiyalar yayması barədə Biləsuvar rayon polis şöbəsinə müraciət etmişdir. Lakin Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X5 tərəfindən toplanmış materialda cinayət hadisəsi olmadığına görə 07 noyabr 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Buna görə də o, Ş.C.Qocayevin onun şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən cinayətə yol verdiyinə görə cəzalanmasını istəyir. Buna görə də o, xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsini və X2 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə məhkəməyə verilməklə, həmin şəxsə müvafiq cəza verilməsini tələb edir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayətlə razılaşmayaraq bildirdi ki, “Shirindil Gojayev” adlı “Facebook” sosial şəbəkəsi profili ona məxsus olsa da Zərərçəkmiş şəxs onun paylaşdığını iddia etdiyi rəyləri yazmamışdır. O, həmin rəyləri həmin profildə heç vaxt görməmişdir. Buna görə də hesab edir ki, həmin rəyi kimsə başqa şəxs onun telefonundan istifadə etməklə yazmışdır. Buna görə də onun həmin rəyərin yazılmasında heç bir təqsiri yoxdur. Sonda, Ş.C.Qocayev Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul olunmasından imtina edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti və ona əlavə edilmiş sənədləri tədqiq edərək, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs dinləyərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3-cü maddəsinin müdddəalarına uyğun olmadığına görə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma həmin maddə ilə nəzərdə tutulan cinayət tərkibini yaradır. Həmin Məcəllənin 147.2-ci maddəsinə əsasən isə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibini yaradır. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə görə şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina etməlidir. Həmin Məcəllənin 293.3.3, 293.3.4 və 293.3.6-cı maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi və şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Belə ki, Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xüsusi ittiham qaydasında şikayətində həmin şikayətin tərtib olunduğu yeri qeyd etməmiş, həmçinin Zərərçəkmiş şəxs həmin şikayətində 2022-ci ilin dekabr ayında Ş.C.Qocayev tərəfindən ona qarşı “Facebook” sosial şəbəkəsində böhtan xarakterli məlumatların paylaşıldığını qeyd etsə də, həmin cinayət əməlini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, yalnız “Shirindil Gojayev” adlı “Facebook” sosial şəbəkəsi profili tərəfindən 2021-ci ilin oktyabr ayında paylaşılmış rəyə dair “screenshot”un kseosurətini tərtib etdiyi şikayətə əlavə etməklə, kifayətlənmişdir. Bundan başqa, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 12-ci bəndinə görə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş “Shirindil Gojayev” adlı “Facebook” sosial şəbəkəsi profilinin və həmin profil istifadəçisi tərəfindən 2021-ci ilin oktyabr ayında paylaşılmış rəyə dair “screenshot”un kseosurəti həmin “Facebook” sosial şəbəkəsi hesabında paylaşılan məlumatın həqiqətən X3 məxsus olması qənatinə gəlməyə əsas vermir. Həmçinin Zərərçəkmiş şəxs tərəfindən “Shirindil Gojayev” adlı “Facebook” sosial şəbəkəsi profilinin və həmin profildə paylaşılan məlumatın həqiqətən də Ş.C.Qocayevə məxsus olduğunu təsdiq edən qısaldılmış URL qısaldılması (link) və ya hər hansı digər sübut təqdim etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 302.1.4-cü maddəsinin tələbinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina etməlidir. Lakin Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xüsusi ittiham qaydasında şikayətdə sonuncunun Ş.C.Qocayevə istinad etdiyi cinayət əməlinin törədildiyi vaxt dəqiq şəkildə göstərilmədiyinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçibkeçməməsini müəyyən etmək mümkün deyil. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Azərbaycan respublikası CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası CPM-nin 302.2.3-ci maddəsinə görə məhkəmə, həmin Məcəllənin 302.1.2 - 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 293, 299, 300, 302, 381, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul olunmasından imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin Sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-39/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-39/2024
25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver