Məhkəmə qərarları › İş №1(022)-42/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-42/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-42/2023 05.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində 02 noyabr 2022-ci il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1,718 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşımış, DİN-nin BNMİ-nin CBRŞ-nin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 31 oktyabr 2022-ci il tarixdə saat 19:00 dəqiqədə Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən, yaşadığı 174 nömrəli evin yaxınlığında şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmiş və şöbənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən həmin psixotrop maddə metamfetamin bir ədəd bükümdə 1,718 qram çəkidə olmaqla əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Bir neçə vaxtdı narkotik maddə heroin və metamfetamin qəbul edir. 31 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən yaşadığı evin yaxınlığında küçədə olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişdirlər. Sonra polis əməkdaşları onu avtomaşınla Biləsuvar rayon polis şöbəsinə gətirmişdirlər. Polis şöbəsində otaqların birində ona vəkil təqdim olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Üzərinə şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış olmuş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər xuliqanlıq cinayətinə görə məhkum olunmuşdur. Sonra ona təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və maddə varsa təqdim etmişdir. Bu təklifdən sonra əynindəki cins şalvarımın sağ yan cibində gizlətdiyi sellofan bükümdə “metamfetamin” psixotrop maddə, qolsuz gödəkçənin sol yan cibindən «Prima» siqaret qutusunu, sağ yan cibindən bir ədəd təsbehi, bir ədəd saç darağını və sol əlin şəhadət barmağında olan üzüyünü çıxarıb təqdim etmiş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində “metamfetamin” psixotrop maddə vardır, ona məxsusdur, səhər vaxtı Biləsuvar şəhərində bazar ərazisində çayxanada adını bilmədiyi «Dədə» adlanan bir kişidən özü qəbul etmək üçün 40 manata almışdır. Həmin psixotrop maddədən qəbul etməmiş, heç kimə verməmiş və satmamışdır. Bundan başqa özündə narkotik maddə olmadığını bildirmişdir. Təqdim etdiyim sellofan bükümün içərisinə baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı hər hansı bir qanunsuz əşya, maddə aşkar olunmamışdır. Sonra isə siqaret qutusu, təsbeh, saç darağı və üzük ona qaytarılmışdır. Təqdim etdiyi sellofan büküm elektron tərəzidə çəkildikdə metamfetaminə bənzər kütlə 1,79 gəlmişdir. Büküm zərfə qoyulmuş, zərfin üstü möhürlənilmiş və tərəfindən imzalanmışdır. Saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamış, bu barədə heç bir şikayəti və tələbi yoxdur, törətdiyi əmələ görə peşimandır, hər hansı bir psixi qusuru və ya psixi xəstəliyi yoxdur. 2019-cu ildə avtoqəzada sol ayağından xəsarət almışdır, hərbi xidmətdə olmuşdur, subaydır, anası və hazırda həbsdə olan qardaşının ailəsi ilə birlikdə yaşayır, əməlindən peşmandır. Üzərinə şəxsi axtarış keçirilməsi barədə polis əməkdaşları tərəfindən tərtib edilmiş protokolun doğruluğunu imzalarla təsdiq etmişdirlər. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etiraf edici ifadəsi ilə yanaşı aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin CBRŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 31 oktyabr 2022-ci il tarixdə ona daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunun cinayət əməlinin ifşa edilməsi məqsədi ilə həmin tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən BNMİ-nin CBRŞ-nin əməliyyat müvəkkili polis mayoru, X2, BNMİ-nin CBRŞ-nin polis nəfəri, polis baş serjantı Şahid1 və onun da tərkibində olduğu əməliyyat qrupu yaradılaraq bu barədə protokol tərtib edilmişdir. Həmin qərara uyğun olaraq həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 31 oktyabr 2022-ci il tarixdə saat 19:00 dəqiqədə Biləsuvar şəhəri, M.ibrahimov küçəsində yerləşən yaşadığı evin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Biləsuvar RPŞ-nə gətirilmişdir. Toplanmış materialın icrası BNMİ-nin təhqiqatçısı, polis mayoru X3 həvalə edilmişdir. Həmin andan RPŞ-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri izah edilmiş, o cümlədən, ona vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs da vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil X4 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə olması şübhəsi olduğundan Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməzədən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunmuş hər hansı əşya və yaxud predmet varsa könüllü olaraq təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm çıxardıb təqdim etmişdir. Təqdim etdiyi həmin bükümün içərisində “şüşə” kimi bilinən psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni Biləsuvar rayonu ərazisində adını bilmədiyi “Dədə” adlı şəxsdən 40 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş büküm açılıb baxıldqa içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Təqdim olunmuş büküm içərəsində olan kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəksi 1,79 qram gəlmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm müvafiq qayadada qablaşdırılmış və üzəri möhürlənilmişdir. Qablaşdırlmış bağlamanın üzərinə bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs də imza etmişdir. Şəxsi axtarış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilən Şahid1 Şahid2 ilə eyni məzmunda ifadə verdilər. Təqsirləndirilən şəxs X5 məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində və Avropa Konvensiyasında nəzərədə tutulan hüquqlarının ona məlum olduğunu, məhkəmə iclasına gəlməyən digər Şahid1 dindirilməsini tələb etmədiyini, çünki elan edilmiş ittiham üzrə özünü tam təqsirli bildiyini, məhkəmə istintaqının yekunlaşmasını və yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında Şahid1n ibtidai istintaqda verdiyi ifadəsi elan edildi. İşdə olan “Şəxsi axtarış keçirilməsi haqqında” 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, araşdırma zərurəti ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması şübhəsi yarandığından, üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əyindəki şalvarın sağ yan cibindən bir ədəd bükümdə, 1,79 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddə Biləsuvar rayonu ərazisində tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 01 noyabr 2022-ci il tarixli 19/1135 №-li ekspert rəyində göstərilmişdir ki, Tədqiqata təqdim edilmiş üzərində "... “Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş büküm...” sözlər və imzalar olan bir ədəd zərfədki, 1 ədəd bükümdə təmiz çəkisi : 1,718 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetamin təmiz çəkisi 1,718 qram, tədqiqata sərf edildi 0,5 qalıq 1,668 qram. Cinayət İşinin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X1 01 noyabr 2022-ci il tarixli 19/1135 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "... “Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş büküm...” sözlər və imzalar olan bir ədəd zərfədki, 1 ədəd bükümdə təmiz çəkisi 1,718 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetamin təmiz çəkisi 1,718 qram, tədqiqata sərf edildi 0,5 qalıq 1,668 qram. Psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 1,668 qram qalığı 02 noyabr 2022-ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1302 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Psixostimlyatorların qəbul nəticəsində ASLİLİQ SİNDROMU (NARKOMANİYA) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İİ siyahısının 67-ci bəndinə görə metafetaminin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır. “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndinə əsasən sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğu üçün məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar əməlindən səmimi peşman olması, müsbət xarakterizə olunmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, CPM-in 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. İş materiallarında olan 31 oktyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2023-cü il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 02 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində haqqında 02 noyabr 2023-cü il tarixdə saat 14:30-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə cəza növü təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli 1302 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Azərbaycan Respublikasının Biləsuvar rayon polis şöbəsində saxlanılan qalıq çəkisi 1,668 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 oktyabr 2023-cü il tarixindən 02 noyabr 2023-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 1,668 qram psixotrop maddə metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar