Məhkəmə qərarları › İş №1(022)-42/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-42/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-42/2024 14.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullayev Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Füzuli rayonu Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla Biləsuvar şəhəri, Təyyarə Meydanında yaşayan, barəsində 10 dekabr 2023-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq- 0,760 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 10 dekabr 2023-cü il tarixdə saat 19:05 radələrində Biləsuvar şəhəri, Təyyarə Meydanında yerləşən X2 İdarəsinin yaxınlığında piyada hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar rayon polis şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə heroin bir ədəd «Winston» markalı siqaret qutusunun içərisində siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükülüdə olmaqla əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Biləsuvar şəhəri, Təyyarə meydanında ailə üzvləri ilə birlikdə yaşayır, narkotik vasitə heroindən bir-iki ildir ki, istifadə edir. Evlidir, iki azyaşlı övladı var, heç bir yerdə rəsmi olaraq işləmir, ailəsinin dolanışığını təmin etməkdən ötrü fəhlə işləyir. 02 dekabr 2023-cü il tarixdə Laçın rayonunda tikintidə fəhlə işləyərkən oradan siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükülü tapmış, həmin bükülünü açan zaman içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. Həmin narkotik vasitə heroini üzərində saxlamışdır ki, bədənində ağrıları olanda qəbul edib sakitləşsin. 06 dekabr 2023cü il tarixdə ailəsinə baş çəkmək üçün Biləsuvar rayonuna gəlmiş, Laçın rayonunda tapmış olduğu narkotik vasitə heroini şəxsi istifadəsi üçün özü ilə birlikdə gətirmişdir. 08 dekabr 2023-cü il tarixdə Biləsuvar şəhəri, Təyyarə meydanında yerləşən X2 İdarəsinin yaxınlığında piyada evinə gedərkən polis əməkdaşları ona yaxınlaşıb gəlişlərinin səbəbini izah etdikdən sonra onu polis şöbəsinə gətirmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli kimi saxlanıldığı üçün öz istəyi ilə hüquqlarının müdafiə etmək üçün müdafiəçi X3 dəvət olunmuşdur. Bundan sonra üzərinə video kamera ilə şəxsi axtarış keçirilməyə başlanılmış, ona üzərində hər hansı bir narkotik maddə və qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O, da əynindəki şalvarının sağ yan cibindən «Winston» markalı siqaret qutusunu çıxarıb stolun üstünə qoymuş və bildirmişdir ki, təqdim etdiyi siqaret qutusunun içərisində gizlətdiyi siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükülüdəki narkotik vasitə heroindir, özünə məxsusdur, həmin narkotik vasitə heroini 02 dekabr 2023-cü il tarixdə Laçın rayonunda tikintidə fəhlə işləyərkən oradan tapmış, bədənində ağrılar olanda qəbul edərək sakitləşmək məqsədilə üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Daha sonra həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Zərfin üzərini o, müdafiəçi Mehman Mütəllimov və digər iştirakçılar imzalamışlar. Üzərinə şəxsi axtarış keçirilməsinə dair tərtib edilmiş protokolla müdafiəçi Mehman Mütəllimovla birlikdə tanış olub imzalamışdır. Hazırda səhvini başa düşür, əməlindən səmimi peşmandır. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Biləsuvar rayon polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Biləsuvar şəhər sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlini ifşa edilməsi üçün 08 dekabr 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı rayon polis şöbəsinin PPXB-nin polis nəfərləri baş serjantı X5 və polis serjantı Şahid2 daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 08 dekabr 2023-cü il tarixdə, saat 19 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, Upramxor küçəsində piyada hərəkətdə olarkən əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən beş dəqiqədən sonra əməliyyat tədbirlərinə uyğun olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olan Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, Təyyarə Meydanında yerləşən X2 İdarəsinin yaxınlığında piyada hərəkətdə olduğu zaman əməliyyat qrupunun üzvləri ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim edib gəlişlərinin səbəbini izah etdikdən sonra onu rayon polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə olması şübhəsi olduğundan bu barədə raportla şöbənin rəhbərliyinə məruzə etmişdir. Raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Azər Qəmbərliyə həvalə edilmişdir. Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra bildirmişdir ki, hüquqlarının vəkil X3 tərəfindən müdafiə olunmasını istəyir. Vəkil Mehman Mütəllimov dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuş və həmin videoçəkilişi rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə alamağa başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan edilmiş digər əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən «Winston» markalı siqaret qutusunu təqdim edərək bildirmişdir ki, təqdim etdiyi siqaret qutusunun içərisində olan bükülüdəki narkotik vasitə heroindir, özünə məxsusdur, həmin narkotik vasitə heroini 02 dekabr 2023-cü il tarixdə Laçın rayonunda tikintidə fəhlə işləyərkən oradan tapmış, özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Daha sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzisində çəkilmiş və bükülü ilə birlikdə 0,88 qram olması məlum olmuşdur. Həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə heç bir əşya aşkar olunub götürülməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla bütün iştirakçılar kimi o da tanış olaraq imzalamışdır.O, həmçinin ifadəsində göstərmişdir ki, həmin vaxtı narkotik vasitə heroini bükülü ilə birlikdə çəkdikləri üçün o qədər çəkidə olubdur. Ekspert rəyində göstərilən çəki düzdür, ekspert rəyi ilə razıdır. Məhkəmədə şahid qismində dindirilən Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verdi. İşdə olan Şəxsi axtarış və götürmə barədə 08 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi videoçəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı o, əynindəki şalvarının sağ yan cibindən «Winston» markalı siqaret qutusunu çıxarıb stolun üstünə qoymuş və bildirmişdir ki, təqdim etdiyi siqaret qutusunun içərisində gizlətdiyi siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükülüdəki narkotik vasitə heroindir, özünə məxsusdur, həmin narkotik vasitə heroini 02 dekabr 2023cü il tarixdə Laçın rayonunda tikintidə fəhlə işləyərkən oradan tapmış, bədənində ağrılar olanda qəbul edərək sakitləşmək məqsədilə üzərində saxlamışdır. Daha sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzisində çəkilmiş və bükülü ilə birlikdə 0,88 qram olması məlum olmuşdur. Həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış zamanı «Samsung» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin X1 09 dekabr 2023-cü il tarixli 19/1037 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükülü...» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi-0,760 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,760 qram, tədqiqata sərf edildi 0,05, qalıq 0,710 qram. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,760 qram çəkidə narkotik vasitə heroinin tədqiqatdan sonrakı 0,710 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İşdə olan Ambulator məhkəmə-narkoloji ekspertizasının 12 dekabr 2023-cü il tarixli 1081 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İ siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar himayəsində iki azyaşlı uşağının (xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X4) olması və əməlindən səmimi peşman olmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. İş materiallarında olan 08 dekabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 dekabr 2023-cü il tarixdə saat 19:40-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 10 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 10 dekabr 2023-cü il saat 16:30-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu müddət təyin ediləcək azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzasınını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın 12 dekabr 2023-cü il tarixli, 1081 saylı rəyinə və CM-in 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, CPM-in 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalan 0,710 qram narkotik vasitə heroin məhv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 dekabr 2023-cü il tarixindən 10 dekabr 2023-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,710 qram olan narkotik vasitə heroin məhv edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar