Məhkəmə qərarları › İş №1(022)-42/2025

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-42/2025

10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-42/2025 10.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X9 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, 22 avqust 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsində yerləşən 9 nömrəli evdə qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Şağan kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, -14,926 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, 30 noyabr 2024-cü il tarixdə, saat 03:22-də Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyataxtarış tədbirləri nəticəsində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən “LUK Oil” yanacaq doldurma məntəqəsinin yaxınlığında “Hyundai Sonata” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, həmin yerdə üzərinə yoxlama keçirildiyi zaman həmin narkotik vasitə qurudulmuş marixuana bir ədəd üzəri yapışqan lentlə sarılmış, şəffaf rəngli sellofan kəsiyi bükümündə olmaqla, əynindəki gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsində yerləşən 9 nömrəli evdə qeydiyyatda olsa da, əmisi oğulları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şağan kəndində yaşayır, subaydır. O, rəsmi olaraq heç bir yerdə işləməsə də, hərdən fəhləlik etməklə dolanışığını təmin edir, həmçinin o, İ dərəcəli əlil olan və Bakı şəhərində, İçərişəhər Kompleksinin ərazisində yaşayan anası X1 qulluq edir. O, Rusiya Federasiyasında yaşadığı dövrdə saxta pul satmağa görə cinayət məsuliyyətinə cəlb edilərək, azadlıqdan məhrum edilmiş və 2015-ci ildə cəzadan azad olunduqdan sonra Azərbayacana qayıtmışdır. O, arada bir narkotik vasitə qurudulmuş marixuana istifadə edir və əvvəllər həmin əməlinə görə cinayət və ya inzibati qaydada məsuliyyətə cəlb edilməmişdir. 27 noyabr 2024-cü il tarixdə o, Bakı şəhəri, Yasamal rayonu ərazisində olduğu vaxt yerdə sellofan kəsiyinə bükülmüş bir ədəd bükülü görmüşdür. O, həmin bükülünü açıb içinə baxdığı zaman orada narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. O, həmin narkotik vasitədən tək səfərlik istifadə etmək üçün bir az ayırmış və qalanının isə sonradan istehlak etmək məqsədi ilə üzərini şəffaf rəngli yapışqan lentlə sarıyıb, gödəkçəsinin cibinə qoymuşdur. Səhəri gün o, özü üçün ayırdığı marixuananı kağızın arasına doldurub, tək istifadə etmişdir. X3 onun dostudur və onlar birlikdə Rusiya Federasiyasında olmuşlar. İ.S.Qulioğlu avtomobil təmiri ilə məşğul olur. 29 noyabr 2024-cü il tarixdə o, anasına baş çəkmək üçün İçərişəhər kompleksinə getdiyi zaman, İ.S.Qulioğlu ilə görüşmüş və onlar birlikdə yemək yeyib, spirtli içki qəbul etmişlər. Həmin vaxt onlar avtomobil ehtiyyat hissələri almaq üçün Biləsuvar rayonuna getmək qərarına gəlmişlər. Onlar 30 noyabr 2024-cü il tarixdə, saat 00:00 radələrində tanışı X5 yaxınlaşaraq, onları Biləsuvar rayonuna aparmasını sonuncudan xahiş etmişlər. Ə.İ.Məmmədov onları 100 manat zəhmət haqqı müqabilində həmin rayona aparmağa razılaşmışdır. Buna görə də onlar Ə.İ.Məmmədovun idarə etdiyi “Hyundai Sonata” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu istiqamətində yola düşmüşlər. Onlar həmin gün, saat 02 radələrində Biləsuvar rayonuna çatdıqdan sonra həmin rayonda yaşayan bir neçə tanışları ilə telefon vasitəsilə əlaqə saxlasalar da, onların zənglərinə cavab verən olmamışdır. Onlar həmin rayonda bir neçə yerə getmişlər, lakin heç kimi tapa bilməmişlər. Buna görə də onlar həmin gün, saat 03 radələrində Bakı şəhərinə geri qayıtmaq qərarına gəlmişlər. Onlar Biləsuvar rayonundan çıxıb Bakı şəhəri istiqamətində hərəkətdə olduqları zaman, “LUK Oil” yanacaq doldurma məntəqəsini yaxınlığında yol patrul xidməti avtomobili onların olduğumu nəqliyyat vasitəsinə saxla işarəsi vermişdir. Buna görə də Ə.İ.Məmmədov avtomaşını yolun kənarında saxlamışdır. Həmin vaxt bir neçə nəfər şəxs videoçəkiliş aparmaqla onlara yaxınlaşmış və özlərini tədim edərək, polis əməkdaşı olduqlarını bildirmişlər. Həmin əməkdaşlar narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmiş və onlara hüquqlarını izah etmişlər. Əvvəlcə videoçəkiliş aparılmaqla İ.S.Qulioğlunun üzərinə şəxsi axtarış keçirilmiş, lakin həmin şəxsin üzərində qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları ona üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, hər hansı əşya və predmet varsa təqdim etməsini təklif etmişlər. O da əynindəki gödəkçənin sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd bükülünü və şəxsi əşyalarını çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. O, həmin bükülünü iki gün əvvəl Bakı şəhəri, Yasamal rayonunda olduğu zaman yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin narkotik vasitədən bir dəfə istifadə etdiyini polis əməkdaşlarına bildirmişdir. Bundan sonra onun üzərinə yoxlama keçirilsə də, üzərindən qanunla qadağan olunmuş hər hansı başqa predmet aşkar olunmamışdır. Bundan sonra videoçəkiliş aparılmaqla saxlandıqları yerdə polis əməkdaşı sürücü Ə.İ.Məmmədovun üzərinə və “Hyundai Sonata” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin sürücünün üzərində və ya nəqliyyat vasitsində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, hər hansı əşya və predmet aşkar edilməmişdir. Baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, eyni zamanda onun üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Tərtib olunmuş protokol ona ucadan oxunmuş, protokol və onun üzərinə şəxsi axtarış keçirildiyi zaman aşkar edilmiş əşyaların qablaşdırıldığı zərfin üzəri o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Onun üzərindən aşkar edilmiş büküm polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq, götürülmüşdür. Həmçinin o bildirdi ki, onun üzərində narkotik vasitə olmasıdan İ.S.Qulioğlunun və sürücü Ə.İ.Məmmədovun məlumatı olmamışdır. Onun üzərində daşıdığı nakotik vasitə qurudulmuş marixuananı satmaq məqsədi olmamışdır. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, İ dərəcəli əlil anasına qulluq etdiyini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Əvvəllər tanımadığı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 29 noyabr 2024-cü il tarixdə əməliyyataxtarış tədbirləri keçirilməsi haqqında onun tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, həmin gün əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs içərisində olduğu ehtimal edilən “Hyundai Sonata” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobil 30 noyabr 2024-cü il tarixdə, saat 03:22-də Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən “LUK Oil” yanacaq doldurma məntəqəsinin yaxınlığında hərəkətdə olduğu zaman saxlanılmışdır. Həmin andan videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs, X5 və X2 hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçi ilə təmin olmaq hüquqları izah olunmuş, hər birinə ayrı-ayrılıqda üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, hər hansı əşya və predmet varsa, təqdim etmələri təklif edilmişdir. Bundan sonra şübhəli şəxslərin üzərinə yoxlama keçirilmiş və Ə.İ.Məmmədovun və İ.S.Qulioğlunun üzərindən qanunla qadağan olunmuş heç bir əşya və predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əyinində olan gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükülü təqdim edərək üzərində başqa qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olmadığım bildirmişdir. Sonradan həmin şəxsin üzərinə şəxsi axtarış keçirilsə də, sonuncunun üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa hər hansı predmet aşkar edilməmişdir. Həmçinin Ə.İ.Məmmədovun idarə etdiyi avtomobilə, videoçəkiliş aparılmaqla, baxış keçirils də, həmin nəqliyyat vasitəsində qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya, eləcə də narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərisinə baxılarkən orada, rəngindən və digər əlamətlərindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən edilmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 16,64 qram olmuşdur. Təqsirləndirilən şəxsdan götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Sonda şəxsi axtarış vəbaxış keçirilməsinə dair protokollar tərtib olunaraq iştirakçılara oxunmuş, protokollar baxış iştirakçıları tərəfindən imzalanmışdır. İş üzrə şahid kimi dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşları Şahid2 məhkəmədə şahid E.M.Mahmudunun ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, - 14,926 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşıdığını və 30 noyabr 2024-cü il tarixdə, saat 03:22-də Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyataxtarış tədbirləri nəticəsində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən “LUK Oil” yanacaq doldurma məntəqəsinin yaxınlığında “Hyundai Sonata” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanıldığını, həmin yerdə üzərinə yoxlama keçirildiyi zaman həmin narkotik vasitə qurudulmuş marixuananın bir ədəd üzəri yapışqan lentlə sarılmış, şəffaf rəngli sellofan kəsiyi bükümündə olmaqla, əynindəki gödəkçənin sol yan cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdi. İş materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair 30 noyabr 2024-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməsində, saxlamasında və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 30 noyabr 2024-cü il tarixdə, saat 03:22-də Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən “LUK Oil” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılmış, ona hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin vaxt əməliyyat-axtarış tədbirində Biləsuvar rayon polis şöbəsinin əməkdaşları Şahid1, Şahid2, X7 və Şahid3 iştirak etmişdir. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əyinində olan qara rəngli idman şalvarının sol cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, digər şəxsi əyaların və əynindəki qara rəngli idman gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükülü təqdim edərək üzərində başqa qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və yoxlama nəticəsində onun üzərindən əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Bundan sonra həmin şəxsin təqdim etdiyi bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmiş və elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisi 16,64 qram olmuşdur. Sonradan həmin kütlə qablaşdırılmış, saxlanılan şəxs və iştirakçılar tərəfimdən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, həmin bükülünün içərisində marixuana vardır, ona məxsusdur, onu iki gün əvvəl Yasamal rayonunda yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin marixuanadan bir dəfə istifadə etmişdir. Daha sonra Ə.İ.Məmmədovun və İ.S.Qulioğlunun üzərlərinə şəxsi axtarış və “Hyundai Sonata” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və həmin şəxslərin üzərindən və ya nəqliyyat vasitəsindən qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya aşkar olunmamışdır. İşdə olan məhkəmə-bioloji ekspertizasının 30 noyabr 2024-cü il tarixli, 19/756 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükülünün qablaşdırıldığı zərf...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi - 14,926 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi - 14,926 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş, qalıq 14,826 qram qalmışdır. İş materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 16 dekabr 2024-cü il tarixli, 848 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi nüalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı Dost Mərkəzinin 07 mart 2025-ci il tarixli, 3-17-7/2-M-11841/2025 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs İ dərəcə əlilliyi olan X1 qulluğa görə 100 manat məbləğində prezident təqaüdü alır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nın İ siyahısının 109.1-ci bəndinənin tələbinə görə qurudulmuş marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində qulluq etdiyi İ dərəcəli əlil xəstə anasının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 noyabr 2024-cü il tarixdə, saat 03:22-də şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 01 dekabr 2024-cü il tarixdə, saat 15:00-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 16 dekabr 2024-cü il tarixli, 848 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və həmin şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 14,826 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və həmin şəxsin məhkəməyədək icraat dövründə qətimkan tədbirinin şərtlərini pozmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 10 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müaəlicə təyin edilsin və Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 14,826 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar