Məhkəmə qərarları › İş №1(022)-43/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-43/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-43/2023 29.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, usta, məhkum olunmamış, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, ev 45, mənzil 4 qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan, barəsində 07 yanvar 2023-cü il tarixli qərarla «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq -1,644 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 06 yanvar 2023-cü il tarixdə saat 01:05 radələrində Biləsuvar rayonu “Azpetrol” YDM-nin yaxınlığında cinayət barədə xəbərsiz olan Şahid3 idarə etdiyi “Peugeot 308 SW” markalı **-UB-*** dövlət nömrə nişanlı avtomobillə sərnişin qismində hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə heroin bir ədəd sellofan bükülüdə olmaqla əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi, ev 45, mənzil 4 qeydiyyatda olsa da, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yaşayır. O, özü narkotik maddə istifadəçisidir. Şahid3 tanıyır, əvvəllər bir neçə dəfə onun avtomobilindən taksi kimi istifadə etmişdir. 05 yanvar 2023-cü il tarixdə Biləsuvar rayonu Aşağı Cürəli kəndində yaşayan əsgər yoldaşı Rüstəm Əlizadəni tapıb görüşmək üçün gəlməli olmuş, buna görə də Biləsuvar rayonuna gəlmək qərarına gəlmişdir. Bakıxanov qəsəbəsində olan zaman “PEUGEOT 308 SW” markalı **-UB-*** d.n.n. avtomobilin sürücüsünü saxlatdırmış, həmin şəxsdən hansı istiqamətə getməsini soruşmuş, sürücü Şahid3 ilkin olaraq 20 Yanvar metrosuna tərəf gedəcəyini, oradan da Masallı rayonuna gedəcəyini bildirmiş, o da Biləsuvar rayonuna getdiyini ona deyərək yol haqqı kimi nə qədər alacağını söyləmişdir. Şahid3 30 manat pul alacağını demiş, o da Şahid3la razılaşmışdır. O, avtomaşının sağ qabaq oturacağına əyləşmişdir. Onlar həmin günü saat təxminən 23 radələrində Bakı şəhərindən Biləsuvar şəhərinə gəlmək üçün “PEUGEOT 308 SW” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yola düşmüşlər. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisindən tanımadığı şəxsdən 30 manat pul verib 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükülüdə olan heroin almış və o həmin heroini üzərimdə saxlamışdır ki, daha sonra istifadə edər. Biləsuvar şəhərinə gələn zamanda həmin heroin onun üzərində olmuşdur. Onlar gecə vaxtı Biləsuvar rayonuna çatmışlar. Həmin taksi sürücüsü onu Biləsuvar rayonunda düşürtdükdən sonra özü Masallı rayonuna gedəcəkmiş. Biləsuvar rayonu “Azpetrol” YDM-nin yaxınlığında avtomobillə biraz hərəkət etdikdən sonra polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları onlara yaxınlaşaraq gəlişlərinin səbəbini izah etdikdən sonra onu və Şahid3 idarə etdiyi avtomobillə birlikdə rayon polis şöbəsinə gətirmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli kimi saxlanıldığı üçün öz istəyilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi X3 dəvət olunmuşdur. Bundan sonra üzərinə video kamera ilə şəxsi axtarış keçirilməyə başlanılmış, ona təklif olunmuşdur ki, üzərində hər hansı bir narkotik maddə və qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin. O da əynimdəki qara rəngli şalvarın sağ yan cibindən sellofana bükülmüş bir ədəd bükülünü çıxarıb stolun üstünə qoymuş və bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki narkotik vasitə heroindir, özünə məxsusdur, həmin narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisindən tanımadığı şəxsdən 30 manat pul verib almış və istifadə üçün üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə iştirakıyla açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, 1,77 qram olması müəyyən edilmişdir. Daha sonra həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılmışdır. Zərfin üzərini o, müdafiəçisi Səfərəli Baxşiyev və digər iştirakçılar imzalamışlar. Üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə heç bir əşya aşkar olunub götürülməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla müdafiəçisi Səfərəli Baxşiyevlə birlikdə tanış olub imzalamışdır. Daha sonra onun, müdafiəçisi Səfərəli Baxşiyevin, Şahid3, onun müdafiəçisi Müdafiəçi1 və digər polis əməkdaşlarının iştirakı ilə idarə etdiyi “PEUGEOT 308 SW” markalı **-UB-***dövlət qeydiyyat nişanı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsinə dair tərtib edilmiş protokolla müdafiəçisi Səfərəli Baxşiyev ilə birlikdə tanış olub imzalamışdır. Hazırda səhvini başa düşür və əməlindən səmimi peşmandır. Bildirir ki, həmin heroini üzərində saxlamışdır ki, bədənində ağrılar olanda qəbul etsin və ağrıları kəsilsin. Narkotik vasitə heroini satmaq barədə isə ümumiyyətlə heç bir fikri və niyyəti olmayıbdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək iş materiallarını tədqiq edərək hesab edir ki, X5 CM-in 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etiraf edici ifadəsi ilə yanaşı aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon polis şöbəsinin narkotiklərlə mübariz qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis baş leytenantı rütbəsindədir. Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi ev 45, mənzil 4-də yaşayan Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün 06 yanvar 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı İbrahim Qurbanov, narkotiklə mübariz qrupunun əməliyyat müvəkkili, polis Şahid2, rayon polis şöbəsinin DYPB-nin YPX-nin baş inspektoru, polis leytenantı Rəcəb Səfərov və YPX-nin inspektoru, polis baş serjantı Rəşad Mirzəyev daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 06 yanvar 2023-cü il tarixdə saat 01:00 radələrində Təqsirləndirilən şəxs içərisində olduğu ehtimal olunan “«PEUGEOT 308 SW» markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Biləsuvar rayonu Gömrük idairəsinin yaxınlığında hərəkətdə olan zaman tərəflərindən əməliyyat müşahidəsinə götürülmüş, təxminən 5 dəqiqədən sonra həmin avtomobil Azpetrol” YDM-i yaxınlığında hərəkətdə olan zaman rayon polis şöbəsinin dövlət yol patrul bölməsinin əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxtı onlar avtomobilə yaxınlaşıb özlərini təqdim etdikdən sonra gəlişlərinin səbəbini izah etdikdən sonra Təqsirləndirilən şəxs və avtomobilin sürücüsü Şahid3 gəldikləri avtomobillə birlikdə şöbəyə gətirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə olması şübhəsi olduğundan bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmiş, tərtib etdiyi raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Mahsun Kərimova həvalə edilmişdir. Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra bildirmişdir ki, hüquqlarının vəkil X3 tərəfindən müdafiə olunmasını istəyir. Vəkil Səfərəli Baxşiyev dəvət edilmiş, şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuş, həmin videoçəkilişi rayon polis şöbəsinin X1 baş inspektoru, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almağa başlamış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükülünü çıxarıb stolun üstünə qoyaraq bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki narkotik vasitə heroindir, özünə məxsusdur. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü şöbənin elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə 1,77 qram olması məlum olmuşdur. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs müdafiəçisi Səfərəli Baxşiyevlə birlikdə həmin protokolla tanış olub onu imzalamışdır. Bundan sonra Şahid3 da müvafiq qaydada hüquq və vəzifələri izah edildikdən sonra öz istəyi ilə Müdafiəçi1 ilə təmin olunmuş, daha sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Şahid3 üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsi barədə tərtib edilmiş protokolla Şahid3 müdafiəçisi Müdafiəçi1 iştirakı ilə tanış olaraq imzalamışdır. Daha sonra Təqsirləndirilən şəxs, müdafiəçisi Səfərəli Baxşiyevin, Şahid3, müdafiəçisi Müdafiəçi1 və digər polis əməkdaşlarının iştirakı ilə Şahid3 idarə etdiyi «PEUGEOT 308 SW» markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilə şöbənin həyətində videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsinə dair tərtib edilmiş protokolla digər iştirakçılar kimi o da tanış olub imzalamışdır. Onlar həmin vaxtı narkotik vasitə heroini qablaşdırması ilə birlikdə çəkdikləri üçün o qədər çəkidə olubdur. Ekspert rəyində göstərilən çəki düzdür, ekspert rəyi ilə razıdır. Məhkəmədə şahid qismində dindirilən X4 və Şahid2 Şahid1 ilə eyni məzmunda ifadə verdilər. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində və Avropa Konvensiyasında nəzərədə tutulan hüquqlarının ona məlum olduğunu, məhkəmə iclasına gəlməyən digər şahidin (Şahid3) dindirilməsini tələb etmədiyini, çünki elan edilmiş ittiham üzrə özünü tam təqsirli bildiyini, məhkəmə istintaqının yekunlaşmasını və yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan edildi. Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, həmin şəxs bir neçə dəfə onun avtomobilinə sərnişin kimi əyləşmişdir. 05 yanvar 2023-cü il tarixdə o, Masallı rayonuna gəlmək istəmiş, yol ilə gələn zaman bir nəfər əl işarəsi edib saxlatdırmışdır. O da avtomaşını saxlamışdır. Təqsirləndirilən şəxs onu 20 Yanvar metrosuna aparıb-apara bilməyəcəyini soruşmuşdur. O da apara biləcəyini demişdir. Təqsirləndirilən şəxs yol haqqı kimi nə qədər alacağını ondan soruşmuşdur. O da Təqsirləndirilən şəxs 10 manat pul verəcəyini demişdir. Təqsirləndirilən şəxs də razılaşmışdır. Təqsirləndirilən şəxs avtomobilin sağ qabaq oturacağına əyləşmiş, yolda Təqsirləndirilən şəxs ondan hansı istiqamətə getməyini soruşmuş, o da Masallı rayonuna getdiyini Təqsirləndirilən şəxs demişdir. Təqsirləndirilən şəxs də bildirmişdir ki, gedəndə onunla getsin, özü Biləsuvar rayonunda düşəcəkdir. Yol haqqı kimi əlavə olaraq 20 manat verəcəyini bildirmiş, o da Təqsirləndirilən şəxs yolda sərnişin götürəcəyini demişdir. Elə olmuşdur ki, o Lökbatan dairəsində 2 nəfər adını bilmədiyi sərnişin götürmüş, onların birini Qaradağ rayonunda, birini isə Salyan rayonunda düşürtmüşdür. Sonunda Biləsuvar rayonuna çatmışlar. Təqsirləndirilən şəxs əsgər yoldaşını görməyə gəldiyini ona demişdir. Avtomobili “Azpetrol” YDM-nin yaxınlığında saxlamış, Təqsirləndirilən şəxs əsgər yoldaşının adını orada soruşmuşlar. Lakin heç kim tanımamışdır. Təqsirləndirilən şəxs ona demişdir ki, başqa “Azpetrol” YDM-nin yanına sürməyini demiş, o da Təqsirləndirilən şəxs bildirmişdir ki, yolun kənarında bu ərazidə “Azpterol” YDM 1 (bir) dənədir. Avtomobillə biraz hərəkət etdikdən sonra polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları onlara yaxınlaşaraq gəlişlərinin səbəbini izah etdikdən sonra onu və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə birlikdə rayon polis şöbəsinə gətirmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli kimi saxlanıldığı üçün öz istəyilə hüquqlarının müdafiə etmək üçün Müdafiəçi1 dəvət olunmuşdur. Bundan sonra üzərinə video kamera ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Ona təklif olunmuşdur ki, üzərində hər hansı bir narkotik maddə və qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin. O da polis əməkdaşlarına bildirmişdir ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet yoxdur. Bundan sonra üzərinə şəxsi axtarış həyata keçirilsə də, üzərindən başqa heç nə aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolla müdafiəçisi Müdafiəçi1la birlikdə tanış olub imzalamışdır. Daha sonra onun, Müdafiəçi1, Təqsirləndirilən şəxs, müdafiəçisi Səfərəli Baxşiyevin və digər polis əməkdaşlarının iştirakı ilə idarə etdiyi “PEUGEOT 308 W” markalı **-UB-*** dövlət qeydiyyat nişanı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsinə dair tərtib edilmiş protokolla müdafiəçisi Müdafiəçi1 ilə birlikdə tanış olub imzalamışdır. Tanışı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olması barədə xəbərsiz olmuş, polis əməkdaşları onları saxlayıb rayon polis şöbəsinə gətirəndən sonra bilmişdir ki, onun üzərindən narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini hardan və nə vaxt əldə əldə etməsini bilmir. Nə saxlanılan zaman, nə də ki, üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən hər hansı təzyiq və təsir olmamış, bütün hərəkətlər könüllü olaraq öz istəyilə həyata keçirilmişdir. İşdə olan “Şəxsi axtarış və götürmə barədə 06 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, araşdırma zərurəti ilə əlaqədar olaraq, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxs axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən sellofana bükülmüş bir ədəd bükülünü çıxarıb stolun üstünə qoyaraq bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisindəki narkotik vasitə heroindir, özünə məxsusdur. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü şöbənin elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə 1,77 qram olması məlum olmuşdur. Həmin bükülü ekspertizaya göndərilməsi üçün müvafiq qaydada zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərini Təqsirləndirilən şəxs, müdafiəçisi Səfərəli Baxşiyev və digər iştirakçılar imzalamışlar. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə heç bir əşya aşkar olunub götürülməmişdir. Bundan sonra Şahid3 da müvafiq qaydada hüquq və vəzifələri izah edildikdən sonra öz istəyi ilə Müdafiəçi1 ilə təmin olunmuşdur. Daha sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Şahid3 üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsi barədə tərtib edilmiş protokolla Şahid3 müdafiəçisi Müdafiəçi1 iştirakı ilə tanış olaraq imzalamışdır. Daha sonra Təqsirləndirilən şəxs, müdafiəçisi Səfərəli Baxşiyevin, Şahid3, müdafiəçisi Müdafiəçi1 və digər polis əməkdaşlarının iştirakı ilə Şahid3 idarə etdiyi «PEUGEOT 308 SW» markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilə şöbənin həyətində videoçəkiliş aparılmaqla baxış keçirilmişdir Baxış zamanı avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsinə dair tərtib edilmiş protokolla digər iştirakçılar kimio da tanış olub imzalamışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əlavə heç bir əşya aşkar olunub götürülməmişdir. Şəxsi axtarış zamanı «Redmi» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. Cinayət İşinin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X2 06 yanvar 2023cü il tarixli 19/07 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü...» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi-1,644 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Heroinin təmiz çəkisi 1,644 qram, tədqiqata sərf edildi 0,05, qalıq 1,594 qram. Tədqiqata təqdim edilmiş 1,644 qram narkotik vasitə heroinin tədqiqatdan sonrakı 1,594 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 25 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın İ siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2,0 qramdır. “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndinə əsasən sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğu üçün məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar əməlindən səmimi peşman olması, müsbət xarakterizə olunmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, CPM-in 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. İş materiallarında olan 06 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 yanvar 2023-cü il tarixdə saat 01:40-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 07 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 yanvar 2023-cü il tarixdə saat 15:00-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə cəza növü təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, ambulator məcburi narkoloji tibbi yoxlamanın 10 yanvar 2023-cü il tarixli, 25 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Azərbaycan Respublikasının Biləsuvar rayon polis şöbəsində saxlanılan qalıq çəkisi 1,594 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 yanvar 2023-cü il tarixindən 07 yanvar 2023-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altımış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 1,594 qram olan narkotik vasitə heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar