Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-44/2023 30.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxx 1993-cü il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq -1,372 qram çəkidə narkotik vasitə olan heroini əldə edib, üzərində saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında 05 yanvar 2023-cü il tarixdə saat 20:50 radələrində Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən mərkəzi bazarın yaxınlığında yolun kənarında piyada hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə heroin bir ədəd sellofan bükümdə olmaqla əynindəki gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Biləsuvar şəhəri, H.Aslanov küçəsi, ev 23 ünvanında ailəsi ilə birgə yaşayır. O, əvvəllər narkotik maddə istifadəçisi olmuş və çox vaxt marixuana istehlak etmişdir, lakin hal-hazırda o, narkotik vasitə istifadə etmir. O, 05 yanvar 2023-cü il tarixdə Biləsuvar rayonu Muğan kəndinə qoyun-quzu almaq məqsədi ilə getmiş və həmin kənddə yolun kənarında bir ədəd şəffaf rəngli sellofan büküm tapmışdır. Həmin bükümü açıb baxdığı zaman içərisində narkotik vasitə heroin olduğunu görmüş və bükülünü sonradan istehlak etmək məqsədi ilə cibində gizlətmişdir. 05 yanvar 2023-cü il tarixdə Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən mərkəzi bazarın yaxınlığında yolun kənarı ilə piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onu Biləsuvar rayon polis şöbəsinə dəvət etmişlər. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında video çəkiliş aparılmaqla, vəkilin iştirakı ilə, onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmamasını soruşulmuşdur. O isə üzərində daşıdığı heroinin aşkar edilərək, götürüləcəyini bildiyi üçün əynində olan gödəkçənin sol yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra onun üzərinə baxış keçirilmiş, lakin dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, eyni zamanda onun üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Tərtib olunmuş protokol ona ucadan oxunmuş, protokol və üzərindən götürülmüş əşyaların qablaşdırıldığı zərfin üzəri o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Əvvəllər tanımadığı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Biləsuvar rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 05 yanvar 2023-cü il tarixdə, saat 20:50 radələrində keçirilmiş əməliyyat tədbiri ilə Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürülərək, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən mərkəzi bazarın yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılmış və Biləsuvar rayon polis şöbəsinə dəvət edilmişdir. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında vəkilin iştirakı ilə, videoçəkilişlə, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdılmış əşyalar, həmçinin narkotik vasitələr və psixotrop maddələr varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən bir ədəd bükülü çıxararaq, təqdim etmiş və həmin bükümdə heroin olduğunu bildirmişdir. Həmin bükülünün içərisinə baxılarkən, orada, həqiqətən də, rəngindən və digər əlamətlərindən narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni həmin gün Biləsuvar rayonu Muğan kəndi ərazisində, yolun kənarında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroinə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmiş, baxış iştirakçıları tərəfindən imzalanmışdır. Sonda baxış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol baxış iştirakçıları tərəfindən imzalanmışdır. Şahid2 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs 05 yanvar 2023-cü il tarixdə saat 20:50 radələrində Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən mərkəzi bazarın yaxınlığında yolun kənarında piyada hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə heroin bir ədəd sellofan bükümdə olmaqla əynindəki gödəkçənin sol yan cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdi. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə 05 yanvar 2023-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində döviyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik maddə vardırsa, könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qış gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb təqdim edərək bildirmişdir ki, bükümün içərisində narkotik vasitə heroindir və həmin vasitəni həmin gün Biləsuvar rayonu Muğan kəndi ərazisində, yolun kənarında yerdən tapmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü açılaraq, ona baxış keçirilmiş və həmin bükülünün içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması məlum olmuşdur. Həmin büküm elektron tərəziyə qoyularaq çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisinin 1,68 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitə heroinə bənzər maddə olan büküm zərfə qoyulub qablaşdırılaraq 61 nömrəli möhürü ilə möhürlənmişdir. İşdə olan məhkəmə-fiziki-kimyəvi ekspertizasının 06 yanvar 2023-cü il tarixli, 19/06 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «... Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş heroinə bənzər maddə» sözləri və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi – 1,372 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 1,372 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 1,322 qram qalmışdır. İş materiallarında olan ambulator məcburi narkoloji tibbi yoxlamanın 20 yanvar 2023-cü il tarixli, 81 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları olubdur. Lakin, asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunmur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının» 1 siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində 1 azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 05 yanvar 2023-cü il tarixdə saat 20:50-də şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdə saat 16:30-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 05 yanvar 2023-cü il tarixdə və 07 yanvar 2023-cü il tarixdə faktiki tutulduğu 02 gün müddət təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Azərbaycan Respublikasının Biləsuvar rayon polis şöbəsində saxlanılan 1,322 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları və Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 2 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 1,322 qram olan narkotik vasitə - heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-44/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-44/2023
30.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver