Məhkəmə qərarları › İş №1(022)-44/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-44/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-44/2024 06.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkimiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakları ilə, xx xxxxxx 1979-cu il ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu Ağayrı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 16 dekabr 2023-cü il tarixli qərarla «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 127.2.3 və 221.2.2-ci -ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 18 iyul 2023-cü il tarixdə saat 23 radələrində Biləsuvar rayonu Günəşli kəndində, X4 məxsus çayxananın qarşısında küçədə, ictimai yerdə, tanışı X1 və onun Qarabağ döyüşlərində iştirak edən qazilərin barəsində söyüş söyməsini aydınlaşdırmaq istəyən Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış mübahisə zamanı cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhmiyyətli dərəcədə laqeydlik, etinasızlıq mənəviyyat normalarına qarşı saymamazlıq etməklə heç bir əsaslı səbəb olmadan sonuncunu nalayiq sözlərlə söyüb təhqir edərək, üzərinə hücum edib xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 sağ əlinin 4-cü barmağından əli ilə tutub sındırmaqla və yumruqla sifətindən vuraraq ona sağ əlin 4-cü barmağının orta falanqasının sınığı, sol gözyuvası ətrafında və alt dodaq nahiyəsində qançırlar ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, habelə həmin xuliqanlıq hərəkətlərini davam etdirirək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 üzərinə hücum edib yumruqla bir neçə dəfə sonuncunun baş və kürəyindən vuraraq ona başın ənsə nahiyəsində və sağ kürək nahiyəsində qançır ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, bundan sonra Təqsirləndirilən şəxs onun xuliqanlıq hərəkətlərinin qarşısını almağa cəhd edən Zərərçəkmiş şəxs3 da heç bir əsaslı səbəb olmadan ucadan nalayiq sözlərlə söyüb təhqir edərək yumruqla sağ göz nahiyəsindən vurmaqla ona fiziki zor tətbiq edib, 10-15 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatçılığına səbəb olan xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 18 iyul 2023-cü il tarixdə, saat 11 radələrində Biləsuvar rayonu, Günəşli kəndində Mirzəli adlı şəxsə məxsus olan ərzaq mağazasında olan zaman tanışı Rəfaillə rastlaşmışdır. Daha sonra onlar ikisi birlikdə Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Restorana” gəlmişlər və orada yemək və spirtli içki olan araq içmişlər. Bir neçə saat sonra oradan çıxmışlar və Biləsuvar şəhəri, H.Əliyev küçəsində kənd taksiləri dayanan yerə getmişlər. O, həmin yerdə ayaqüstə dayanıb telefona baxırkən, Rəfail də ondan təxminən 15 metr məsafədə telefonla danışmış, lakin səsi bir az ucadan gəlmişdir. Rəfail qonşusu Elnurun adını bilmədiyi qazı oğlunun idarə etdiyi avtomobilə saxla işarəsi vermişdir. Lakin o, avtomobili saxlamamışdır. Buna görə də Rəfail onun ünvanına söyüş söymüşdür. Həmin vaxt həmkəndlisi Mahir adlı şəxs onu sakitləşdirmək üçün özü ilə kənara çəkmək istəmişdir. Bu zaman avtomobil təmir etdirən Günəşli kənd sakini qazi Babək ona demişdir ki, Rəfaili sakitləşdir, səs-küy salmasın. Babək bu sözü ona bir neçə dəfə deyəndən sonra o da ona “ iynə gətir ağzını tikim, mən ona nə edə bilərəm axı” sözlərini demişdir. O, həmin vaxt Rəfailə yaxın getməmiş və telefona baxmağa davam etmişdir. Bir az sonra görmüşdür ki, nə Mahir, nə də Babək yoxdur. Daha sonra Rəfaillə o taksilərin biri ilə Günəşli kəndində yerləşən Mirəzli adlı şəxsin marketinə getmişlər. Onlar birlikdə marketə daxil olmuşlar. O, marketdən yaxınlıqdakı çayxanada çay içmək üçün iki ədəd şokolad almışdır. Onlar marketin içərisində olan zaman Günəşli kənd sakini Zərərçəkmiş şəxs1 onun yanında olan Rəfailə narazı şəkildə baxmasını görmüşdür. Daha sonra onlar ikisi mağazadan çıxmış və çayxanaya getmişlər. Rəfaillə birlikdə çayxananın həyətində əyləşmiş və çay sifariş etmişlər. Həmin vaxt saat 22 radələrində çayxanada bir çaynik çay içmişlər və daha sonra o yenidən çayxananın içərisinə daxil olmuş və bir çaynik də çay sifariş vermişdir. Həmin vaxt çayxananın arxasında Babək, Elman, Fuad, Ənvər, Babəkin dayısı Cavanşir, Babəkin qardaşı Savalan və Nicat adlı şəxslər yemək yeyib spirtli içki qəbul etdiklərini görmüşdür. O, çay sifariş verdikdən sonra geriyə qayıdaraq Rəfailin yanında əyləşmişdir. Təxminən 1 saat sonra onların masasına 4 nəfər şəxs, yəni Şahid2, onun qardaşı Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yaxınlaşmışdır. Həmin şəxslərdən Zərərçəkmiş şəxs1 əli ilə Rəfailə işarə edərək yanına çağırmışdır. Rəfail ayağa qalxmaq istəyən zaman o demişdir ki, “gözlə getmə”. O, özü ayağa qalxmış, çünki həmin şəxsləri və Fuadı tanıyır. O, Fuada yaxınlaşmış və nə məsələ olmasını soruşmuşdur. Fuad ona Rəfailin qazi Babəklə qazi Elmanı söydüyünü demişdir. O da Fuada “Rəfail heç kimə söyüş söyməyib, gedin işinizlə məşğul olun» demişdir. Bu sözü dedikdən sonra Fuad demişdir ki, “mənim əmim oğlu da qazidir, onun dediyi sözlərə görə o vurulmalıdır”. O, demişdir ki, “Rəfail mənimlədir, sabah ayıq olanda söhbət edərsiz”. Lakin Fuad əl çəkməyib onun üstünə getmək istəmişdir. O, Fuada imkan verməmişdir. Bu zaman Fuad əlində olan bıçaqla onun sağ qolundan bir zərbə vurmuşdur. Zərbə nəticəsində onun qolundan qan axmağa başlamış, o sağ qolunu sol əli ilə tutmaq istəyən zaman, Fuad ikinci dəfə ona bıçaq zərbəsi vurmaq istəmişdir. O, iki-üç addım arxaya çəkilmişdir. Arxaya çəkilən zaman ayağı sürüşmüş və yerə yıxılmışdır. Fuad da onun üzərinə hücum edərək onu bıçaqla vurmaq istəmiş, lakin o bıçaq zərbələrindən yayınmışdır. Bu zaman Savalan da onun sifət və sinə nahiyəsinə yumruq zərbələri vurmuşdur. Rəfail ona kömək etmək istəyən zaman onun da Savalan sifətindən yumruqla vurmuşdur. Həmin vaxt Fuadın əlindən bıçağı almışlar, lakin kim tərəfindən alınmasını görməmişdir. O, ayağa qalxmaq istəyən zaman görmüşdür ki, Ənvər onun yaxasından tutub ona “sən nə deyirsən” sözlərini demişdir. Ənvər onun yaxasından tutub saxlayan zaman Fuad dəfələrlə onun baş hiyəsinə yumruq zərbələri vurmuşdur. Daha sonra onlar Günəşli marketin qarşısına tərəf hərəkət etmişlər. O, davadalaşın gedişatı zamanı imkan tapıb qardaşı Şamilə zəng edib hadisə barədə məlumat vermiş və ondan kömək istəmişdir. Bir az sonra qardaşları Şamil və Famil Qafarovlar hadisə yerinə gəlmişlər. Onlar hadisə yerinə gələnə qədər Fuad və Savalan yenidən üzərinə hücum çəkmişlər. Fuad həmin yerdə onun ağız nahiyəsinə və sinə nahiyəsinə bir neçə yumruq zərbəsi vurmuşdur. O, orada toplaşan insanların arasından çıxdıqdan sonra Zərərçəkmiş şəxs3 ona nalayiq sözlər işlətmiş və üzərinə hücum etmişdir. Sağ və sol qulaq nahiyəsindən və sinə nahiyəsindən bir neçə zərbə vurmuşdur. Daha sonra orada toplaşan insanlar onları ayırmışlar. Famil onu və Rəfaili avtomobilinə əyləşdirərək hadisə yerindən uzaqlaşdırmışdır. Hadisə yerində onun köynəyi cırılmişdir və cibində 2700 (iki min yeddi yüz) manat pulu və sənədləri itmişdir. Hadisədən sonra o, özünə məxsus fermaya getmişdir. Gecə ondan Babək xahiş etmişdir ki, “polisə şikayət eləmə, səni müalicə etdiricəyik”. Lakin sabaha qədər heç kim gəlməmişdir. Sabahı gün, yəni xx.xx.2023-cü il tarixdə səhətində narahatçılıqlar olduğu üçün xəstəxanaya gedəndə Ənvər və digərləri ona yalvararaq şikayət etməməyi xahiş etmişlər. Lakin o, xəstəxanada həkimlərə olanları demişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, dava-dalaşın başlamasına səbəb onun Rəfaili müdafiə etməsi olmuşdur. Belə ki, onlar Rəfailin qazilərin ünvanına nalayiq ifadələr söylədiyini iddia edərək onu döymək istədiklərini demişlər. O da buna etiraz etdiyi üçün dava dalaş başlamışdır. Zərərçəkmiş şəxs1 dedikləri doğru deyil, onun əlini burmamış və barmağını da sındırmamışdır. Şahid4 dedikləri doğru deyil o, Ənvərin avtomobilinə təpik zərbəsi vurmamış, Ənvər onun yaxasından yapışaraq dartan zaman 2700 manat pulu itirmişdir. Dava-dalaş zamanı Babəki, Elmanı və orada olan heç bir şəxsi döyməmiş, orada olan şəxslər onu döymüşlər, həmin vaxt Savalanı vurmamış, özünü qorumaq üçün onun üstünə getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 18 iyul 2023-cü il tarixdə, saat 22 radələrində yaşadığı evdən çıxaraq Biləsuvar rayonu, Günəşli kənd ərazisində yerləşən Mirzəli adlı şəxsə məxsus olan ərzaq mağazasına siqaret almaq üçün getmişdir. Mağazaya daxil olan zaman Ağayrı kənd sakini Təqsirləndirilən şəxs və Rəfail Süleymanovu görmüşdür. Təqsirləndirilən şəxs onu görən kimi qazilər əlinə bir ədəd çəlik tutub, bundan istifadə edərək camaatın əkin sahəsinə su verilməsinin qarşısını alırlar, belə şəxslər barəsində nə demək olar» sözlərini deyərək qazilərin ünvanına nalayiq ifadələr işlətmişdir. Təqsirləndirilən şəxs heç bir söz demədən mağazadan çıxmış və əmisi oğlu qazi Zərərçəkmiş şəxs2 zəng vuraraq ondan harada olmasını soruşmuşdur. Elman ona kənd ərazisində olan Mehman adlı şəxsin kafesində olmasını demişdir. Bundan sonra Elmanın yanına kafeyə getmiş, Elman və Babəkin kafenin arxasında əyləşib çay içdiklərini görmüşdür. Həm Elmandan, həm də Babəkdən Ağayrı kənd sakini Təqsirləndirilən şəxs əkin sahəsinə gedən suyu kəsib-kəsməmələrini soruşmuşdur. Həm Elman, həm də Babək ona Təqsirləndirilən şəxs əkin sahəsinə gedən suyun qarşısını kəsmədiklərini bildirmişlər. Bundan sonra onlara Təqsirləndirilən şəxs qazilərin barəsində nalayiq ifadələr işlətməsini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxsla dostu Rəfail kafenin həyətində ayrı masada əyləşib çay içirmişlər. Bundan sonra o, Babək və Elman Təqsirləndirilən şəxs əyləşdiyi masaya yaxınlaşmışlar, masaya yaxınlaşandan sonra Kamildən qazilərin barəsində nalayiq ifadələr işlətməsinin səbəbini soruşmuşdur. Onun bu sözündən sonra Təqsirləndirilən şəxs ayağa qalxaraq hər iki əlləri ilə onun yaxasından tutub onu öldürəcəyi ilə hədələmişdir. Təqsirləndirilən şəxs onunla dava etmək məqsədlərinin olmadığını, sadəcə olaraq ondan söz soruşmaq niyyətlərinin olduğunu demişdir. Həmin vaxt Kamilin əlini yaxasından ayırmaq üçün əli ilə Təqsirləndirilən şəxs özündən kənarlaşdırmaq istəmiş, Təqsirləndirilən şəxs isə heç bir səbəb olmadan sağ əli ilə onun sağ əlinin 4-cü barmağını tutaraq arxaya doğru dartmış və həmin an onun barmağından səs gəlmişdir. Təqsirləndirilən şəxs onun barmağını arxaya doğru dartması nəticəsində barmağında güclü ağır olmuş, həmin ağrının təsiri altında yerə oturmuşdur. Təqsirləndirilən şəxs isə ayaqüstə dayanıb onun başına, burnuna, çənə, ağız və göz nahiyələrinə bir neçə dəfə yumruq zərbələri vuraraq onu döyməyə başlamışdır. Həmin zərbələrdən sonra huşunu itirərək yerə uzanmışdır. Dava-dalaş vaxtı onları ayırmaq istəyən onun qohumu Elmanı və Babəki də heç bir səbəb olmadan Təqsirləndirilən şəxs yumruqla vurub döyməyə başlamışdır. O, həmçinin ifadəsində göstərmişdir ki, dava-dalaş vaxtı onun əlində bıçaq olmamış və Təqsirləndirilən şəxs bıçaqla vurub ona xəsarət yetirməmişdir. Həmin dava-dalaşı yalnız Təqsirləndirilən şəxsla olmuş, Rəfail Süleymanovla onun arasında həmin vaxtı heç bir mübahisə baş verməmişdir. Dava-dalaş Günəşli kəndində Mehmana məxsus kafedə baş vermiş, 25-30 dəqiqə mübahisə ilə birlikdə davam etmiş, həmin dava-dalaşı kafedə olan şəxslər görmüşlər. Təqsirləndirilən şəxs hadisə yerində itirdiyi 2700 manat pulu isə görməmiş və bu barədə nəsə eşitməmişdir. Sonda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs onunla barışıq əldə etmədiyini, ona görə də onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Günəşli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 18 iyul 2023-cü il tarixdə, saat 22 radələrində evdən çıxan zaman əmisi oğlu Zərərçəkmiş şəxs1 ona mobil telefonla zəng etmiş və Fuadla Günəşli kəndində, Mehman Abbasova məxsus çayxananın yaxınlığında görüşmüşlər. Fuadla görüşən vaxtı Fuad ona Kamilin qazilərin barəsində söyüş söydüyü barədə məlumat vermişdir. Fuad ondan Kamilin əkin sahəsində suyunu kəsib-kəsmədiyini soruşduqda Fuada Kamilin suyunu kəsmədiyini bildirmişdir. Bundan sonra o, qohumu Babəkə zəng edərək çağırdığına görə Babək ora gəlmış və hər üçü birlikdə çayxanaya getmişlər. X8 yanına çağırmışdır. Həmin vaxt çayxananın qarşısında küçədə Kamil, Babək və Fuadla birlikdə olan vaxtı o, Kamildən hansı səbəbdən qazilərin barəsində nalayiq ifadələr işlətəməsini soruşmuşdur. Kamil isə ona cavabında qaziləri söymədiyini demişdir. Həmin vaxtı Kamilin yanında olan Rəfail Süleymanov da qaziləri söymədiyini bildirmişdir. Rəfailin bu sözündən sonra səhv edərək söyüş söyməsini irad tutmuş və ona demişdir ki, söyülən söyüşlər onun özünə getsin. Bu zaman Fuad Kamilə yalan danışdığını, Elməddinə məxsus «Günəşli» marketdə olan zaman söyüş söydüyünü demişdir. Fuadın bu sözündən sonra Kamil Fuadı söyərək ona «sən mənim üzərimə adam yığıb gətirmisən» sözlərini deyərək Fuadın boğazından hər iki əlləri ilə tutub mübahisə etməyə başlamışdır. Kamil mübahisə vaxtı Fuadın sağ əlinin barmaqlarını tutaraq arxaya doğru çevirdiyinə görə ağrının təsirindən Fuad əlini tutaraq yerə oturmuşdur. Daha sonra Kamil Fuadın yerə oturmasından istifadə edib onun başına yumruq zərbələri vurmuşdur. Həmin vaxtı Kamilin tanışı Rəfail də Fuadın üzərinə hücum etmək istəyən zaman, Babək onu tutmuş və imkan verməmişdir ki, o, Fuadı vursun. O, Rəfaili tutub saxladığına görə Təqsirləndirilən şəxs onu təpiklə vurmuş, daha sonra Fuadın üzərinə yenidən hücum etmişdir. Bu zaman Fuad ilə Kamil əlbəyaxa olaraq bir-birilərinə qarşılıqlı olaraq yumruq zərbələri vuraraq dava-dalaş etmişlər. Dava-dalaş zamanı Kamil dava-dalaşı ayırmaq istəyən şəxslərin barəsində söyüş söyüb yenidən qazilərin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Kamil dava- dalaşı ayıranlar barəsində söyüş söyməsinə baxmayaraq kənd adamları dava-dalaşa müdaxilə edib onları sakitləşdirməyə çalışmışlar. Fuada köməklik edib onu dava-dalaşdan kənara çəkmək istəyən zaman Təqsirləndirilən şəxs bunu görüb onun kürək nahiyəsindən təpiklə vurub döymüşdür. O, həmçinin ifadəsində göstərmişdir ki, Günəşli kəndində, küçədə baş verən dava-dalaş 25- 30 dəqiqə davam etmiş, həmin dava-dalaş orada olan kənd sakinləri görmüşlər. O, davadalaş vaxtı Fuadın əlində nə bıçaq görməmiş, nə də Fuadın bıçaqla Kamili vurmasının şahidi olmamışdır. Həmin vaxtı Kamilin Şahid4 avtomobilini təpiklə vurmasını görməmişdir. Sonda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onunla barışıq əldə etmədiyini, ona görə də onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində yaşadığı kənddə, Elməddinə məxsus «Günəşli» mağazasına getmişdir. Mağazada olarkən küçədə çoxlu adamların olduğunu və dava-dalaş baş verdiyini görmüş və mağazadan küçəyə çıxmışdır. Küçəyə çıxan zaman görmüşdür ki, Təqsirləndirilən şəxs əynindəki köynəyi çıxarıb və nalayiq küçə söyüşləri söyür. Qardaşı Babəkə yaxınlaşıb nə məsələ olmasını soruşmuşdur. Daha sonra Kamilə yaxınlaşıb ona demişdir ki, söyüş söyməsin. Kamil isə söyüş söyməyə davam etdiyinə görə Mahir Abbasovun çayxanasında onun üzərinə hücum etmiş, bu vaxtı qohumu Şahid4 onu tutmuş və imkan verməmişdir ki, o, Kamili vursun. Bundan sonra hamısı birlikdə «Günəşli» mağazasının qarşısına gəlmişlər. Həmin vaxt orada Təqsirləndirilən şəxsla qazi Elman, Fuad və digər kənd sakinləri mübahisə edərək ondan nə üçün qaziləri söyməsini soruşmuşlar və yenidən mübahisə başlamışdır. Mübahisə zaman Kamil ünvansız söyüşlər söydüyünə görə yenidən Kamilin üzərinə hücum etmiş və əlbəyaxa olmuşlar. Əlbəyaxa olan vaxtı Kamil yumruqla onun sağ göz nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra orada olan kənd sakinləri dava-dalaşa müdaxilə edib onları ayırmış, Kamilin qardaşları sonuncunu oradan uzaqlaşdırmışlar. O, həmçinin ifadəsində göstərmişdir ki, Günəşli kəndində, küçədə baş verən dava-dalaş 25- 30 dəqiqə davam etmiş, həmin dava-dalaşı orada olan kənd sakinləri görmüşlər. Davadalaş baş verən vaxtı orada olmadığına görə Zərərçəkmiş şəxs1 bıçaqla Təqsirləndirilən şəxs vurub-vurmamasının, Kamilin Fuadın barmağını sındırıb-sıdırmamasının, o cümlədən Kamilin qohumu Əhvərin avtomobilini təpiklə vurub-vurmamasının, həmçinin Ənvərin Kamili tutmasının şahidi olmamışdır. Sonda Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs onunla barışıq əldə etmədiyini, ona görə də onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsləri və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.2.2-ci maddələri müəyyən edilmiş cinayət əməllərini törətmiş və onun təqsiri aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Günəşli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 18 iyul 2023-cü il tarixdə saat 22 radələrində Biləsuvar rayonu, Günəşli kəndində Mehman Abbasova məxsus çayxananın arxa tərəfində tanışları ilə çay içirmişlər. Həmin vaxt həmkəndlisi və qohumu Zərərçəkmiş şəxs2 zəng edərək onu çayxananın qarşısına çağırmışdır. Bundan sonra əyləşdiyi masadan qalxıb, Elmanın yanına getmişdir. Ora çatanda Elmanın əmisi oğlu Zərərçəkmiş şəxs1la birlikdə olduğunu görmüşdür. Zərərçəkmiş şəxs2 ona Ağayrı kənd sakini Təqsirləndirilən şəxs Elməddinə məxsus «Günəşli» marketdə qazilərin barəsində küçə söyüşləri söydüyünü demişdir. Bundan sonra Elman və Fuadla birlikdə çayxananın həyətində ayrı masada əyləşmiş Kamili öz yanlarına çağırmışlar. Çayxananın qarşısında küçədə Kamillə söhbət edib ondan nə üçün qazilərin barəsində, yəni özlərinin barəsində söyüş söydüyünü soruşmuşlar. Kamil onun bu sözündən sonra Fuadın boğazından tutub «sən bunları mənim üzərimə niyə gətirmisən» sözlərini deyərək Fuadın sifətindən yumruqla vurmuşdur. Zərbənin təsirindən Fuadın başı gicəllənsə də yerə yıxılmamışdır. Elə bu vaxt Kamilin tanışı Rəfail də Fuadın üzərinə hücum edərək onu vurmaq istədiyinə görə Rəfaili tutmuş və buna imkan verməmişdir. Buna görə də Kamil yumruqla Elmanı vurmuşdur. Dava-dalaş zamanı Fuad yerə yıxılmış, Kamil də onun üzərinə yenidən hücum etmişdir. Bundan sonra Kamil ilə Fuad əlbəyaxa olub bir-birilərinə qarşılıqlı olaraq yumruq zərbələri vurmuşlar. Həmin vaxt Kamil arxaya çevrilərək onun sinə nahiyəsindən yumruqla vurduğuna görə zərbənin təsirindən yerə yıxılmışdır. Həmin vaxtı ora gələn kənd sakinləri dava-dalaşa müdaxilə edərək onları ayırmışlar. O, həmçinin ifadəsində göstərmişdir ki, dava-dalaş Biləsuvar rayonu Günəşli kəndində, Mahir Abbasova məxsus çayxananın qarşısında, küçədə baş vermiş, 25-30 dəqiqə davam etmişdir. O, nə Fuadın əlində bıçaq nə də ki, Fuadın bıçaqla Kamili vurmasının şahidi olmamışdır. Hadisə günü saat 18 radələrində dostu Mahirlə birlikdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində avtomobil ustasında Mahirə məxsus «Niva» markalı avtomobili təmir etdirərkən yolun əks tərəfində Kamilin tanışı Rəfaillə birlikdə olduğunu görmüş, Rəfailin sərxoş halda tanımadığı bir nəfər qazi barəsində söyüş söydüyünü eşitmişdir. Buna görə də Kamilə demişdir ki, Rəfaili sakitləşdirib evə aparsın. Kamil isə ona « Rəfailin ağzını iynə ilə tikim ki, dayansın» sözlərini deyərək ona kobud şəkildə cavab vermişdir. Qardaşı Savalanın dava-dalaşın axırna gəldiyini, həmin vaxtı heç kimlə dava-dalaş etmədiyini, o cümlədən Kamilin həmkəndlisi Şahid4 avtomobilini təpiklə vurmasının şahidi olmamışdır. Təqsirləndirilən şəxs Elməddinə məxsus «Günəşli» marketdə vətən müharibəsində iştirak etmiş qazilərin barəsində söyüş söyməsini eşitməmiş, bu haqda ona Zərərçəkmiş şəxs1 məlumat vermişdir. O, da Elməddinə zəng vuraraq ondan Kamilin söyüş söyübsöymədiyini soruşduqda, Elməddin də ona Kamilin söyüş söymədiyini bildirmişdir. Dava dalaş zamanı əsəbləşdiyi uçun əlində olan çəliyi qaldıraraq Təqsirləndirilən şəxs vurmaq istəsə də fikrindən daşınmış, sonuncuya hər hansı xəsarət ytirməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Ağayrı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 18 iyul 2023-cü il tarixdə saat 22 radələrində Günəşli kəndində Mehman Abbaslıya məxsus çayxananın yaxınlığında yerləşən Salehə məxsus çayxanada əyləşib çay içmişdir. Elə bu zaman Mehman Abbaslının çayxanası tərəfdən dava-dalaş səslərinin gəlməsini eşitmiş, lakin dava- dalaşın kimlərin etməsinə fikir verməmişdir. Təxminən yarım saatdan sonra Elməddinin marketindən alış-veriş etmək məqsədilə marketə tərəf gedərkən orada Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs1la dava-dalaş etməsini, həmin vaxtı orada çoxlu adamların olduğunu görmüşdür. Marketin önündə baş verən dava-dalaş təxminən 10-15 dəqiqə davam etmişdir. O, həmçinin ifadəsində Fuadın həmkəndlisi Kamili bıçaqla vurmasını, o cümlədən Kamilin Şahid4 avtomobilini təpiklə vurmasının şahidi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 18 iyul 2023-cü il tarixdə saat 22 radələrində o, Biləsuvar rayonu, Günəşli kəndində yerləşən Saleh adlı şəxsin çayxanasında tanışları İsrafil və Bəyverdi ilə oturub çay içən vaxt küçədə səs-küy .gəlməsini eşdib küçəyə çıxmışlar. O, çölə çıxan zaman yaxınlığında çoxlu sayda kənd sakinlərinin kəndin mərkəzində yerləşən “Günəşli marketin” yanında toplaşmasını və mübahisə etmələrinin şahidi olmuşdur. Həmin vaxt təxminən 10 metr məsafədən Kamilin Fuadı vurmasını və Fuadın da zərbə nəticəsində yerə oturmasını görmüş, lakin nə ilə vurmasını görməmişdir. Hadisə zamanı qazi Zərərçəkmiş şəxs2 üst köynəyi yox imiş. Eyni zamanda əvvəlcədən tanıdığı Ağayrı kənd sakini Təqsirləndirilən şəxs da əynində köynəyi yox imiş. Həmin vaxt Kamil qazilərin barəsində söyüşlər söyərək “mənə görə qazi olmayıblar ki, dövlətdən maaş alıblar da” sözlərini deyirmiş. Daha sonra Kamil həmin söyüşləri bütün qazilər barəsində söymədiyini, bəzilərinə aid olmasını bildirmişdir. Bir az sonra Kamilin qardaşları gəlmiş və onu özləri ilə aparmışlar. İfadəsinə əlavə olaraq bildirmişdir ki, baş vermiş hadisə Biləsuvar rayonu, Günəşli kəndinin mərkəzində olmuş və təxminən 15 dəqiqə davam etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 18 iyul 2023-cü il tarixdə saat 22 radələrində o, özünə məxsus Niva markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomoili ilə Biləsuvar rayonu, Günəşli kəndi istiqamətində hərəkətdə olarkən yolda 6-7 nəfər adamın dava-dalaş etdiyini görmüşüdr. Avtomobilini həmin istiqamətdə sürmək istəyərkən Kamilin qazı ilə dava dalaş etməsi səbəbindən yol bağlandığı uçun sıqanal vermişdir. Bu zaman Kamil onun avtomobilinin ön hissəsinə yumruq zərbəsi vurmuşdur. Ona görə də avtomobili saxlayaraq avtomobildən düşmüşdür. Düşən zaman onun hərəkət istiqamətində sol tərəfdə Fuadın Rəfail və tanımadığı şəxs tərəfindən tutulduğunu görmüşdür. Sağ tərəfində isə Kamilin qazilərlə dava dalaş etdiyini gormüşdür. İlk olaıaq Fuad tərəfə yaxınlaşaraq Rəfail və Fuada öz narazılığını bildirmişdir. Fuadın əynində köynək olmadığını görüb ona da öz iradını bildirmişdir. Sonra avtomobilinin arxa tərəfinə keçərək Kamilə qazilərlə nə üçün dava dalaş etdiyini soruşmuşdur. Lakin ona "sən bu işə qarışma, get işinlə məşğul ol” demişlər. O, Rəfaili çağıraraq ona Kamili buradan aparmasını demişdir. Kamil işə polisə məlumat verən şəxsin ünvanına nalayiq ifadələr işlətmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 20 iyul 2023-cü il tarixli 689 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş sağ əlin 4-cü barmağının orta falanqasının sınığı, sol gözyuvası ətrafında və alt dodaq nahiyəsində qançırlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 18 iyul 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 20 iyul 2023-cü il tarixli 690 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş başın ənsə nahiyəsində və sağ kürək nahiyəsində qançır bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 18 iyul 2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 16 avqust 2023-cü il tarixli 828 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində heç bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Qafarov X3 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.1-ci, 66.2 və 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 5 ay 21 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmü dəyişdirilərək qəti olaraq 10 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qərarı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 5 ay 17 gün hissəsi 2 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək dava-dalaş zamanı Babəki, Elmanı və orada olan heç bir şəxsi döymədiyini, orada olan şəxslərin onu döydüyünü, həmin vaxt Savalanı vurmadığını, özünü qorumaq üçün onun üstünə getdiyini göstərsə də, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi barədə potokol, iş üzrə məhkəmə-tibbi ekspertizasının 20 iyul 2023-cü il tarixli 689 saylı və 20 iyul 2023-cü il tarixli 690 saylı rəyləri, eləcə də işdə olan digər sənədlərlə Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.2.2-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri sübuta yetir və məhkəmə onun ifadəsini özünü müdafiə xarakterli hesab edir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.2.2-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 127.2.3 və 221.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı yüngülləşdirən hallar yaşayış yeri üzr müsbət xarakterizə olunmasıdır. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 56.1-ci və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona çəkilməsi üçün qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilən cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar