Məhkəmə qərarları › İş №1(022)-45/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-45/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-45/2023 15.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri, Q.İsmayılov küçəsi ev 79-da qeydiyyatda olmaqla yaşayan, barəsində 07 noyabr 2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 245-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Cəlilabad Rayon Məhkəməsinin 18 oktyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib 16 dekabr 2012-ci il tarixdən başlayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanış olduğu X14 İşlər Üzrə Məhkəmənin 27 iyun 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 150.2.3, 120.2.4, 120.2.6 və 120.2.9-cu maddələri ilə 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib 27 fevral 2010-cu il tarixdən başlayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən X5 ilə aralarında münaqişəli vəziyyət yaranmış, Elburus Soltanov 26 avqust 2014-cü il tarixdə 3 saylı cəzaçəkmə müəssisəsində öldükdən sonra Biləsuvar rayonu Əsgərabad kənd qəbiristanlığında dəfn edilmiş, 30 noyabr 2016-cı il tarixdə cəzasını çəkib azadlığa çıxdıqdan sonra aralarında olan həmin münaqişəni əsas gətirib sonuncudan qisas almaq niyyəti ilə 2022-ci ilin oktyabr ayının əvvəllərində Biləsuvar rayonu Əsgərabad kənd qəbiristanlığına gəlmiş, qəbiristanlıqda kənar şəxslər olduğundan cinayətkar niyyətini tam həyata keçirə bilməyərək qəbir abidəsinin üzərində olan hər birinin qiyməti 150 (yüz əlli) manat olmaqla 300 (üç yüz) manat qiymətində 2 (iki) ədəd qranitdən hazırlanmış Ukrayna Respublikası istehsalı olan güldanı təpiklə vurub sındırmış, 30 oktyabr 2022- ci il tarixdə saat 18 radələrində vahid niyyətlə cinayət əməlini başa çatdırmaq məqsədi ilə həmin qəbiristanlığa gələrək X11un qəbir abidəsi üzərində olan bir ədəd 900 (doqquz yüz) manat qiymətində, 170 sm uzunluğunda, 70 sm enində və 12 sm qalınlığında qranitdən hazırlanmış Ukrayna Respublikası istehsalı olan baş daşını bir neçə dəfə bədən ağırlığını üzərinə salmaqla əli ilə silkələyib yerindən çıxardaraq geriyə doğru aşırtmaqla bir neçə hissəyə bölərək zərərçəkmiş şəxsə ümumilikdə 1200 (bir min iki yüz) manat məbləğində maddi ziyan vuraraq qəsdən qəbir üzərində təhqiredici hərəkətlər etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 245-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Cəlilabad şəhəri, Q.İsmayılov küçəsi ev 79-də ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Subaydır. Ruhi əsəb xəstəsidir. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1 saylı psixiatrik xəstəxanada psixi xəstə kimi qeydiyyatdadır. Cəlilabad rayon Məhkəməsinin xx.xx.2013-cü il tarxili hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. O, 16 dekabr 2012-ci il tarixdən 2014-cu ilin dekabr ayına qədər 3 saylı cəzaçəkmə müəssisəsində, 2014-cu ilin dekabr ayından 2016ci ilin dekabr ayına qədər 12 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkmişdir. 03 saylı cəzaçəkmə müəssisəsində olan zaman Biləsuvar rayon sakini X5 ilə tanış olmuşdur. Elburus Soltanovla münasibətləri yaxşı olmamışdır. Elburus Soltanov heç bir səbəb olmadan mütəmadi olaraq onunla mübahisə və münaqişə yaratmışdır. Belə ki, Elburus Soltanovun ona qarşı nalayiq ifadələr işlətdiyini və eyni zamanda da özünə müxtəlif bədən xəsarətləri yetirərək həmin xəsarətlərin onun tərəfindən yetdirildiyini bildirib, onun barəsində 03 saylı cəza çəkmə müəssisəsinin rəhbərliyinə şikayət etmişdir. Rəhbərlik də həmin səbəbdən onu mütəmadi olaraq incitmişdir. O da bu təzyiqlərə dözməyib kəsici alətlə qarın nahiyəsini kəsib özünə xəsarət yetirmişdir. 2013-cü ilin iyul ayında özünə xəsarət yetirdiyinə görə onu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1 saylı Psixiatrik xəstəxanasına göndərmişlər. O, təxminən 1 ay həmin xəstəxanada müalicə aldıqdan sonra yenindən 3 saylı cəzaçəkmə müəssisəsinə qayıtmışdır. 2014-cü ildə isə Elburus Soltanov səhhətində yaranan problemlərə görə cəza çəkmə müəssisəsində vəfat etmişdir. xx.xx.2016-ci il tarixdə o, cəzasını çəkib qutardıqdan sonra azadlığa buraxılmışdır. 2021 -ci ilin fevral ayında özünə xəsarət yetiridiyinə görə yenidən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1 saylı Psixiatrik xəstəxanasına yerləşdirilmişdir. O, həmin xəstəxanda 3 ay yatmışdır. 2021-ci ilin may ayında isə xəstəxandan buraxılmışdır. 2022-ci ilin avqust ayında onun sol qulaq nahiyəsində problemlər yaranmış, belə ki, eşitmə qabilliyyəti zəifləməyə başlamışdır. Bundan sonra o, həmin problemlə bağlı Cəlilabad RMX-na müraciət etmişdir. Cəlilabad rayon Mərkəzi xəstəxanasından ona, həmin xəstəxanada qulaq həkiminin olmadığı, qulaq həkiminin yalnız Biləsuvar rayon Mərkəzi Xəstəxanasında olduğu bildirilmişdir. O da bundan sonra müalicəsi ilə əlaqədar olaraq həfətdə bir dəfə Biləsuvar RMX-na gəlirmişdir. O, Biləsuvar rayonuna gəlib gedən zaman Elburus Soltanovun cəzaçəkmə müəssisəsində olarkən ona qarşı etdiyi haqsızlıqları xatırlamışdır. Ona görə hər dəfə əsəbiləşmiş, 2022-ci ilin oktyabr ayının əvvəllərində qərara gəlmişdir ki, Elburus Soltanovun qəbrinin harada yerləşdiyini tapıb, ona məxsus olan qəbir daşını dağıdaraq ondan qisasını həmin formada alsın. Belə ki, onun qəbir daşını dağıtdıqdan sonra bir qədər sakitləşəcəyini fikirləşirmişdir. Cəzaçəkmə müəssisəsində olan zaman X6 rayonu Əsgərabad kəndindən olduğunu bilmişdir. Elbursa məxsus olan qəbirin də həmin kənd qəbiristanlığında yerləşəcəyini düşünmüşdür. 2022-ci ilin oktyabr ayının əvvələrində müalicə məqsədi ilə Biləsuvar RMXna gəlmişdir. Həmin vaxtı o, tək olmuşdur. O, müalicə alıb qayıtdıqdan sonra Biləsuvar rayonu Əsgərabad kəndinin giriş hissəsində taksidən düşmüşdür. Düşdüyü yerdən bir qədər aralıda, yolun kənarında tanımadığı bir nəfər şəxsin mal-qara otardığını görmüşdür. Bundan sonra o, həmin şəxsə yaxınlaşıb kəndlərində Elburus Soltanov adlı şəxs olduğunu, həmin şəxsin indi harada olduğunu soruşmuşdur. Həmin tanımadığı şəxs də Elburus Soltanovun cəzaçəkmə müəssisəsində vəfat etdiyini bildirmişdir. O, həmin şəxsdən Elburus Soltanovun qəbirinin harada yerləşdiyini soruşmuşdur. Həmin şəxs də qarşıdakı qəbiristanlığı göstərib Elburus Soltanova məxsus qəbirin həmin qəbiristanlıqda yerləşdiyini bildirmişdir. Bundan sonra o, qəbiristanlığa daxil olub Elburus Soltanovun qəbrini tapmışdır. Lakin hava aydınlıq olduğundan və eyni zamanda da həmin vaxtı qəbiristanlıqda kənar şəxslər olduğundan o, baş daşını sındıra bilməmiş, yalnız qəbir abidəsinin üzərində olan 2 ədəd güldanı təpiklə vuraraq sındırmışdır. Bundan sonra isə qəbiristanlıqdan ayrılıb Cəlilabad rayonuna getmişdir. Lakin o, Elburus Soltanova məxsus olan qəbir daşını dağıtmağı fikirləşirmiş, 30 oktyabr 2022-ci il tarixdə o, müalicəsi ilə əlaqdar olaraq Biləsuvar RMX-na gəlmişdir. Biləsuvar RMX-dan qayıdan zaman Elburus Soltanova məxsus olan qəbir daşını dağıtamaq qərarına gəlmişdir. Hava aydınlıq olduğundan bir qədər Biləsuvar şəhərində tanımadığı bir yerdə, çayxanada oturub havanın qaralmasını gözləmişdir. Qaranlıq havada onu heç kimin görə bilməyəcəyini, qəbir abidəsini də dağıtmağının asan olacağını və həmin vaxtı qəbiristanlıqda kənar şəxslərin olmayacağını fikirləşmişdir. Hava qaraldıqdan sonra o, Biləsuvar rayonu ərazisindən tanımadığı taksiyə minərək Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığına gəlib orada taksidən düşmüşdür. Bundan sonra piyada olaraq Biləsuvar rayon Əsgərabad kənd qəbiristanlığına getmişdir. “Azpetrol” yanacaq doldurma məntəqəsi yaxınlığında taksidən düşməkdə məqsədinin də, kənd qəbiristanlığının yaxınlığında taksidən düşəcəyi təqdirdə kənar şəxslərin onu görə bilmə ehtimalının olması olduğunu bildirmişdir. O, Əsgərabad kənd qəbiristanlığına yaxınlaşdıqda ətrafda heç kimin olmadığını görmüşdür. Bundan sonra da qəbiristanlığa daxil olub Elburus Soltanovun qəbir abidəsinə yaxınlaşmışdır. Sonra qəbir abidəsinin üzərinə çıxıb qəbir daşını sındırmaq məqsədi ilə əli ilə itələməyə başlamışdır. Lakin qəbir daşının tərpənmədiyini görüb qəbirin ətarfında bir qədər gəzib qəbir daşını sındırmaq üçün mişardaşı axtarmışdır. Lakin mişardaşı tapa bilməmişdir. Bundan sonra yenindən qəbir abidəsinin üzərinə çıxıb bədən ağırlığını qəbir daşının üzərinə salaraq əli ilə qəbir daşını itələməyə başlamışdır. Bir iki dəfə qəbir daşını itələdikdən sonra qəbir daşının yerindən oynadığını görmüşdür. 3-4 dəfədə qəbir daşını itələdikdən sonra qəbir daşı yerindən çıxıb arxaya doğru aşmışdır. Aşma nəticəsində qəbir daşı yerdə olan beton parçasına dəyib iki hissəyə bölünmüşdür. Daha sonra qəbiristanlıqdan çıxmışdır. Bir qədər uzaqlaşdıqdan sonra tanımadığı taksiyə minib Cəlilabad rayonunda yerləşən evinə getmişdir. Bundan başqa o, ifadəsində əlavə olaraq bildirmişdir ki, Biləsuvar rayonu Əsgərabad kənd qəbiristanlığında yerləşən X3 məxsus olan qəbir abidəsinin kənarına yerlədirilmiş 2 ədəd güldanı 2022-ci ilin oktyabr ayının əvvələrində, qəbir daşını isə 30 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində həmin şəxsdən qisas almaq niyyəti ilə sındırmışdır. Elburus Soltanovla təxminən 2 il 03 saylı cəzaçəkmə müəssəsində bir yerə olduğunu, həmin müddət ərzində Elburus Soltanovun ona qarşı çox haqsızlıqlar etdiyini bildirmişdir. Ona görə də Elburus Soltanova məxsus qəbir daşını sındırdığını bildirmişdir. Qəbir daşını və qəbir üzərində olan güldanları sındıran zaman tək olduğunu, yanında heç kim olmadığını, qəbir daşının dağıdılması barədə ondan başqa heç kimin məlumatı olmadığını, qəbir daşının dağıdılması barədə də ona heç kimin göstəriş və təlimat vermədiyini bildirmişdir. 06 oktyabr 2022-ci il tarixdə Biləsuvar rayonu Əsgərbad kənd qəbiristanlığına Elburus Soltanova məxsus qəbir daşını sındırmaq niyyəti ilə gəldiyini, lakin ətrafada kənar şəxslər olduğundan qəbir daşını sındıra bilmədiyini, ona görə də yalnız qəbirin üzərində olan iki ədəd güldanı təpiklə vurub sındırdığını, qəbir daşını isə qəbiristanlıqda heç kimin olmadığı bir vaxtda gəlib sındırmağı qərarlaşdırdığını, ona görə də 30 oktyabr 2022-ci il tarixdə yenindən qəbiristanlığa gəlib qəbir daşını sındırdığını bildirmişdir. Hazırda əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Əsgərabad kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Hazırda təqaüddədir. X7 oğludur. X12 2007-ci ildə Ağır Cinayətlərə Dair işlər Üzrə Məhkmənin hökmü ilə 14 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzasını çəkmək üçün 14 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. 2014-cü ildə səhhətində yaranan problemlərə görə 3 saylı cəza çəkmə müəssisəsində vəfat etmişdir. Oğlu vəfat etdikdən sonra o, oğlunu Biləsuvar rayonu Əsgərabad kənd qəbiristanlığında dəfn etmişdir. Mərhum X12a məxsus qəbir abidəsini 2014-cü ildə o, ümumilikdə 3000 ABŞ dollarına düzəltdirmişdir. Həmin qəbir daşı da Bakı şəhərində yaşayan tanışı tərəfindən hazırlanmışdır. 06 oktaybr 2022-ci il tarixdə oğlu Vəfadar Soltanov ona zəng edərək mərhum oğlu Elburusa məxsus olan qəbir abidəsinin üzərində yerləşdirilmiş 2 (iki) ədəd güldanın sındırıldığını bildirmişdir. O da bundan sonra oğlunun dəfn olunduğu Əsgərabad kənd qəbiristanlığna getmişdir. Həqiqətən də mərhum X12un qəbir abidəsinin üzərində olan 2 (iki) ədəd güldanın sındırıldığını görmüşdür. Onun oğlu Vəfadar Soltanov da DİNnin 102 xidmətinə və Biləsuvar RPŞ-nə hadisə ilə bağlı müraciət etmişdir. Onlar həmin hadisənin qəsdən törədildiyini ehtimal etdikləri üçün qəbirstanlığa oğlunun məzar daşının görünə biləcəyi şəkildə müşahidə kamerası yerləşdirmişlər. xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olan zaman həmkəndlilərindən biri mobil telefon ilə ona zəng edərək mərhum X12a məxsus olan qəbir daşının sındırılmasını bildirmişdir. Bundan sonra o, yaşadığı evdən çıxıb Əsgərabad kənd qəbiristanlığına getmişdir. Mərhum X12a məxsus qəbir abidəsinə yaxınlaşdıqda oğlunun baş daşının geriyə doğru aşırıldığını və qəbir daşının ikiyə bölündüyünü görmüşdür. Bundan sonra onlar Biləsuvar RPŞ-nə zəng edərək bu barədə məlumat vermişlər. Daha sonra isə polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişdir. Hadisə yerinin fotoşəkillərini çəkərək bu barədə protokol tərtib etmişlər. O da baş vermiş hadisə ilə bağlı Biləsuvar RPŞ-nin əməkdaşlarına ərizə vermişdir. Daha sonra isə polis əməkdaşları tərəfindən qəbirstanlıqda yerləşdirilmiş müşahidə kamerasına baxış keçirilmişdir. Həmin vaxtı da naməlum şəxs tərəfindən mərhum oğlunun qəbir daşınının aşırdılaraq sındırılması məlum olmuşdur. O, daha sonra X12a məxsus qəbir daşının Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs tərəfindən sındırıldığını öyrənmişdir. Bundan başqa o, ifadəsinə əlavə olaraq bildirmişdir ki, mərhum X12a məxsus qəbir abidəsini 2014cü ildə 3000 ABŞ dollarına düzəltdirmiş, bildiyinə görə də hazırda isə həmin qəbir abidəsinin 7000-8000 manat məbləğində qiyməti vardır. Təqsirləndirilən şəxs tanımadığını, həmin şəxslə heç bir münasibətinin olmadığını, eyni zamanda da mərhum oğlu Elburusla Təqsirləndirilən şəxs arasında 3 saylı cəzaçəkmə müəssisəsində nə kimi problemlərin olmasından heç bir məlumatı olmamışdır. Elburus Soltanova məxsus baş daşının qranitdən hazırlandığını, 170 sm uzunluğunda, 70 sm enində və 12 sm qalınlığında Ukrayna istehsalı olduğunu bildirmişdir. Qəbir abidəsinin üzərində olan 2 (iki) ədəd güldanın ayrı- ayrılıqda 150 manat qiymətində olmaqla ümumlikdə 300 manat qiymətində olduğunu, həmin güldanların da qranitdən hazırlandığını və Ukrayna istehsalı olduğunu bildirmişdir. Bundan başqa baş daşının ayrıca qiymətini bilmədiyini demişdir. Ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən ona ödənilmədiyini, Təqsirləndirilən şəxs qanuna müvafiq qaydada cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 03 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Biləsuvar rayonu, Əsgərbad kənd qəbiristanlığı Bakı-Ələt-Astara yolu üzərində asflat yoldan təxminən 60 metr məsafədə yolun sağ tərəfində yerləşir. Qəbiristanlığın dörd tərəfi dəmir barmaqlıqlara hasarlanmışdır. Bir giriş darvazası vardır. Baxış zamanı Zərərçəkmiş şəxs qəbiristanlığın arxa sağ tərəfində yerləşən qəbir abidəsini göstərib qeyd olunan qəbir abidəsinin mərhum oğlu X3 məxsus olduğunu və sonuncuya məxsus baş daşının naməlum şəxs və yaxud şəxslər tərəfindən sındırıldığını bildirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, üzərində X1 sözləri yazılı baş daşı yerləşdirildiyi yerdən geri doğru aşırdılmış və nəticədə baş daşının yuxarı hissəsi yerə dəyib qövsvari şəkildə sınaraq bir neçə parçaya bölünmüşdür. Qeyd olunan baş daşına baxış zamanı müəyyən eilmişdir ki, baş daşı 170 sm uzunluğunda, 70 sm enində və 12 sm qalınlığındadır və qara rəngli materialdan hazırlanmışdır. Baxış zamanı yalnız X3 məxsus qəbir abidəsi üzərində yerləşən baş daşına ziyan dəyməsi müəyyən olunmuşdur. Bundan başqa baxış zamanı kənd qəbiristanlığında müşahidə kamerasının olması müəyyən olunmuşdur. Müşahidə kamerasına baxış zamanı 30 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində əynində göy rəngli cins şalvar, qara rəngli ayaqqabı və yaxası ağ, qolları qara rəngli köynək olan bir nəfər şəxsin X3 məxsus qəbir abidəsinin ətrafında təxminən 1 dəqiqə 40 saniyə müddətində hərəkət etməsi, daha sonra isə müşahidə kamerasının yerləşdiyi yönə doğru gələrək qəbiristanlıqdan çıxması müyyən olunmuşdur. Lakin qeyd olunan video görüntünün aydın şəkildə olmaması səbəbindən həmin şəxsin X3 məxsus qəbir abidəsi ətrafında hansı hərəkətlər etməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 12 dekabr 2022-ci il tarixli 3318 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamestik məlumatlar və hal-hazırdakı psixiatrik müayinənin nəticələri və s. sübut edir, Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən edilir. Cinayət işinin materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoylumuş sulları aşağdakı kimi cavbalandırır: 1) lskəndərov Xalid Musa oğlunda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən edilir. 2) Hal-hazırda Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. 3) Onun barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. 4) Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. 5) Təqsirləndirilən şəxs 30 oktyabr 2022-ci il tarixdə və həmin tarixdən sonrakı dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. 6) Təqsirləndirilən şəxs ona ittiham elan edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarında olmuşdur. 7) Yoxlanılan şəxsin fərdi psixi xüsusiyyətlərinin müəyyən edilməsi məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 yanvar 2023-cü il tarixli 19/34 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş 1 ədəd 170 sm uzunluğunda, 70 sm enində və 12 sm qalınlığında qranitdən hazırlanmış Ukrayna istehsalı olan baş daşının 2022-ci ilin oktyabr ayına orta bazar qiyməti nəzəri qaydada təxminən 900 manatdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Biləsuvar rayon "xxxx" MMC-dən daxil olmuş məktubda qəbir abidəsi üçün qaranitdən hazırlanmış bir ədəd Ukrayna istehsalı güldanın 06 oktyabr 2022-ci il tarixə orta bazar qiymətinin 150 (yüz əlli) manat olması göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2016-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs özünü müdafiə etməkdən ötrü gətirdiyi dəlilər onun özünün ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələr, ifadənin yerində yoxlanılması protokolu, məhkəmə-psixiatrik ekspertizasının, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyləri və digər istintaq materialları ilə tam təkzib edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs qisas almaq məqsədi ilə 2022-ci ilin oktyabr ayının əvvəllərində Biləsuvar rayonu Əsgərabad kənd qəbiristanlığına gələrək, qəbiristanlıqda kənar şəxslər olduğundan cinayətkar niyyətini tam həyata keçirə bilməyərək X11a məxsus qəbir abidəsinin üzərində olan hər birinin qiyməti 150 (yüz əlli) manat olmaqla 300 (üç yüz) manat qiymətində 2 (iki) ədəd qranitdən hazırlanmış Ukrayna Respublikası istehsalı olan güldanı təpiklə vurub sındırması, 30 oktyabr 2022- ci il tarixdə saat 18 radələrində vahid niyyətlə cinayət əməlini başa çatdırmaq məqsədi ilə həmin qəbiristanlığa təkrarən gələrək X11un qəbir abidəsi üzərində olan bir ədəd 900 (doqquz yüz) manat qiymətində, 170 sm uzunluğunda, 70 sm enində və 12 sm qalınlığında qranitdən hazırlanmış Ukrayna Respublikası istehsalı olan baş daşını bir neçə dəfə bədən ağırlığını üzərinə salmaqla əli ilə silkələyib yerindən çıxardaraq geriyə doğru aşırtmaqla bir neçə hissəyə bölərək zərərçəkmiş şəxsə ümumilikdə 1200 (bir min iki yüz) manat məbləğində maddi ziyan vuraraq qəsdən qəbir üzərində təhqiredici hərəkətlər etməsi Təqsirləndirilən şəxs verdiyi ifadələr, ifadənin yerində yoxlanılması protokolu, məhkəməpsixiatrik ekspertizasının, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyləri və digər istintaq materialları, həmçinin işin faktiki halları ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 245-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 245-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 noyabr 2022-ci il tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs 07 noyabr 2022-ci il tarixdə CM-in 245-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-in 245-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş, habelə 07 noyabr 2022-ci il tarixdə saat 14:30-da Təqsirləndirilən şəxs MSY-də saxlanılmasından azad edilmiş, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 245-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilməklə «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o məhkəmə iclas zalından dərhal həbs edilməlidir. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İşdə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 noyabr 2022-ci il tarixdən 07 noyabr 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddəti hər 1 (bir) günü 1 (bir) gün azadlıqdan məhrum etmə cəzasına hesablansın, üzərində qəti olaraq 1 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilməklə «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzaçəkmə müddətinin əvvəli 15 mart 2023-cü il tarixdən hesablansın. Ekspertza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu, həbsdə olan şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar