Məhkəmə qərarları › İş №1(022)-48/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-48/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-48/2023 07.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1978-ci il tarixdə Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 uşağı olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, Biləsuvar Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 1(022)-154/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzadan azad edilməmiş, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, 0,622 qram çəkidə narkotik vasitə olan heroini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 21 yanvar 2023-cü il tarixdə, saat 17:35 radələrində, Biləsuvar rayonu, Zəhmətabad kəndində, “Şəhidlər bulağı”nın yaxınlığında piyada hərəkətdə olan zaman, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və şöbənin inzibati binasında üzərində şəxsi axtarış keçirilərkən 0,622 qram çəkidə olan həmin narkotik vasitə heroin əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, ailəsi ilə birlikdə Biləsuvar rayonu, Bəydili kəndində yaşayır. 21 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində, o, Biləsuvar rayonu Zəhmətabad kəndində yaşayan dostu Ceyhun Quliyevin evinə getmiş və həmin şəxsin evinə daxil olan kimi tanımadığı polis əməkdaşları tərəfindən tutularaq, əvvəlcə Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinə, orada təxminən yarımsaat saxladıqdan sonra Biləsuvar rayon polis şöbəsinin inzibati binasına aparmışlar. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında o, təxminən 5-6 saat fiziki və psixi təzyiqlərə məruz qalmışdır. Belə ki, polis əməkdaşları güya onun üzərində narkotik vasitə aşkar olunması barədə etirafedici ifadə verməsi üçün ona zor tətbiq etmişlər. Buna görə də o, məcbur qalaraq, vəkilin iştirakı ilə, kamera çəkilişi altında, polis əməkdaşlarının qabaqcadan onun cibinə qoyduqları narkotik vasitəni güya könüllü cibindən çıxararaq təqdim etmiş və həmin narkotik vasitənin güya ona məxsus olması barədə izahat və ifadə vermişdir. O, Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerində 48 saat saxlandıqdan sonra Biləsuvar rayon prokurorunun qəbuluna aparılsa da, polis şöbəsində məruz qaldığı təzyiqlər barədə rayon prokuroruna heç bir söz söyləməmişdir. Prokurorun qərarı ilə o, həbsdən azad edilsə də, ibtidai istintaq müddətində o, özünə yeni vəkil tutmaq və ya dövlət hesabına ona təyin olunmuş vəkilin yardımından istifadə etməklə, hər hansı dövlət orqanına şikayət etməyə lüzum görməmişdir. Polis əməkdaşları ilə onun arasında hər hansı düşmənçilik və qərəzli münasibətlər olmadığına görə o, Biləsuvar rayon polis əməkdaşlarının onun cibinə narkotik vasitə qoymaqlarının səbəbini və motivini anlamır. Lakin o, birinci dəfə də eyni ssenari ilə tutulduğuna və üzərində narkotik vasitə olmadığı halda, cibinə narkotik vasitə qoyulub etirafedici ifadə verməyə məcbur edildiyinə görə polis əməkdaşlarının bu hərəkətinə təəccüblənmir. Sonda, Təqsirləndirilən şəxs himayəsində 2 uşağının olmasını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Əvvəllər tanımadığı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Biləsuvar rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 21 yanvar 2023-cü il tarixdə, saat 17:30 radələrində əməliyyat tədbiri keçirilmişdir. Əməliyyat qrupunun tərkibinə Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinin polis serjantları Şahid3 və Şahid2 da daxil edilmişdir. Keçirilmiş əməliyyat tədbiri ilə Təqsirləndirilən şəxs Biləsuvar rayonu, Zəhmətabad kəndində piyada yolda hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Bundan təxminən beş dəqiqə sonra onlar Biləsuvar rayonu, Zəhmətabad kəndində, “Şəhidlər bulağı”nın yaxınlığında yol kənarında piyada hərəkətdə olan zaman Təqsirləndirilən şəxs yaxınlaşaraq, gəlişlərinin səbəbini izah etdikdən sonra sonuncunu Biləsuvar rayon polis şöbəsinə dəvət etmişlər. O, Biləsuvar rayon polis şöbəsində əməliyyat tədbirinin nəticəsi ilə bağlı rəhbərliyə məruzə etmiş və onun tərtib etdiyi raportun icrası şöbənin təhqiqat bölməsinin təhqiqatçısı Qəmbərli Azər Əlisəfa oğluna həvalə edilmişdir. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında vəkilin iştirakı ilə, videoçəkilişlə, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdılmış əşyalar, həmçinin narkotik vasitələr və psixotrop maddələr varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxararaq, təqdim etmiş və həmin bükümdə heroin olduğunu bildirmişdir. Həmin bükümün içərisinə baxılarkən, orada, həqiqətən, rəngindən və digər əlamətlərindən narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni həmin gün Biləsuvar şəhəri, Balharı çayının yaxınlığında, yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroinə bənzər maddə tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmışdır. Sonda, baxış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və Şahid2 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs üzərində 21 yanvar 2023-cü il tarixdə keçirilmiş baxış zamanı narkotik vasitə olan heroinin aşkar edilərək götürüldüyünü təsdiq etdilər. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə 21 yanvar 2023-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində döviyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik maddə vardırsa, könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü çıxarıb təqdim edərək, bildirmişdir ki, bükümün içərisində narkotik vasitə heroindir və o, həmin vasitəni Biləsuvar şəhəri, Balharı çayının yaxınlığında yerdən tapmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü açılaraq, ona baxış keçirilmiş və həmin bükülünün içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması məlum olmuşdur. Həmin bükülü elektron tərəziyə qoyularaq çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisinin 0,682 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitə heroinə bənzər maddə olan büküm zərfə qoyulub qablaşdırılaraq 61 nömrəli möhürü ilə möhürlənmişdir. İşdə olan məhkəmə-fiziki-kimyəvi ekspertizasının 22 yanvar 2023-cü il tarixli, 19/93 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü » sözləri və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi – 0,622 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,622 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,572 qram qalmışdır. İş materiallarında olan ambulator məcburi narkoloji tibbi yoxlamanın 06 fevral 2023cü il tarixli, 147 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 yanvar 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirli bilinərək, Biləsuvar Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 1(022)-154/2021 saylı ittiham hökmü ilə 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və o, cəzasını çəkib qurtarmamışdır. İş materiallarına əlavə edilmiş Biləsuvar Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 1(022)-154/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirli bilinərək, 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən fiziki və ya psixi zora məruz qalması və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsindən əvvəl həmin şəxsə qarşı qanunsuzluğa yol verilməsi barədə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ilkin ifadəsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunduğuna görə özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının» 1 siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi yolu ilə cəzanın məqsədlərinə nail olmaq olar. Belə ki, iş materiallarında olan Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin 06 mart 2023-cü il tarixli, xx-xx/2023 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 1(022)-154/2021 hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs həmin cəzasını çəkmək məqsədilə 12 yanvar 2022-ci il tarixdə Biləsuvar rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmış və 28 fevral 2022-ci il tarixdə ona elektron nəzarət vasitəsi tətbiq olunmuşdur. Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixə çəkilməmiş cəzası 01 il 10 ay 04 gün təşkil edir. Beləliklə, işdə olan sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 1(022)-154/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 01 il 01 ay 24 gün hissəsini çəkmiş, cəzasının 01 il 10 ay 02 gün hissəsi çəkilməmiş qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinin tələbinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Buna görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilən cəzaya Biləsuvar Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 1(022)-154/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 10 ay 02 gün hissəsini 1 günə 2 gün hesabı ilə qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti cəza müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 21 yanvar 2023-cü il tarixdə, saat 17:35-də tutma tətibiq olunmuş və Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdə, saat 16:30-də Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Azərbaycan Respublikasının Biləsuvar rayon polis şöbəsində saxlanılan 0,572 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzasına Biləsuvar Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 1(022)-154/2021 saylı hökmü təyin edilən 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 10 (on) ay 02 (iki) gün hissəsi 1 günə 2 gün hesabı ilə qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,572 qram olan narkotik vasitə heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar