Məhkəmə qərarları › İş №1(022)-49/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-49/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-49/2024 13.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1982-cu ildə Biləsuvar rayonunda anadan olmuş, evli, orta təhsilli, MKT-də süpürgəçi işləyən, məhkumluğu olmayan, Biləsuvar şəhəri, A.Mustafayev küçəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 11 yanvar 2024-cü il tarixdə saat 11 radələrində Biləsuvar şəhəri Alı Mustafayev küçəsində yerləşən yaşadığı evin qarşısında qonşusu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində, yəni sonuncunun ona ailə üzvləri haqqında xoşagəlməz ifadələr işlətməsini irad bildirməsi səbəbindən yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən yumruq və əllə sifət nahiyəsindən bir neçə dəfə vuraraq ona “burun, sol yanaq və çənə altı nahiyədə sıyrıq, üst dodağın sağ yarısının selikli qişasında əzilmiş yara və üst çənədə sağ 2-ci dişin boyun hissədən travmatik sınığı" ilə nəticələnən xəsarətlər yetirərək zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən YÜNGÜL zərər vurmuşdur. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, hazırda Biləsuvar şəhər Kommunal Müəssisələr Kombinatında süpürgəçi işləyərək aldığı məvaciblə ailəsini dolandırır. Heç kimlə şəxsi ədavəti və qərəzi yoxdur. Barəsində şikayət edən Zərərçəkmiş şəxs tanıyır, qonşusudur, onunla münasibətləri normal olmuş, aralarında münaqişə və ədavət olmamışdır. 11 yanvar 2024-cü il tarixdə saat 11 radələrində yaşadığı evin qarşısında olan zaman Zərərçəkmiş şəxs ilə rastlaşmış, Zərərçəkmiş şəxs nə üçün barəsində danışdığını ondan soruşduqda sonuncuya barəsində heç nə danışmadığını bildirmişdir. Buna baxmayaraq Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlədərək söyüb təhqir etməyə başlamış, nəticədə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs onun üzərinə hücum etmiş, Zərərçəkmiş şəxs özündən kənarlaşdırmaq üçün əli ilə sifət nahiyəsindən tutaraq itələmiş, həmin zaman dırnağı Zərərçəkmiş şəxs dodaq nahiyəsinə dəymişdir. Aralarındakı mübahisədən sonra yaşadığı evə getmişdir. Mübahisə 3-5 dəqiqə davam etmiş, mübahisəni əri X1 görmüş və onları ayırmışdır. Bədənində xəsarət olmadığından məhkəmə - tibbi ekspertizasından keçməkdən imtina etmişdir. Lakin hazırda o, əməlindən peşmançılıq hissi keçirir, ona görə də barəsində cinayət qanunu ilə nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs qonşusudur, onunla əvvəldən münasibətləri normal olmamış, buna səbəb sonuncunun onun haqqında xoşagəlməz sözlər danışması olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs dəfələrlə irad bildirsə də heç bir nəticəsi olmamışdır. 11 yanvar 2024-cü il tarixdə saat 11 radələrində yaşadığı evin qarşısında küçədə piyada yolla gedən zaman Təqsirləndirilən şəxs ilə rastlaşmışdır. Sonuncudan onun və uşaqları barəsində nə üçün xoşagəlməz ifadələr işlətməsini soruşduqda Təqsirləndirilən şəxs onun ünvanına nalayiq ifadələr işlədərək söyüb təhqir etməyə başlamış, nəticədə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs onun üzərinə hücum edərək sifət nahiyəsindən qəsdən əl və yumruqla bir neçə dəfə zərbə vurmuş, zərbə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış, həmçinin zərbə nəticəsində dişi sınmışdır. Təqsirləndirilən şəxs mübahisədən sonra hadisə yerindən uzaqlaşmışdır. O da hadisə barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Mübahisə 3-5 dəqiqə davam etmiş, mübahisəni X1 görsə də hadisə yerinə toplaşan kənar şəxs və ya şəxslər olmamış, mübahisə zamanı Təqsirləndirilən şəxs və Rəşad Abasovu söyüb təhqir etməmiş, Təqsirləndirilən şəxs hər hansı formada vuraraq xəsarət yetirməmişdir. Daha sonra zərərçəkmiş Zərərçəkmiş şəxs ona dəymiş zərərin Təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini, ona görə də onun barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, şahidi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, işdə olan digər sübutlarla da təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, 2006-cı il tarixdə Təqsirləndirilən şəxs ilə evlənmiş, həmin evlilikdən iki övladı vardır. Hazırda Bakı şəhərində fəhlə işləyərək əldə etdiyi gəlirlə ailəsini dolandırır. Heç kimlə şəxsi ədavəti və qərəzi yoxdur. 11 yanvar 2024-cü il tarixdə saat 11 radələrində yaşadığı evin həyətində olan zaman küçədən arvadı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs səsinin gəldiyini eşitmişdir. Nə baş verdiyini öyrənmək üçün yaşadığı evin qarşısına çıxmış, evin qarşısında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs mübahisə etmələrini görmüşdür. Mübahisə zamanı Zərərçəkmiş şəxs Gülzarın üzərinə hücum etmiş, sonuncu Zərərçəkmiş şəxs özündən uzaqlaşdırmaq üçün əli ilə sifət nahiyəsindən tutaraq geri itələmişdir. Təqsirləndirilən şəxs sakitləşdirərək, yaşadığı evə gətirmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının Zərərçəkmiş şəxs barəsində verilmiş xx.xx.2024-cü il tarixli 23 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1. Vət Zərərçəkmiş şəxs "burun, sol yanaq və çənə altı nahiyədə sıyrıq, üst dodağın sağ yarısının selikli qişasında əzilmiş yara və üst çənədə sağ 2-ci dişin boyun hissədən travmatik sınığı" müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİl-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Biləsuvar RMX-nın xx.xx.2024-cü il tarixli 147 nömrəli məktubunda göstərilir ki, Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin ruhi-əsəb xəstəlikləri üzrə psixonevroloji kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Biləsuvar şəhəri İƏD üzrə nümayəndəliyindən təqdim edilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu göstərilmişdir. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, yaşadığı yerdən müsbət xarakterizə olunmasını və himayəsində 2 azyaşlı uşağının (xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3) olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Adçəkilən qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmasını, məhkumluğunun olmamasını, iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını, habelə cinayətin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması, yaxud onun islah olunması ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı çəkmədən də mümkündür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan islah işləri növündə cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri növündə cəza təyin edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar