Məhkəmə qərarları › İş №1(022)-5/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-5/2023

02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-5/2023 02.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi X3 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1956-cı Biləsuvar rayonu Əsgərabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu Əsgərabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 178.1 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, Zərərçəkmiş şəxs əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə sonuncudan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında yüksək vəzifəli şəxs olan tanışına 3000 (üç min) manat rüşvət vermək müqabilində onu həmin qoşunlarda müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu vəzifəsinə xidmətə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, Biləsuvar şəhərində müxtəlif yerlərdə, hissəhissə olmaqla, 2021-ci ilin təxminən iyun-iyul aylarında, 300 (üç yüz) manat, 27 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən Biləsuvar rayon İcra Hakimiyyəti binasının qarşısında 1.250 (bir min iki yüz əlli) manat, 28 sentyabr 2021-ci il tarixdə saat 16 radələrində Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən “Rest-Aran” adlı kafedə 750 (yeddi yüz əlli) manat alaraq vahid niyyətlə, cəmi 2300 (iki min üç yüz) manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq etmiş və zərərçəkmiş şəxsi vəzifəli şəxsə maddi nemət verilməsinə sövq edərək rüşvət vermə cinayətinin törədilməsinə təhrik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, 2021-ci ilin may ayının əvvəllərində Biləsuvar rayon icra hakimiyyətinin həyətindəki parkda oturduğu zaman yanında bir şəxs oturmuş, aralarında başlayan söhbət zamanı həmin şəxsin Zərərçəkmiş şəxs olduğunu və əvvəllər müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Silahlı Qüvvələr sıralarında xidmət etdiyini və Vətən Müharibəsi iştirakçısı olduğunu, 2021-ci ilin mart ayından səhhəti ilə bağlı ordudan tərxis olunub ehtiyata buraxıldığını öyrənmişdir. O, uzun müddət daxili qoşunlarda işlədiyi üçün həmin qoşunların hərbi hissələrinin birinə Zərərçəkmiş şəxs müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işlə təmin edə biləcəyini sonuncuya təklif etmişdir. Zərərçəkmiş şəxs bu təklif barədə maraqlandıqda, o, zərərçəkmiş şəxsdən hərbi biletini, şəxsiyyət vəsiqəsini, həyat yoldaşının və övladlarının şəxsiyyət vəsiqələrini istəmiş və həmçinin bildirmişdir ki, Daxili Qoşunlarda yüksək vəzifəli şəxs olan tanışı var, həmin şəxs vasitəsilə işinin həll olması üçün müəyyən məbləğdə pul verməlidir. Lakin həqiqətdə isə onun Daxili Qoşunlarda heç bir tanışı olmamış, niyyəti yalnız Zərərçəkmiş şəxs pul ələ keçirmək, şəxsi ehtiyaclarına sərf etmək olmuşdur. Bundan bir gün sonra o, Zərərçəkmiş şəxsla Biləsuvar şəhərinin mərkəzində görüşüb həmin şəxsdən sənədlərinin kserosurətlərini almış, zərərçəkmişin daxili qoşunlarda xidmətə qəbulu üçün ondan güya 3000 manat pul tələb olunduğunu demişdir. Zərərçəkmiş şəxs isə maddi imkanının həmin pulu dərhal və tam ödəməyə imkan vermədiyini bildirmiş və pulu ödəmək üçün ondan vaxt istəmişdir. 2021-ci ilin sentyabr ayının 27-də, saat 17 radələrində, o, Zərərçəkmiş şəxsla Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən Biləsuvar rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında görüşüb sonuncudan 1.250 manat məbləğində pul vəsaiti almışdır. O, zərərçəkmiş şəxsdən daha 750 manat məbləğində pulu isə növbəti gün, yəni 28 sentyabr 2021-ci il tarixdə saat 16 radələrində Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən “Rest-Aran” rstoranında görüşüb almışdır. Bundan bir müddət sonra isə o, özünə yenə pul lazım olduğu üçün, zərərçəkmiş şəxsdən dəqiq xatırlmadığı vaxtda daha 300 manat, ümumilikddə isə cəmi 2.300 manat məbləğində pul vəsaiti almışdır. O, Zərərçəkmiş şəxs həmin pul vəsaitlərini alarkən, yanlarında heç bir kənar şəxs olmamışdır. Bir müddət sonra zərərçəkmiş şəxs ona zənglər edərək işinin nəticəsini soruşmuş, o isə hər dəfə sonuncuya müxtəlif bəhanələr gətirərək sənədləşmə işləri getdiyini, yaxın zamanda işə çağırılacağını deyib həmin şəxsi aldatmışdır.. Sonradan bu proses uzun müddət çəkdiyi üçün Zərərçəkmiş şəxs onun yalan danışdığını və aldadıldığını başa düşərək, onun haqqında Biləsuvar rayon polis şöbəsinə şikayət etmişdir. O, Zərərçəkmiş şəxs daxili qoşunlarda gizir vəzifəsinə işə qəbul etdirmək adı ilə həmin şəxsdən aldığı 2300 manat pulu öz şəxsi ehtiyaclarına xərcləsə də, sonradan, dəqiq xatırlamadığı vaxtda, Biləsuvar şəhərində yerləşən “Rest-aran” restoranında zərərçəkmişə 200 manat qaytarmışdır. Hazırda onun zərərçəkmiş şəxsə 2.100 manat məbləğində borcu qalmışdır və onun həmin pulu zərərçəkmişə birdəfəlik ödəməyə imkanı yoxdur. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, iş materialarında olan səsyazıları onunla Zərərçəkmiş şəxs arasında olan telefon danışıqlardır, həmin səsyazılar ona məxsusdur. Belə ki, o, zərərçəkmişi inandırmaq üçün güya hansısa yüksək vəzifəli şəxslə danışdığı və həmin şəxsdən aldığı pul vəsaitini həmin vəziifəli şəxsə verdiyi görüntüsü yaratmağa çalışmışdır. Həqiqətdə isə elə bir şəxs olmamış, onun uydurması olmuşdur. O, yalan danışaraq B.H.Əliyevi işinin alınacağına inandırmağa çalışmış, məqsədi isə sonuncudan aldığı pulları qaytarmaq üçün vaxt qazanmaq olmuşdur. O, Zərərçəkmiş şəxs yuxarı vəzifədə işləyən tanışının olduğunu bildirsə də, zərərçəkmiş şəxsdən aldığı pul vəsaitini heç kəsə verməmiş, niyyəti sadəcə ilkin olaraq B.H.Əliyevi aldatmaq, daha sonra isə B.H.Əliyevdən aldığı pulu qaytarmaq üçün vaxt qazanmaq olmuşdur. Sonda Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 312.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin olmadığını, törətdiyi dələduzluq əməlindən isə səmimi peşman olduğunu və barəsində azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməyəcəyi təqdirdə zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəyə biləcəyini bildirərək, 32 il Azərbaycan Respublikasının Daxili Qoşunlarında xidmət etməsinin və Birinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövluyu uğrundə döyüş əməliyyatlarında iştirak etməsinin nəzərə alınaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs bildirdi ki, o, 2017- 2021-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etmiş, Vətən Müharibəsində iştirak etmiş, 2021-ci ilin mart ayından səhhətində olan problemlərə görə ordu sırlaraından tərxis edilərək, ehtiyata buraxılmışdır və həmin vaxtdan heç bir yerdə işləmir. O, Biləsuvar rayonu Əsgərabad kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2021-ci ilin may ayında Biləsuvar rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı parkda oturduğu zaman yanındakı oturacaqda əyləşib kitab oxuyan Təqsirləndirilən şəxslə tanış olmuş və onlar söhbət etmişlər. Söhbət əsnasında Təqsirləndirilən şəxs uzun müddət Daxili Qoşunlarda müxtəlif vəzifələrdə işlədiyini, hazırda isə təqaüddə olduğunu bildirmiş və hətta hərbi vəsiqəsini, həm də veteranlıq vəsiqəsini ona göstərmişdir. Təqsirləndirilən şəxs onun əvvəllər müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etdiyini və hazırda işsiz olduğunu bildirkdən sonra onun müddətdən artıq hərbi xidmət qulluqçusu işlədiyi üçün kifayət qədər iş təcrübəsi olduğunu, Daxili Qoşunlara aid hərbi hissələrin birində müddətdənartıq hərbi xidmət qulluqçusu kimi işə düzəldə biləcəyini, onun Daxili Qoşunlarda yüksək vəzifədə çalışan tanışının olduğunu, hətta həmin qoşun növlərində kadrlar idarəsinin rəisi işləyən xanım polkovnik vasitəsi ilə ona kömək edəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs ondan hərbi biletinin, şəxsiyyət vəsiqəsinin, həyat yoldaşının və övladının şəxsiyyət vəsiqələrinin surətlərini istəmiş, işinin düzələcəyi müqabilində yalnız ona qonaqlıq verməli olması barədə onunla razılığa gəlmişdir. O, növbəti gün qeyd edilən sənədlərin surətlərini Təqsirləndirilən şəxs vermişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs yenidən onunla danışaraq, onun Daxili Qoşunlara xidmət qəbul edilməsi üçün 3000 manat pul verməli olduğunu bildirmişdir. O, həmin pulu verməyə imkanının olmadığını dedikdə, Təqsirləndirilən şəxs həmin işi 2300 manat məbləğinə həll edəcəyini vəd edərək, onunla razılaşmışdır. 2021-ci ilin sentyabr ayında o, “Kapital Bank” açıq səhmdar cəmiyyətinin Biləsuvar filialından 2000 manat məbləğində kredit götürmüş, həmin pulun 1.250 manat məbləğində hissəsini 27 sentyabr 2021-ci il tarixdə, saat 17 radələrində, Biləsuvar rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında, qalan 750 manat məbləğində pulu isə növbəti gün, saat 16 radələrində, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Rest-Aran” kafesində Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs isə onun xidmətə qəbul işini tezliklə yekunlaşdıracağını vəd etmişdir. O, Təqsirləndirilən şəxs pul verərkən onların yanlarında heç bir kənar şəxs olmamışdır. 2021-ci ilin noyabr-dekabr aylarında isə Təqsirləndirilən şəxs sənədlərdə problem olduğunu bildirirək, işinin həll edəcək tanışına əlavə pul verməli olduğunu deyib, həmin aylarda Biləsuvar şəhərində müxtəlif ərazilərdə ondan daha 300 manat məbləğində pul vəsaitini almışdır. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək nə pulunu vermiş, nə də ki, vədinə əməl etmişdir. Zərərçəkmiş şəxs həmçinin bildirdi ki, Daxili Qoşunlarda müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu vəzifəsinə onu təyin etdirəcəyini Təqsirləndirilən şəxs özü ilk olaraq ona təklif etmiş və güya özünün Daxili Qoşunlarda yüksək vəzifədə işləyən dostlarının olduğunu, həmin şəxslərin vasitəsi ilə onu xidmətə qəbul etdirəcəyinə inandırmışdır. Y.H.X1 xidmət edən yüksək rütbəli tanışının rütbəsinin polkovnik olduğunu desə də, həmin şəxsin adını çəkməmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər hərbiçisi olduğu üçün Daxili Qoşunlarda yuxarı vəzifəli tanışlarının çox olduğunu və onun verəcəyi 2.300 manat məbləğində pul vəsaiti müqabilində həmin tanışlardan birinin vasitəsilə işini həll edəcəyini bildirmiş, lakin konkret olaraq heç kimin adını çəkməmişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onunla vurduğu maddi ziyanı aradan qaldırmadığını və onunla barışıq əldə etmədiyini bildirərək, mülki iddiasının təmin edilməsini və Təqsirləndirilən şəxs ona vurulmuş maddi zərəri aradan qaldırılmasına şərait yaradılması məqsədilə təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs onun oğludur və həmin şəxs 2017-2020-ci illərdə əvvəllər müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi ordu sıralarında xidmət etmiş, Vətən Müharibəsində iştirak etmiş, 2021-ci ilin mart ayından səhhətində olan problemlərə görə ordu sırlaraından tərxis edilərək, ehtiyata buraxılmışdır və həmin vaxtdan heç bir yerdə işləmir. Onda olan məlumata görə, əvvəllər tanımadığı, Biləsuvar rayonu Əsgərabad kənd sakini Təqsirləndirilən şəxs, 2021-ci ilin yayında Biləsuvar rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı parkda onun oğlu B.H.Əliyevlə tanış olmuş və sonuncunu Daxili Qoşunlarda xidmət qəbul etdirəcəyini vəd edərək, zərərçəkmiş şəxsdən hissə-hissə olmaqla, cəmi 2.300 manat məbləğində pul vəsaiti almışdır. O, bu hadisə barədə xəbər tutduqdan sonra Təqsirləndirilən şəxslə görüşmüş və onun oğlundan aldığı pulu geri qaytarmasını həmin şəxsdən xahiş etmişdir. Təqsirləndirilən şəxs onu da bir müddət müxtəlif bəhanələrlə aldadaraq, zərərçəkmişdən aldığı pulu Daxili Qoşunlarda işləyən dostuna verdiyini və qısa müddətdə B.H.Əliyevin işinin həll olunacağını vəd etmişdir. Sonradan Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin yalan danışdığına əmin olaraq, həmin şəxsdən Biləsuvar rayon polis şöbəsində şikayət etmişdir. Buna baxmayaraq, təqsirləndirilən şəxs hal-hazıradək dələduzluq yolu ilə ələ keçirmiş olduğu 2300 manat məbləğində pul vəsaitini zərərçəkmiş şəxsə geri qaytarmamışdır. İş materiallarında olan sənədlərə baxış keçirilməsi haqqında 08 avqust 2022-ci il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilmiş diskdə olan səsyazısından görünür ki, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs mobil telefon vasitəsilə aralarında danışıq olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs telefonunun hansı səbəbdən işlək vəziyyətdə olmadığını soruşmuş, daha sonra xəstələndiyindən ötrü bir neçə müddət sonra görüşəcəklərini bildirmişdir. Zərərçəkmiş şəxs sonuncuya ayın 15-i alınmayacağı təqdirdə 5000 manat məblığində pul vəsaiti qaytaracağını, Yaşarın vaxtı uzatdığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “Bu oğlan səndən soruşsa, deyərsən ki, mən 2500 manatın hamısını ödəmişəm, əmrimi gözləyirəm., mən də elə deyəcəm” demiş, Bəhruz sonuncunun dediklərinə razılıq verərək razılaşmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “sən bayaq deyirdin yığırdılar, sən bilirsən heç onları hara yığırlar?” soruşmuş, daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “Mən səni Daxili Qoşunlara düzəldirəm e a kişi, sən cəbhə bölgəsində də olsan, sən başqa işlə məşğul olacaqsan, post patrul olacaqsan, yığarsan” demişdir. Bununla yanaşı, diskdə olan səsyazısından məlum olur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs artıq gözləməkdən yorulduğunu, sonuncunun onu aldatdığını, verdiyi pulu geri tələb etmişdir. Təqsirləndirilən şəxs isə pulun onda olmadığını, Zərərçəkmiş şəxs işi ilə məşğul olduğunu demişdir. Sonuncu artıq 7 aydır onu aldatdığını, pulunu aldığını demiş, Təqsirləndirilən şəxs isə ona inanmadığı halda pulu verdiyi adamdan gedib birlikdə götürməyi, eləcə də sənədlərinin hazır olduğunu ona göstərə biləcəyini demişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona saxta sənədlər verdiyini, həmin sənədlərin və səsyazıların onda olduğunu, pulunu qaytarmadığı halda şikayət edəcəyini demişdir. Təqsirləndirilən şəxs cavab olaraq sonuncunun işini həll olduğu, görüşüb telefonunda ona təqdim edə biləcəyini, işini həll edən adamın ona 7 iş gününə həll olacağını tapşırdığını, əgər alınmayacağı halda sığorta ödənişi alacağını və ona pulunu verəcəyini demişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sabah pulu çatdırıb-çatdırmayacağını soruşmuş, sonuncu pulu ona verəcəyini, lakin görüşüb izah edəcəyini, Zərərçəkmiş şəxs ona borculuların ödənişini istədiyini demişdir. Həmçinin Yaşara qızının da sonuncunun aldatdığını, eləcə də kənddə başqasının da işini aldatdığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs bunları inkar edib sabah onunla görüşəcəyini, pulu qaytaracağını demişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs hər hansı konkret vəzifəli şəxs olmadan, yalnız B.H.Əliyevi aldatmaqla və həmin şəxsin etibarından sui-istifadə etməklə, güya hansısa vəzifəli şəxsə ruşvət vermək bəhanəsi ilə, 2021-ci ilin müxtəlif vaxtlarında zərərçəkmiş şəxsdən 2.300 manat məbləğində pul vəsaitini ələ keçirmişdir. İbtidai araşdırma orqanı tərəfindən və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin güya rüşvət verəcəyi vəzifəli şəxs müəyyən edilməmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir, onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, işdə olan digər sübutlarla da təsdiq edilir. Lakin məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən düzgün olmayaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə ittiham elan edilmişdir və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirsiz hesab edilərək, həmin maddə ilə ona bəraət verilməli və Təqsirləndirilən şəxs yalnız Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməlidir. Belə ki, təqsirləndirilən şəxs həm məhkəməyədək icraat zamanı, həm də məhkəmədə verdiyi ifadələrində göstərmişdir ki, zərərçəkmişi inandırmaq üçün güya hansısa yüksək vəzifəli şəxslə danışdığı və həmin şəxsdən aldığı pul vəsaitini həmin vəzifəli şəxsə verdiyi görüntüsü yaratmağa çalışmışdır. Həqiqətdə isə elə bir şəxs olmamış, onun uydurması olmuşdur. O, yalan danışaraq B.H.Əliyevi işinin alınacağına inandırmağa çalışmış, məqsədi isə sonuncudan aldığı pulları qaytarmaq üçün vaxt qazanmaq olmuşdur. O, Zərərçəkmiş şəxs yuxarı vəzifədə işləyən tanışının olduğunu bildirsə də, zərərçəkmiş şəxsdən aldığı pul vəsaitini heç kəsə verməmiş, niyyəti sadəcə ilkin olaraq B.H.Əliyevi aldatmaq, daha sonra isə B.H.Əliyevdən aldığı pulu qaytarmaq üçün vaxt qazanmaq olmuşdur. Eyni zamanda zərərçəkmiş şəxs də ifadələrində Təqsirləndirilən şəxs əvvəllər hərbi qullluqçusu olduğu üçün Daxili Qoşunlarda yuxarı vəzifəli tanışlarının çox olduğunu və B.H.Əliyevdən aldığı 2.300 manat məbləğində pul vəsaiti müqabilində həmin tanışlardan birinin vasitəsilə zərərçəkmişi həmin qoşun növündə xidmətə qəbul etdirəcəyini söylədiyini, lakin konkret olaraq heç kimin adını çəkmədiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Başa çatmamış cinayətdə iştirakçılıq həm də onu nəzərdə tutur ki, bu hallar bütün iştirakçıların, o cümlədən təhrikçinin iradəsindən asılı olmadan baş verir. Sözügedən halda isə cinayətin başa çatmamasının səbəbi yalançı vasitəçinin hərəkətləridir ki, onun əməlləri rüşvət verən şəxsin başa çatmış cinayəti törətməsi ehtimalını istisna edir. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə isə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə, işinin ədalətli və açıq araşıdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə görə yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcüd olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli Qərarında isə qeyd edilmişdir ki, törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrin xarakteri müəyyənlədirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayət qanunvericiliyinin yuxarıda öyrənilən normalarının tələblərindən görünür ki, şəxsə istinad edilən əməldə cinayət tərkibinin əlamətlərinin olması cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə yoxlanılmalıdır. Törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və sübyektiv əlamətlərinin hamısının, yəni cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhətinin eyni vaxtda mövcüd olduğu təqdirdə, törədilmiş əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən heç olmasa birinin mövcüd olmaması əməlin cinayət kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 1.2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın. Həmin Məcəllənin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 28.2-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Həmçinin Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.1-ci maddəsinə əsasən rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 32.4-ci maddəsinə görə isə ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Təqsirləndirilən şəxsə elan olunmuş ittihamdan və işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs əməli zərərçəkmiş şəxsi ibtidai araşdırma orqanı tərəfindən müəyyən olunmuş konkret vəzifəli şəxsə hansısa xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması üçün rüşvət verilməsinə sövq etməyə yönəlməmiş, Təqsirləndirilən şəxs hər hansı ad çəkmədən, güya vəzifəli şəxs olan hansısa tanışına verəcəyi bəhanəsi ilə və güya zərərçəkmiş şəxsdən aldığı pul vəsaitini həmin xəyali şəxsə verəcəyini bildirməklə və bununla da zərərçəkmiş şəxsin etibarından sui-istifadə etməklə, faktiki olaraq hər hansı vəzifəli şəxsə pul vermək niyyəti olmadan, özünün şəxsi ehtiyaclarına xərcləmək məqsədilə B.H.Əliyevin 2.300 manat məbləğində pul vəsatini dələduzluq yolu ilə ələ keçirdiyinə görə uydurma vəzifəli şəxsin adından istifadə edilməsi yalnız dələduzluq cinayətinin üsulu kimi çıxış etmişdir. Beləliklə, cinayət işinin məhkəmə iclasında müəyyən edilməklə, yuxarıda qeyd olunmuş hallarından göründüyü kimi təqsirləndirilən şəxsin əməlində dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarının, kommersiya və ya qeyri-kommersiya təşkilatlarının fəaliyyətinin normal həyata keçirilməsini təmin edən ictimai münasibətlərə hər hansı qəsd mövcud deyildir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Jabordo İspaniyaya qarşı”işi üzrə 06 dekabr 1988-ci il tarixli qərarında qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir (§ 77). Bundan başqa, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X2rşı” işi üzrə 25 sentyabr 1992-ci il tarixli qərarında göstərmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur(§ 36). Azərbaycan Respublikası CM-nin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 42.1.2 və 350.2-ci maddələrinə əsasən əməldə cinayət tərkibi olmadıqda, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Həmin Məcəllənin 55.1-ci maddəsinə görə isə məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmiş hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz elan edilməli və əməlində həmin maddə ilə nəzərdə tutulmuş cinayət tərkibi olmadığına görə qeyd edilən ittiham üzrə ona bəraət verilməli və Təqsirləndirilən şəxs yalnız Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilənərək, ona həmin maddə ilə cəza təyin edilməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd daxilində cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 04 iyul 2022-ci il tarixdə, saat 17:30-dan tutma tətibiq olunmuş və Təqsirləndirilən şəxs 06 iyul 2022-ci il tarixdə, saat 16:15-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət işinə məhkəmədə baxıldığı dövrdə məhkəmədən qaçıb gizləndiyinə görə Biləsuvar rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə, polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş və Təqsirləndirilən şəxs 26 noyabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasının əvvəli 26 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları və Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməsini nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzinin ona ödənilməsi barədə cinayət prosesinin gedişində mülki iddia ərizəsi vermişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.2-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iş üzrə mülki iddia təmin edilməli və cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 2.300 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edilsin və əməlində həmin maddə ilə nəzərdə tutulmuş cinayət tərkibi olmadığına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.4, 312.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 26 noyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 2.300 (iki min üç yüz) manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs xeyrinə tutulsun. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar