Məhkəmə qərarları › İş №1(022)-50/2025

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-50/2025

06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-50/2025 06.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X9 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun müdiri Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 7(007)- 159/2024 saylı qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 2 ay 22 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 24 may 2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, B.S.Zeynallı küçəsində yerləşən 17 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 15 yanvar 2025-ci il tarixdə Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən 100-cü klometrliyində quraşdırılmış “malqara” yol nişanın altında istintaqa məlum olmayan şəxs tərəfindən gizlədilmiş, xeyli miqdarda - 7,995 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün, saat 06:45-də “KİA Ceed” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, həmin yerdə nəqliyyat vasitəsinə baxış keçirildiyi zaman avtomaşının sağ qabaq oturacağının sağ hissəsindən bir ədəd sellofana bükülmüş, xeyli miqdarda, təmiz çəkisi - 7,995 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərərk göstərdi ki, o, Bakı şəhəri, Sabunçü rayonu, Balaxanı qəsəbəsi, B.S.Zeynallı küçəsində yerləşən 17 nömrəli evdə qeydiyyatda olmaqla yaşayır, subaydır və taksi avtomobili idarə etməklə dolanışığını təmin edir. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə 3 dəfə məhkum edilmişdir. O, sonuncu dəfə təxminən 1 il bundan əvvəl cəzaçəkmə yerindən azad edilmişdir. 14 yanvar 2025-cü il tarixdə, o, tanışı Süleymanov Tural adlı şəxslə birlikdə yenidən narkotik vasitə istehlak etmək istəmiş, lakin heç yerdə həmin vasitəni əldə edə bilməmişlər. Bundan sonra həmin tanışı Süleymanov Tural sosial şəbəkədə tanış olduğu bir şəxs vasitəsilə narkotik vasitə əldə edə biləcəklərini, özünün bu üsulla bir neçə dəfə Biləsuvar rayonundan gedib narkotik vasitə götürüb gəldiyini ona söyləmişdir. O, razılaşaraq, həmin şəxslə sosial şəbəkə vasitəsilə əlaqə qurmuş və qeyd edilən şəxs ona mesaj yazaraq, ona narkotik vasitə marixuana verə biləcəyini demişdir. Bundan sonra həmin şəxs “WhatsApp” tətbiqi vasitəsilə ona Biləsuvar rayonunda gizlətdiyi narkotik vasitənin yerinin ünvanını göndərmişdir. O, İran İslam Respublikası vətəndaşı olan həmin şəxsin təklifi ilə razılaşdıqdan sonra sonuncu narkotik vasitənin Biləsuvar rayonu ərazisində gizlədəcəyini bildirmiş və həmin yerə gedib, narkotik vasitəsni götürməsini istəmişdir. Buna görə də o, tanışı X3 ilə birlikdə, gediş haqqını bərabər ödəmələri şərti ilə taksi xidməti şirkətinə zəng vurmuş və birbaşa Biləsuvar rayonuna getmək üçün taksi sifarişi vermişlər. Həmin vaxtdan bir neçə dəqiqə sonra “KİA Ceed” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı taksi onun yaşadığı ünvana gəlmişdir. O, nəqliyyat vasitəsinin ön oturacağında sürücü X1 yanında, T.A.Süleymanov isə arxa oturacaqda əyləşərək, Bİləsuvar rayonu istiqamətinə yola düşmüşlər. O, əvvəllər taksi sürücüsünü tanımamış və yolda olduqları zaman həmin şəxslə tanış olmuşdur. Həmin gün, saat 06 radələrində onlar Biləsuvar rayonuna daxil olmuşlar. Onlar yolda olduqları vaxt Baba adlı şəxs narkotik vasitəni götürəcəyi yerin elektron ünvanını onun mobil telefonuna göndərmişdir. Onlar həmin ünvana çatdıqları zaman o, sürücüyə ayaqyoluna getmək istədiyini bildirərək, sonuncudan avtomobili saxlamasını xahiş etmişdir. S.H.Hüeynov həmin vaxt nəqliyyat vasitəsini yolun kənarında saxlamış və o, avtomaşından düşərək, yolun kənarında olan “Mal-qara” yol nişanın alt hissəsində olan bir ədəd bükülünü götürmüşdür. Bundan sonra o, dərhal sürətli addımlarla avtomobilə geri qayıtmışdır. O, nəqliyyat vasitəsinə mindikdən sonra özü ilə gətirdiyi bükülünü oturduğu oturacağın sağ hissəsinə qoymuş və sürücüyə Bakı şəhərinə geri qayıtmaq üçün avtomobili döndərməsini xahiş etmişdir. Bundan sonra S.H.Hüeynov avtomaşını Bakı şəhəri istiqamətində avtomaşını sürməyə başlamışdır. Onlar Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində hərəkətdə olduqları vaxt yol patrul xidmətinin əməkdaşları avtomobilə saxla əmrini verdiklərinə görə sürücü S.H.Hüeynov nəqliyyat vasitəsini yolun kənarında saxlamışdır. Bundan sonra polis əməkdaşları, videoçəkiliş aparmaqla, onlara yaxınlaşmışlar və hüquq və vəzifələrini, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququnu izah etmişlər. Daha sonra polis əməkdaşları həmin yerdə onların üzərlərini yoxlamağa başlamışlar. Yoxlama aparılmazdan əvvəl ona paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitə və ya psixotrop maddə varsa, verməsi təklif edilmişdir. O, polis əməkdaşlarına üzərində qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya predmet olmadığını bildirmişdir. Bundan sonra onun üzərində şəxsi yoxlama keçirilmiş və üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmet aşkar olunmamışdır. Daha sonra isə avtomobilin sürücüsü S.H.Hüseynovun və T.A.Süleymanovun üstlərinə yoxlama keçirilmiş və həmin şəxslərin üzərindən qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Sonuncu olaraq isə “KİA Ceed” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirimiş və baxış nəticəsində avtomaşının ön sağ oturacağının sağ hissəsində onun gizlətdiyi bükülü aşkar edilmişdir. Həmin büküm açılıb baxıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən edilmiş və bükülü polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Bundan sonra onlar Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. Tərtib olunmuş protokollar ona ucadan oxunmuş, protokol və üzərindən götürülmüş əşyaların qablaşdırıldığı zərfin üzəri o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. O, Baba adlı şəxslə şəxsən görüşməmiş və sonuncu ilə əvvəllər hər hansı münasibəti olmamışdır. Həmçinin sürücü S.H.Hüseynovun və dostu T.A.Süleymanovun onun hansı məqsədlə Biləsuvar şəhərinə gəlməyindən və ya Biləsuvar rayonunda gizlədilmiş yerdən götürdüyü narkotik vasitədən məlumatları olmamışdır. O, götürdüyü bükülünün içərisində olan xeyli miqdarda narkotik vasitə marixuananı şəxsi istifadəsi üçün əldə etmişdir. Onun həmin narkotik vasitənin Azərbaycan Respublikasına necə gətirilməsindən xəbəri yoxdur. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Əvvəllər tanımadığı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 15 yanvar 2025-ci il tarixdə əməliyyataxtarış tədbirləri keçirilməsi haqqında onun tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, həmin gün, saat 06:40-da əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs içərisində olduğu ehtimal edilən “KİA Ceed” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən 100-cü klometrliyində hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin gün, saat 06:45-də həmin avtomaşın Ələt-Astara yolunun Biləsuvar rayon Xırmandah kəndindən keçən hissəsinin 100-cü kilometrliyinin yaxınlığında şöbənin post patrul xidməti bölüyünün tağım komandiri X4 tərəfindən, videoçəkiliş aparılmaqla, saxlanılmışdır. Daha sonra onlar qeyd olunan həmmin avtomobilə yaxınlaşaraq, nəqliyyat vasitəsində olan şəxslərə özlərini təqdim etmişlər. Həmin vaxt avtomaşında Təqsirləndirilən şəxs ilə yanaşı sürücü S.H.Hüseynovun və sərnişin T.A.Süleymanovun da olması məlum olmuşdur. Nəqliyyat vasitəsində olan şəxslərə hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Bundan sonra isə videoçəkiliş aparılmaqla əvvəlcə Təqsirləndirilən şəxs, daha sonra isə növbə ilə S.H.Hüseynovun və T.A.Süleymanovun üzərlərinə şəxsi axtarış keçirilmiş, lakin həmin şəxslərin üzərindən qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmet aşkar olunmamışdır. Daha sonra “KİA Ceed” markalı, “** KB ***” dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış nəticəsində nəqliyyat vasitəsinin sağ qabaq oturacağının sağ hissəsindən bir ədəd sellofan bükülü aşkar edilmişdir. Həmin bükülü açılıb baxıldığı zaman orada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu məlum olmuşdur. Bundan sonra həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 10 qram olmuş və götürülmüş narkotik vasitə marixuanaya bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükülünün ona məxsus olduğunu və bükülünü Biləsuvar rayonu ərazisindən şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirmişdir. Bundan sonra həmin şəxslər onlar tərəfindən Biləsuvar rayon polis şöbəsinə gətirimişlər. Şübhəli şəxslərin üzərinə şəxsi axtarış və avtomobilə baxış keçirilməsi ilə bağlı protokolları yerində tərtib etmək üçün şərait olmadığına görə həmin protokollar şöbənin inzibati binasında tərtib edilmişdir. Sonda baxış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol baxış iştirakçıları tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 Xaqani oğlu məhkəmə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək, Təqsirləndirilən şəxs 15 yanvar 2025-ci il tarixdə Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən 100-cü klometrliyində quraşdırılmış “malqara” yol nişanın altında istintaqa məlum olmayan şəxs tərəfindən gizlədilmiş, xeyli miqdarda - 7,995 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, özündə saxlayaraq daşıdığını, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün, saat 06:45-də “KİA Ceed” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, həmin yerdə nəqliyyat vasitəsinə baxış keçirildiyi zaman avtomaşının sağ qabaq oturacağının sağ hissəsindən bir ədəd sellofana bükülmüş, xeyli miqdarda, təmiz çəkisi - 7,995 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürüldüyünü təsdiq etdilər. İş materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair 15 yanvar 2025-ci il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, 15 yanvar 2025-ci il tarixdə, saat 06:45-də Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan “KİA Ceed” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndindən keçən 100cü kilometrliyinin yaxınlığında Biləsuvar rayon polis şöbəsinin post patrul xidməti bölüyünün tağım komandiri, polis leytenantı, X4 tərəfindən «Samsung A32» markalı videokamera vasitəsi ilə video çəkiliş aparılmaqla saxlanılmışdır. Daha sonra onlar qeyd olunan şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, həmin vaxt avtomobildə Təqsirləndirilən şəxs başqa T.A.Süleymanovun və avtomobilin sürücüsü S.H.Hüseynovun olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üstünü yoxlamağa başlamışlar. Üstünə yoxlama və götürmə aparılmasından əvvəl həmin şəxsə paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya predmet olmadığını bildirmiş, sonradan isə həmin şəxsin üstü yoxlanılmışdır. Yoxlama zamanı üzərindən bir ədəd siqaret, bir ədəd açar, bir ədəd 5 manatlıq, bir ədəd 50 qəpiklik pul əskinazları aşkar edildi və iş üzrə əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə qaytarılmış, əlavə olaraq İş üzrə əhəmiyyətə malik ola biləcək əşya predmet aşkar edilməmişdir. Sonradan sərnişin S.H.Hüseynovun və T.A.Süleymanovun üstlərinə yoxlama keçirilmiş və həmin şəxslərə paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri vermələri təklif edilmişdir. Bu təklifdən sonra həmin şəxslər üzərlərində qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya predmet olmadığını bildirmişdir. Daha sonra S.H.Hüseynovun və T.A.Süleymanovun üstlərinə yoxlama keçirilmiş və yoxlama nəticəsində sonunculardan iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya aşkar edilməmişdir. “KİA Ceed” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman nəqliyyat vasitəsinin sağ qabaq oturacağının sağ hissəsindən bir ədəd sellofan bükülü aşkar edilmişdir. Həmin bükülü açılıb baxıldıqda ümumi çəkisi 10 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş və həmin narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə bənzər kütləni Biləsuvar rayon ərazisindən şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirmişdir. Cinayət işi materiallarında olan əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və götürmə haqqında 15 noyabr 2025-ci il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, Biləsuvar rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 və şöbənin baş inspektor kriminalisti X2 iştirakı ilə Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli olması barədə daxil olmuş əməliyyat məlumat əsasında onun cinayət əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qəbul edilmiş qərar əsasında, 15 yanvar 2025-ci il tarixdə, saat 06:45-də Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı onun içərisində olması ehtimal olunan “KİA Ceed” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandah kəndi ərazisindən keçən 100-cü kilometrliyində avtomobildə sərnişin qismində olan T.A.Süleymanov və sürücü S.H.Hüseynov ilə birlikdə əməliyyat qurupunun üzvləri tərəfindən saxlanılmış və hər üç şəxsin üzərilərinə yoxlama və avtomobilə baxış keçirilməsi barədə protokol tərtib edilmişdir. Yoxlama zamanı hər üç şəxsin üzərilərində hər hansı qanunla qadağan edilmiş vasitə, maddə, predmet və ya əşya aşkar edilməmiş, lakin Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı avtomobildə ona aid bükülü olduğunu və həmin bükümün içərisində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs, T.A.Süleymanov və sürücü S.H.Hüseynov “KİA Ceed” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Biləsuvar rayon polis şöbəsinə gətirilmişlər və Təqsirləndirilən şəxs məxsus 1 ədəd bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin götürülməsi raportda qeyd olunaraq, aidiyyətı üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 ədəd ağ rəngli zərfə və 1 ədəd DVD-yə baxış keçirildi. Üzərində “**-KB-*** d.q.n-lı avtomobilin sağ qabaq...” yazısı yazılmış 01 ədəd ağ rəngli zərfin içərisində aşkar olunan şəffaf rəngli sellofona bükülmüş yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin çəkisinin 10 qram olduğu müəyyən edilmiş və qablaşdırılaraq möhürlənmişdir. Daha sonra 1 ədəd “DVD” diskə “HP” markalı kompüterdə baxış keçirilmiş və görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 15 yanvar 2025-ci il tarixli, 19/17 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi - 7,995 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi - 7,995 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 7,945 qram qalmışdır. İşdə olan ambulator narkoloji tibbi yoxlamanın 17 yanvar 2025-ci il tarixli, 23 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranana asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nın İ siyahısının 109.1-ci bəndinənin tələbinə görə qurudulmuş marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə məhkumluğunun olmasını və əvvəllər narkotik vasitələrin və psixotrop maddlələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər törətdiyinə görə əvəllər dəfələrlə məhkum edildiyini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. Cinayətin resdivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının qərarı ilə 20 oktyabr 2022-ci il tarixli hökm dəyişdirilərək, CM-nin 18.1-ci maddəsi ilə nəzərdə tutulan sadə residivə dair müddəalar hökmdən xaric edilmiş, CM-nin 18.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi olması nəzərə alınmış, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 7(007)-159/2024 saylı qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 2 ay 22 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 24 may 2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edimiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 56.1 və 56.1.3-cü maddələrinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cinayət işinin hallarini, əməlin ictimai təhlükəliliyini və cinayətin törədilmə üsulunu nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin oluna bilər və buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində, həmin Məcəllənin 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 15 yanvar 2025-ci il tarixdə, saat 06:45-də şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 16 yanvar 2025-ci il tarixdə, saat 14:20-də Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət işinə məhkəmədə baxıldığı dövrdə məhkəmədən qaçıb gizləndiyinə görə sonuncu barəsində Biləsuvar rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli qərarı ilə axtarış elan edilməklə, polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş və Təqsirləndirilən şəxs 01 may 2025-ci il tarixdə, saat 15:00-da Bakı şəhərində polis əməkdaşları tərəfindən tutulmuş və Biləsuvar rayon polis şöbəsinə gətirilərək, şöbənin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasının əvvəli 01 may 2025-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 17 yanvar 2025-ci il tarixli, 23 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 7,945 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 2 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 01 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 7,945 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar