Məhkəmə qərarları › İş №1(022)-51/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-51/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-51/2024 22.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1994-cü il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar şəhəri, Ş.Kəlbiyev küçəsində yerləşən 8 nömrəli evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə, saat 04 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən 4 saylı tam orta məktəbin yanında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində, yəni sonuncu onunla nalayiq zarafat etdiyinə görə aralarında baş vermiş mübahisə zamanı vuraraq, Zərərçəkmiş şəxs sağ əlin 1-ci və 2-ci barmaqlarında kəsilmiş yara, sol göz ətrafı-gicgah nahiyəsində şişkinlik və qançır, başın alın-təpə nahiyəsində, sağgözaltı nahiyədə qançır, alın və burun nahiyəsində sıyrıqlar, üst dodağın selikli qişasında əzilmiş səthi yara ilə nəticələnmiş xəsarətlər yetirmiş və zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs əvvəllər tanımamış və həmin şəxslə aralarında heç bir düşmənçilik və ya qəzərçilik olmamışdır. 18 yanvar 2024-cü il tarixdə, axşam saatlarında o, yaşadığı evdən çıxaraq, Biləsuvar şəhəri H.Əliyev küçəsində yerləşən “Piramida” çay evində Zərərçəkmiş şəxs birlikdə yemək yeyərək, spirtli içkilər qəbul etmişdir. Onlar çay evində olarkən onunla Zərərçəkmiş şəxs arasında mübahisə yaranmış, daha sonra həmin şəxs çay evindən çıxıb uzaqlaşmışdır. O, həmin şəxsin arxasınca getmiş və sonuncunu 4 saylı tam orta məktəbin yanında yaxalamışdır. O, həmin şəxsi itələyərək yerə yıxmışdır. O, Zərərçəkmiş şəxs yerdə olduğu vaxt yumruq, sillə və təpik zərbələri ilə bir neçə dəfə sifət və baş nahiyələrindən vurmuşdur. Bundan sonra hadisə yerinə gəlmiş tanışı Şahid idarə etdiyi avtomobil vasitəsi ilə Zərərçəkmiş şəxs Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmışdır. O, hadisə vaxtı spirtli içki qəbul etdiyinə görə sərxoş vəziyyətdə olmuşdur. Buna görə də o, Zərərçəkmiş şəxs ilə onun arasında baş vermiş dava-dalaşla bağlı digər detalları xatırlamır. O, sonradan zərəçəkmiş şəxsdən üzr istəyib və ona dəymiş ziyanı aradan qaldıraraq, həmin şəxslə barışığa nail olmuşdur. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirdiyini və zərərçəkmiş şəxslə barışmaqla, həmin şəxsə vurduğu zərəri tam şəkildə ödədiyini bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, barəsində ittiham irəli sürülmüş şəxsi və onun müdaifəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər tanımamış və həmin şəxslə aralarında heç bir düşmənçilik və ya qəzərçilik olmamışdır. O, 18 yanvar 2024-cü il tarixdə, saat 23 radələrində dostu Şahid və həmyerlisi Təqsirləndirilən şəxs ilə birlikdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Piramida” çay evində spirtli içkilər qəbul etmişdir. Onlar “Piramida” çay evində olduqları vaxt hər ikisi sərxoş olduğuna görə Təqsirləndirilən şəxs ilə onun arasında mübahisə yaranmışdır. O, hazırda həmin mübahisənin niyə baş verdiyini xatırlamasa da, dava-dalaş baş verməməsi üçün hadisə yerindən uzaqlaşmağa cəhd etmişdir. Lakin o, Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən 4 saylı tam orta məktəbin yanında olduğu vaxt Təqsirləndirilən şəxs onun arxasnca gələrək, onu əli ilə itələmiş və buna görə də o, yerə yıxılmışdır. O, yerdə olduğu vaxt Təqsirləndirilən şəxs onun baş və sifət nahiyələrinə bir neçə dəfə sillə, yumruq və təpik zərbələri endirmişdir. Hadisə zamanı yerdə olan pəncərə şüşələri onun sağ əlinin barmaqları kəsmişdir. Bundan sonra o, yoldan ötən avtomaşın sürücüsü onu Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmışdır. Daha sonra o, Təqsirləndirilən şəxs onu döyməsi barədə hüquq-mühafizə orqanlarına məlumat vermişdir. Bundan başqa, o bildirdi ki, təqsirləndirilən şəxs sonradan ondan üzr istəyərək, ona dəymiş zərəri ödəmiş və onunla barışığa nail olmuşdur. Sonda, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs ilə barışdığını və sonuncunun ona dəymiş zərəri ödədiyini nəzərə alaraq, məhkəmədən Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə 19 yanvar 2024-cü il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən 4 saylı tam orta məktəbin yanında yerləşir. Hadisə yeri Təqsirləndirilən şəxs tərəfindən göstərilmişdir. Baxış zamanı hadisə yerində olan təhlükəsizlik kameralarından görüntülər götürülmüşdür. İşdə olan videogörüntüyə baxış keçirilməsi haqqında 19 yanvar 2024-cü il tarixli protokoldan və məhkəmə iclasında baxış keçirilmiş video görünütülərdən görünür ki, görüntülər Biləsuvar şəəri, H.Əliyev küçəsində yerləşən mağazalardan birinə yerləşdirilmiş təhlükəsizlik kamerası vasitəsilə qeydiyyata alınmışdır. Həmin görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən 4 saylı tam orta məktəbin yaxınlığında küçədə Zərərçəkmiş şəxs sərxoş halda yerə yıxaraq, yumruq və təpik zərbələri ilə döyür. Bir neçə dəqiqə sonra isə hadisəyerinə gələn bir nəfər onları ayıraraq, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə əyləşdirərək, hadisə yerindən aparır. Məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallarda olan canlı şəxsin ekspertizasının 20 yanvar 2024-cü il tarixli, 28 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ əlin 1-ci və 2-ci barmaqlarında kəsilmiş yara, sol göz ətrafı-gicgah nahiyəsində şişkinlik və qançır, başın alın-təpə nahiyəsində, sağ gözaltı nahiyədə qançır, alın və burun nahiyəsində sıyrıqlar, üst dodağın selikli qişasında əzilmiş səthi yara xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlərdən sağ əlin 1-ci və 2-ci barmaqlarında kəsilmiş yaralar kəsici əşyanın (ola bilər ki, bıçağın), digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər. Xəsarətlərin əmələ gəlmə müddəti 19 yanvar 2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş 19 yanvar 2024-cü il tarixli, 62 saylı sərxoşluq vəsiyyətinin tibbi müayinəsi aktından görünür ki, Zərərçəkmiş şəxs hadisə baş verdiyi vaxt orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası CM-nin 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə görə şəxs həmin Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, lakin Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona vurulmuş zərəri tamamilə aradan qaldırdığına görə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə və Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsinə görə həmin Məcəllənin 73-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən əvvəllər 1 dəfə azad olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və həmin şəxsə dəymiş ziyanı tamamilə ödəməsi Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edən hal deyil, iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini məhkəmə onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyi təqdirdə də təmin edilə bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar