Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-54/2023 11.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1971-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 21 avqust 2022-ci il tarixdə saat 00:10 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq hərəkət təhlükəsizliyi üçün qorxu törədən, diqqəti və çevikliyi azaldan alkoqol maddələrdən istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda, bunlara əməl etməyib orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, Ağalarov Miryusif Məşədimirzeynal oğluna məxsus “VAZ-21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan, “BC” dərəcəli sürücülük vəsiqəsi ilə, saatda 50 kilometr sürətlə idarə etməklə Biləsuvar şəhəri, P.Əliyev küçəsi ilə Təyyarə meydanı yaşayış massivi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəli şərait yaratmamalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməyib diqqətini avtomobilin idarə olunmasından və daim dəyişən yol şəraitindən ayırmaqla yolun hərəkət hissəsində əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi “Muravey” markalı, dövlət qeydiyyat nişanı olmayan motorollerə yaxınlaşdığı vəziyyətdə avtomobili əks hərəkət zolağına çıxarıb, “Muravey” markalı motorollerin hərəkəti üçün təhlükə yaradaraq, idarə etdiyi avtomobilin ön tərəfi ilə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs idarə etdiyi motorollerin qabaq tərəfini vurmaqla sonuncunun “qapalı kəllə-beyin travması, ənsə və sağ baldır nahiyəsinin əzilmiş yaraları, sağ bud sümüyünün kondilusunun metafizar sınığı, sağ əlin İİ daraq sümüklərinin sınığı” ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş, bununla da alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, habelə həmin Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndinin tələblərini pozmaqla zərər çəkmiş şəxsə ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, təcili tibbi yardım maşını çağırmalı, zərərçəkəni həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı olduğu halda, habelə hadisə barəsində müvafiq orqanlara məlumat verməli olduğu halda, bunlara əməl etməyib yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, 20 avqust 2022-ci il tarixdə, saat 18-19 radələrində, işlədiyi Biləsuvar şəhəri, P.Əliyev küçəsində yerləşən “Nəvələrim” kafesində üç stəkan pivə içmişdir. 21 avqust 2022-ci il tarixə keçən gecə, saat 00:10 radələrində, kafedə çörək bitdiyinə görə, o, həmin kafeyə çörək almaq üçün müştəri qismində həmin vaxt kafedə olan Şahid2, sonuncunun sahibliyində olan “VAZ-21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili qısa müddətə ona verməsini xahiş etmişdir. Şahid2 etiraz etməyərək, “VAZ-21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını ona verdikdən sonra o, həmin nəqliyyat vasitəsilə Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən “Uğur market” mağazasına getmişdir. O, həmin mağazada çörək alıb geri qayıdarkən, idarə etdiyi “VAZ-21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə P.Əliyev küçəsi ilə, Əsgərabad kəndi isitiqamətində hərəkətdə olan zaman, ön və arxa işıqları yanmayan “Muravey” markalı motorollerin qəflətən onun qarşısına çıxdığını görmüş və dərhal əyləci basaraq, idarə etdiyi avtomobili dayandırmağa çalışsa da, qarşıdan əks istiqamətdə hərəkət edən motoroller onun idarə etdiyi avtomobilin qabaq tərəfinə çırpılmışdır. Baş vermiş hadisə nəticəsində həmin motoroller və onun idarə etdiyi nəqliyyat vasitəsinin qabaq tərəfi əzilmiş, motorollerin sürücüsü isə xəsarət alaraq yerə yıxılmışdır. Bundan sonra o, həmin avtomaşından yerə düşmüş, yerdə uzanmış vəziyyətdə olan motorollerin sürücüsünə yaxınlaşmış, həmin şəxsin xəsarət aldığını görərək, yol-nəqliyyat hadisəsinə görə həmin şəxsə öz etirazını bildirirək, təkrarən həmin avtomobilə əyləşərək hadisə yerini tərk etmiş və işlədiyi kafeyə gedərək nəqliyyat vasitəsini işlətdiyi kafenin həyətində saxlayaraq Şahid2 təhvil vermiş və piyada şəkildə hadisə yeri istiqamətində yola düşmüşdür. Bu zaman o, hadisə yeri istiqamətində hərəkətdə olan, həmyerlisi Şahid4 idarə etdiyi taksi avtomobilini saxlatdıraraq, həmin nəqliyyat vasitəsilə hadisə yerinə qayıtmış, hadisə yerində olan şəxslərin köməyi ilə zərərçəkmiş şəxsi Şahid4 idarə etdiyi taksi avtomobilinə əyləşdirərək, Biləsuvar rayon mərkəzi xəstəxanaslna aparmışdır. O, xəstəxananın təcili tibbi yardım şöbəsində özü ilə apardığı şəxsin yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldlğını bildirmiş, həkimlər həmin şəxsə ilkin tibbi yardım göstərmiş, daha sonra isə tibb işçiləri xəsarət almış şəxsi reanimasiya şöbəsinə aparmışlar. Xəstəxananın reanimasiya şöbəsində Biləsuvar rayon polis şöbəsinin əməkdaşı Şahid3 ona yaxınlaşıb xəsarət alan şəxsi onun gətiribgətirmədiyini soruşmuş, o da sonuncunu xəstəxanaya özünün gətirdiyini bildirdikdən sonra oradan uzaqlaşmışdır. Xəstəxanada olduğu zaman nə polis əməkdaşı, nə də tibb müəssisəsinin işçiləri ondan yol-nəqliyyat hadisəsinin onun törədib-törətməməsi ilə bağlı soruşmadıqları üçün o da yol-nəqliyyat hadisəsini özünün törətməsi ilə bağlı həmin şəxslərə əlavə məlumat verməmişdir. Həkimlər ona artıq onun edə biləcəyi nəsə olmadığını bildirdikdən sonra o, hadisə yerinə qayıtmış, lakin orada heç kimin olmadığını görüb yaşadığı evə getmişdir. Bundan bir neçə saat sonra, saat 05 radələrində Biləsuvar rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gəlmiş və onu şöbəyə apararaq baş vermiş hadisə ilə bağlı izahatını almışlar. Təqsirləndirilən şəxs həmçinin göstərdi ki, yol-nəqliyyat hadisəsi gecə vaxtı baş verdiyinə görə, habelə yolun həmin hissəsi işıqlandırılmadığı və zərərçəkmiş şəxsin idarə etdiyi “Muravey” markalı motorollerin ön fara işıqları yanmadığı üçün o, həmin nəqliyyat vasitəsini görməmiş və bu səbəbdən də zərərçəkmiş şəxsin idarə etdiyi motorolleri, yalnız həmin motoroller ona çatarkən görə bilmiş və bu səbəbdən hadisənin qarşısını almaq üçün vaxtında əyləcdən istifadə edə bilməmişdir. Onun nəqliyyat vasitəsini idarə etmək üçün ”BC” dərəcəli sürücülük vəsiqəsi olsa da, həmin avtomobili idarə etmək üçün nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və ya etibarnaməsi yoxdur. Bundan başqa, o yol-nəqliyyat hadisəsinin ekspertizasının rəyi ilə razı deyildir, belə ki o, yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün əyləci bassa da, lakin Zərərçəkmiş şəxs motorolleri saxlamadığı üçün hər iki nəqliyyat vasitəsi toqquşmuşlar. Buna görə də o, hesab edir ki, hadisənin qarşısını almağa onun texniki imkanı olmamışdır. Sonda, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli olmada da, hadisədən sonra zərərçəkmiş şəxsi xəstəxanaya aparmasını və həmin şəxsə maddi yardımlar göstərərək, A.A.Paşayevlə barışıq əldə etməsini, şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini, habelə Birinci Qarabağ müharibəsi iştirakçısı olduğunu bildirərək, məhkəmədən onunun barəsində ədalətli qərar olaraq bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Belə ki, zərərçəkmiş Zərərçəkmiş şəxs Akif oğlu məhkəmə iclasında bildirdi ki, o, özünə məxsus olan “Muravey” markalı motorollerlə yük daşıyaraq ailəsini dolandırır. Lakin həmin nəqliyyat vasitəsi mərhum atasından ona miras qaldığı üçün motorollerin ona məxsus olması ilə bağlı qeydiyyat şəhadətnaməsi və ya etibarnaməsi, həmçinin həmin nəqliyyat vaistəsini idarə etmək üçün sürücülük vəsiqəsi də yoxdur. O, motorolleri dövlət qeydiyyat nişanı olmadan idarə edir. O, 20 avqust 2022-ci il tarixdə saat 22 radələrində bir ədəd “GO” adlı enerji içkisi içmiş və saat 23 radələrində ’“Muravey” markalı motorollerlə yaşadığı evdən Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Aran market” ticarət mərkəzindən siqaret almaq üçün yola çıxmışdır. Lakin onun idarə etdiyi motorollerin ön və arxa fara işıqları olmadığı üçün o, idarə etdiyi nəqliyyat vasitəsini yolun kənarı ilə idarə etmişdir. O, Biləsuvar şəhəri, P.Əliyev küçəsi ilə saat dairəsi istiqamətində hərəkətdə olan zaman, evdən götürdüyü, içərisində məişət tullantıları olan torbanı, həmin küçədə, yolun kənarına qoyulmuş zibil yeşiklərinə atmaq üçün, idarə etdiyi motorelleri saxlamışdır. Bu zaman o, qarşıdan əks istiqamətdə hərəkət edən “Mersedes Benz” markalı avtomobilin gəldiyini görmüşdür. Hadisə yerinə az qalmış, o, “Mersedes Benz” markalı avtomobilin arxasında, eyni istiqamətdə hərəkət edən “VAZ-21011” markalı avtomaşının ötmə əməliyyatı aparmaq üçün, onun hərəkətdə olduğu hərəkət zolağına çıxdığını və sürətini artıraq, “Mersedes Benz” markalı avtomobilini ötüb keçməyə çalışdığını görmüşdür. O, “VAZ-21011” markalı avtomaşınla toqquşmaması üçün idarə etdiyi motorolleri əvvəlcə yolun sağ kənarına çəkməyə, sonra isə özü motorollerdən düşüb qaçmağa çalışsa da, “VAZ-21011” markalı avtomaşın yüksək sürətlə ona doğru hərəkətdə olduğu üçün, hadisədən yayına bilməmiş və həmin avtomobilin sürücüsü nəqliyyat vasitəsinin ön tərəfi ilə onun əyləşdiyi motorollerin qabaq tərəfini vurmuş və o, yerə yıxılaraq xəsarət almışdır. Həmin avtomaşının sürücüsü onun motorolleri ilə toqquşduqdan sonra nəqliyyat vasitəsini saxlamışdır. O, yerdə uzanmış vəziyyətdə olan zaman həmin avtomobildə olan iki nəfər şəxs ona yaxınlaşmışdır. O, həmin şəxsə yalvarıb köməklik göstərmələrini və təcili tibbi yardım çağırmalarını xahiş etmiş, lakin sonuncular hadisə yerindən çıxıb getmişlər. Bundan sonra o, həm sərxoş olduğu üçün, həm də hadisə zamanı aldığı xəsarətlərə görə huşunu itirmiş və yalnız 21 avqust 2022-ci il tarixdə saat 04:00 radələrində Biləsuvar rayon mərkəzi xəstəxanasında həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra özünə gəlmişdir. O, həmin xəstəxanada dörd gün müalicə olunsa da, qıçında olan yaraya infeksiya keçdiyi üçün Təqsirləndirilən şəxs və onun bacısının əri onu Bakı şəhərində yerləşən “Respublika Diaqnostika Mərkəzi” xəstəxanasına aparmışlar. Həmin xəstəxanada onun qıçı və sağ əli əməliyyat olunaraq, mil qoyulmuşdur. O, həmin xəstəxanada da 17 gün müalicə olunduqdan sonra evə buraxılmış və ona müalicəsinə evdə davam etməsi tövsiyə edilsə də, lakin maddi vəziyyəti pis olduğu üçün hadisə zamanı xəsarət almış qıçını tam müalicə etdirə bilməmişdir. Zərərçəkmiş şəxs A.Zərərçəkmiş şəxs həmçinin bildirdi ki, yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi motoroller yolun sağ kənarında dayanmış və hərəkətsiz vəziyyətdə olmuş və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə onun əyləşdiyi motorolleri dayanmış vəziyyətdə vurmuşdur. Hadisə baş verdiyi yerdə yol işıqlandırılmasa da, lakin yaxınlıqda olan mağaza və avtomobil təmiri sexində quraşdırılmış işıq lampaları yandığına görə yol qaranlıq olmamış, həmçinin həmin vaxt o, əl fanarını yandıraraq motorollerin üzərinə qoymuşdur. Buna görə də “VAZ-21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs onu və onun idarə etdiyi motorolleri uzaqdan görmək imkanı olmuşdur. Hadisədən sonra Təqsirləndirilən şəxs ona Şahid1 ilə birlikdə yardım göstərib və yoldan keçən tanımadığı bir şəxsin idarə etdiyi avtomobillə xəstəxanaya yola salmışdır. O, özünə gəldikdən sonra həmyerlisi Şahid5 ona bildirmişdir ki, hadisədən sonra onunla toqquşmuş avtomobilin sürücüsü hadisə yerindən qaçıb yaxınlıqda yerləşən kafeyə getmiş və nəqliyyat vasitəsini həmin kafenin həyətində gizlətmişdir. Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi hadisə zamanı əyləcdən istifadə etməmiş, əksinə, idarə etdiyi avtomobili sağa-sola hərəkət etdirərək onun idarə etdiyi motorolleri vurmuşdur. Onu tanımadığı bir şəxs idarə etdiyi avtomobillə xəstəxanaya aparsa da, o, Təqsirləndirilən şəxs da xəstəxanada olubolmamasını xatırlamır. Bununla belə, qəzadan sonra Təqsirləndirilən şəxs ondan şikayətçi olmamasını xahiş etmiş, bütün müalicəsinə ona kömək göstərəcəyini və həttqa ona yeni motoroller alıb verəcəyini vəd edərək, müalicəsi məqsədi ilə ona bəzi dərmanlar alıb, müəyyən məbləğdə maddi yardımlar etsə də, o, vurulmuş maddi zərəri tam əhatə etməmişdir. Belə ki, o, qıçının və sağ əlinin müalicəsinə 2800 manat məbləğində xərc çəkmiş, habelə hadisə nəticəsində onun motorolleri yararsız hala düşdüyü üçün ona 800 manat məbləğində maddi ziyan dəymişdir. Lakin Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəməsə də, o, həmin şəxsi etdiyi əməlinə görə bağışlayır. Sonda, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ona vurulmuş zərəri tam ödəməsə də, onunla barışıq əldə etməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır və onunla həmin şəxs arasında normal yoldaşlıq münasibətləri vardır. O, 20 avqust 2022-ci il tarixdə saat 22 radələrində, etibarnamə əsasında idarə etdiyi “VAZ-21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Biləsuvar şəhəri, P.Əliyev küçəsində yerləşən “Nəvələrim” kafesinə çay içmək üçün getmişdir. Həmin kafedə olan zaman orada işləyən Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Uğur market” mağazasından çörək almaq istədiyini bildirmiş və bu məqsədlə “VAZ-21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün ona verməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs xahişini geri çevirməyərək, həmin nəqliyyat vasitəsinin açarlarını Təqsirləndirilən şəxs vermişdir. Bundan, təxminən, 10-15 dəqiqə sonra Təqsirləndirilən şəxs həmin avtomobillə kafeyə qayıtmış və yol-nəqliyyat hadisəsi törətdiyini bildirərək nəqliyyat vasitəsini kafenin qarşısında ona təhvil verdikdən sonra hadisə yerinə qayıtmışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış şəxsi taksi avtomobili ilə Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmışdır. Hadisə zamanı xəsarət almış şəxsin vəziyyəti ilə maraqlanmaq üçün o, özü də, az sonra həmin xəstəxanaya getmiş, zərərçəkmiş şəxsin sağ olduğuna əmin olduqdan sonra yaşadığı evə getmişdir. Bundan sonra polis əməkdaşları yol-nəqliyyat hadisəsinin ona məxsus “VAZ-21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla törədildiyini aşkar edərək, onu Biləsuvar rayon polis şöbəsində çağırmışlar. Həmin şöbədə verdiyi izahatda o, yolnəqliyyat hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs da polis şöbəsinə çağrılmış və sonuncu özünün izahatında yol-nəqliyyat hadisəsi törətdiyini etiraf etmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində yalan məlumat verərək, bildirmişdir ki, güya yolnəqliyyat hadisəsi baş verən zaman o da “VAZ-21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşında olmuşdur. Əslində isə hadisə baş verdiyi zaman o, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildə olmamış, hadisənin hansı şəraitdə baş verməsini görməmiş, yalnız hadisədən sonra Təqsirləndirilən şəxs avtomobili ona geri qaytararkən bu barədə xəbər tutmuş və məhz onun polis əməkdaşlarına verdiyi məlumat əsasında hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilərək, həmin şəxs cinayət məsuliyyətinə cəlb edilmişdir. Məhkəmədə şahid kimi dindirilmiş Şahid1 bildirdi ki, o, Zərərçəkmiş şəxs ilə qonşudur. 21 avqust 2022-ci il tarixdə saat 00:00 radələrində, idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Saat dairəsindən” Biləsuvar şəhəri, “Təyyarə meydanı” yaşayış massivində yerləşən yaşadığı evə gedən zaman yolun ortasında “Muravey” markalı motorollerin dayandığını, motorollerin yanında isə Zərərçəkmiş şəxs yerdə uzanmış vəziyyətdə olduğunu görmüşdür. Buna görə də dərhal xəsarət almış şəxsə yaxınlaşaraq, həmin şəxsə yardım etməyə çalışmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs, tanımadığı bir şəxsin idarə etdiyi taksi avtomobili ilə onların yanında dayanmış və o, həmin şəxslərlə birlikdə Zərərçəkmiş şəxs həmin taksi avtomobilinə qoymuşlar. Bundan sonra həmin taksi avtomobili ilə Zərərçəkmiş şəxs xəstəxanaya aparılmışdır. O isə hadisə yerində olan həmyerliləri Şahid5 və sonuncunun arvadı ilə birlikdə, özünün idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə zərərçəkmiş şəxsin yaşadığı evə gedərək, Zərərçəkmiş şəxs arvadına hadisə barədə xəbər vermiş, daha sonra isə Zərərçəkmiş şəxs arvadını Biləsuvar rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Zərərçəkmiş şəxs taksi avtomobili ilə xəstəxanaya aparılması ilə onun zərərçəkmiş şəxsin arvadını xəstəxanaya aparması arasında zaman fərqi təxminən 30-35 dəqiqə təşkil etmişdir. O, Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdıqda, Təqsirləndirilən şəxs orada görməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs taksi avtomobili ilə zərərçəkmişi hadisə yerindən götürüb xəstəxanaya apararkən, yol-nəqliyyat hadisəsinin onun tərəfindən törədilməsini deməmiş və onlar həmin gecə xəstəxanada olduğu müddətdə də hadisənin məhz Təqsirləndirilən şəxs tərəfindən törədildiyini bilməmişlər. O, yol-nəqliyyat hadisəsinin necə baş verdiyini, yaxud da motorollerin başqa bir nəqliyyat vasitəsi ilə hansı şəraitdə toqquşduğunu, habelə o, hadisə yerinə çatarkən “VAZ-21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili və həmin avtomaşının sürücüsünü hadisə yerində görməmişdir. Cinayət işi üzrə şahid kimi dindirilmiş Şahid4 məhkəmədə göstərdi ki, o, mərhum atasına məxsus olan “VAZ-2109” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi kimi fəaliyyət göstərir. 20 avqust 2022-ci il tarixdə saat 22:00 radələrində idarə etdiyi avtomobillə Biləsuvar rayonu, Əsgərabad kəndindən Biləsuvar şəhəri istiqamətində P.Əliyev küçəsi ilə hərəkətdə olan zaman, “Ay işığı” şadlıq sarayının qarşısında, həmyerlisi Təqsirləndirilən şəxs yolda əli ilə işarə edərək avtomobili saxlamasını xahiş etmişdir. Buna görə də o, avtomobili saxlamış və sonuncu avtomobilə əyləşib nəqliyyat vasitəsini hərəkət etdirməsini istəmişdir. Onlar Biləsuvar şəhəri, “Təyyarə meydanı” yaşayış massivində yerləşən “Daş bazarı” deyilən yerin yaxınlığına çatarkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyini ona bildirmiş və avtomaşını saxlamasını ondan xahiş etmişdir. O da avtomobili saxladıqdan sonra sonuncu yerə düşərək yerdə uzanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs qaldırıb avtomobilə yerləşdirməkdə ona kömək etməsini istəmişdir. Onlar başqa bir şəxslə birlikdə həmin xəsarət almış şəxsi idarə etdiyi avtomobilin arxa oturacağına uzatmışlar. Daha sonra onlar həmin şəxsi həmin avtomobillə Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmış və xəstəxananən təcili tibbi yardım şöbəsində xəsarət almış şəxsə həkimlər tibbi yardım göstərmişlər. O isə bundan sonra yaşadığı evə qayıtmışdır. O, həmin yol-nəqliyyat hadisəsinin baş verdiyini görməmişdir. Buna görə də o, həmin hadisənin hansı şəraitdə və kimin təqsiri nəticəsində baş verdiyini bilmir. O, hadisənin baş verdiyi yerə çatdığı zaman “VAZ-21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin orada olub-olmamasına fikir verməmişdir. Şahid5 məhkəmədə göstərdi ki, onunla Zərərçəkmiş şəxs arasında qohumluq əlaqələri vardır. 21 avqust 2022-ci il tarixdə saat 00:10 radələrində arvadı ilə işdən evə qayıtdığı zaman Biləsuvar şəhəri, P.Əliyev küçəsində polis əməkdaşlarının dayandığını görmüşdür. Orada olan şəxslərin sözlərindən başa düşmüşdür ki, Zərərçəkmiş şəxs idarə etdiyi motoroller ilə yol-nəqliyyat hadisəsi törətmişdir. Lakin o, Zərərçəkmiş şəxs hadisə yerində görməmiş, yalnız hadisə yerində toplamış şəxslər vasitəsilə Zərərçəkmiş şəxs qəza nəticəsində xəsarət almasından və xəstəxanaya aparılmasından xəbər tutmuşdur. Bundan sonra o, Şahid1 idarə etdiyi nəqliyyat vasitəsilə zərərçəkmişin yaşadığı ünvana gedərək, Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması barədə sonuncunun arvadına məlumat vermiş və daha sonra Zərərçəkmiş şəxs arvadını Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmışdır. O, yol-nəqliyyat hadisəsini şəxsən görməmişdir və həmin hadisənin hansı şəraitdə baş verdiyini bilmir. 21 avqust 2022-ci il tarixdə Biləsuvar şəhəri, P.Əliyev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi yerinə gələrkən o, zərərçəkmiş şəxsi hadisənin baş verdiyi həmin yerdə görməmişdir və həmin şəxsin kim tərəfindən xəstəxanaya aparılmasından məlumatsızdır. Məhkəmədə şahid kimi dindirilmiş Şahid3 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru kimi çalışır. 21 avqust 2022-ci il tarixdə saat 00:30 radələrində Biləsuvar şəhəri ərazisində xidmətdə olarkən rayon polis şöbəsinin növbətçi hissəsindən ona Biləsuvar şəhəri, P.Əliyev küçəsində yolnəqliyyat hadisəsinin baş verməsi barədə məlumat verilmiş və o, hadisənin baş verdiyi yerə getmişdir. Hadisə yerinə çatan zaman o, yolun hərəkət hissəsində xəsarət almış şəxsə məxsus qan izlərinin olduğunu və “Muravey” markalı motorollerin yolun kənarına çıxarıldığını, habelə hadisə yerində təxminən 15-20 nəfər şəxsin toplaşdığını görmüş, lakin hadisə yerində həmin motorollerlə toqquşmuş digər nəqliyyat vasitəsini görməmişdir. Buna görə də o, ilk olaraq xəsarət almış şəxsin şəxsiyyətini müəyyən etmək və səhhəti ilə maraqlanmaq məqsədilə Biləsuvar rayon mərkəzi xəstəxanasına getmiş və xəstəxananın təcili tibbi yardım şöbəsində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış şəxsin “Muravey” markalı motorollerin sürücüsü Zərərçəkmiş şəxs olduğunu müəyyən etmişdir. Bundan başqa həmin xəstəxanada sonradan adını bildiyi Təqsirləndirilən şəxs xəsarət almış şəxsin xəstəxanaya kim tərəfindən gətirildiyini soruşmuş, həmin şəxs də xəsarət almış şəxsi onun özünün gətirdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs baş vermiş hadisəni kimin törətməsi, hadisəni görüb-görməməsi ilə bağlı sorğu-sual etdikdə sonuncu yol-nəqliyyat hadisənin kim tərəfindən törədilməsindən məlumatının olmadığını və hadisəni görmədiyini bildirmişdir. Bundan sonra o, digər həmkarları ilə birgə “Muravey” markalı motorollerlə toqquşmuş nəqliyyat vasitəsini axtarmağa başlamış və təxminən, 30 dəqiqə sonra Zərərçəkmiş şəxs idarə etdiyi motorollerlə toqquşmuş avtomobilin Biləsuvar şəhəri, P.Əliyev küçəsində yerləşən “Nəvələrim” adlı kafenin həyətində olmasını müəyyən etmiş və həmin nəqliyyat vasitəsini rayon polis şöbəsinin müvəqqəti duracağına yerləşdirmişlər. Sonradan o, yol-nəqliyyat hadisəsi zamanı “VAZ-21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs tərəfindən idarə edildiyini bilmişdir. İşdə olan 21 avqust 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs məxsus olan qan izləri və nəqliyyat vasitələrinin toqquşması nəticəsində yerə tökülmüş “Muravey” markalı motorollerə məxsus hissələr vasitəsilə müəyyən edilmişdir. Hadisə yeri Biləsuvar şəhərindən Təyyarə meydanı yaşayış massivi istiqamətində yerləşir. Həmin hissədə yolda hərəkət iki tərəflidir, sürət həddi 60 km/saatdır. Hadisə baş verən yerdə yol asfalt örtüklüdür, düzdür və qurudur, görmə məsafəsi kifayət qədərdir, yol işıqlandırılmır. Hərəkət zolaqlarının sayı 02 ədəddir. Hadisə baş verən yerdə yol örtüyünün eni 06 metr, hərəkət hissəsinin eni 06 metr, hərəkət zolaqlarının hər birinin eni 03 metrdir. Yolun sol tərəfində 1,5 metr enində torpaq örtüklü ehtiyat hissə vardır, sonra boş sahə yerləşir. Daha sonra isə dəmir materialından çəkilmiş hasar vardır. Yolun sağ tərəfində 1,7 metr enində torpaq örtüklü ehtiyat hissə vardır, daha sonra boş sahə və qeyri-yaşayış sahəsi olan tikililər yerləşir. Zərərçəkmiş şəxs idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan “Muravey” markalı motoroller yolun sol tərəfində yerləşən torpaq sahədə Biləsuvar şəhəri istiqamətində dayanmışdır. “Muravey” markalı motorollerin dövlət qeydiyyat nişanının olmaması, habelə ön və arxa fara işıqlarının yanmaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil isə hadisə yerində aşkar edilməmişdir. Həmin avtomobil hadisə yerinin yaxınlığında yerləşən “Nəvələrim” adlı kafenin həyətində aşkar edilmiş və nəqliyyat vasitəsinin qabaq tərəfinin, dövlət qeydiyyat nişanının əzilmiş vəziyyətdə olması müəyyən edilmişdir. Hadisə yerində tormoz izləri müəyyən olunmamışdur. Hadisə baş verdiyi zaman Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürəti 50 km/saat, Zərərçəkmiş şəxs idarə etdiyi “Muravey” markalı motorollerin sürəti 20 km/saat olmuş, “Muravey” markalı motorollerin sürücüsü Zərərçəkmiş şəxs üçün təhlükə “VAZ-21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkət zolağına çıxdığı an yaranmış, həmin andan toqquşma nöqtəsinə kimi sonuncu idarə etdiyi motorollerlə 20 km/saat sürətlə 08 metr, Təqsirləndirilən şəxs “VAZ-21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə 50 km/saat sürətlə 20 metr məsafə qət etmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsi ekspertizasının 29 noyabr 2022-ci il tarixli 8/3049 nömrəli rəyində göstərilmişdir ki, “VAZ-21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. “Muravey” markalı motorollerin sürücüsü Zərərçəkmiş şəxs nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanı və sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin və 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs “Muravey” markalı motorolleri konstruksiyasında nəzərdə tutulmuş işıq cihazları olmadan və sərxoş vəziyyətdə idarə etdiyinə görə onun hərərkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan 21 avqust 2022-ci il tarixli, 175 və 177 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktlarından görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hadisə baş verən anda orta dərəcəli sərxoşluq vəziyyətində olmuşlar. İş materiallarında olan canlı şəxsin ekspertizasının 30 sentyabr 2022-ci il tarixli, 315 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs “qapalı kəllə-beyin travması, ənsə və sağ baldır nahiyəsinin əzilmiş yaraları, sağ bud sümüyünün kondilusunun metafızar sınığı, sağ əlin İİ daraq sümüklərinin sınığı” əmələ gəlmə müddəti 20 avqust 2022-ci il tarixə uyğun gəlir və avtoqəza nəticəsində törənə bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşdə olan 21 oktyabr 2022-ci il tarixli, Biləsuvar rayon polis şöbəsinin raportundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin məlumatına əsasən Təqsirləndirilən şəxs “VAZ- 21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnaməsi olmamış, həmin nəqliyyat vasitəsi qeydiyyat şəhadətnaməsinə əsasən Neftçala şəhəri, Lermontov küçəsində qeydiyyatda olan Ağalarov Miryusif Məşədimirzeynal oğluna məxsus olmuşdur. Həmin avtomobilin etibarnaməsi 24 avqust 2011-ci il tarixdən 17 may 2030-cu il tarixədək Biləsuvar şəhəri, C.Hüseynov küçəsi 21 nömrəli evdə yaşayan yaşayan Məmmədov Oktay Səfər oğluna verilmişdir. O cümlədən Zərərçəkmiş şəxs idarə etdiyi “Muravey” markalı motorollerin dövlət qeydiyyat nişanı olmamış və sonuncunun həmin nəqliyyat vasitəsini idarə etmək üçün qeydiyyat şəhadətnaməsi, etibarnaməsi, sürücülük vəsiqəsi olmamışdır. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon mərkəzi xəstəxanasının 02 mart 2023-cü il tarixli, 491 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon mərkəzi xəstəxanasında “şəkərli diabetin İİ tip ağır forması, diabetik polineyropatiya və diabetik nefropatiya” diaqnozu ilə dispanser qeydiyyatındadır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, cinayət işinin məhkəmə baxışı zamanı, iş üzrə toplanmış sübutların tədqiqi zamanı müəyyən edildi ki, yol-nəqliyyat hadisəsi Təqsirləndirilən şəxs tərəfindən, sərxoş vəziyyətdə və etibarnaməsi olmadan idarə etdiyi “VAZ-21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş, hadisədən sonra Təqsirləndirilən şəxs hadisə yerini tərk edərək, “VAZ-21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili işlədiyi kafeyə aparıb yerləşdirdikdən sonra təkrarən hadisə yerinə qayıtmış və yalnız bundan sonra, yol-nəqliyyat hadisəsi zamanı az ağır xəsarətlər almış Zərərçəkmiş şəxs, başqa bir taksi avtomobili ilə Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmışdır. Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsinin onun tərəfindən törədilməsi barədə nə Biləsuvar rayon mərkəzi xəstəxanasına, nə hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyini müəyyən etmək üçün həmin xəstəxanaya gəlmiş və bu məqsədlə onu sorğu etmiş Biləsuvar rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoruna, nə də zərərçəkmişin özünə və ya yaxınlarına heç bir məlumat verməmişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi təhqiqat orqanı tərəfindən yalnız həmin hadisənin “VAZ-21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə törədilməsi və həmin avtomaşının Şahid2 etibarnamə üzrə sahibliyində olması müəyyən edildikdən və Şahid2 ilkin izahatı alındıqdan sonra müəyyən edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli qərarına görə CM-in 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yolnəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Bununla da, yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulmuş zərərçəkmiş şəxsə yol-nəqliyyat vasitəsini idarə edən şəxs barəsində dərhal düzgün məlumatı əldə etmək imkanı verilir. Müvafiq olaraq, cinayət qanununun həmin müddəası yol-nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanımaq və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirmək üçün lazımi məlumatları bildirsin. Belə məlumatlar sağlamlığına zərər vurulmuş şəxsə, bu mümkün olmadıqda isə, onun maraqlarını təmin edəcək digər şəxsə verilməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən müraciətdə göstərildiyi kimi, zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması da onu öz şəxsiyyəti barədə məlumatları bu və ya digər vasitə ilə zərərçəkmiş şəxsə (tərəfə) çatdırmaq öhdəliyindən azad etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Yalnız həmin öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onu da nəzərə alır ki, yolnəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs xarici işıq cihazları işləməyən “Muravey” markalı motorolleri «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin, 33-cü maddəsinin 4-cü hissəsinin 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozmaqla, etibarnaməsi və sürücülük vəsiqəsi olmadan, sərxoş vəziyyətdə idarə etmişdir. Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə qəsdən böyük ictimai təhlükə törətməyən və ehtiyatsızlıqdan az ağır cinayətlər törətməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri qismən aradan qaldıraraq zərərçəkmiş şəxslə barışıq əldə etməsini, yol-nəqliyyat hadisəsindən sonra idarə etdiyi nəqliyyat vasitəsi ilə hadisə yerini tərk etsə də, sonradan geri qayıdaraq zərərçəkmiş şəxsi xəstəxanaya aparmasını, Birinci Qarabağ müharibəsi iştirakçısı olmasını və “şəkərli diabetin İİ tip ağır forması, diabetik polineyropatiya və diabetik nefropatiya” xəstəliyindən əziyyət çəkməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 41.1-ci maddəsinin tələbinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilmiş məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Avropa İnsan Hüquqları Məhkəməsi isə özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; De Cubber Belçikaya qarşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) ədalətin bərpasını belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 60.1-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında həmin cinayət üçün üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cərimə cəzasının cəzanın məqsədlərinə nail olmayacağını və sonuncunun həmin cərimə cəzasını ödəyəcək maddi imkanının olmamasını, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə 5 ilədək müəddətə təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarının məntəqə tipli cəzaçəkmə müəssisəslərində çəkilməli olduğunu nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunacağı təqdirdə də cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin sanksiyasında həmin cinayətə görə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur. Məhkəmə hesab edir ki, Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə qəsdən böyük ictimai təhlükə törətməyən və ehtiyatsızlıqdan az ağır cinayətlər törətməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri qismən aradan qaldıraraq zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Birinci Qarabağ müharibəsi iştirakçısı olmasını və “şəkərli diabetin İİ tip ağır forması, diabetik polineyropatiya və diabetik nefropatiya” xəstəliyindən əziyyət çəkməsini, habelə yolnəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etsə də, sonradan təkrarən hadisənin baş verdiyi yerə qayıtmasını və avtoqəza nəticəsində xəsarət almış Zərərçəkmiş şəxs başqa bir avtomaşınla xəstəxanaya aparmasını nəzərə alaraq, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə nəzərdə tutulmuş cəzanın məqsədlərinə Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə də nail olmaq mümükündür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təyin edilən cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, törədilmiş cinayətin xarakterini, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, habelə onun əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın və Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunmasını qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edərkən azadlığın məhdudlaşdırılması cəzasının 2 günü 1 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyun 2013cü il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin mənasına uyğun olaraq, şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasının çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 128 manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri qətimkan tədbirinin məqsədlərini təmin etdiyini nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 1 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2, 66.4 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza 2 (iki) günə 1 (bir) gün hesabı ilə azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla, cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 2 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci qismində 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-54/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-54/2023
11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver