Məhkəmə qərarları › İş №1(022)-54/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-54/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-54/2024 02.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X7 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1969-cu il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən 196 nömrəli evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan xeyli miqdarda -10,181 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 25 dekabr 2023-cü il tarixdə, saat 00:30-da Biləsuvar şəhəri, M.Ə.Sabir küçəsində yerləşən X1 məxsus 4 nömrəli evin qarşısında piyada hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə qurudulmuş marixuana bir ədəd gümüşü rəngli bükümdə olmaqla, əynindəki gödəkçənin sağ sinə cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən 196 nömrəli evdə qeydiyyatda olmaqla yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. O, uzun müddətdir ki, narkotik vasitə istehlak etsə də, indiyə qədər həmin əməlinə görə məhkum olunmamışdır. O, sonuncu dəfə 22 dekabr 2023-cü il tarixdə, günorta saatlarında Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşdirilmiş urnanın yanında, yerdən bir ədəd gümüşü rəngli büküm tapmış və həmin bükülünü açıb baxdığı zaman içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. O, həmin bükümü sonradan istehlak etmək məqsədi ilə üzərində saxlamışdır. O, 24 dekabr 2023-cü il tarixdə, saat 23 radələrində qohumu X2 yaşadığı Biləsuvar şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 4 nömrəli evə getmiş və orada tanışı X3 da görmüşdür. O, evdə həmin şəxslərlə söhbət etdikdən sonra E.M.Əhmədov onu və A.Q.Abdullayevi darvazaya qədər ötürmüşdür. Lakin onlar gecə saat 00:30-da Biləsuvar şəhəri, M.Ə.Sabir küçəsində piyada hərəkətdə olduqları zaman polis əməkdaşları onları saxlamış və yaxınlaşıb özlərini təqdim etmişlər. Polis nəfərləri gəlişlərinin səbəbini izah etdikdən sonra onları Biləsuvar rayon polis şöbəsinə dəvət etmişlər. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında video çəkiliş aparılmaqla, vəkilin iştirakı ilə, onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. O da əynindəki şalvarının sağ yan cibində saxladığı, içində narkotik vasitə qurudulmuş marixuana olan həmin sellofan bükümü çıxarıb, polis əməkdaşlarına təqdim edərək, narkotik vasitə istehlakçısı olduğunu, bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin bükümü 22 dekabr 2023-cü il tarixdə, günorta saatlarında Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşdirilmiş urnanın yanında, yerdən tapdığını və bədənində ağrılar olduğu zaman istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üzərinə baxış keçirilmiş, lakin dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, eyni zamanda onun üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Tərtib olunmuş protokol ona ucadan oxunmuş, protokol və onun üzərinə şəxsi axtarış keçirildiyi zaman aşkar edilmiş əşyaların qablaşdırıldığı zərfin üzəri o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Onun üzərində daşıdığı nakotik vasitə qurudulmuş marixuanani satmaq məqsədi olmamışdır. Həmçinin o bildirdi ki, onun A.Q.Abdullayevin üzərində narkotik vasitə olduğundan xəbəri olmamışdır. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin nakotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Biləsuvar rayon sakini X2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Biləsuvar rayon Məhkəməsinin icraatında olduğu müddətdə sonuncu məhkəmədən qaçıb gizləndiyi üçün həmin şəxs barəsində məhkəmənin 01 noyabr 2023-cü il tarixli qərarla axtarış elan edilmişdir. Həmin qərar icra edilməsi üçün Biləsuvar rayon polis şöbəsinə göndərilmişdir. 24 dekabr 2023-cü il tarixdə E.M.Əhmədovun yaşadığı Biləsuvar şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 4 nömrəli evdə gizləndiyi barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş və polis əməkdaşları həmin şəxsi tutub məhkəməyə təhvil vermək məqsədi ilə 25 dekabr 2023-cü il tarixdə, saat 00:30 radələrində sonuncunun evinə yola düşmüşlər. Onlar həmin ünvana çatdıqları vaxt E.M.Əhmədovun iki nəfər şəxsi - Təqsirləndirilən şəxs və A.Q.Abdullayevi darvazdan ötürdüyünü müşahidə etmişlər və E.M.Əhmədov onlar görən kimi dərhal qaçaraq gözdən itmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs və A.Q.Abdullayevə yaxınlaraq, E.M.Əhmədovun axtarışda olduğu barədə məlumat vermişlər. Lakin həmin şəxslər özlərini şübhəli apardıqlarına görə saxlanılmış və Biləsuvar rayon polis şöbəsinə gətirilmişlər. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında, vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ sinə cibindən bir ədəd gümüşü rəngli bükümü çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin bükülünün içərisinə baxılarkən orada, həqiqətən də, rəngindən və digər əlamətlərindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən edilmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 12,34 qram olmuşdur. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Sonda şəxsi axtarış və baxış keçirilməsinə dair protokollar tərtib olunaraq iştirakçılara oxunmuş, protokollar baxış iştirakçıları tərəfindən imzalanmışdır. İş üzrə şahid kimi dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşıları Şahid4 və Şahid2 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq, xeyli miqdarda - 10,181 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşıdığını, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 25 dekabr 2023-cü il tarixdə, saat 00:30-da Biləsuvar şəhəri, M.Ə.Sabir küçəsində yerləşən X1 məxsus 4 nömrəli evin qarşısında piyada hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirildiyini və üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə qurudulmuş marixuananın bir ədəd sellofan bükümündə olmaqla gödəkçənin sağ sinə cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdilər. İş materiallarında olan şəxsi axtarış və maddi sübutun götürülməsi barədə 25 dekabr 2023-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində döviyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik maddə vardırsa, könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, o, həmin bükülünü 22 dekabr 2023-cü il tarixdə, günorta saatlarında Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşdirilmiş urnanın yanında, yerdən tapmış və bədənində ağrılar olduğu zaman istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə ayrı-ayrılıqda 12,34 qram olması məlum olmuşdur. Həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olan büküm zərfə qoyulub qablaşdırılaraq 61 nömrəli möhürü ilə möhürlənmişdir. İşdə olan məhkəmə-fiziki-kimyəvi ekspertizasının 25 dekabr 2023-cü il tarixli, 19/1064saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün qablaşdırıldığı zərf...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, - 10,181 qram olan maddə bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi -10,181 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş, qalıq 10,081 qram qalmışdır. İş materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 28 dekabr 2023-cü il tarixli, 1120 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının» İ siyahısının 12-ci bəndinin «a» yarımbəndinin tələbinə görə qurudulmuş marixuananın şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xatarkterizə olunan şəxsiyyətini, məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 dekabr 2023-cü il tarixdə, saat 00:30-da şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 26 dekabr 2023-cü il tarixdə, saat 17:00-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 28 dekabr 2023-cü il tarixli, 1120 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 10,081 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları və həmin şəxsin məhkəməyədək icraat dövründə barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 2 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 10,081 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar