Məhkəmə qərarları › İş №1(022)-55/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-55/2024

05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-55/2024 05.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Biləsuvar rayonu Günəşli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu Günəşli kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 26 yanvar 2024-cü il tarixdə saat 09 radələrində qardaşı Şahid yaşadığı Biləsuvar rayonu Günəşli kəndində yerləşən evinə daxil olub oradan sonuncunun arvadı Zərərçəkmiş şəxs məxsus 583 əyarda, 4,68 qram çəkidə, 398 (üç yüz doxsan səkkiz) manat dəyərində 1 (bir) ədəd tac formasında olan qızıl üzüyü, 585 əyarda, 1,84 qram çəkidə, 156 (bir yüz əlli altı) manat dəyərində 1 (bir) ədəd üzərində ağ rəngli qaşları olan qızıl üzüyü, 583 əyarda 3,68 qram çəkidə, 313 (üç yüz on üç) manat dəyərində 1 (bir) ədəd üzərində yaşıl rəngli qaşları olan qızıl üzüyü, 585 əyarda, 2,85 qram çəkidə, 242 (iki yüz qırx iki) manat dəyərində 1 (bir) cüt üzərində ağ rəngli qaşları olan qızıl sırğanı, 583 əyarda, 14,44 qram çəkidə, 1227 (bir min iki yüz iyirmi yeddi) manat dəyərində üzərində ağ rəngli qaşları olan 1 (bir) ədəd qızıl bilərziyi və 583 əyarda, 15,34 qram çəkidə, 1304 (bir min üç yüz dörd) manat dəyərində üzərində ağ rəngli qaşları olan qızıl kolyeni gizli talayaraq ümumilikdə zərərçəkmiş şəxsə 3640 (üç min altı yüz qırx) manat məbləğində ziyan vurmaqla oğurlamışdır. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, barəsində DİN-nin 102 xidməti zəng mərkəzinə və Biləsuvar RPŞ-nin Səmədabad PB-nə müraciət edən Şahid onun doğma böyük qardaşıdır. O, 2015-ci ilin sentyabr ayının 15-dən Biləsuvar rayonu Nərimankənd kənd sakini X4 ilə ailəlidir. Onların birgə nikahlarından 1 azyaşlı övladları vardır. 2021 -ci ilin oktyabr ayında ailəsini də götürərək Bakı şəhərinə getmişdir. Belə ki. getdikdən sonra Bakı şəhərində "xxxx" MMC şirkətində sifarişlərin qəbulu və çatdırılması işi ilə məşğul olmuşdur. 2022-ci ilin iyun ayında həmin işdən çıxaraq tikinti işlərində fəhlə kimi işləməyə başlamışdır. Həmçinin arvadı Minurə Əzimova da restoranlarda aşpaz işləmişdir. Bu zaman arada o, ailəsi ilə ata evinə, yəni Biləsuvar rayonu Günəşli kəndində yerləşən ata evinə gəlmişdir. Gələn zaman valideynləri qalan ikinci evdə qalırmışlar. Həmin evdə atası Ədilağa Əzimov, anası Sofiya Əmənova və azyaşlı bacısı oğlu X8 yaşayırlar. Həmçinin qardaşı Şahid ailəsi də onlarla birlikdə yemək yeyir, günün əksər saatlarını yardımçı evdə olurlar. O, 2023-cü ilin oktyabr ayında arvadı Minurə Əzimovanın mobil telefonunda tanımadığı bir şəxslə yazışmasını görmüş və bundan sonra aralarında qısqanclıq zəmnində mübahisələr başlamışdır. Bunun nəticəsi olaraq 2023-cü ilin oktyabr ayının axırlarında o, arvadı və qızını Bakı şəhərində qoyaraq Biləsuvar rayonu Günəşli kəndində yaşayan valideynlərinin yanına gəlmişdir. Valideynləri ilə 15 günə yaxın qaldıqdan sonra yeni iş tapdığı üçün Bakı şəhərinə geri qayıtmışdır. Yenidən fəhlə kimi işləmiş və iş yoldaşları ilə birlikdə yeni tutduğu kirayə evdə yaşamışdır. Bundan sonra arvadı Minurə Əzimova boşanmaq üçün mediasiyaya müraciət etmişdir. Onun ailəsindən ayrılmasından sonra psixi durumu və maddi vəziyyəti pisləşmişdir. 25 yanvar 2024-cü il tarixdə Bakı şəhərindən çıxmış və saat 20 radələrində atası evinə çatmışdır. O, həyətə çatan kimi doğulduğu və böyüdüyü, hazırda qardaşı Şahid ailəsi yaşayan evə girmişdir. Bu zaman qardaşının ailə üzvləri aşağıdakı evdə olmuşlar. O, əvvəllər öz ailəsi ilə yaşadığı otağa girib təxminən yarım saata yaxın oturmuşdur. Həmin yarım saat ərzində toy şəkillərinə baxmış, bir qədər düşündükdən sonra evdən çıxıb valideynlərinin yanına getmişdir. Onun qardaşı və ailəsi də valideynləri ilə birlikdə televizora baxırmışlar. O, evdəkilərlə görüşüb bir qədər söhbət etmiş, daha sonra yemək yemişdir. Bir qədər sonra valideynləri ilə birlikdə yatmışdır. 26 yanvar 2024-cü il tarixdə saat 09 radələrində yuxudan oyanmışdır. Bu zaman evdə valideynləri olmuşdur. O, oyandıqdan sonra səhər yeməyi yemişdir. Daha sonra qardaşının yaşadığı evə girmişdir. Bu zaman qardaşının arvadı Məleykə aşağıdakı evdə olmuşdur. O. otaqları axtaran zaman istifadə edilməyən otaqda çamadan görmüşdür. Həmin çamadanı əli ilə kilid hissəsini qopararaq açmışdır. Bundan sonra çamadanın içərisində mücrü olmasını, həmin mücrünün içərisində qızıl-zinət əşyaları olmasını görmüşdür. O, həmin qızılları şalvarının cibinə qoymuş və çamadanı yerinə qoyaraq evdən çıxmışdır. Bundan sonra aşağı düşmüşdür. Bir qədər evdə oturmuş, çay içmişdir. Daha sonra evdən çıxaraq kənd ərazisinə getmiş, oradan da avtobusa minərək Biləsuvar şəhəri M.İbrahimov küçəsində yerləşən Mərkəzi bazara getmişdir. Bazarın qarşısında yerləşən adını sonradan öyrəndiyi ilham adlı şəxsin qızıl dükanına daxil olmuşdur. O, qızıl dükanına girməzdən əvvəl qızıllara baxmış və 3 ədəd qızıl üzüyü satmaq üçün ayırmışdır. Dükanda 3 ədəd üzüyü təqdim elmişdir. Satıcı üzüklərə baxıb yoxlamışdır. Daha sonra hesablayaraq 3 ədəd 585 əyarlıq üzüklərə görə ona 360 manat verə biləcəyini demişdir. O, satıcı ilə razılaşmış və 360 manat pulu alaraq 3 ədəd qızıl üzüyü satmışdır. Bu zaman şəxsiyyət vəsiqəsini satıcıya təqdim etmiş, qızılların özünə məxsus olmasını demiş və azyaşlı uşağının müalicəsi ilə əlaqədar olaraq ehtiyacı olduğuna görə satdığını demişdir. O, qızıl dükanından çıxandan sonra digər qızılları yerinə qoymaq fikrinə düşmüş və evə qayıtmışdır. O, evə qayıdanda qardaşı arvadı Məleykə atası evinə getmişdir. Lakin evə çatdıqdan sonra qızılları yerinə qoymaq fikrindən daşınmış və təkrar həmin dükana qayıtmışdır. Bu dəfə dükana taksi ilə getmişdir. Yenidən satıcıya yaxınlaşaraq qalan 1 cüt sırğa, 1 ədəd qolbaq və 1 sep üçün klonu satmaq üçün təqdim etmişdir. Bu dəfə də satıcı ondan şəxsiyyət vəsiqəsini istəmişdir Yenə də qızılları yoxlayaraq hesablamış və ona 1950 manat pul vermişdir. O. qızılları verərək 1950 manat pulu almış və dükandan çıxmışdır. Bundan sonra yenə evə qayıtmışdır. Evdə çay içdikdən sonra yenidən evdən çıxmışdır. Saat 17 radələrində kənd ərazisində avtobusa minərək Biləsuvar şəhəri H.Əliyev küçəsincə yerləşən “Saat dairəsi’də avtobusdan düşmüş və piyada Bakı şəhərinə gedən taksilərə doğru getmişdir. Taksilərin dayandığı yerdə taksilərdən birinə minərək Bakı şəhərinə getmişdir. Bakı şəhərinə çatdıqdan sonra 20 Yanvar ərazisində köşklərdən birindən spirtli içki “GO” alaraq içmişdir. Bundan sonra spirtli içkinin təsirində həmin ərazinin yaxınlığında yerləşən kirayə qaldığı evə getmişdir. Daha sonra evin kirayə haqqı olan 95 manat pulu ödəmişdir. Bundan sonra taksi ilə Sumqayıt şəhərinə gedən yolda yerləşən kafelərdən birində işləyən Samirə adlı şəxslə görüşmək üçün həmin yerə getmişdir. Həmin kafedə o, əyləşərək yeyib-içmişdir. O, sərxoş vəziyyətdə olduğu üçün üzərində olan pulları hara və nəyə xərclədiyini xatırlamır.O, həmin puldan 1110 manatını xərcləmiş, qalan 1200 manat pulu saxlamışdır. Tanışlarından biri onu hərbi hissəyə müddətdən artıq hərbi qulluqçu kimi işə düzəldə biləcəyini dediyi üçün o, pul əldə etmək üçün oğurluğ əməlini törətmişdir. O, oğurluq etməzdən əvvəl həmin qızılların yerini bilməmişdir. Bir qədər axtardıqdan sonra həmin qızılları tapmışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, dəymiş ziyanı tam şəkildə ödədiyini və zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 27 yanvar 2024-cü il tarixdə DİN-nin 102 xidməti zəng mərkəzinə və Biləsuvar RPŞ-nə müraciət edən Şahid onun əridir. Onlar 01 sentyabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından 2 azyaşlı övladları vardır. Onların yaşadığı evin həyətində yardımçı ev də vardır. Belə ki. həyətdə olan yardımçı evdə qaynatası X3, anası X5 və azyaşlı baldızı oğlu X8 yaşayır. Digər böyük evdə isə o, əri Şahid və 2 azyaşlı övladı ilə yaşayır. Qaynı Təqsirləndirilən şəxs ailəlidir. 1 azyaşlı qız övladı vardır. Nicatın daimi yaşadığı yer onların evi olsa da sonuncu, işi ilə əlaqədar ailəsi ilə birlikdə Bakı şəhəri Nərimanov rayonunda kirayə evdə yaşayır. Biləsuvar rayonuna gələndə isə valideynləri ilə eyni evdə qalır. Nicatla əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Nicat təxminən 1 aya yaxındır ki, ailədaxili problem yaşayır və arvadı Minurə Əzimova ilə boşanma ərəfəsindədir. 25 yanvar 2024-cü il tarixdə saat 20 radələrində onlar qaynatasıgilin qaldığı evdə şam yeməyi yeyən zaman Nicatın onlar qalan evdən düşdüyünü görmüşdür. Nicat onların yemək yediyi yerə gəlmişdir. Bu zaman Nicat “işimiz dayanıb, ona görə gəldim, 1-ci gün işə qayıdacam” sözlərini demişdir. Daha sonra yemək yemişdir. Onlar daha sonra öz yaşadığı evə getmişlər. 26 yanvar 2024-cü il tarixdə saat 15 radələrində o, Biləsuvar rayonu İsmətli kəndində yerləşən ata evinə getmişdir. O, atasıgilə gedənə qədər Nicat 1 dəfə evdən çıxıb sonra geri qayıtmışdır. O, evdən çıxaraq atasıgilə gedən zaman Nicat evdə olmuşdur. O, 26 yanvar 2024-cü il tarixdə atasıgildə qalmışdır. 27 yanvar 2024-cü il tarixdə saat 10:30 radələrində əri Elçin ona zəng edərək “sənin qızılların haradadır?” sözlərini demişdir. O Elçinə qızıllarının evdə otağın içində sənədlərin qoyulduğu çamadanda olduğunu demişdir. Elçin onunla telefonda danışa-danışa çamadana baxmışdır. Elçin əvvəlcə çamadanın kodunu soruşsa da daha sonra çamadanın kodunun açılmasını demişdir. Belə ki, o çamadana 067 saylı kod qoymuşdur. Elçin çamadana baxandan sonra ona çamadanın içərisində mücrüdə olan qızılların yerində olmamasını demişdir. Belə ki, çamadanın içində olan mücrünün içərisindəki 7 (yeddi) ədəd qızıl-zinət əşyasının (1 cüt sırğa, 3 ədəd üzük, 1 ədəd və 1 ədəd sep üçün klon) olmuşdur. Həmin qızıllardan 1 ədəd yaşıl rəngli qaşı olan üzüyü mərhum atası Pənah Cəbrayılov ona toy hədiyyəsi olaraq toydan sonra almışdır. Digər qızılları isə toydan əvvəl əri Şahid ailəsi tərəfindən ona verilmiş qızıllar olmuşdur. O. həmin qızılları toy və ya digər şən məclislərə gedəndə istifadə edir, taxmadığı vaxtlarda isə evdə otaqlardan birində çamadanda saxlayırmış. Həmin qızıl-zinət əşyalarının qiymətini dəqiq bilmir. Həmin çamadanda olan qızıl-zinət əşyalarının hamısı ona məxsusdur. Həmin qızıl- zinət əşyalarından 1 cüt sırğa və 1 ədəd ağ qaşlı üzüyün 585 əyarlı olmasını bilsə də, digərlərinin neçə əyarlı olmasını bilməmişdir. Sonda Zərərçəkmiş şəxs ona vurulmuş zərərin Təqsirləndirilən şəxs tərəfindən ödənildiyinə görə onunla barışdığını, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını və ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. Onun təqsiri, özünün etirafedici, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmə iclasında dindirilmiş Şahid izahatında göstərmişdir ki, 27 yanvar 2024-cü il tarixdə DİN-nin 102 xidməti zəng mərkəzinə və Biləsuvar RPŞ-nə o, müraciət etmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun doğma kiçik qardaşıdır. Sonuncu onunla eyni ünvanda yaşayır. Onlara məxsus həyətdə 2 ev vardır. Belə ki, həyətdə olan yardımçı evdə atası X3, anası X5 və azyaşlı bacısı oğlu X8 yaşayır. Digər böyük evdə isə o, arvadı Zərərçəkmiş şəxs və 2 azyaşlı oğlu ilə yaşayır. Qardaşı Təqsirləndirilən şəxs ailəlidir, 1 azyaşlı qız övladı vaıdır. Nicatın daimi yaşadığı yer onların evi olsa da, sonuncu işi ilə əlaqədar ailəsi ilə birlikdə Bakı şəhəri Nərimanov rayonunda kirayə evdə yaşayır. Biləsuvar rayonuna gələndə isə valideynləri ilə eyni evdə qalır. Nicatla əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Hazırda Nicat təxminən 1 aya yaxındır ki, ailədaxili problem yaşayır. Sonuncu arvadı Minurə Əzimova ilə boşanma ərəfəsindədir. 25 yanvar 2024-cü il tarixdə saat 20 radələrində Nicat Bakı şəhərindən evə gəlmişdir. Nicat həmin gün onlarla birlikdə süfrəyə əyləşərək şam yəməyi yemişdir. Daha sonra həyətdə olan yardımçı evdə valideynləri yaşayan evdə yatmışdır. 26 yanvar 2024-cü il tarixdə saat 08 radələrində o, yuxudan oyanan zaman Nicat hələ yatmışdır. Saat 09 radələrində Nicat yuxudan durmuşdur. O, səhər yeməyi yemək üçün ailə üzvləri ilə birlikdə valideynlərinin yanına getmişdir. Bu zaman Nicat bir neçə dəfə onlar yaşayan evə girib-çıxmışdır. Bir neçə saat sonra Nicat Biləsuvar şəhər mərkəzinə getdiyini deyərək evdən çıxmışdır. Bundan sonra arvadı Zərərçəkmiş şəxs Biləsuvar rayonu İsmətli kəndində yerləşən atası evinə getmişdir. O, isə işləmədiyi üçün günün əksər saatlarında evdə olurmuş. Təxminən 2 saat sonra Nicat yenidən evə qayıtmışdır. Həmin gün saat 16 radələrində təkrar evdən çıxmışdır. Gecə saatlarına kimi Nicat evə geri qayıtmamışdır. Belə ki, Nicat mobil telefonun işdə yerə düşməsi səbəbindən nasaz olmasını dediyi üçün onlar Nicata zəng etməmişlər. 27 yanvar 2024-cü il tarixdə səhər saatlarında anasından Nicatın gecə evə gəlib-gəlməməsini soruşanda anası Nicatın evə gəlmədiyini demişdir. Bu zaman o, Nicatın şübhəli hərəkətlərini xatırlamış, ona görə də tez arvadı Məleykəyə zəng edərək qızıllarının yerini soruşmuşdur. Arvadı ona qızıllarının qış aylarında istifadə edilməyən otaqda çamadanda olmasını demişdir. O, həmin otağa daxil olub çamadanı açmışdır. Lakin ona məxsus ümümilikdə 7 (yeddi) ədəd (3 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd qolbaq və 1 ədəd sep üçün klon) qızıl-zinət əşyasının çamadanda olmamasını görmüşdür. Bundan sonra o, həyətə düşərək atası və anasına Nicatın evdən qızılları oğurlamasını demişdir. Daha sonra Nicata məxsus mobil nömrəyə bir neçə dəfə zəng vursa da, sonuncunun nömrəsinə zəng çatmamışdır. Bu səbəbdən o da DİN-nin “102” Xioməti-zəng mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. Həmin qızıllar 2006-cı il tarixdə toyları zamanı ailəsi tərəfindən arvadı Zərərçəkmiş şəxs alınmış qızıllar olmuşdur. Hadisə 26 yanvar 2024-cü il tarixdə arvadı Zərərçəkmiş şəxs evdə olmadığı vaxt ona məxsus Biləsuvar rayonu Günəşli kəndində yerləşən evdə baş vermişdir. Oğurlanmış qızıl-zinət əşyaları arvadı Zərərçəkmiş şəxs məxsusdur. O, həmin əşyaların qiymətini bilmədiyi üçün hadisə nəticəsində dəymiş ziyanı bilməmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla X6 CM-in 177.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməli, onun özünün etirafedici, zərər çəkmiş şəxsin və şahid ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin xx.xx.2024-cü il tarixli 19/90 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən qızıl-zinət əşyalarının orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3640,00 manat müəyyən edilir. Həmin qızılzinət əşyalarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Biləsuvar MRX-dan alınmış xx.xx.2024-cü il tarixli 243 nömrəli məktubda göstərilmişdir ki, Biləsuvar rayonu Günəşli kənd sakini Əzimov X1 RMX-nın Poliklinika şöbəsində Nevroloji kabinetində ruhi-əsəb xəstəliyi üzrə dispanser qeydiyyatında yoxdur. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon İHB-nin Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən təqdim edilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-in 59-cu maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı tam ödəməklə zərərçəkmiş şəxslə barışmasını və himayəsində 1 (bir) nəfər azyaşla övladının (2018-ci il təvəllüdlü X11) olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 177.1-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində islah işləri cəzası növündə cəza təyin edilməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halı nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Habelə, məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ona qazancından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri növündə cəza təyin edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Ekspertiza xərci qismində 50 (əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökm elan olunduğu andan 20 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar