Məhkəmə qərarları › İş №1(022)-56/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-56/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-56/2024 17.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Fizuli rayonu, Kürdlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixli Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin Qərarı ilə xx.xx.2021-ci il tarixli Amnistiya Qərarına əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixli Qaradağ Rayon Məhkəməsinin Qərarı 05 ay 12 gün vaxtından əvvəl şərti azad edilmiş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsənin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə 01 il 05 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, Bakı şəhəri, Qaradağ rayonu, Ümüd qəsəbəsi, bina 2, mənzil 13-də yaşayan, barəsində 09 dekabr 2023-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda -10,899 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 08 dekabr 2023-cü il tarixdə saat 00:35 dəqiqədə cinayətdən xəbərsiz olan X2 idarə etdiyi VAZ-21015 markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən Ələt-Astara yolunun 141-ci kilometrliyində yerləşən “Turist-5” kafesinin yaxınlığında şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmiş və şöbənin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə qurudulmuş marixuana bir ədəd bükümdə -10,899 qram çəkidə olmaqla əynindəki şalvarın sol yan cibində olan şəffaf rəngli sellofan bükülüdə aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ümüd qəsəbəsi bina 2, mənzil 13-də qeydiyyatda olmaqla, yaşayır. O, oğurluq cinayəti etdiyi üçün məsuliyyətə cəlb edilmiş, sonuncu dəfə də 06 may 2022-ci il tarixdə azadlığa çıxmışdır. O, özü narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Hazırda da üzərində narkotik vasitə heroin aşkar edildiyindən Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib cəza çəkir. 07 dekabr 2023-cü il tarixdə saat 09 radələrində o, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində (Primorski) tanımadığı şəxsdən 10 (on) manat müqabilində narkotik vasitə olan marixuananı şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Onun kirvəsi Ədalət Biləsuvar rayonunda yerləşən Cəbrayıl qəsəbəsində yaşayır, o, Ədalətin evinə qonaq getmək üçün taksi axtarmağa başlamışdır. Buna görə də onunla eyni məhəllədə yaşayan X4 zəng vurmuş və sonuncudan Biləsuvar rayonu, Cəbrayıl qəsəbəsinə onu aparıb-gətirməsini xahiş etmişdir. Rahib Məmmədov da onun yanına gəldikdən sonra o, Rahiblə Biləsuvar rayonu, Cəbrayıl qəsəbəsinə gedibgəlməyə 100 (yüz) manat pul müqabilində razılaşmışlar və əvvəlcədən 60 manatını Rahibə vermişdir. 07 dekabr 2023-cü il tarixdə saat 11 radələrində o, X2 idarə etdiyi VAZ- 21015 markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən hərəkətə başlamışdır. Onlar yola çıxan zaman həmin marixuana onun üzərində olmuşdur. Bir neçə saat sonra onlar Cəbrayıl qəsəbəsinə çatmışlar və bütün günü Ədalət adlı şəxsin evində qalmışlar. Daha sonra saat 22 radələrində onlar Cəbrayıl qəsəbəsindən Bakı şəhərinə getmək üçün hərəkətə başlamışlar. Onlar Biləsuvar rayonu, Xırmdandalı kəndi ərazisindən keçən 141-ci km-də yerləşən “Turist-5” kafesinin yaxınlığında Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman polis əməkdaşları Rahib Məmmədova saxla işarəsi vermiş, sonuncu da avtomobili yolun kənarında saxlamışdır. Daha sonra polis əməkdaşları onlara yaxınlaşmış və onları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlayıb, polis əməkdaşlar Biləsuvar RPŞ-nə gətirmişlər. Polis Şöbəsində xidməti otaqların birində hüquqları ona izah olunmuşdur. Sonra da ona öz istəyi ilə hüquqlarını müdafiə etmək ücün X6 vəkil kimi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla polis əməkdaşı ona təklif etmişlər ki, üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa hamısını çıxarıb stolun üstünə qoysun. O da əynindəki şalvarın sol yan cibində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə marixuana olan bükülünü çıxarıb təqdim etmiş və sorğu zamanı həmin bir ədəd bükülünün içərisində özünün istifadə etmək üçün marixuana olmasını və həmin marixuananı 07 dekabr 2023-cü il tarixdə saat 09 radələrində o, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində tanımadığı şəxsdən 10 (on) manat müqabilində şəxsi istifadəsi üçün almasını bildirmişdir. Bundan sonra üzərindən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Onun təqdim etdiyi bir ədəd bükülü elektron tərəzidə çəkildikdən sonra açılıb baxılmışdır. Polis əməkdaşları həmin bükülünün içərisində qurudulmuş marixuanaya bənzər bitki kütləsi olmasını və elekron tərəzidə çəkilən zaman -14,92 qram olması müəyyən edimişdir. Şəxsi axtarış keçirilməsinə dair tərtib edilmiş protokolla tanış olub imzalamışdır. Bundan sonra onun, müdafiəçisi Mehman Mütəllimovun, X2 və onun müdafiəçisi X5 iştirakı ilə Rahib Məmmədovun idarə etdiyi VAZ-21015 markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı həmin avtomobildə heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Avtomobilə baxış keçirilməsinə dair tərtib edilmiş protokolla tanış olub imzalamışdır. O, həmin narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün üzərində saxlamış, onun həmin narkotik vasitə qurudulmuş marixuananı satmaq fikri olmamışdır. Onun ailə üzvlərindən və tanışlarından heç kim narkotik vasitə qurudulmuş marixuananı qəbul etməyi və üzərində daşımağı barədə məlumatları olmamışdır. Onun həmin narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlamığı barədə Rahib Məmmədovun məlumatı olmamışdır. O, narkotik vasitə marixuana aldığı şəxsin kim olmasını bilmir və onunla əvvəlcədən heç bir münasibəti olmamışdır. O, həmin şəxsi instaqram sosial şəbəkəsi vasitəsi ilə tanımışdır.Həmin şəxsin instaqram sosial şəbəkəsində olan adına narkotik vasitələrin açıq-aşkar satışı ilə bağlı elan olmamışdır. Həmin şəxslə o, mobil telefon vasitəsi ilə əlaqə saxlamamış, buna görə də həmin şəxsin mobil telefon nömrəsi yoxdur. Saxlanılan zaman ona qarşı heç bir təziq və təsir göstərilməmişdir. Şəxsi axtarış keçirilməsinə dair tərtib edilmiş protokolla tanış olub imzalamışdır. Hazırda əməlindən peşman olduğunu bildirməklə ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisi və şahidləri dinləyərək iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etiraf edici ifadəsi ilə yanaşı aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon polis şöbəsinin NMQ-nın baş əməliyyat müvəkkili vəzifəsində şləyir, polis baş leytenantı rütbəsindədir. Füzuli rayonu, Kürdlər kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, bina 2, mənzil 13-də yaşayan Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün 07 dekabr 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı rayon polis şöbəsinin, PPXB-nin, polis nəfəri, polis serjantı İsmayıl Ağazadə və Şahid2, RPŞ-nin, DYPB-nin, YPX-nin inspektorları Elvin Ağayev və Orxan Həsənov daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 08 dekabr 2023-cü il tarixdə saat 00:30 radələrində Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan VAZ-21015 markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən “Luk Oil” YDM-nin yaxınlığında əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 5 dəqiqədən sonra Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində keçən 141-ci kilometrliyində yerləşən “Turist-5” kafesinin yaxınlığında saxla işarəsi verilib saxlanılmışdır. Bundan sonra həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs və avtomobilin sürücüsü Rahib Məmmədova gəlişlərinin səbəbini izah etmişlər və onları gəldikləri avtobobillə birlikdə RPŞ-nə dəvət edərək aparmışlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə olması şübhəsi olduğundan bu barədə raportla şöbə rəhbərliyinə məruzə edilmişdir. Tərtib edilmiş raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Həsən Əliyevə həvalə edilmişdir. Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil X6 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Buna görə də vəkil Mehman Mütəllimov dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuşdur. Həmin videoçəkilişi rayon polis şöbəsinin X1 baş inspektoru, polis kapitanı Anar Abduhəlimov kamera ilə qeydə almağa başlamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi başlanılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü təqdim edərək, həmin bükülünün içərisində narkotik vasitə marixuana olmasını və həmin bükülünü 07 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, keçmiş adı Primorski olan Sahil qəsəbəsindən tanımadığı şəxsdən almasını bildirmişdir. Bundan sonra həmin bükülüyə Təqsirləndirilən şəxs iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində həqiqətən də narkotik vasitə marixuanaya bənzər bitki kütləsi olması aşkar olunmuşdur. Həmin bükülü şöbənin elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə -14,92 qram olması məlum olmuşdur. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, müdafiəçisi Mehman Mütəllimov ilə birlikdə həmin protokolla tanış olub protokolu imzalamışdır. O, özü də həmin protokolla tanış olub imzalamışdır. Daha sonra X2 üzərində narkotik vasitə və psixotrop maddə olması şübhəsi olduğuna görə sonuncuya müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. Rahib Məmmədov vəkil siyahısı ilə tanış olduqdan sonra hüquqlarının vəkil X7 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Buna görə də vəkil Əli Hüseynov dəvət edilmişdir. Şəxsi axtarış keçirilməsi üçün videoçəkilişdən istifadə olunmuşdur. Şəxsi axtarış zamanı Rahib Məmmədovun üzərindən narkotik vasitə, psixotrop maddə və ya heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, müdafiəçisi Əli Hüseynov ilə birlikdə həmin protokolla tanış olub imzalamışdır. O, özü də həmin protokolla tanış olub imzalamışdır. Daha sonra Təqsirləndirilən şəxs, müdafiəçisi Mehman Mütəllimovun, Rahib Məmmədovun, müdafiəçisi Əli Hüseynovun və digər polis əməkdaşlarının iştirakı ilə Rahib Məmmədovun idarə etdiyi VAZ-21015 markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilə şöbənin həyətində videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsinə dair tərtib edilmiş protokolla digər iştirakçılar kimi o da tanış olub imzalamışdır. Şahid qismində dindirilmiş Şahid2 işin mahiyyəti üzrə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan Şəxsi axtarış və götürmə barədə 08 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, araşdırma zərurəti ilə əlaqədar olaraq, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxs axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü təqdim edərək, həmin bükülünün içərisində narkotik vasitə marixuana olmasını və həmin bükülünü 07 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, keçmiş adı Primorski olan Sahil qəsəbəsindən tanımadığı şəxsdən almasını bildirmişdir. Bundan sonra həmin bükülüyə Təqsirləndirilən şəxs iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə marixuanaya bənzər bitki kütləsi olması aşkar olunmuşdur. Həmin bükülü şöbənin elektron tərəzisində çəkilmiş və qablaşdırması ilə birlikdə -14,92 qram olması məlum olmuşdur. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, müdafiəçisi Mehman Mütəllimov ilə birlikdə həmin protokolla tanış olub protokolu imzalamışdır. Şəxsi axtarış zamanı «Samsung» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin X3 08 dekabr 2023-cü il tarixli 19/1034 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində « Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü...» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi -10,899 qram olan narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi 10,899 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 10,799 qram. İşdə olan qərara əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 10,899 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın tədqiqatdan sonrakı -10,799 qram qalığı cinayət işi üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 15 dekabr 2023-cü il tarixli 1090 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyinə görə Qaradağ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 02 il 03 ay müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixli Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin Qərarı ilə xx.xx.2021-ci il tarixli Amnistiya Qərarına əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixli Qaradağ rayon məhkəməsinin Qərarı ilə 05 ay, 12 gün vaxtından əvvəl şərti azad olunmuş və məhkumluğu ödənilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ rayon məhkəməsənin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə 01 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 66.5-ci maddəsində göstərilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayəti Qaradağ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən əvvəl, yəni xx.xx.2023-cü il tarixdə törətmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının” 1 siyahısının 12-ci bəndinə görə qurudulmuş marixuana-Kannabisin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qramdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirməsini, hərəkətlərində cinayətin residivinin olmasını, habelə təyin olunacaq cəzanın onun məqsədlərinə nail olunmasında əhəmiyyətini, ailəsinin həyat şəraitinə, habelə onun islah olunması imkanlarına təsirini nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuna uyğun və məqsədə müvafiq hesab edir. İş materiallarında olan 08 dekabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 dekabr 2023-cü il tarixdə saat 01:10-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 09 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 2023-cü il tarixdə saat 15:30-da saxlanılmaqdan azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu müddət təyin ediləcək azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması hərəkətlərində cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. CM-in 18-ci maddəsinin tələbinə görə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Ona görə də, CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzasınını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində CM-nin 65.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən ona hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri, Qaradağ rayon məhkəməsənin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə 01 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilməklə, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, bu iş üzrə hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli 1090 nömrəli rəyinə və CM-in 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 10,799 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (ay) müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona hazırki hökmlə təyin edilmiş 01 (bir) il 06 (ay) müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Qaradağ rayon məhkəməsənin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə 01 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə üzərində 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 dekabr 2023-cü il tarixindən 09 dekabr 2023-cü il tarixinədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlanılma müddəti, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilən cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altımış) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsinin saxlancında saxlanılan və tədqiqatdan sonra qalan 10,799 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar