Məhkəmə qərarları › İş №1(022)-58/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-58/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-58/2023 27.09.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi X4 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1989-cu il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 08 fevral 2023-cü il tarixdə saat 16 radələrində Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndi ərazisindən keçən hissəsində yerləşən “EFES” marketdə satıcı işləyən həmkəndlisi Zərərçəkmiş şəxs iş yerinə getmiş, aralarında yaranmış şəxsi münasibətlər zəminində, yəni sonuncunu onun ünvanına xoşagəlməz ifadələr işlədərək təhqir etməsinə görə aralarında baş vermiş mübahisə zamanı sillə, yumruq və təpik ilə vurub Zərərçəkmiş şəxs "sol qulaq keçəcəyi, sol qaş nahiyəsinin sıyrıqları, sol gözün ağlı qişasına yayılmış qansızma, sol said nahiyəsinin şişkinliyi" ilə nəticələnən xəsarətlər yetirmiş və zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs tanıyır və onlar arasında əvvəllər ədavət və ya düşmənçilik olmamışdır. 08 fevral 2023-cü il tarixdə saat 16 radələrində, Zərərçəkmiş şəxs işlədiyi mağazaya gedərək, ondan nisyə siqaret istəmiş, sonuncu isə ona nisyə siqaret verməkdən imtina etmişdir. Bu zəmində onlar arasında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs onu nalayiq sözlərlə söydüyünə görə Zərərçəkmiş şəxs üz nahiyəsindən əvvəlcə bir sillə vurmuş və marketdən çıxmasını tələb edərək sonuncudan marketin açarlarını almışdır. Bu zaman o, Zərərçəkmiş şəxs təkrar söyüş söydüyü üçün sonuncunun üzərinə gətmiş və bir yumruqla zərərçəkmişin sol gicgah nahiyəsinə zərbə vurmuşdur. Mübahisə baş verdiyi zaman o, Zərərçəkmiş şəxs əyildiyi üçün bir təpik onun alın nahiyəsindən vurmuşdur. Bundan sonra mağazaya müştəri qismində daxil olmuş 2 nəfər tanımadığı şəxs onları ayırmışdır. Onlar arasında mübahisə bitdikdən sonra o, hadisə yerini tərk edərək birbaşa evinə getmişdir. O, həmçinin bildirdi ki, onlar arasında baş vermiş mübahisə, təxminən, 1-2 dəqiqə davam etmiş və həmin dava-dalaşı kənar şəxslər görməmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, o, Biləsuvar rayonunda özünə aid iş tapa bilmədiyinə və Rusiya Federasiyasının Dağıstan Respublikasından ona iş təklifi gəldiyinə görə, 2023-cü ilin mart ayında o, işləmək məqsədilə Dağıstan Respublikasına getmiş və sentyabr ayınadək orada işləmişdir. Buna görə də barəsində axtarış elan olunmasından məlumatsız olmuşdur. Zərərçəkmiş şəxslə barışdığına görə o, güman etmişdir ki, onun barəsində olan cinayət işinin icraatına onun iştirakı olmadan da xitam veriləcəkdir. Lakin o, Rusiya Federasiyasının miqrasiya qanunlarına görə 22 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasına qayıdarkən, o, hava limanında saxlanılmış və barəsində axtarış elan edilməsindən xəbər tutmuşdur. Əgər barəsində ağır cəza təyin olunarsa, o, Rusiya Federasiyasına geri qayıda bilməz və həmin ölkədə tapdığı işi itirəcəkdir. Halbuki, o, həmin işdən əldə etdiyi qazanc hesabına ailəsini və yaşlı valideynlərini dolandırır. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirdiyini və zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, barəsində ittiham irəli sürülmüş şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, Ələt-Astara yolunun, Biləsuvar rayonu Xırmandalı kəndi ərazisindən keçən hissəsində, yolun kənarında yerləşən “EFES” marketdə satıcı işləyir. O, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanımış və iki ilə yaxındır ki, onların münasibəti olmamışdır. 08 fevral 2023-cü il tarixdə, saat 16 radələrində, Təqsirləndirilən şəxs onun işlədiyi mağazaya gəlmiş və ondan nisyə siqaret istəmişdir. Təqsirləndirilən şəxs mağazaya olan əvvəlki nisyə borclarını qaytarmadığına görə o, həmin şəxsə nisyə siqaret verməkdən imtina etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onun ünvanına söyüş söymüş, sillə ilə sifətinin sol tərəfindən vurmuşdur. Onlar arasında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla onun sol qulaq və gicgah nahiyələrinə zərbə vurmuş, o da özünü qorumaq üçün başını aşağı əymiş və həmin vaxt sonuncu təpiklə onun alın nahiyəsindən vuraraq, ona xəsarət yetirmişdir. Bundan sonra o, baş vermiş hadisə ilə bağlı polisə şikayət etmək qərarına gəlmişdir. O,həmçinin bildirdi ki, onlar arasında baş vermiş mübahisə zamanı o, Təqsirləndirilən şəxs vurmamış və həmin vaxt ətrafda kimsə olmadığı üçün onlar arasında baş vermiş dava-dalaşı heç kim görməmişdir. Yalnız sonradan mağazaya müştəri qismində daxil olmuş 2 nəfər tanımadığı şəxs onları ayırmışdır. Sonda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncunun ona dəymiş zərəri ödədiyini nəzərə alaraq, məhkəmədən sonuncu barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan canlı şəxsin ekspertizasının 09 fevral 2023-cü il tarixli, 59 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində “sol qulaq keçəcəyi, sol qaş nahiyəsinin sıyrıqları, sol gözün ağlı qişasına yayılmış qansızma, sol said nahiyəsinin şişkinliyi” xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir. Xəsarətlərin əmələ gəlmə müddəti 08 fevral 2023-cü il tarixə uyğun gəlir və əllə vurulma nəticəsində törənə bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikası CM-nin 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə görə şəxs həmin Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi X1 30 oktyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, 25 avqust 2020ci il tarixdə Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində həmkəndliləri X2 və X3 yüngül xəsarətlər yetirmiş, lakin Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığına və onlara vurulmuş zərəri tamamilə aradan qaldırdığına görə cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsinə görə Biləsuvar rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi A.Ə.Mənsimovun 30 oktyabr 2020-ci il tarixli qərarı ilə həmin Məcəllənin 73-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən əvvəllər 1 dəfə azad olunmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və həmin şəxsə dəymiş ziyanı tamamilə ödəməsi Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edən hal deyil, iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs tərətdiyi əmələ görə səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini məhkəmə onun cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə cərimə növündə cəza təyin edildiyi təqdirdə də təmin edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 1000 (bir min) manat miqdarında cərimə növündə cəza təyin edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar