Məhkəmə qərarları › İş №1(022)-58/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-58/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-58/2024 18.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxx 1966-ci il tarixdə Biləsuvar rayonu, Zəhmətabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, faktiki nikah münasibətində olan, fərdi əməklə məşğul olan, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 22 sentyabr 2006-cı il tarixli, A-0729 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.1, 234.4.2, 234.4.3 və 318.2-ci maddələri ilə, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 08 ay 01 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Biləsuvar rayonu, Zəhmətabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, xeyli miqdarda - 1,075 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 07 iyun 2023-cü il tarixdə, saat 19:40da Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən mərkəzi bazarın yaxınlığında piyada hərəkətdə olduğu vaxt narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə heroin gümüşü rəngli siqaret kağızı bükümündə olmaqla əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi müəssisəsindən azad edildikdən sonra, övladları Bakı şəhərində yaşadıqlarına görə o, arabir Bakı şəhərində yaşasa da, onun daimi yaşayış yeri Biləsuvar rayonu, Zəhmətabad kəndidir. O, azadlığa çıxdıqdan sonra 1-2 il Bakı şəhərində mebel ustası kimi işləmiş və yaşamışdır. Sonradan isə Biləsuvar rayonu, Zəhmətabad kəndinə qayıtmış və valideynlərindən miras qalan torpaq sahəsində əkinçiliklə məşğul olmuş və 7 baş qoyun alaraq, saxlamışdır. 2023-cü ilin əvvəllərində onun tövləsində saxladığı 7 qoyundan birini naməlum şəxslər oğurlandığına görə o, bu barədə Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, məlumat vermişdir. Lakin həmin şikayətin verilməsindən uzun müddət keçsə də, Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən heç bir tədbir görülməmiş, həmin şəxslər əksinə onun öz şikayətini geri götürməsi üçün ona hədə-qorxu gəlmişlər. Buna görə də onun oğlu polis əməkdaşlarının onun şikayətinə biganə yanaşmasından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng etməklə şikayət etmişdir. Bundan sonra Biləsuvar rayon polis şöbəsinin vəzifəli şəxsi ona zəng edərək, onlardan şikayət etdiyi üçün onunla hədə-qorxu ilə danışmışdır. Bundan sonra 07 iyun 2023-cü il tarixdə günortadan sonra, o, özünə məxsus avtomobillə qızı və arvadı ilə birlikdə bazarlıq etmək üçün Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən mərkəzi bazara getmişdir. O, həmin gün saat 16 radələrində bazarlıq etdiyi torbaları idarə etdiyi avtomaşının yük yerinə qoymaq istədiyi vaxt Biləsuvar rayon polis şöbəsinin 3 nəfər əməkdaşı – əməliyyat müvəkkili Şahid1 və digər iki polis əməkdaşı ona yaxınlaşmış və onlarla birlikdə polis şöbəsinə getməsini ondan tələb etmişlər. Həmin vaxt Şahid1 ona məxsus nəqliyyat vasitəsinin açarlarını ondan alaraq digər polis əməkdaşına vermiş, həmin polis əməkdaşı ona məxsus avtomobili Biləsuvar rayon polis şöbəsinə gətirmişdir. O isə əməliyyat müvəkkili Şahid1 idarə etdiyi avtomobilə əyləşdirilərək, Biləsuvar rayon polis şöbəsinə aparılmışdır. Onun polis əməkdaşları tərəfindən tutularaq, Biləsuvar rayon polis şöbəsinə aparılmasından həmin vaxt mağazada olan arvadının və qızının heç bir xəbəri olmamışdır. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında polis əməkdaşları ona çoxsaylı zorakılıq hərəkətləri tətbiq etdikdən sonra əməliyyat müvəkkili Şahid1 ona 1 ədəd büküm təqdim edərək, həmin bükümdəki narkotik vasitənin özünə məxsus olması barədə etirafedici ifadə verməsini ondan tələb etmiş, əks təqdirdə isə yaşadığı evə daha böyük çəkidə narkotik vasitə qoyacağı ilə onu təhdid etmişdir. Bundan sonra isə videoçəkiliş aparılmağa başlanmış və o, çəkiliş zamanı ondan bükümün nə olduğu soruşulduğu vaxt əməkdaşlara “Bilmirəm nə var içində...” məzmununda cavab vermişdir və buna görə də çəkiliş dayandırılmışdır. Bundan sonra polis əməkdaşları onu təkrarən təhdid etməyə davam etdiklərinə görə o, məcbur qalıb həmin bükümü götürmüşdür. Bundan sonra polis əməkdaşları ona məxsus avtomobilə baxış keçirmiş və guya onu avtomobilindən də əlavə olaraq, hər birində 30-35 qram narkotik vasitə olan daha 2 ədəd bükülü aşkar etmişlər. Lakin o, kəskin şəkildə etiraz edərək, ona məxsus avtomobilin polis əməkdaşı tərəfindən idarə edilərək, polis şöbəsinə gətirildiyini və həmin bükümlərin oraya polis əməkdaşları tərəfindən qoyulduğunu bildirərək, bükümləri qəbul etməyəcəyini bildirmişdir. Buna görə də Şahid1 və digər polis əməkdaşları yalnız onun götürdüyü 1 bükülünü şəxsi axtarış və maddi sübutun götürülməsi haqqında protokolla rəsmişləşdirmiş və o da həmin sənədi imzalamışdır. O, cinayət işinin ibtidai istintaqı yekunlaşdırdan sonra cinayət işinin materialları ilə onu tanış etdikləri vaxt qorxduğu üçün həmin protokola imza edərək, iş üzrə heç bir şikayəti olmadığını bildirmişdir. Lakin o, Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən buraxıldıqdan sonra onun qızı Azərbaycan Respublikası Baş Prokurorluğuna Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlərə yol verildiyi və şərləndiyi barədə bir neçə dəfə şikayət etmişdir. Onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmənin icraatında olduğu vaxt, 2023-cü ilin oktyabr ayında, o, Azərbaycan Respubikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən başqa bir cinayət əməlinə görə tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin cinayət işi üzrə də onun heç bir təqsiri yoxdur və o, ondan intiqam almaq istəyən bir İran İslam Respublikasının vətəndaşı tərəfindən şərlənmişdir. Sonda, Təqsirləndirilən şəxs ona istinad edilən cinəyətdə heç bir təqsiri olmadığını bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsi post patrul xidməti bölüyünün polis nəfəri Şahid2 göstərdi ki, 07 iyun 2023-cü il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Biləsuvar rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. O və iş yoldaşı Şahid3 əməliyyat müvəkkili Şahid1 rəhbərlik etdiyi əməliyyat qrupuna daxil edilmişlər. Bundan sonra onlar Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən mərkəzi bazarın yaxınlığında Təqsirləndirilən şəxs, idarə etdiyi avtomobildən düşərək, piyada hərəkətdə olarkən saxlayaraq, Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs əməliyyat müvəkkili Şahid1 idarə etdiyi avtomaşına əyləşdirilərək, Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Xatırladığına görə iş yoldaşı Şahid3 da həmin vaxt Şahid1 idarə etdiyi avtomaşında, Təqsirləndirilən şəxs yanında əyləşmişdir. Təqsirləndirilən şəxs məxsus avtomobili isə, əməliyyat müvəkkili Şahid1 tapşırığı əsasında, o sürərək, Biləsuvar rayon polis şöbəsinə aparmışdır. Biləsuvar rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirildiyi vaxt Təqsirləndirilən şəxs özü bükümü təqdim edərək, içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs məxsus avtomobilə keçirilmiş baxışda da iştirak etmiş, lakin həmin nəqliyyat vasitəsində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış heç bir əşya aşkar edilməmişdir. Həmçinin Şahid2 bildirdi ki, onun tərəfindən və ya onun iştirakı ilə digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunmamış, həmin şəxsin üzərinə baxış keçirilməsindən əvvəl və sonra Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuzluğa yol verilməmiş və şəxsi axtarış cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun keçirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsi post patrul xidməti bölüyünün polis nəfəri Şahid3 göstərdi ki, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 07 iyun 2023-cü il tarixdə, saat 19:40-da Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən mərkəzi bazarın yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. O, əməliyyat qrupunun üzvü kimi Təqsirləndirilən şəxs saxlanılmasında və Biləsuvar rayon polis şöbəsində təqsirləndirilən şəxsin öz üzərinə və həmin şəxsə məxsus avtomaşına baxış keçirilməsində iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində 3 ədəd ayrı-ayrı bükümlərdə olmaqla, heroin, metamfetamin və tiryək aşkar edilmişdir. Əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs əməliyyat müvəkkili Şahid1 idarə etdiyi avtomobilə əyləşdirilərək, Biləsuvar rayon polis şöbəsinə aparılmışdır. O özü da Şahid1 idarə etdiyi avtomobillə polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs məxsus minik avtomaşınını isə əməliyyat müvəkkili Şahid1 tapşırığı əsasında iş yoldaşı Şahid2 idarə edərək, Biləsuvar rayon polis şöbəsinə gətirmişdir. Onun tərəfindən və ya onun iştirakı ilə digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunmamış, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsindən əvvəl və sonra həmin şəxsə qarşı hər hansı qanunsuzluğa yol verilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Biləsuvar rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 07 iyun 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında onun tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, həmin gün saat 19:35-də əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Aran market” ticarət mərkəzindən mərkəzi bazar istiqamətində hərəkətdə olduğu vaxt əməliyyat müşahidəsinə götürülmüşdür. Bundan təxminən beş dəqiqə sonra Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən mərkəzi bazarın yaxınlığında piyada hərəkətdə olduğu zaman onun və digər polis əməkdaşları Şahid3 və Şahid2 tərəfindən saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs, yanında polis əməkdaşı əyləşdirilməsi şərti ilə, özünün idarə etdiyi avtomaşınla Biləsuvar rayon polis şöbəsinə gəlmişdir. Şübhəli şəxs polis şöbəsinə öz avtomobilində gəlmiş və o da idarə etdiyi nəqliyyat vasitəsilə həmin avtomaşını müşayiət etmişdir. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında, vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə heroinin olduğunu bildirmişdir. Həmin bükülünün içərisinə baxılarkən orada, həqiqətən də, rəngindən və digər əlamətlərindən narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Onlar Biləsuvar rayon polis şöbəsində Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinə də qanunvericiliyə uyğun olaraq baxış keçirsələr də, Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşından dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 1,36 qram olmuşdur. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroinə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Biləsuvar rayon polis şöbəsində onun və ya digər əməkdaşlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji şiddət göstərilməmişdir. İş materiallarında olan şəxsi axtarış və maddi sübutun götürülməsi barədə 07 iyun 2023-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində döviyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik maddə vardırsa, könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükülünün içərisindəki narkotik vasitə heroindir, onun özünə məxsusdur və o, həmin narkotik vasitə heroini 07 iyun 2023-cü il tarixdə, saat 12 radələrində Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən mərkəzi bazarın yaxınlığında piyada gəzərkən yerdən tapmış və sonradan istehlak etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə bükümün çəkisinin 1,36 qram olması məlum olmuşdur. Həmin narkotik vasitə heroinə bənzər maddə olan büküm zərfə qoyulub qablaşdırılaraq 61 nömrəli möhürü ilə möhürlənmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının 08 iyun 2023-cü il tarixli, 19/623 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün qablaşdırıldığı zərf...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi - 1,075 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi - 1,075 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 1,025 qram qalmışdır. İş materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 13 iyul 2023-cü il tarixli, 739 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə halları olub, lakin opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən ona qarşı qanunsuzluğa yol verilməsi və Təqsirləndirilən şəxs üzərindən aşlar edilmiş narkotik vasitənin baxış keçirilməsindən əvvəl polis əməkdaşları tərəfindən onun cibinə qoyulması barədə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunduğuna görə özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının» İ siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Cinayətin resdivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 22 sentyabr 2006-cı il tarixli, A-0729 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.1, 234.4.2, 234.4.3 və 318.2-ci maddələri ilə ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 08 ay 01 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, 01 fevral 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanin müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edimiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 56.1 və 56.1.3-cü maddələrinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cinayət işinin hallarini, əməlin ictimai təhlükəliliyini və cinayətin törədilmə üsulunu nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin oluna bilər və buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində, həmin Məcəllənin 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 iyun 2023-cü il tarixdə, saat 19:40-da şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 09 iyun 2023-cü il tarixdə, saat 13:40-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 13 iyul 2023-cü il tarixli, 739 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 1,025 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respubikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin icraatında olan Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirləndirilməsinə dair cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmiş və həmin şəxs hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır. Bununla əlaqədar, məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları, o cümlədən təqsirləndirilən şəxsin hazırda həbsdə olmasını nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 1,025 qram olan narkotik vasitə - heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar