Məhkəmə qərarları › İş №1(022)-58/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-58/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-58/2025 09.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, 12 avqust 1993-cü il tarixdə Biləsuvar rayonu, Ağalıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Ağalıkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 01 mart 2025-ci il tarixdə, saat 18 radələrində arvadı Zərərçəkmiş şəxs yaşadığı Biləsuvar rayonu, Amankənd kəndində yerləşən və sonuncunun atası Şahid2 evin həyətində, arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı həmin şəxsin baş nahiyəsinə sillə və yumruqla, ayaq nahiyyəsinə isə təpiklə bir neçə dəfə vuraraq, ona sol yanaq nahiyəsində şişkinlik, selikli qişasında qansızma və əzilmiş yara ilə nəticələnən xəsarətlər yetirməklə, zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2018-ci ildə el adətinə uyğun olaraq evlənmişdir, lakin onlar faktiki nikahlarını 2019-cu ildə rəsmiləşdirmişlər. Onların birgə nikahından 2 uşaqları doğulmuşdur. O, arvadı Zərərçəkmiş şəxs ilə birlikdə Biləsuvar rayonu, Amankənd kəndində yerləşən və zərərçəkmiş şəxsin valideynlərinə məxsus olan evdə yaşayırlar. 01 mart 2025-ci il tarixdə o, arvadı və uşaqları ilə yaşadığı ünvana getmiş və həmin gün saat 18 radələrində onunla Zərərçəkmiş şəxs arasında mübahisə baş vermişdir. Həmin vaxt o, əsəbiləşərək özündən çıxmış və arvadı Zərərçəkmiş şəxs vurmuşdur. O, bundan sonra sakitləşmiş və etdiyi əməldən peşman olmuşdur. Lakin Zərərçəkmiş şəxs onu bağışlamayaraq, Biləsuvar rayon polis şöbəsinə onun barəsində şikayət etmişdir. Həmçinin o bildirdi ki, sonradan zərərçəkmiş şəxsdən üzr istəyib və ona dəymiş ziyanı aradan qaldıraraq, arvadı ilə barışığa nail olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o və Təqsirləndirilən şəxs artıq 6 ildir ki, evlidirlər və onların birgə nikahlarından 2 uşaqları doğulmuşdur. Onlar Biləsuvar rayonu, Amankənd kəndində yerləşən və onun valideynlərinə məxsus evdə yaşayırlar. Həmin evin həyətində əri onlar üçün kiçik bir yaşayış evi tikməyə başlamış, lakin həmin tikili hələ yekunlaşmamışdır. 01 mart 2025-ci il tarixdə, saat 17 radələrində, yaşadıqları evdə olarkən, əri Təqsirləndirilən şəxs ona həyətdə olan yarımtikilini sökəcəyini demiş və buna görə də o, sonuncuya öz etirazını bildirmişdir. Həmin vaxt onlar arasında münaqişə baş vermiş və Təqsirləndirilən şəxs onun sifət və baş nahiyələrinə yumruqla, sağ ayağına isə təpiklə bir neçə dəfə zərbə endirmişdir. O, bundan sonra ərinin onu döyməsi barədə valideynlərinə məlumat vermiş və atası Şahid2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək, Təqsirləndirilən şəxs barəsində hüquqmühafizə orqanlarına şikayət etmişdir. Lakin sonradan əri Təqsirləndirilən şəxs ondan üzr istəyərək, onunla barışıq əldə etmişdir. Hazırla onlar birlikdə eyni evdə yaşayırlar. Məhkəmədə Təqsirləndirilən şəxs vəsatət verərək, böyük ictimai təhlükə törətməyən cinayət törətdiyinə, zərərçəkmişə vurulmuş zərəri aradan qaldırdığına və zərərçəkmişlə barışıq əldə etdiyinə görə onu cinayət məsuliyyətindən azad etməyi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəmədə vəsatət verərək, barəsində ittiham irəli sürülmüş şəxsin böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, ona vurulmuş zərəri aradan qaldırdığını və onunla barışdığını nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Dövlət ittihamçısı barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsinə və iş üzrə icraata xitam verilməsinə razı olduğunu bildirdi. İş materiallarında olan canlı şəxsin ekspertizasının 02 mart 2025-ci il tarixli, 65 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol yanaq nahiyəsində şişkinlik, selikli qişsında qansızma və əzilmiş yara xəsarətlrəi müəyyən edilmişdir, həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 01 mart 2025-ci il tarixə uyğurı gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10 mart 2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada heç vaxt cinayət məsuliyyətindən azad edilməmişdir. Məhkəmə məhkəməyədək sədələşdirilmiş icraatın materiallarını tədqiq edərək, barəsində ittiham irəli sürülmüş şəxsi, zərərçəkmiş şəxsi, və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduqlarına görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə görə, şəxs Cinayət Məcəlləsinin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir və həmin Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada heç vaxt cinayət məsuliyyətindən azad edilməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu zərəri aradan qaldırmış və onunla barışmışdır. Azərbaycan Respublikası CPM-nin 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs yazılı vəsatətindən görünür ki, o, zərərçəkmiş şəxslə barışdığına görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsinə razıdır. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə görə şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və vurulmuş zərəri aradan qaldırdığına görə, cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar