Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-6/2023 14.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1977-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 12 fevral 2018-ci il tarixdən başlayaraq övladları 11 mart 2012-ci il təvəllüdlü Ağayeva Süsanə Sakit qızının və 10 iyul 2015-ci il təvəllüdlü Ağayeva Ayan Sakit qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 80 manat olmaqla, 2 uşağa görə 160 manat sabit pul məbləğində aliment tutularaq, Ağayeva (Bayramova) Elza Vəkil qızının xeyrinə ödənilməsinə dair Biləsuvar rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 12 mart 2018-ci il tarixli, 2(022)- 432/2018 saylı qətnaməsinin icrasının təmin edilməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən qanunla müəyyən olunmuş müddətdə yerinə yetirmədiyinə görə Biləsuvar Rayon Məhkəməsinin hakminin inzibati xəta haqqında iş üzrə 09 sentyabr 2020-ci il tarixli, 3(022)-248/2020 saylı qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilməsinə və məhkəmə aktının icra edilməsi ilə əlaqədar ona 24 sentyabr 2020-ci il, 25 sentyabr 2020-ci il və 23 fevral 2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq elan edilməsinə baxmayaraq, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, 20 may 2022-ci il tarixədək şəxsi maraqları naminə cəmi 8.160 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməməklə məhkəmənin həmin qətnaməsini qərəzli olaraq, qəsdən icra etməməklə ədalət mühakiməsinin nufuzuna xələl gətirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü əvvəlcə qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2011-cı ildə faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuş və onlar nikahlarını 13 avqust 2012-ci ildə rəsmi qaydada qeydə aldırmışlar. Onun Zərərçəkmiş şəxs ilə birgə nikahlarından Ağayeva Süsanə Sakit qızı və Ağayeva Ayan Sakit qızı anadan olmuşdur. Lakin sonradan münasibətləri pisləşdiyinə görə onlar ayrılmış və müxtəlif ünvanlarda yaşamağa başlamışlar. Bundan sonra Zərərçəkmiş şəxs Ağayeva Süsanə Sakit qızının və Ağayeva Ayan Sakit qızının saxlanılması üçün aliment tələbinə dair iddia ərizəsi ilə Biləsuvar rayon Məhkəməsinə müraciət etmişdir. Biləsuvar rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay hər uşağa görə 80 manat, cəmi 160 manat sabit pul məbləğində aliment alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alıb icraya yönəldikdən sonra icra məmuru tərəfindən onun ünvanına tələbin könüllü icrasına dair bildiriş və məsuliyyətinin elan olunmasına dair xəbərdarlıqlar göndərilmiş, qətnamənin icrası məqsədi ilə onunla şifahi söhbətlər aparılmışdır. Lakin o, fərdi əməklə məşğul olub, hər ay əldə etdiyi cüzi qazancı özünün dolanışığına sərf etdiyinə görə qətnaməni icra edə bilməmiş, nəticədə onun aliment borcu yaranmışdır. Buna görə də Biləsuvar Rayon Məhkəməsinin hakminin inzibati xəta haqqında iş üzrə 09 sentyabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 15 gün müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin bundan sonra da o, qətnaməni icra edib, aliment borcunu ödəyə bilməmişdir. Hazırda da onun əldə etdiyi qazancı az olduğuna görə hər hansı məbləğdə aliment ödəyə bilmir. Əgər vaxt verilərsə o, daha çox əmək haqqı alacağı işə girib icra sənədi ilə müəyyən olunmuş, lakin ödəyə bilmədiyi və buna görə yaranmış aliment borcunu ödəyəcəkdir. O, əməlindən peşimançılıq hissi keçirir. Sonda, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək bildirdi ki, arvadı ondan boşanmamışdır və buna görə də həmin şəxsin ondan aliment tələb etməsi əsassızdır. Bundan başqa, o, uşaqlarına məhkəmədənkənar qaydada yardımlar edir və uşaqları ondan razıdır. Əgər uşaqları məhkəmə iclasında dindirilərsə, onun öz uşaqlarına maddi yardım göstərdiyi təsdiqini tapacaqdır. Buna görə də Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs Ağayeva (Bayramova) Elza Vəkil qızı ifadəsində göstərdi ki, o, 2011-cı ildə Təqsirləndirilən şəxslə ailə qurmuş, birgə nikahlarından 11 mart 2012-ci ildə Ağayeva Süsanə Sakit qızı və 10 iyul 2015-ci ildə Ağayeva Ayan Sakit qızı anadan olmuşdur. Lakin sonradan ər-arvadlıq münasibətləri pisləşmiş və onlar müxtəlif ünvanlarda yaşamağa başlamışlar. Buna görə də o, Təqsirləndirilən şəxslə qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Biləsuvar rayon Məhkəməsinə müraciət etmişdir. Biləsuvar rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli qətnaməsi ilə Ağayeva Süsanə Sakit qızının və Ağayeva Ayan Sakit qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün Təqsirləndirilən şəxs hər ay cəmi 160 manat sabit pul məbləğində aliment alınıb, ona verilməsi qət edilmişdir. Qətnamənin qanuni qüvvəsini alıb icraya yönəldilməsindən sonra, icra məmuru tərəfindən qətnamənin icrası istiqamətində görülmüş tədbirlər nəticə verməmişdir. Belə ki, qətnamənin qəbul olunmasından sonra Təqsirləndirilən şəxs icra sənədi üzrə ümumiyyətlə heç bir ödəniş etməmişdir. Buna görə də Biləsuvar Rayon Məhkəməsinin hakminin inzibati xəta haqqında iş üzrə 09 sentyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və onun barəsində 15 gün müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmuşdur. Təqsirləndirilən şəxs bundan sonra da məhkəmə qətnaməsinin icrasını təmin etməmiş və hazırda da yetinlik yaşına çatmamış 2 uşağın saxlanılması üçün aliment borcundan heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs fərdi əməklə məşğul olmaqla, yüksək qazanc əldə edir. Buna görə Təqsirləndirilən şəxs maddi imkanının olmadığına görə aliment borcunu ödəməməsinə dair göstərdiyi xüsusat əsassızdır. Çünki, Təqsirləndirilən şəxs Bakı şəhərində yaşayır və işləyir. Bununla əlaqədar Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində qanunla nəzərdə tutulmuş ən ağır cəzanın təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə dindirilmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin rəisi Şahid2 ifadəsində göstərdi ki, Biləsuvar rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli, 2(022)- 432/2018 saylı qətnaməsi ilə Təqsirləndirilən şəxs 12 fevral 2018-ci il tarixdən hesablanmaqla hər ay hər uşağa görə 80 manat, cəmi 160 manat sabit pul məbləğində aliment alınaraq, tərəflərin birgə nikahlarından 11 mart 2012-ci ildə anadan olmuş Ağayeva Süsanə Sakit qızının və 10 iyul 2015-ci ildə anadan olmuş Ağayeva Ayan Sakit qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün Ağayeva (Bayramova) Elza Vəkil qızına verilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və qanunla nəzərdə tutulan qaydada icraata götürülmüş, tələbin könüllü və məcburi icrasına dair tədbirlər görülmüşdür. Həmin tədbirlər qismində Zərərçəkmiş şəxs inzibati və cinayət məsuliyyəti elan edilməklə xəbərdarlıqlar olunmuşdur. Lakin Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra etməməklə yanaşı, icra məmurunun da qanuni tələblərinə tabe olmadığına görə Biləsuvar Rayon Məhkəməsinin hakminin inzibati xəta haqqında iş üzrə 09 sentyabr 2020-ci il tarixli, 3(022)-248/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 15 gün müddətə inzibati həbs tətbiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qətnamənin icrasına dair əlavə müddətlər verilsə də, o, məhkəmə qətnaməsinin icrası istiqamətində hər hansı hərəkət etməmiş, bununla da Təqsirləndirilən şəxs tərəfindən məhkəmə qətnaməsi qərəzli olaraq icra olunmamışdır. Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələrlə icra sənədini tam icra edəcəyini və aliment borcunu ödəyəcəyini bildirsə də, icra sənədinin Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icraatında olduğu təxminən 4 il müddətində aliment borcundan heç bir ödəniş etməmişdir. Şahid Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 məhkəmədə Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan Biləsuvar rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli, 2(022)-432/2018 saylı qətnaməsindən və həmin qətnamə əsasında verilmiş icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəli 12 fevral 2018-ci il tarixdən hesablanmaqla hər ay hər uşağa görə 80 manat, cəmi 160 manat sabit pul məbləğində aliment alınaraq, tərəflərin birgə nikahlarından 11 mart 2012-ci ildə anadan olmuş Ağayeva Süsanə Sakit qızının və 10 iyul 2015-ci ildə anadan olmuş Ağayeva Ayan Sakit qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün Ağayeva (Bayramova) Elza Vəkil qızına verilməlidir. İşdə olan Biləsuvar Rayon Məhkəməsinin hakminin inzibati xəta haqqında iş üzrə 09 sentyabr 2020-ci il tarixli, 3(022)-248/2020 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən həmin icra vərəqəsində göstərilən tələbi icra etmədiyinə və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 gün müddətində inzibati həbs tətbiq edilmişdir. İş materiallarında olan 22 iyul 2022-ci il tarixli təqdimatın surətindən görünür ki, Biləsuvar Rayon İcra və Probasiya Şöbəsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin rəisinə təqdimat vermişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsinə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işi üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (§35). “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-və 3-cü maddələrinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 oktyabr 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. İşdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 12 mart 2018-cı il tarixli qətnaməsini, Biləsuvar Rayon Məhkəməsinin hakiminin inzibati xəta haqqında iş üzrə 09 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq, yenidən qərəzli olaraq icra etməmiş və buna görə də icra qurumu olan Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin rəisinə təqdimat verilmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydasına əməl olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Himayəsində 2 uşağın olmasını məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən olunmalıdır. Həmçinin iş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, həmin şəxs 10 oktyabr 2022-ci il tarixdə, saat 11:30-da Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinə yerləşdirilmiş, Təqsirləndirilən şəxs 11 oktyabr 2022-ci il tarixdə, saat 16:00-dan 17:00-dək dindirildikdən sonra həmin şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət işinə məhkəmədə baxıldığı dövrdə məhkəmədən qaçıb gizləndiyinə görə Biləsuvar rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə, başqa yerə getməmək qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş və Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasının əvvəli 08 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənə qədər Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənə qədər Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 mart 2023-cü il tarixdən hesablansın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-6/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-6/2023
14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver