Məhkəmə qərarları › İş №1(022)-6/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-6/2024

09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-6/2024 09.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxx 1998-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq -0,724 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 09 iyun 2023cü il tarixdə, saat 16:05-də Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında X1 idarə etdiyi «Hyundai İ 30» markalı, **- KN-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə heroin gümüşü rəngli siqaret kağızı bükümündə olmaqla əynindəki şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, anası ilə birgə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yaşayır və təxminən 2 ildir ki, nakotik vasitə istehlakçısıdır. Belə ki, o, narkotik vasitə istehlakına marixuana istifadəçisi kimi başlasa da, bir müddətdən sonra ətrafının təsiri ilə narkotik vasitə heroin qəbul etməyə başlamışdır. O, bir dəfə özəl tibb müəssisəsində narkotik vasitə asılılığından reabilitasiya kursu keçsə də, həmin müalicəni yarımçıq saxladığına görə təkrarən narkotik vasitə istehlak etməyə davam etmişdir. 07 iyun 2023-cü il tarixdə, saat 19 radələrində Bakı şəhəri ərazisində, “28 May” küçəsində piyada hərəkətdə olduğu zaman yerdən gümüşü rəngli siqaret kağızı bükümünü tapmış, həmin bükülünü açıb içərisinə baxdığı zaman orada narkotik vasitə heroin olduğunu bilmişdir və həmin bükümü sonradan istehlak etmək məqsədi ilə şalvarının cibində gizlətmişdir. O, 09 iyun 2023-cü il tarixdə, günorta saatlarında Biləsuvar rayonunda yaşayan Tural adlı tanışının toy məclisində iştirak etmək məqsədilə “Bolt” taksi şirkətindən taksi sifariş vermiş və həmin şirkətin sürücüsü X1 idarə etdiyi «Hyundai İ 30» markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonuna yola çıxmışdır. O, həmin taksi sürücüsünə gediş haqqı qismində 77 manat məbləğində pul vəsaiti ödəmişdir və razılığa görə taksi sürücüsü Biləsuvar rayonunda onu 3-4 saat gözləyərək, geri aparmalı idi. O, Biləsuvar rayonuna gəldiyi zaman yerdən tapdığı büküm də onun üzərində olmuş, lakin taksi sürcüsünün həmin bükülü barədə məlumatı olmamışdır. Həmin gün saat 16 radələrində onlar Biləsuvar rayonuna çatmış və Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında hərəkətdə olduqları zaman polis əməkdaşları maşını saxlamış və onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Polis nəfərləri gəlişlərinin səbəbini izah etdikdən sonra onları Biləsuvar rayon polis şöbəsinə dəvət etmişlər. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında video çəkiliş aparılmaqla, vəkilin iştirakı ilə, onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmadığı soruşulmuşdur. O da əynindəki şalvarının sol yan cibində saxladığı, içində narkotik vasitə heroin olan həmin bükümü çıxarıb, polis əməkdaşlarına təqdim etmiş və bükülünün ona məxsus olduğunu və Bakı şəhəri “28 May” küçəsində piyada hərəkətdə olduğu zaman yerdən tapdığını bildirmişdir. Bundan sonra onun üzərinə baxış keçirilmiş, lakin dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, eyni zamanda onun üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs bildirdi ki, 12 sentyabr 2023-cü il tarixli məhkəmə baxış iclasından bir gün öncə avtoqəza keçirdiyinə görə məhkəməyə gəlməmiş, bununla belə poçt vasitəsilə növbəti məhkəmə baxış iclasının bildirişini almışdır. Lakin o, yolda bədənində ağrılar yaranacağı qorxusuna görə 03 oktyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasına da gəlməmişdir. Belə ki, o, uzun müddət narkotik vasitə istifadə etdiyinə görə, məhkəmə hazırlıq iclasında iştirak edib Bakı şəhərinə qayıdarkən, yolda, bədənində güclü ağrılar hiss etmişdir. Daha sonra isə o, narkotik vasitə asılılığından müalicə almaq üçün təkrarən özəl tibb müəssisəsinə getmişdir. Həmin tibb müəssisəsində müalicəsini bitirdikdən sonra isə o, özünü könüllü olaraq polisə təqdim etmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, tanışı Turalın toyu Biləsuvar şəhərində hər hansı şadlıq evində deyil, öz həyətində, yığıncaq şəklində olacaqdı. O, narkomaniyadan aldığı müalicə ilə əlaqədar bütün tanışlarının və dostlarının adlarını telefonundan sildiyi üçün həmin şəxsin mobil telefonunu hazırda xatırlamır. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin nakotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Əvvəllər tanımadığı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 09 iyun 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında onun tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, həmin gün saat 16:00-da əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs «Hyundai İ 30» markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar şəhəri, Q.Həsənova küçəsində hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Bundan təxminən beş dəqiqə sonra həmin nəqliyat vasitəsi Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında hərəkətdə olduğu zaman saxlanılmış və avtomobilin sürücüsü C.R.Rzayev və avtomaşında sərnişin qismində əyləşmiş Təqsirləndirilən şəxs Biləsuvar rayon polis şöbəsinə gətirilmişlər. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında, vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükülünün içərisinə baxılarkən orada, həqiqətən də, rəngindən və digər əlamətlərindən narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 1,03 qram olmuşdur. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroinə bənzər maddə zərfə qoyularaq qablaşdırılmışdlr. İş üzrə şahid kimi dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşları Şahid2 və Şahid4 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq -0,724 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşıdığını, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 09 iyun 2023-cü il tarixdə, saat 16:05də Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında X1 idarə etdiyi «Hyundai İ 30» markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirildiyini və üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə heroinin gümüşü rəngli siqaret kağızı bükümündə olmaqla əynindəki şalvarın sol yan cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdilər. İş materiallarında olan şəxsi axtarış və maddi sübutun götürülməsi barədə 09 iyun 2023-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində döviyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik maddə vardırsa, könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisindəki narkotik vasitə heroindir, onun özünə məxsusdur və o, həmin narkotik vasitə heroini 07 iyun 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “28 May” metrostansiyasının ətrafında piyada hərəkətdə olduğu zaman yerdən tapmış və sonradan istehlak etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə bükümün çəkisinin 1,03 qram olması məlum olmuşdur. Həmin narkotik vasitə heroinə bənzər maddə olan büküm zərfə qoyulub qablaşdırılaraq 61 nömrəli möhürü ilə möhürlənmişdir. İşdə olan məhkəmə-fiziki-kimyəvi ekspertizasının 10 iyun 2023-cü il tarixli, 19/632 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinə bənzər maddə...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi -0,724 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi -0,724 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,674 qram qalmışdır. İş materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 25 iyul 2023-cü il tarixli, 765 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi nüalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının» İ siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 09 iyun 2023-cü il tarixdə, saat 16:05-də şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 11 iyun 2023-cü il tarixdə saat 14:05-də Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət işinə məhkəmədə baxıldığı dövrdə məhkəmədən qaçıb gizləndiyinə görə Biləsuvar rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə, polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş və Təqsirləndirilən şəxs 25 dekabr 2023-cü il tarixdə Biləsuvar rayon polis şöbəsinə gəldikdən sonra tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasının əvvəli 25 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 25 iyul 2023-cü il tarixli, 765 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 0,674 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları və Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsini nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,674 qram olan narkotik vasitə - heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar