Məhkəmə qərarları › İş №1(022)-62/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-62/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-62/2024 28.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxx 1992-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, faktiki nikah münasibətində olan, himayəsində 3 azyaşlı uşağı olan, İİİ dərəcəli əlil, fərdi əməklə məşğul olan, Biləsuvar rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 1(022)-47/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 2 il 2 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 7(057)-74/2022 saylı qərarı ilə “08 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Sumqayıt şəhər Məhkəməsinin 01 iyul 2022ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Biləsuvar şəhəri, T.İsmayılov küçəsində yerləşən 28 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 29 noyabr 2023-cü il tarixdə, saat 21:30-da Biləsuvar şəhəri, Puşkin küçəsində yerləşən X3 yaşadığı 02 nömrəli evin qarşısında sonuncudan hər biri 15 manat olmaqla, ümumi dəyəri 30 manat təşkil edən 02 ədəd yerli növ göyərçini verməsi müqabilində qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 1,051 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 03 dekabr 2023-cü il tarixdə, saat 12:35-də Biləsuvar şəhəri, Puşkin küçəsində yerləşən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin Biləsuvar rayon şöbəsinin inzibati binasının yaxınlığında piyada hərəkətdə olduğu vaxt narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə heroin “West” markalı siqaret qutusunun içərisində gümüşü rəngli siqaret kağızı bükümündə olmaqla əynindəki şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birgə , Biləsuvar şəhəri, T.İsmayılov küçəsində yerləşən 28 nömrəli evdə qeydiyyatda olmaqla yaşayır. O, rəsmi olaraq işləməsə də, fəhləlik etməklə ailəsini dolandırır. O, əvvəllər oğurluq və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə məhkum edilmişdir. O, azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulduğu vaxta qədər – təxminən 10-15 gün ərzində narkotik vasitə heroin istehlak etmişdir. 03 dekabr 2023-cü il tarixdə o, əvvəllər də narkotik vasitə aldığı tanışı X1 yaşadığı Biləsuvar şəhəri, Puşkin küçəsində yerləşən evinin qarşısında hər biri 15 manat olmaqla, cəmi 30 manat təşkil edən 02 ədəd göyərçin verməklə, bir bükümdə narkotik vasitə olan heroin almışdır. Belə ki, o və K.İ.Rəsulov göyərçin həvəskarıdırlar və buna görə də onlar göyərçin saxlamaqla məşğul olurlar. O, əvvəllər 3-4 dəfə K.İ.Rəsulovdan göyərçin satmaqla və ya pulla narkotik vasitə heroin almışdır. O, K.İ.Rəsulovdan narkotik vasitə aldıqdan təxminən 10 dəqiqə sonra, 03 dekabr 2023-cü il tarixdə, saat 12:35-də Biləsuvar şəhəri, Puşkin küçəsində yerləşən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin Biləsuvar rayon şöbəsinin inzibati binasının yaxınlığında piyada hərəkətdə olduğu vaxt polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Polis nəfərləri gəlişlərinin səbəbini izah etdikdən sonra onu Biləsuvar rayon polis şöbəsinə dəvət etmişlər. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında video çəkiliş aparılmaqla, vəkilin iştirakı ilə, onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmadığı soruşulmuşdur. O da əynindəki şalvarının sol yan cibində saxladığı, içində narkotik vasitə heroin olan “West” markalı siqaret qutusunu çıxarıb, polis əməkdaşlarına təqdim etmiş və həmin narkotik vasitəni 29 noyabr 2023-cü il tarixdə tanışı K.İ.Rəsulovdan iki ədəd göyərçin satması müqabilində aldığını bildirmişdir. Bundan sonra onun üzərinə baxış keçirilmiş, lakin dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, eyni zamanda onun üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Tərtib olunmuş protokol ona ucadan oxunmuş, protokol və onun üzərinə şəxsi axtarış keçirildiyi zaman aşkar edilmiş əşyaların qablaşdırıldığı zərfin üzəri o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Bundan başqa, o bildirdi ki, K.İ.Rəsulovdan əvvəllər də bir neçə dəfə şəxsi istehlak məqsədi ilə narkotik vasitə alsa da, həmin vaxt onların yanında heç kim olmamışdır. Onun üzərində daşıdığı nakotik vasitə heroini satmaq məqsədi olmamışdır. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, himayəsində 3 azyaşlı uşağı və qoca anasının olduğunu, habelə böyrək xəstəliyindən əziyyət çəkdiyini və 3-cü dərəcəli əlil olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Biləsuvar şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 03 dekabr 2023-cü il tarixdə əməliyyataxtarış tədbirləri keçirilməsi haqqında onun tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, həmin gün saat 12:30-da əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürülmüşdür. Bundan təxminən beş dəqiqə sonra həmin şəxs Biləsuvar şəhəri, Puşkin küçəsində yerləşən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin Biləsuvar rayon şöbəsinin inzibati binasının yaxınlığında piyada hərəkətdə olduğu zaman saxlanılmış və Təqsirləndirilən şəxs Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında, vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir ədəd “West” markalı siqaret qutusunu çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə heroinin olduğunu bildirmişdir. Həmin bükülünün içərisinə baxılarkən orada, həqiqətən də, rəngindən və digər əlamətlərindən narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 1,12 qram olmuşdur. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroinə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Sonda şəxsi axtarış və baxış keçirilməsinə dair protokollar tərtib olunaraq iştirakçılara oxunmuş, protokollar baxış iştirakçıları tərəfindən imzalanmışdır. İş üzrə şahid kimi dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşları Şahid1 məhkəmədə Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək, Təqsirləndirilən şəxs 29 noyabr 2023-cü il tarixdə, saat 21:30-da Biləsuvar şəhəri, Puşkin küçəsində yerləşən K.İ.Rəsulovun yaşadığı 02 nömrəli evin qarşısında sonuncudan hər biri 15 manat olmaqla, ümumi dəyəri 30 manat təşkil edən 02 ədəd yerli növ göyərçini verməsi müqabilində qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 1,051 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşıdığını, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 03 dekabr 2023-cü il tarixdə, saat 12:35-də Biləsuvar şəhəri, Puşkin küçəsində yerləşən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsinin Biləsuvar rayon şöbəsinin inzibati binasının yaxınlığında piyada hərəkətdə olduğu vaxt narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirildiyini və üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə heroinin “West” markalı siqaret qutusunun içərisində gümüşü rəngli siqaret kağızı bükümündə olmaqla əynindəki şalvarın sol yan cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdilər. İş materiallarında olan şəxsi axtarış və maddi sübutun götürülməsi barədə 03 dekabr 2023-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində döviyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik maddə vardırsa, könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən “West” markalı siqaret qutusunun içərisində olmaqla, bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisindəki narkotik vasitə heroindir, onun özünə məxsusdur və o, həmin narkotik vasitə heroini 29 noyabr 2023-cü il tarixdə tanışı K.İ.Rəsulovdan iki ədəd göyərçin satması müqabilində almış və sonradan istehlak etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə bükümün çəkisinin 1,12 qram olması məlum olmuşdur. Həmin narkotik vasitə heroinə bənzər maddə olan büküm zərfə qoyulub qablaşdırılaraq 61 nömrəli möhürü ilə möhürlənmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının 04 dekabr 2023-cü il tarixli, 19/1025 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükülü...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi - 1,051 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi - 1,051 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 1,001 qram qalmışdır. İş materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 19 dekabr 2023-cü il tarixli, 1097 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, lakin Təqsirləndirilən şəxs hal-hazırda abstiensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, məcburi müalicəyə ehtiyyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyata durur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının» İ siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində 3 azyaşlı uşağının olmasını, “xronoki pielonefrit. XBC İİ mərhələ, nefrogen hipertoniya. Sol tərəfli nefrektomiya” xəstəliyindən əziyyət çəkməsini və İİİ dərəcə əlil olmasını, habelə cinayətin digər iştirakçısının ifşa edilməsinə fəal kömək göstərməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Cinayətin resdivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 1(022)-47/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.2 və 69.3cü maddələri tətbiq edilməklə, qəti olaraq 2 il 2 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 7(057)-74/2022 saylı qərarı ilə “08 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il traixli, 395VİQR nömrəli Qərarının 4-cü bəndinə əsasən çəkilməmiş cəzası 06 ay azaldılmış, Sumqayıt şəhər Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanin müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edimiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 56.1 və 56.1.3-cü maddələrinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cinayət işinin hallarini, əməlin ictimai təhlükəliliyini və cinayətin törədilmə üsulunu nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin oluna bilər və buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində, həmin Məcəllənin 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 dekabr 2023-cü il tarixdə, saat 12:35-də şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 05 dekabr 2023-cü il tarixdə, saat 11:10-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi» Qaydalarının 3.2-ci bəndinə görə narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 19 dekabr 2023-cü il tarixli, 1097 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyata durur. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 1,001 qram olan narkotik vasitə - heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. İş üzrə ekspertiza xərci qismində 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 1,001 qram olan narkotik vasitə - heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar