Məhkəmə qərarları › İş №1(022)-64/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-64/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-64/2023 08.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Maxsudova Mirvari Balabək qızının, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1998-ci il tarixdə Biləsuvar rayonu, İsmətli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, İsmətli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 17 dekabr 2022-ci il tarixdə, saat 15:30 radələrində, etibarnamə əsasında idarə etdiyi «VAZ-21074» markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu, Aranlı-Çinarlı asfalt yolu ilə Əliabad kəndi isiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, nəqliyyat vasitəsini yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli olduğu halda buna əməl etməyərək, Biləsuvar rayonu, Aranlı kəndində yerləşən avtoyuma məntəqəsinin yaxınlığında avtomobili saatda 70 kilometr sürətlə idarə etmiş, həmin vaxt Əliyev Ayaz Allahverdi oğlu həmin Qanunun 29 və 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi «İJ Planet» markalı, dövlət qeydiyyat nişanı olmayan motosikletlə Bağbanlar və Aranlı kəndləri arasında yerləşən asfalt yola doğru hərəkətdə olduğu zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, kəsişən yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməli olduğu və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməmiş, nəticədə «İJ Planet» markalı, dövlət qeydiyyat nişanı olmayan motosikletin ön sol yan tərəfi ilə «VAZ-21074» markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi toqquşmuş və həmin motosikletin sürücüsü A.A.Əliyev “qara ciyərin cırılmış yaraları, sol baldır sümüklərinin yerini dəyişən qəlpəli açıq sınıqları, daxili və xarici qanitirmə” kimi törəndiyi anda həyat üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə sonuncunun ölümünə səbəb olmuş, bununla da ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, onun nəqliyyat vasitələrini idarə etmək hüququ verən «B1, B, C1, C» kateqoriyalı sürücülük vəsiqəsi vardır və «VAZ-21074» markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil Hüseynova Bəsti Səfər qızına məxsusdur. Həmin nəqliyyat vasitəsini o, etibarnamə əsasında idarə edir. 17 dekabr 2022-ci il tarixdə o, qoyun almaq üçün Biləsuvar rayonu, Əliabad kəndinə getmişdir. Həmin gün saat 15:30 radələrində o, idarə etdiyi avtomobillə Aranlı-Çinarlı yolu ilə saatda 70-80 kilometr sürətlə hərərkət etdiyi zaman, Bağbanlar kəndindən keçən yolla Aranlı kəndindən keçən yolların birləşdiyi yerə 15 metr qalmış, «İJ Planet» markalı, dövlət qeydiyyat nişanı olmayan motosiklet qəflətən Aranlı kəndindən yola İsmətli kəndi istiqamətində çıxmasını görmüş və həmin motosikleti vurmamaq üçün əyləcdən istifadə etsə də, avtomobilin idarəetməsini itirdiyinə görə «İJ Planet» markalı motosikletlə toqquşmuşdur. Qəza zamanı onun idarə etdiyi nəqliyyat vasitəsinin ön sol tərəfi həmin motosikletletin qabaq tərəfi ilə toqquşmuşdur. Bundan sonra o, dərhal avtomaşından düşmüş və toqquşduğu motosikletin sürücüsünü yerdə uzanmış vəziyyətdə olduğunu görmüşdür. O, Biləsuvar rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə zəng vuraraq kömək çağırmışdır. Hadisə yerinə həkim briqadası ilə birgə polislər də gəlmişlər. Hadisə baş verdiyi zaman onun idarə etdiyi nəqliyyat vasitəsində Şahid da olmuş və hadisə nəticəsində onların heç biri xəsarət almamışlar. O, həmçinin bildirdi ki, «İJ Planet» markalı, dövlət qeydiyyat nişanı olmayan motosikleti Aranlı yoluna çatmamış 15-20 metr məsafədə görmüş və sonuncu onun hərəkət zolağına çıxdığı zaman hər iki nəqliyyat vasitəsi arasındakı məsafə, təxminən, 8-10 metr olmuşdur. Həmin motosikletin sürücüsü nəqliyyat vasitəsini sola istiqamətləndimiş, lakin o, tormozdan istifadə edərək hadisənin qarşısını ala biləcəyini ehtimal etdiyinə görə idarə etdiyi «VAZ- 21074» markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili sola-sağa istiqamətləndirməmişdir. Bundan başqa, yolda hərəkətdə olduğu zaman onun sürəti saatda 70-80 kilometr olduğuna görə tormozu vursa da, yol-nəqliyyat hadisəsinin qarşısını ala bilməmişdir. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirdiyini və buna görə zərərçəkmiş şəxsin hüquqi varisinə maddi zərərin azaldılmasına yönəlmiş hərəkətlər etdiyini və zərərçəkmiş şəxsin ailəsi ilə barışıq əldə etdiyini bildirirək, habelə qəzanın baş verməsinə «İJ Planet» markalı, dövlət qeydiyyat nişanı olmayan motosikletin səbəb olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin hüquqi varisini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxsin hüquqi varisi Maxsudova Mirvari Balabək qızı məhkəmədə göstərdi ki, mərhum Əliyev Ayaz Allahverdi oğlu onun əridir və Biləsuvar rayonu, Aranlı kəndində yaşamışlar. O, hadisə barəsində 17 dekabr 2022-ci il tarixdə saat 19 radələrində oğlu Maqsudov Murad Ayaz oğlu ona zəng etdiyi zaman xəbər tutmuşdur. M.A.Maqsudov ona telefonda əri A.A.Əliyevin qəza keçirdiyini və xəstəxanada öldüyünü bildirmişdir. Həmin gün A.A.Əliyev Aranlı kənd qəbiristanlığında dəfn edilmişdir. O, həmçinin bildirdi ki, o, şəxsən yol-nəqliyyat hadisəsini görməmiş, hadisə haqqında yalnız oğlu M.A.Maqsudov vasitəsilə məlumat ala bilmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs qohumları onun yaşadığı ünvana gəlib, hadisəyə görə üzrxahlıq etmiş, dəfn və hüzür mərasimlərinin keçirilməsi, qəbir daşının hazırlanması üçün ona pul vəsaiti vermişlər. Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxsin onunla barışıq əldə etdiyini və vurulmuş zərərin azaldılması üçün maddi yardım göstərdiyini bildirmiş, Təqsirləndirilən şəxs qarşı iddiası, tələbi və şikayəti olmadığını, təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Şahid məhkəmədə göstərdi ki, o, Təqsirləndirilən şəxs tanışıdır və hadisə baş verdiyi 17 dekabr 2022-ci il tarixdə, saat 15:30 radələrində sonuncunun idarə etdiyi «VAZ- 21074» markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildə olmuşdur. Hadisə baş verməzdən öncə Təqsirləndirilən şəxs avtomaşını, təxminən, saatda 70-80 kilometr sürətlə hərəkət etdirmişdir. Hadisənin baş verməsinə səbəb «İJ Planet» markalı, dövlət qeydiyyat nişanı olmayan motosikletin onların qarşısına qəflətən çıxması olmuşdur. Təqsirləndirilən şəxs qəza baş verməsinin qarşısını almaq üçün əyləcdən istifadə etsə də, yol-nəqliyyat hadisəsinin qarşısını ala bilməmiş və hər iki nəqliyyat vasitəsi toqquşmuşdur. Baş vermiş avtoqəza zamanı nə o, nə də Təqsirləndirilən şəxs xəsarət almamışlar. İşdə olan 17 dekabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə Biləsuvar rayonu, Aranlı-Çinarlı yolunda baş vermişdir. Hadisə yeri sürücü Təqsirləndirilən şəxs tərəfindən göstərilmişdir. Hadisə baş verən yerdə yol asfalt örtüklüdür, düzdür, qurudur və yolda hərəkət nişanları yoxdur. Görmə məsafəsi hava şəraitinə uyğundur. Yolun asfalt örtüyünün eni 6,0 metr, hadisə baş verən yerdə yolun hərəkət hissəsi 2 zolaqdan ibarətdir və hər bir hərəkət zolağının eni 3,0 metrdir. Yolun sağ və sol tərəfində 2,0 metr enində ehtiyyat hissə vardır və daha sonra boş torpaq sahəsi yerləşir. Yolda icazə verilən sürət həddi göstərilməmişdir. Hadisədən əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ-21074» markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil İsmətli kəndindən Əliabad kəndi istiqamətində olmuşdur. Hadisə yerində «VAZ-21074» markalı **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid 6 metr uzunluğunda tormoz izi vardır. İzin başlanğıcında sağ təkər izi yolun sağ kənarından mərkəzə doğru 2,0 metrdir, izin sonunda tormoz izi yolun hərəkət hissəsindədir. Tormoz izi bütöv və iki təkərlidir və tormoz izinin başlanğıcından 4,0 metr sonra nəqliyyat vasitələrinin toqquşma nöqtəsidir. Hadisə yerində «VAZ-21074» markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid şüşə və ya rəng qırıqları aşkar edilməmişdir. Hdisə yerinə baxış keçirildiyi zaman hər iki nəqliyyat vasitəsi yolun sol hissəsində dayanıqlı vəziyyətdə olmuşlar. Yol-nəqliyyat hadisəsi yerində meyit olmamışdır. İş materiallarında olan nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə 17 dekabr 2022-ci il tarixli, 559 saylı aktdan görünür ki, «VAZ- 21074» markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi zamanı sərxoş olmamışdır. İşdə olan yol-nəqliyyat hadisələri ekspertizasının 03 mart 2023-cü il tarixli, 8/158 saylı rəyindən görünür ki, «İJ Planet» markalı, dövlət qeydiyyat nişanı olmayan motosikletin sürücüsü Əliyev Ayaz Allahverdi oğlunun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bundan başqa, «İJ Planet» markalı, dövlət qeydiyyat nişanı olmayan motosikletin sürücüsü Əliyev Ayaz Allahverdi oğlu həmin Qanunun 29 və 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla həmin nəqliyyat vasitəsini sürücülük vəsiqəsi və dövlət qeydiyyat nişanı olmadan idarə etmişdir. «VAZ- 21074» markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinin pozulması ilə yol-nəqliyyat hadisəsinin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan meyitin ekspertizasının 17 dekabr 2022-ci il tarixli, 20 saylı rəyindən görünür ki, Əliyev Ayaz Allahverdi oğlunun meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunan xəsarətlər - qara ciyərin cırılmış yaraları, sol baldır sümüklərinin yerini dəyişən qəlpəli açıq sınıqları, daxili və xarici qanitirmə bərk küt əşyanın (əşyaların) güclü təsirindən törənmişdir, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 17 dekabr 2022-ci il tarixdə avtomobil qəzası zamanı avtomaşının hissə və mexanizmlərinə çırpılma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. Əliyev Ayaz Allahverdi oğlunun ölümünə qaraciyərin zədələnməsi nəticəsində əmələ gəlmiş kəskin qanitirmə səbəb olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 4-5 saat əvvəl baş vermişdir. İşdə olan Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsinin və nəqliyyat vasitəsini idarət etmək üçün etibarnamənin surətlərindən görünür ki, sonuncunun “B1, B, C1 və C” dərəcəli, BB106840 nömrəli sürücülük vəsiqəsi vardır və Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ-21074» markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil Hüseynova Bəsti Səfər qızına məxsusdur. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Bundan başqa, məhkəmə cəza təyin edərkən yol-nəqliyyat hadisəsi zamanı «İJ Planet» markalı, dövlət qeydiyyat nişanı olmayan motosikletin sürücüsü, mərhum Əliyev Ayaz Allahverdi oğlunun «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu, 33-cü maddəsinin 4-cü hissəsinin və 63-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla «VAZ-21074» markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yoluna qəflətən çıxaraq hər iki nəqliyyat vasitəsinin toqquşmasına səbəb olmasını nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, cinayət nəticəsində dəymiş maddi zərərin azadılmasına yönəldilmiş könüllü hərəkətlər etməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxstəyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 60.1-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60.1-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 128 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın və cəzaçəkmə müəssisəsinin növünü, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin qətimkan tədbirinin məqsədlərini təmin etdiyini nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tiplı cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 128 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar