Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-64/2025 04.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X10 hüquqi varisi X7 və onun nümayəndəsi vəkil Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci il tarixdə İmişli rayonu Aranlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, İmişli rayonu Aranlı kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 27 iyul 2024-cü il tarixdə saat 13 radələrində Biləsuvar- Bəhramtəpə yolunun 32-ci km-də Biləsuvar rayonu Arazbarı kəndi ərazisində magistral yolun kənarında yerləşən anbar binasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət layihə institunun mütəxəssisi X10 metal konstruksiyanın texniki müayinəsini aparmasından ötrü idarəetmə hüququ olmadan ** BA *** dövlət qeydiyyat nişanlı çəngəlağız yükqaldırıcını təhlükəli və yolverilməz şəraitdə idarə edib, yəni yükqaldırıcının tutma vasitələrinin üzərində taxta yeşikdə X10 yerdəyişməsini həyata keçirib bu vaxt yükqaldırıcının tutma vasitəsindən taxta yeşiyi ehtiyatsızlıqdan aşırıb sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malik ağır qapalı kəllə-beyin travması, baş beyin toxumasına və yumşaq qişasına yayılmış qansızma, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, başın sağ təpə-ənsə nahiyəsində qançır və sıyrıq, dilin uc hissəsində əzilmiş yara, sağ dirsək oynağı nahiyəsində sıyrıq kimi xəsarətləri yetirərək ehtiyatsızlıqdan X14 öldürmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Biləsuvar rayonu Arazbarı kəndində Elvin adlı Bakı şəhər sakininə məxsus 88 ha torpaq sahəsində yonca, arpa, pambıq əkərək əkinin bir hissəsini özünə götürüb ailəsini dolandırır. Elvin adlı şəxslə əkinlə bağlı tanış olmuş, qohumluq münasibəti, düşmənçilik və ədavəti yoxdur. 27 iyul 2024-cü il tarixdə saat 11 radələrində Elvin onun nömrəsinə zəng edərək bildirmişdir ki, "xxxx" ASC-dən Kamran adlı əməkdaşı ona bildirmişdir ki, hadisə baş verdiyi anbara Fövqəladə Hallar Nazirliyinin əməkdaşları texniki müayinə üçün gəlib orada baxış keçirəcəklər. Hadisə baş vermiş anbar əvvəllər "xxxx" MMC-nə məxsus olmuş və o həmin şirkətdə 2010-cu ildən təxminən 2018-ci ilədək baş mütəxəssis işləmiş və kargüzarlıq, eyni zamanda təsərrüfat işlərinə nəzarəti həyata keçirmişdir. "xxxx" MMC-nin həmin soyuducu anbarlarında əvvəllər kartof saxlanılmışdır. Təxminən 2018-ci il tarixdə "xxxx" MMC müflis olduğu üçün həmin soyuducu anbar və ətraf ərazisi "xxxx" ASC-nin mülkiyyətinə keçmiş və o işdən azad olunmuşdur. Elvin "xxxx" ASC-dən soyuducu anbarın ətrafında 88 ha torpaq sahəsini icarəyə götürmüş və Elvin ona öz təsərrüfatlarını aparılmasını həvalə etmişdir. Bununla bağlı Elvinlə onun arasında hər hansı müqavilə imzalanmamış və o heç bir müəssisə, təşkilat və ya fiziki şəxsin işçisi deyildir. Hadisə baş vermiş anbar Elvinin istifadəsində olan torpaq sahəsi ilə qonşudur və anbarın yerləşdiyi təxminən 1,5 ha ölçüdə torpaq sahəsi dəmir setka ilə çəpərlənmişdir. Elvin əkin-biçinlə yanaşı ona həvalə etmişdir ki, sözügedən anbara nəzarəti, orada olan mühafizəçilər Şahid3 və Şahid2 iş fəaliyyətinə nəzarəti həyata keçirsin. Həmin mühafizəçilər anbarın həyətindəki vaqondan postda xidmət aparıb sözügedən hadisə baş vermiş anbarı və içərisində olan texnikaları, həmçinin Elvinin istifadəsində olan 88 ha torpaq sahəsində “pevod” adlanan suvarma qurğularını mühafizə edirlər. Hadisə baş vermiş soyuducu anbarın giriş darvazası həmişə qıfılla kilidli olmuş və qıfılın açarı mühafizəçilər olan vaqonda saxlanılmışdır. Beləliklə, həmin soyuducu anbara “Azəriqaz İB”, "xxxx" ASC, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və digər dövlət müəssisələrindən əməkdaşlar gəlib müayinə edərkən Elvin onları qarşılamağı ona həvalə etmişdir. Bildiyinə görə Elvin müəllimdən "xxxx" ASC-nin əməkdaşı Kamran xahiş etmişdir ki, qeyd etdiyi dövlət müəssisələrindən soyuducu anbara gələn əməkdaşları qarşılayıb orada işləmələrinə, müayinə aparmaqlarına şərait yaratsın, yəni qapını açıb içəri buraxsın. Kamran adlı "xxxx" ASC-nin əməkdaşı ilə yanaşı əvvəllər ***-***-**-** mobil nömrəsini istifadə edən Rəşad ona zəng edib danışmışdır. Beləliklə, 27 iyul 2024-cü il tarixdə saat 11 radələrində Elvin ondan xahiş etmişdir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını kənd ərazisində qarşılayıb anbara aparsın və orada texniki müayinənin keçirilməsi üçün anbarın darvazasını açıb onları içəri buraxsın. Bundan sonra həmin gün saat 11 radələrindən ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng daxil olmuş və zəng edən özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edib sözügedən anbarda texniki müayinə işlərini keçirəcəyini bildirmişdir. O, həmin Fövqəladə Hallar Nazirliyinin əməkdaşına “Whatsapp” proqramında anbarın yerləşdiyi yerini göndərmiş və çatana yaxın ona zəng etmələrini xahiş etmişdir. Bundan təxminən yarım saat sonra Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı “Hunday Tucson” markalı avtomobillə anbarın yaxınlığına gəlmişlər və o, onları qarşılayıb anbara aparmışdır. Həmin anbarın açarını mühafizə postundan götürüb həmin anbarın giriş darvazasını açmışdır. Bu vaxt anbarın həyətində postda mühafizəçi Şahid2 xidmət aparmışdır. Fövqəladə Hallar Nazirliyinin həmin iki əməkdaşı ona bildirmişlər ki, anbarın metal konstruksiyasının müayinəsini aparacaqlar və bununla bağlı hündürlüyə qalxılmaları üçün nərdivan, ayaq altı və sair vasitə ilə onları təmin etsin. O, oranın işçisi olmadığına görə nərdivan, ayaqaltı olub-olmadığını bilməmişdir. O, anbarın içərisində nərdivan, ayaqaltı olmadığını bildirmişdir. Həmin əməkdaşlar anbarın içərisində avtokarı görüb ondan soruşmuşlar ki, həmin avtokarın vasitəsi ilə hündürlüyə qalxıb işləmək olarmı? O da Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının dövlət məmuru olduqlarını nəzərə alaraq onlara kömək etmək məcburiyyətində qalmışdır. Bunun üçün anbarın içərisində olan avtokarın mühərrikini işə salmış və hündürlüyə qalxmaqdan ötrü anbarın içərisində olan üst-üstə yığılmış iki ədəd taxta yeşiyi avtokarla aşağı hissəsindən qaldırmış, yəni avtokarı özü tək idarə etmişdir. Həmin 35BA034 dövlət qeydiyyat nişanlı avtokar soyuducu anbara saxlanılması üçün çuğundur verən sahibkarlar tərəfindən bir neçə gün əvvəl anbara gətirilmiş və üzərində mühərriki işə salan açar saxlanılmışdır. Beləliklə, 27 iyul 2024-cü il tarixdə saat 12:30 radələrində o avtokarı işə salıb anbarın içərisində olan boş iki ədəd üstüstə yığılmış taxta yeşiyə tərəf sürmüş və yeşiklərdən aşağıda olanına alt hissəsinə avtokarın vilkasını keçirib saxlamışdır. Bundan sonra sonradan adının Fövzi Quliyev olduğunu öyrəndiyi Fövqəladə Hallar Nazirliyinin əməkdaşı avtokarın üzərinə qalxıb üst yeşiyin içərisində dayanmışdır. Avtokarın vilkasına keçirilmiş üst-üstə olan yeşiklər bir birinə və avtokara bərkidilməmişdir. Bundan sonra Fövzi Quliyev ona göstəriş vermişdir ki, anbarın tavanındakı fermaları müayinə etməlidir və o avtokarla onu tavana qaldırsın. Bildiyinə görə anbarda tavanla döşəmə arasındakı məsafə təxminən altı metr təşkil edir. O, həmin avtokarın vilkasını təxminən 3,5 metr yerdən perpendikulyar şəkildə yuxarı qaldırmış və Fövzi Quliyevin əli tavandakı metal konstruksiyalara çatmışdır. Belə ki, avtokarın vilkası yerdən 3,5 metr qalxsa da əlavə olaraq onun üzərində əlavə bir yeşikdə olmuşdur. Buna görə də Fövzi Quliyevi təxminən döşəmədən 4,5-4,8 metr hündürlükdə avtokarla qaldırmışdır. Fövzi Quliyev avtokarın vilkasının üzərindəki yeşikdə dayanaraq tavanın həmin metal konstruksiyalarında ölçülər aparmış, fotoşəkillər çəkmiş və aşağıda dayanmış adının sonradan Cahangir olduğunu öyrəndiyi Fövqəladə Hallar Nazirliyinin əməkdaşına ölçülərə dair məlumatlar vermiş və sonuncu dəftərində qeydiyyat aparmışdır. O, avtokar sürməyə dair sürücülük hüququ, sürücülük vəsiqəsi olmasa da həmin texnikanı digər şəxslər idarə edərkən görmüş və sərbəst şəkildə idarə edə bilir. Sözügedən avtokarı anbara çuğundur verən Rəşad adlı şəxs anbara gətirmiş, lakin avtokarın kimə məxsus olduğunu bilmir. Beləliklə, Fövzi Quliyev anbarın daxilində tavanda metal konstruksiyanı iki yerdə müayinə etmiş və ona bildirmişdir ki, onu həmin avtokarın üzərindəki yeşikdə anbarın giriş hissəsinə aparsın və o anbarın girişində çardağın tavanındakı metal konstruksiyanı müayinə etsin. Bunun üçün o avtokarın vilkasını aşağı endirib döşəmədən təxminən 40-50 sm hündürlükdə saxlamışdır. Avtokarın vilkasını, yəni çəngəlini endirib qaldırmaqdan ötrü orada xüsusi rıçaq mövcuddur. Bundan sonra o, həmin vəziyyətdə asta-asta, təxminən saatda 2-3 km sürətlə avtokarı sürüb anbardan çıxarmağa çalışmışdır. Həmin vaxt Fövzi Quliyev üst yeşiyin içərisində dayanmışdır. Yeşik qarşısını kəsdiyindən Fövzi Quliyevin ikinci üst yeşiyin hansı hissəsində dayandığını görməmişdir. O, avtokarı anbardan çölə sürərkən avtokarın qabaq təkəri təxminən 30-40 sm giriş darvazadan çərçivəsindən çıxmışdır ki, Fövzi Quliyevin olduğu üst yeşik önə doğru aşmış və Fövzi Quliyev yerə yıxılaraq zərblə dəymişdir. O, dərhal avtokarı saxlamış və düşüb Fövzi Quliyevə çatmışdır. O, Cahangir müəllimlə Fövzi Quliyevin yerdə arxası üstdə olduğunun, huşu özündə olamayaraq tərpənməz vəziyyətdə olduğunun şahidi olmuşdur. Bu vaxt Fövzi Quliyevi ayıltmağa çalışsalar da sonuncu ayılmamış və onlar orada olan mühafizəçi Hikməti səsləyib çağırmışlar. Hikmət qaçıb bir vedrə su gətirmiş, lakin Fövzi Quliyevin üzünə su vursalar da ayılmamışdır. Bu vaxt o, Cahangir müəllim və X15 “Mitsubishi L200”, 77HZ592 dövlət qeydiyyat nişanlı avtomobilinin arxa oturacağına uzatmışlar və dərhal o avtomobili işə salıb xəstəxanaya doğru yola düşmüşdür. Avtomobildə arxa oturacaqda Cahangir müəllim oturub Fövzi Quliyevin başını qucağına qoymuş, Hikmət isə ön oturacaqda oturmuşdur. O, yol üstü Səmədabad tibb məntəqəsinə dönsə də orada həkim olmamış və o dərhal avtomobili sürüb X20 rayon mərkəzi xəstəxanasına çatdırmışdır. Biləsuvar rayon mərkəzi xəstəxanasında Fövzi Quliyevə tibbi yardım göstərməyə başlamışlar. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, qeyd etdiyi kimi, Elvin ona bildirmişdir ki, anbarın mülkiyyətçisi "xxxx" ASC-nin işçisi Kamran müəllim ondan xahiş etmişdir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları texniki müayinəyə gələcəklər və o onları qarşılayıb anbara aparsın. O da bunun əsasında həmin anbara getmişdir. Belə hal əvvəllər dəfələrlə baş vermişdir. Onun rəsmi qaydada həmin anbarla və Elvin müəllimlə arasında hər hansı əmək müqaviləsi yoxdur, yəni onun həmin anbarda hər hansı iş görməyə səlahiyyəti olmayıb. Bununla yanaşı, onun “B” kateqoriyalı, yəni minik tipli avtomobilləri idarə etməyə dair hüququ var. O, Fövqəladə Hallar Nazirliyinin həmin əməkdaşlarına köməklik etməkdən ötrü avtokarı idarə etmiş və ehtiyyatsızlığından Fövzi Quliyev avtokarın üzərindəki yeşiklə birlikdə yerə aşaraq xəsarətlər almışdır. Fövzi Quliyev və Şahid1 anbarın metal konstruksiyasının texniki müayinəsini apararkən başında dəbilqə olmamış, əynində xüsusi geyim vasitələri olmamışdır. Qeyd etdiyi anbarda Fövzi Quliyev, Şahid1 və o olmuşlar, texniki müayinədən əvvəl Fövzi və Cahangir müəllimə kimsə tərəfindən əməyin mühafizəsinə dair texniki–təhlükəsizlik təlimatı keçirilməmişdir. Ümumiyyətlə, həmin gün hadisə baş verən gün hər hansı nümayəndə texniki müayinədə iştirak etməmişdir. O, əməyin mühafizəsinə dair texniki-təhlükəsizlik ekspertizasının 26 sentyabr 2024-cü il tarixli 10/7526 nömrəli rəyində göstərilənlərlə razıdır. O, səhv edib həmin avtoyükləyicidə yeşiklər üzərində X14 daşıyıb avtoyükləyici ilə hərəkət edib, baş vermiş hadisəni ehtiyatsızlıqdan törətmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu və buna görə zərərçəkmiş şəxsin hüquqi varisindən üzr istəyir. Mərhumun Gədəbəy rayonunda keçirilən hüzür mərasimində qohumları ilə birlikdə iştirak etmək istəsə də onu qəbul etməmişlər. Ona görə də mərhumun ailəsinə hər hansı yardım edə bilməmişdir. Hadisənin təsadüfən ehtiyatsızlıqdan ilk dəfə cinayət törətdiyini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsin hüquqi varisini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X16 ifadəsində göstərdi ki, əri X22 2001-ci il tarixdən ölənədək Azərbaycan Memarlıq və İnşaat Universitetində dekan müavini vəzifəsində işləmişdir. Bununla yanaşı əlavə iş olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyi İnstitutunda mütəxəssis vəzifəsində işləmiş və ölkə ərazisində Cahangir müəllimlə birlikdə tikintilərin metal konstruksiyanın müayinəsini aparmışdır. 26 iyul 2024-ü il tarixdə axşam saatlarında X29 adlı tanımadığı şəxslə danışıb, daha sonra ona bildirmişdir ki, 27 iyul 2024-cü il tarixdə Biləsuvar rayonuna ezam olunacaqdır, orada tikili obyektini müayinə edəcəkdir. 27 iyul 2024-cü il tarixdə saat 07:30 radələrində Fövzi Quliyev özünə məxsus “Hyundai Tucson” markalı avtomobil ilə evdən çıxıb Biləsuvar rayonuna ezama getmişdir. Bildiyinə görə Fövzi Quliyev yol üstü iş yoldaşı Cahangir müəllimi avtomobili ilə götürüb onunla birlikdə Biləsuvar rayonuna işləməyə gedəcəkdir. Həmin gün saat 13 radələrində Fövzi Quliyevin dostu və universitetdə iş yoldaşı olan Nazim Cəfərov oğlunun mobil nömrəsinə zəng edərək atası Fövzi Quliyevin yıxılaraq xəsarət aldığını bildirmişdir. Nazim Cəfərov həmin məlumatı Cahangir müəllimdən aldığını söyləmişdir. Bunun ardınca o Cahangir müəllimə zəng edib Fövzi Quliyevin vəziyyətini və nə ilə kömək edəcəyini soruşmuşdur. Şahid1 Fövzi Quliyevin huşunu itirdiyini, narahatçılığa səbəb olmadığını, vəziyyətinin normal olduğunu, lazım olduğu halda Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə Bakı şəhərinə çatdırılacağını bildirmişdir. Həmin gün saat 16 radələrində onlar yenidən zəng vurub Fövzi Quliyevin öldüyünü bildirmişlər. O, hadisənin birbaşa şahidi olmamışdır. Hadisə günü və ya əvvələr X1 arasında mübahisə, dava-dalaş, ədavət olmamışdır. Fövzi Quliyev sakit, cəmiyyətdə hörmətli şəxs olmuş və heç kəslə problem yaşamamışdır. X5 ifadəsində Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qaydada cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasındaş şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Memarlıq İnşaat Universitetinin İnşaat Konstruksiyaları kafedrasının dosenti işləyir və bundan başqa bir neçə ildir ki, əlavə iş yeri kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunda mütəxəssis vəzifəsinə əmək müqaviləsi ilə əlavə iş kimi cəlb olunmuşdur. Vəzifəsi tikintidə metal konstruksiyaların müayinəsindən ibarətdir. X22 onunla birlikdə həmin Azərbaycan Memarlıq İnşaat Universitetinin İnşaat konstruksiyaları kafedrasının dosenti və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Azərdövlət Sənaye Layihə İnstitutunda mütəxəssis işləmişdir. İş yoldaşı X22 27 iyul 2024-cü il tarixdə Salyan rayonunda və Biləsuvar rayonunda tikintilərdə metal konstruksiyaları müayinə etməkdən ötrü həmin rayonlara ezam olunmuşdur. Sifarişçi obyekt sahibi institutda mobil nömrə göstərdiyindən Biləsuvar rayonuna yola düşdükdə həmin müayinə olunacaq sifarişçi əvvəllər tanımadığı Kamran adlı şəxsə zəng etmiş və obyektində metalkonstruksiyanı müayinə edəcəklərini söyləmiş və obyektin yerini soruşmuşdur. Bu vaxt Kamran adlı şəxs bildirmişdir ki, onları Yunis adlı nümayəndəsi qarşılayacaq və həmin şəxsin nömrəsini onlara vermişdir. Yunislə əlaqə saxlayandan sonra sonuncu onlara obyektin lokasiyasını “Whatsapp” proqramında ona göndərmişdir. Fövzi “Hundai Tucson” markalı, dövlət qeydiyyat nişanında “809” rəqəmləri olan idarə etdiyi öz avtomobili ilə onunla birlikdə Biləsuvar-Bəhramtəpə yolunun Biləsuvar rayonu Arazbarı kəndi ərazisinə gətirmişdir. Onlar müayinə ediləcək anbara saat 13 radələrində çatmışlar. Həmin anbar magistral yolun kənarında yerləşmiş və giriş darvazası açıq olmuşdur. Anbar həyətindən və tikinti konstruksiyadan ibarət olmuşdur. Obyektə daxil olanda orada özünü Yunis kimi təqdim edən şəxs onu və Fövzini qarşılamış və anbara aparmışdır. Həmin obyektdə adını bilmədiyi mühafizəçi də dayanmış və daha sonra girişdə sağda tikiliyə getmişdir. Solda eni 24 metr uzunluğu 90 metr olan anbar yerləşmişdir. Anbarın əsas yük daşıyan elementləri metal sütun və fermadan ibarət olmuşlar. Sözügedən anbarın içərisində hündürlüyü təxminən 6 metr olan həmin fermaları müayinə edib layihəyə uyğun olub-olmadıqlarını müəyyən etməkdən ötrü Yunisdən nərdivan istəmişlər. Yunis bildirmişdir ki, nərdivan yoxdur, halbuki sifarişçi müayinənin keçirilməsinə şərait yaratmalı olmuşdur. Ümumiyyətlə, onlar tərəfdən müayinənin keçirilməsinə şərait yaradılması ölkə Başçısının Fərmanına əsasən sifarişçinin vəzifə borcudur. Beləliklə, nərdivan olmadığı üçün o Fövzi ilə əlacsız qalıb Yunislə qərara gəlmişlər ki, orada olan avtokar vasitəsi ilə hündürlüyə qalxsınlar. Yunis yükdaşıyan avtokarın mühərrikini işə salıb idarə edərək anbarda küncdə üst-üstə yığılmış iri taxta yeşikləri döşəmədən avtokarın “vilkası” ilə götürmüş və ardı ilə Fövzinin həmin üst yeşiyin içərisinə girməyə şərait yaratmışdır. Yunisin avtokarı idarə etmək hüququnun olub-olmadığını bilməmiş və bu barədə ona sual verməmişdir. Bundan sonra Fövzi Quliyev həmin üst yeşiyin içərisinə dırmaşıb içərisində qalmış və avtokarın vilkası yuxarı qalxıb onu maksimum yuxarı qaldırıb fermanın altına aparmışdır. X31 anbarın fermasının aşağı və yuxarı kəməri və şəbəkə elementlərinin en kəsiklərini ölçüb ona demiş və o öz kitabında bunun qeydiyyatını aparmışdır. Avtokar anbarın içərisində aşağı surətlə hərəkət etmiş, manevrlər edərək anbarın içərisində metal konstruksiyalara baxış keçirməyə şərait yaratmışdır. O, həmin avtokarın yaxınlığında dayanıb Fövzinin dediklərini qeydə almışdır. Anbarın içərisində işlərini bitirib Yunis avtokarın vilkasını təxminən yerdən 40-50 sm hündürlüyə salmışdır. Fövzi Quliyev isə həmin yeşiyin içərisindən düşməmişdir ki, Yunis avtokarla onu bir qədər girişə aparsın, o anbarın giriş hissəsindəki metal konstruksiyanı müayinə etsin. Həmin vaxt avtokar düz istiqamətdə anbarın daxilindən çıxıb beton döşəmədən nisbətən aşağıda olan torpaq örtüyə keçərkən avtokarın üzərində olan iki yeşikdən üstdə olan yeşik, hansı ki Fövzi Quliyev dayanmış qəfil önə doğru sürüşmüş və Fövzi Quliyev yeşiklə birlikdə yerə yıxılmışdır. Yerə yıxılarkən Fövzi Quliyevin sağ tərəfli başı, boynu zərblə yerə dəymişdir. O, həmin vaxt anbarın çöl tərəfində girişdə olmuş və Fövzi Quliyev onun yaxınlığında yerə yıxılmışdır. Yunis avtokarı yavaş sürətlə idarə etmiş, lakin hansı sürətlə idarə etdiyini bilmir. Fövzi Quliyev yerə yıxılandan dərhal sonra o onun tərəfə qaçmış və yerdə onu tərpənişsiz olduğunun, huşu özündə olmadığının şahidi olmuşdur. Fövzi Quliyevi qucaqlayıb bir qədər qaldıranda ağzından qan gəldiyinin şahidi olmuşdur. O, Yunislə dərhal səs salıb mühafizəçini çağırmış, adını bilmədiyi mühafizəçi bir vedrə suyu onlara gətirmişdir. O, X23 Yunisin “Mistubishi L200” pikap markalı avtomobilinin arxa oturacağına uzatmışlar və Səmədabad kənd xəstəxanasına aparmışlar. Həmin tibb məntəqəsində həkim olmadığından onlar oradan X20 rayon mərkəzi xəstəxanasına çatdırmışlar. Fövzi Quliyev içərisində olduğu yeşik sürətlə sürüşmüş və bundan Fövzi Quliyev təxminən 2-3 metr önə yeşiklə birlikdə zərblə aşıb yıxılmışdır. Həmin yeşik Yunisin idarə edən zaman ehtiyatsızlığından sürüşüb Fövzi Quliyevlə birlikdə aşmışdır. Fövzi Quliyevin qeyd etdiyi şəraitdə metal konstruksiyaları müayinə etməsinə kimsə göstəriş verməyib, onun özü həmin yeşiyə qalxıb və Yunis avtokarı idarə edib yeşiyi hündürlüyə qaldırmış və anbarda hərəkət etdirmişdir. Hadisə yerində avtokarın vilkası ilə götürülmüş qeyd etdiyi üst üstə olan iki ədəd boş taxta yeşiklər hadisədən əvvəl bir birinə və avtokara hər hansı şəkildə bərkidilməmişlər. Fövzi Quliyevin avtokarın qalxan hissəsində qeyd olunan şəraitdə hündürlükdə işləyərkən texnikitəhlükəsizlik qaydalarına riayət olunub-olunmamasını bilmir. Hadisədən əvvəl Fövzi Quliyevlə kiminsə arasında söz-söhbət, dava-dalaş olmamışdır. O və Fövzi Quliyev “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu tərəfindən hadisə olan gün və əvvəllər xüsusi geyim vasitələri ilə, yəni inşaat dəbilqəsi, təhlükəsizlik kəməri, xüsusi gödəkcə ilə təmin edilmişlər. Lakin, hadisə olan gün o və Fövzi Quliyev həmin dəbilqə və sair xüsusi geyim vasitəsindən istifadə etməmişlər. İşlədiyi “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutun buna nəzarət etməsi də faktiki mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasındaş şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, əkdiyi çuğunduru Biləsuvar rayonu Arazbarı kəndi ərazisində yerləşən soyuducuda saxlamaqdan ötrü Təqsirləndirilən şəxs təxminən 2024-cü ilin iyul ayının əvvəlində müraciət etmiş və çuğunduru soyuducuda saxlamaları barədə razılığa gəlmişlər. Bunun üçün dostu Bakı şəhərində yaşayan Kamilin 35BA034 dövlət qeydiyyat nişanlı avtokarını evakuatorla Bakı şəhərindən Biləsuvar rayonu Arazbarı kəndinə aparıb həmin anbarın içərisinə yerləşməsini təmin etmişdir. 27 iyul 2024-cü il tarixdə saat 13 radələrində Yunisə zəng etmişdir ki, həmin anbara gəlsin və anbarda çuğundurun yığılması ilə bağlı hansı işlərin görülməsinə zərurət olduğunu öyrənsin. Bu vaxt Yunis onun zənginə cavab verərək bildirmişdir ki, anbarda avtokarın üzərindəki yeşikdən Fövqəladə Hallar Nazirliyinin əməkdaşı yıxılmış, xəstəxanaya aparır. Bunu eşidib o, dərhal Biləsuvar rayonu Arazbarı kəndində həmin soyuducu anbara yollanmış və orada qeyd etdiyi avtokarın anbarın giriş qapısında vilkası həyətə doğru dayandığının, yerdən 30-40 sm hündürlükdə olan vilkasının, yəni qaldırıcısının üzərində bir taxta yeşik olduğunun və qarşısında bir yeşiyin aşdığının, avtokarın mühərrikinin işlək vəziyyətdə olduğunun şahidi olmuşdur. Həmin vaxt anbarda heç kəs olmamışdır. O, avtokarın açarını burub mühərrikini söndürməyə çalışsa da onun mühərriki sönməmiş və o, heç bir əşyaya toxunmadan həmin yeri tərk edib İmişli rayonuna qayıtmışdır. Məhkəmə iclasındaş şahid qismində dindirilmiş Şahid4 Şahid5 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir Zərərçəkmiş şəxsin hüququ varisinin nümayəndəsinin vəsatəti əsasında məhkəməyə şahid kimi dəvət edilən ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X11 azyaşlı uşaqlarına görə məhkəməyə gələ bilmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. A.B.Məmmədova ifadəsində göstərmişdir ki, 21 noyabr 2023-cü il tarixdə "xxxx" ASC ilə notarial təsdiqi edilmiş subicarə müqaviləsi bağlamış və həmin müqavilə əsasında Biləsuvar rayonu Arazbarı kəndində Biləsuvar rayon Səmədabad bələdiyyəsinin 88 ha torpaq sahəsi ona subicarəyə verilmişdir. Həmin torpaq sahəsini qeyri-rəsmi ailəvi dostu olan X3 istifadəsinə vermiş və sonuncu tərəfindən həmin torpaq sahəsində əkin aparılmışdır. Sözügedən torpaq sahəsinin üzərində qanunsuz tikilmiş soyuducu anbar mövcuddur. Həmin anbarın texniki müayinəsinin aparılması və qanuniləşdirilməsi üçün Elvin Abdulhüseynov onun adından etibarnamə əsasında Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdir. Lakin o, sonradan Elvindən öyrənmişdir ki, həmin tikilidə Fövqəladə Hallar Nazirliyinin işçisi texniki müayinə apararkən avtokardan yıxılmış və aldığı xəsarətdən ölmüşdür. Həmin hadisənin şahidi olmamış, bu barədə sonradan eşidib öyrənmişdir. O, faktiki olaraq Biləsuvar rayonuna həmin torpaq sahəsinə və obyektə gəlmir, bütün işləri Elvin Abdulhüseynov özü həyata keçirir. X11 daha sonra ifadəsində göstərmişdir ki, İmişli rayonu Aranlı kənd sakini Təqsirləndirilən şəxs Ağababa oğlunu tanımır, qohumluq münasibəti, düşmənçilik və ədavəti yoxdur. Bununla yanaşı, Elvin Abdulhüseynov sözügedən 88 ha torpaq sahəsinin əkilməsi işinə Təqsirləndirilən şəxs cəlb etdiyinə görə X21 Xidməti onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3000 manat məbləğində cərimə etmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 13 nömrəli 21 avqust 2024-cü il tarixli rəyində göstərilmişdir ki, mərhum X10 meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: ağır qapalı kəllə-beyin travması, baş beyin toxumasına və yumşaq qişasına yayılmış qansızma, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, başın sağ təpə-ənsə nahiyəsində qançır və sıyrıq, dilin uc hissəsində əzilmiş yara, sağ dirsək oynağı nahiyəsində sıyrıq. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilməsi inkar olunmur, törənmə müddəti qərarda qeyd olunan 27 iyul 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurma əlamətlərinə malikdir. X10 ölümünə ağır qapalı kəllə-beyin travması zamanı əmələ gələn, baş beyin toxumasına və yumşaq qişasına yayılmış qansızma səbəb olmuşdur. X22 xx.xx.2024-cü il tarixdə saat 16:40-da Biləsuvar RMX-da vəfat etmişdir. X10 meyitindən götrülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddə aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş əməyin mühafizəsinə dair texniki təhlükəsizlik ekspertizasının 26 sentyabr 2024-cü il tarixli 10/7526 nömrəli rəyində göstərilmişdir ki, avtoyükləyici tutma vasitəsinin (çəngəlinin) üzərində adamın daşınması hadisənin baş verməsini şərtləndirmişdir. Baş vermiş hadisə ilə əlaqədar “Müəssədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydaları”nın (NPAOP 63.12-1.05-79) 5.9, 7.11 bəndlərinin və “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.1 bəndinin tələbləri pozulmuşdur. Təqsirləndirilən şəxs idarəetmə hüququ olmamasına baxmayaraq avtoyükləyicini idarə etdiyinə və idarəetmə zamanı təhlükəli və yolverilməz şəraitdə, yəni avtoyükləyicinin tutma vasitələrinin üzərində X10 yerdəyişməsini həyata keçirdiyinə görə, onun tərəfindən “Müəssisədaxili nəqliyyatın istismarında təhlükəsizlik texnikası qaydaları”nn (NPAOP 63.12-1.05-79) 5.9, 7.11 bəndlərinin tələbləri pozulmuşdur. Biləsuvar rayonu Arazbarı kəndi ərazisində magistral yolun kənarında yerləşən anbar binasında hündürlükdə yerləşən metal konstruksiyasının texniki müayinəsinin aparılması işinin təhlükəsiz aparılması üçün müvafiq texniki tərkibli tədbirlərin görülməsi, o cümlədən taxta inventarların, körpülərin ayaqaltı qurğu və vasitələrin qurulması və ya tikinti fasad qaldırıcıların tətbiq edilməsi təmin olunmadığına görə, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.1 bəndinin tələbləri həmin müayinənin təhlükəsiz aparılmasına cavabdeh olan şəxs (lər) tərəfindən pozulmuşdur (konkret şəxs(lər) araşdırmalarla istintaq tərəfindən müəyyən edilə bilər). İş üzrə təyin edilmiş əməyin mühafizəsinə dair əlavə texniki təhlükəsizlik ekspertizasının 28 yanvar 2025-ci il tarixli 10/678 nömrəli rəyində göstərilmişdir ki, Biləsuvar rayonu Arazbarı kəndi ərazisində magistral yolun kənarında yerləşən anbar binasında hündürlükdə yerləşən metal konstruksiyasının texniki müayinəsinin aparılması işinin təhlükəsiz aparılması üçün müvafiq texniki tərkibli tədbirlərin görülməsi, o cümlədən taxta inventarların, körpülərin ayaqaltı qurğu və vasitələrin qurulması və ya tikinti fasad qaldırıcıların tətbiq edilməsi təmin olunmadığına görə, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.1 bəndinin tələbləri həmin müayinənin təhlükəsiz aparılmasına cavabdeh olan şəxs(lər) tərəfindən pozulmuşdur. İş materiallarında olan “İmişli rayon mərkəzi xəstəxanası” publik hüququ şəxsin 24 yanvar 2025-ci il tarixli məktubundan görünür ki,Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə “Buynuz qişasının digər dəqiqləşdirilməmiş xəstəlikləri” və “Qaşınma” diaqnozu ilə həmin xəstəxanaya müraciət etmiş, ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda dayanmır. İş materiallarına əlavə edilmiş Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının 15 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 15 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və statistik informasiya idarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş “Respublikası Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 16 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb. İş materiallarına əlavə edilmiş İmişli rayon İcra Hakimiyyəti başçısının Aranlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin 20 noyabr 2024-cü il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs İmişli rayonu Aranlı kəndində yaşayır və ailə üzvləri- arvadı xx.xx.1971-ci il təvəllüdlü X12 və oğlu xx.xx.2003-cü il təvəllüdlü X4 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini və ailənin yeganə qazanc gətirəni olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60.1-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə həmin maddədə göstərilən əmlakların məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs X17 məxsus geyim əşyaları, Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr olduqlarına görə, müvafiq olaraq zərərçəkmiş şəxs X10 hüquqi varisinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsində göstərilmişdir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 46.2-ci maddəsinə əsasən əlavə cəza olaraq yükqaldırıcı nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməlidir. Habelə məhkəmə hesab edir ki, CPM-in 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 200 (iki yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları və Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozmamasını, habelə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin məqsədlərini təmin etdiyini nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona CM-nin 46.2ci maddəsinə əsasən 01 (bir) il müddətinə yükqaldırıcı nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon prokurorluğunda saxlanılan zərərçəkmiş şəxs X17 məxsus geyim əşyaları müvafiq olaraq X10 hüquqi varisinə geri qaytarılsın. İş üzrə ekspertiza xərci qismində 200 (iki yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan dövlət nəfinə tutulsun. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №1(022)-64/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-64/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver