Məhkəmə qərarları › İş №1(022)-66/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-66/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-66/2024 12.09.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1994-cü il tarixdə Biləsuvar rayonu, Aşağı Cürəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 21 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində atası Şahid etibarnamə əsasında idarə etmək üçün verilmiş «VAZ 21013» markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili, nəqliyyat vasitəsinin salonunda əyləşmiş atası Şahid icazəsi ilə “BC” dərəcəli sürücülük vəsiqəsi ilə Biləsuvar şəhəri, H.Əliyev küçəsi ilə «Saat dairəsi» istiqamətində hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni maksimum sürət həddinin saatda 40 kilometr müəyyənləşdirildiyi yol sahəsində avtomobili həmin sürətdən artıq olmayan sürətlə hərəkət etdirməli və həmin tələblərə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyərək, avtomobili icazə verilən həddən artıq sürətlə, yəni saatda 50 kilometr sürətlə idarə etmiş, həmin vaxt yolu soldan sağa istiqamətində keçmək istəyən piyada Zərərçəkmiş şəxs yolun hərəkət hissəsində avtomobilin ön tərəfi ilə ehtiyatsızlıqdan vuraraq, zərərçəkmiş şəxsə sol əlin 1ci daraq sümüyünün sınığı, sağ alın-qaş nahiyəsində əzilmiş yara və sol bud nahiyəsində qançır ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, bununla da idarə eldiyi avtomaşınla yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, onun atası Şahid «VAZ 21013» markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. Onun «BC» kateqoriyalı sürücülük vəsiqəsi olduğu üçün o, işləri üçün lazım olduğu vaxt həmin nəqliyyat vasitəsini atasından icazə alıb idarə edir. 21 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində o, atası ilə birlikdə «VAZ 21013» markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhərinin mərkəzinə doğru hərəkət etmişlər. Həmin vaxt atası Şahid da nəqliyyat vasitəsinin salonunda əyləşmişdir. Belə ki, o, avtomaşını idarə etmiş, atası isə onun yanında sərnişin qismində əyləşmişdir. O. avtomobili “Saat dairəsi” adlanan yer istiqamətində təxminən saatda 50-60 kilometr sürətlə idarə etmişdir. Onlar “Biləsuvar” şadlıq sarayının qarşısından keçdikdən sonra o, təxminən 20 metr aralıda bir nəfər piyada şəxsin yolu soldan sağa keçmək istəyini görmüşdür. Həmin şəxs ondan öndə gedən nəqliyyat vasitəsini görüb, yolun orta hissəsində dayanmışdır. Həmin avtomobil keçdikdən sonra isə piyada qaçaraq yolu keçmək istəmişdir. O, dərhal həmin şəxsi görüb əyləci basmış, lakin hadisədən yayına bilməməyərək, sonuncunu ehtiyatsızlıqdan vurmuş və sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs yolun ortasında yıxılmışdır. O, avtomaşını saxlayıb, atası ilə birlikdə həmin şəxsi avtomobilə əyləşdirib xəstəxanaya aparmışlar. Hadisə vaxtı həmin yerə bir neçə nəfər də gəlmişdir. O, avtomobili hadisə vaxtı təxminən saatda 50 kilometr sürəti ilə idarə etmişdir. Bundan başqa, o bildirdi ki, hadisə baş verdiyi vaxt onun idarə etdiyi nəqliyyat vasitəsinin əyləc sistemi işlək vəziyyətdə olmuş və o, tormozdan istifadə etmişdir. Hadisə zamanı o, sərxoş vəziyyətdə olmamışdır. O, qəzadan dərhal sonra Zərərçəkmiş şəxs idarə etdiyi nəqliyyat vasitəsinə əyləşdirərək, Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmışdır. Həmin avtoqəzadan sonra zərərçəkmiş şəxs az bədən xəsarətləri almışdır. Həmin qəzanın səhəri günü Zərərçəkmiş şəxs onan onu Bakı şəhərinə aparmasıı istəmişdir. O, zərərçəkmiş şəxsi Bakı şəhərində yerləşən “İstanbul NS” klinikasına və Zərifə Əliyeva adına Milli Oftamalogiya Mərkəzinə aparmışdır. Zərifə Əliyeva adına Milli Oftamalogiya Mərkəzində aparılmış müayinələrdən sonra Zərərçəkmiş şəxs gözündə heç bir problemin olmadığı bildirilmişdir. O, zərərçəkmiş şəxsin xəstəxana və müalicə xərclərinə təxminən 2.500 manat məbləğində pul xərcləmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsindən 10 gün sonra Zərərçəkmiş şəxs onun yanına gələrək, özü üçün gözündə nasazlıq olduğuna görə pensiya düzəltdirməsini ondan xahiş etmişdir. O isə Zərərçəkmiş şəxs həmin təklifindən imtina etmişdir. Həmçinin zərərçəkmiş şəxs qəzadan bir neçə ay sonra onun yanına gələrək, barışıq ərizəsi verməsi qarşılığında ondan 4.000 manat pul istəmişdir. O isə qəza nəticəsində həmin şəxsə daha az zərər dəydiyini əsas gətirməklə, Zərərçəkmiş şəxs 4.000 manat pul verməkdən imtina etmişdir. Həmçinin baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində o və onun atası Şahid xəsarət almamışlar. Bundan başqa, o bildirdi ki, onun təqsiri nəticəsində baş vermiş qəza zamanı Zərərçəkmiş şəxs göz nahiyəsinə heç bir zərər dəyməmiş və həmin şəxsin gözündə olan görmə zəifliyi yolnəqliyyat hadisəsindən daha öncə mövcud olmuşdur. O, cinayət işinin məhkəmədə baxılması dövründə zərərçəkmiş şəxslə barışıq əldə etmiş və həmin şəxsə vurduğu zərəri tam şəkildə ödəmişdir. O, törətdiyi əməldən peşmandır. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, o, Biləsuvar şəhəri, S.Vurğun küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. O, 21 oktyabr 2023-cü il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Biləsuvar” şadlıq evində toyda iştirak etmişdir. O, həmin toy məclisində bir qədər spirtli içki qəbul etsə də, sərxoş olmamışdır. Həmin gün saat 20 radələrində o, şadlıq evindən çıxıb evinə getmək məqsədi ilə yolu əks istiqamətə keçmək istəmişdir. O, yolun orta hissəsinə kimi gəlib dayanmış və sağdan gələn avtomobillərin keçməsini gözləmişdir. O, 3 avtomobilin keçməsini gözlədikdən sonra yolu keçmək istəmişdir. Həmin vaxt qarşıdan bir avtomobil gəlmiş, lakin onunla həmin nəqliyyat vasitəsi arasında 30-35 metr məsafə olmuşdur. Buna görə də o, yolu keçməyə qərar vermişdir. Lakin həmin avtomobilin sürücüsü avtomaşının ön sağ tərəli ilə onu sol bud nahiyəsindən vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmış və huşunu itirmişdir. Sonradan o, xəstəxanada özünə gəlmişdir. Hadisə zamanı o, sol əl, sol bud və baş nahiyələrindən xəsarətlər almışdır. O, xəstəxanada özünə gəldiyi vaxt onun yanında olan ailə üzvlərinə gözünün görmədiyini bildirmişdir. O, sonradan onu xəstəxanaya gətirən şəxsin onu vuran avtomaşının sürücüsü Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs onu Bakı şəhərində yerləşən “İstanbul NS” klinikasına və Zərifə Əliyeva adına Milli Oftamalogiya Mərkəzinə aparmışdır. Zərifə Əliyeva adına Milli Oftamalogiya Mərkəzində ona beyin nahiyəsindən 12 millimetrlik zərbə aldığı bildirilmişdir. “İstanbul NS” klinikasında isə ona gözünə gedən damarın tutulduğu bildirilmiş və 10 gün müddətində müalicə alacağı təqdirdə, açılacağı bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs 155 və 90 manat xərci çıxmışdır. O, Biləsuvar rayonuna qayıtdıqdan sonra müalicəsinə davam etdirə bilməmiş və təqsirləndirilən şəxs də onunla maraqlanmamışdır. Sonradan Təqsirləndirilən şəxs onu xəstəxanaya aparsa da, həkim artıq gec olduğunu və damarın açılmayacağını ona bildirmişdir. Təqsirləndirilən şəxs ona cəmi 2 dəfə dərman almış, həmin şəxs onu 3 dəfə Bakı şəhərinə aparmış, həmin şəxsin dayıları onu Cəlilabad rayonunda yerləşən xəstəxanaya aparmış və hər dəfə ona 20 manat pul vermişlər. O, özü 7 dəfə xəstəxanaya getmiş və qalan dərmanlarını almışdır. Onun indiyə qədər 2.500 manat xərci çıxmışdır. Təqsirləndirilən şəxs isə nəinki onun müalicə xərclərini qarşılamamış, hətta onunla sonradan maraqlanmamışdır. Cinayət işinə məhkəmədə baxıldığı dövrdə Təqsirləndirilən şəxs ona dəymiş bütün zərəri qarşılamaqla, onunla barışıq əldə etmişdir. Buna görə də onun hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və ya tələbi yoxdur. İşdə olan 21 oktyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə yeri «VAZ 21013» markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tərəfindən göstərilmişdir. Hadisə Biləsuvar şəhəri, H.Əliyev küçəsində “Biləsuvar" şadlıq sarayının qarşısından keçən asfalt yolda baş vermişdir. Hadisə yerinə baxış Biləsuvar İdman kompleksindən “Saat dairəsi” istiqamətində keçirilmişdir. Yol asfalt örtüklü olmaqla düzdür və qurudur. Görmə məsafəsi kifayət qədərdir. Hadisə yerində piyadanın vurulduğu yerdən 6,20 metr geridə 40 km sürət həddinin bitməsini göstərən yol nişanı var, nişanlanma xəttləri yoxdur. Sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə yolun ortasında dayanmış piyada Zərərçəkmiş şəxs yolu sola doğru keçməyə başladığı andan yaranmış və həmin andan piyada avtomobil ilə vurulma yerinə kimi iti qaçışla 3,5 metr qət elmişdir. Asfalt yolun eni 14 metrdir. Yolun sol tərəfində səki daşları var, sağ tərəfində ara küçə ilə birləşir, solda 2 metr enində yaşıllıq vardır. Hadisə yerində «VAZ 21013» markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid iki ədəd paralel 7,50 metr uzunluğunda tormoz izləri vardır. Həmin izlərin başlanğıcı piyadanın vurulduğu yerdən 4,70 metr əvvəldə başlayıb, piyadanın vurulduğu yerdən 2,80 metr sonra qurtarıb. Bundan başqa, hadisə yerində, «VAZ 21013» markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid heç bir hissə, detal, şüşə, rəng və sair qırıqları aşkar edilməmişdir. Hadisə vaxtı VAZ 21013» markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saz vəziyyətdə olmuş, hadisə zamanı avtomobildə sərnişin qismində Şahid ön sağ oturacaqda əyləşmiş və avtomaşında yük olmamışdır. Cinayət işində olan «VAZ 21013» markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin A seriyalı, 645375 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, həmin nəqliyyat vasitəsi X1 məxsusdur. İşdə olan ƏN-V seriyalı, 270297 seriyalı etibarnamənin surətindən görünür ki, «VAZ 21013» markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ 05 avqust 2028-ci il tarixədək Şahid verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi vardır. İş materiallarına əlavə edilmiş 21 oktyabr 2023-cü il tarixli, 568 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə vaxtı sürücü Təqsirləndirilən şəxs sərxoş olmamışdır. İşdə olan 21 oktyabr 2023-cü il tarixli, 569 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs yüngül dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Cinayət işi materiallarında olan canlı şəxsin ekspertizasının 04 noyabr 2023-cü il tarixli, 1223 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol əlin 1-ci daraq sümüyünün sınığı, sağ alın-qaş nahiyəsində əzilmiş yara və sol bud nahiyəsində qançır müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 21 oktyabr 2023-cü il tarixə uyğun, dərəcəsinə görə sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. İşdə olan canlı şəxsin ekspertizasının 27 noyabr 2023-cü il tarixli, 1223 saylı rəyə əlavədən görünür ki, Zərərçəkmiş şəxs sol əlin 1-ci daraq sümüyünün sınığı, sağ alın-qaş nahiyəsində əzilmiş yara və sol bud nahiyəsində qançır müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsiriadən törənmişdir, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 21 oktyabr 2023-cü il tarixə uyğun, dərəcəsinə görə sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs sağ gözündə görmənin tam itməsi sağ beyin yarımkürəsinin alın payında olan işemiya ilə əlaqədar olduğuna görə görmə qabiliyyətinin itməsinin 21 oktyabr 2023-cü il tarixdə baş vermiş avtoqəza nəticəsində aldığı travma nəticəsində yaranması istisna olunur. Cinayət işinin məhkəmə baxışı zamanı keçirilmiş canlı şəxsin komisyon ekspertizasının 20 avqust 2024-cü il tarixli, 746/KEŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs mütəxəssis müayinəsi zamanı hazırda onun sağ gözündə görmə siniri diskinin atrofıyalı olduğu müəyyən edilmişdir ki, bunun da cərrahi və konservativ müalicəsi yoxdur.Həmin şəxsin mütəxəssis müayinəsi zamanı onun görmə qabiliyyətinin VisOD=0, VisOS=0,7 olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs müəyyən edilmiş görmə siniri diskinin atrofiyası patoloji proses olduğundan görmə qabiliyyətinin tam şəkildə itirilməsinin müddətini təyin etmək mümkün deyildir. Zərərçəkmiş şəxs adına Birliyin Cəlilabad rayon şöbəsində tərtib edilmiş 21 noyabr 2023-cü il tarixli, 1223 saylı ekspert rəyinə əsasən, onun sağ gözündə görmənin tam itməsi sağ beyin yarımkürəsinin alın payında olan işemiya ilə əlaqədar olduğu üçün 21 oktyabr 2023-cü il tarixdə avtoqəza nəticəsində aldığı travma nəticəsində yaranması istisna olunur.Həmin şəxsdə müəyyən edilmiş görmə siniri diskinin atrofiyası travmatik mənşəli olmadığından sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və ya xəsarət izinin olduğu müəyyən edilmədi. Cinayət işində olan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 25 dekabr 2023-cü il tarixli, 8/3694 saylı rəyindən görünür ki, «VAZ 21013» markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və sonuncunun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs vəsatət verərək, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayət törətdiyinə, zərərçəkmiş şəxsə vurulmuş zərəri tamamilə aradan qaldırdığına və zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs xahişini müdafiə edərək, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Həmçinin Zərərçəkmiş şəxs məhkəməyə notariat qaydasında təsdiqlənmiş ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ona vurulmuş maddi zərəri tamamilə ödədiyini və onunla barışıq əldə etdiyini və sonuncuya qarşı iddiası, tələbi və şikayəti olmadığını bildirdi və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı məhkəmədə iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsinə və həmin cinayət işinin icraatına xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs hadisələrin təsadüfü axımı nəticəsində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətdiyinə, Zərərçəkmiş şəxs vurulmuş zərəri tamamilə ödədiyinə və həmin şəxslə barışdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və həmin cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəninə görə həmin Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir. Hal-hazırda o Zərərçəkmiş şəxs vurduğu zərəri tamamilə aradan qaldırmış və həmin şəxslə barışmışdır. Azərbaycan Respublikası CPM-nin 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs yazılı vəsatətindən görünür ki, o, Zərərçəkmiş şəxsla barışdığına görə cinayət işi üzrə icraata xitam verilməsinə razıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə yol-nəqliyyat hadisəsi ekspertizası xərci qismində 85 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ilə barışdığına və zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödədiyinə görə, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. İş üzrə ekspertiza xərci qismində 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmaması məsələsinin aydınlaşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar