Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-66/2025 05.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1990-cı il tarixdə Lənkəran rayonu, Digah kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 uşağı olan, fərdi əməklə məşğul olan, Lənkəran rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 1(049)- 397/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixdə qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azaldılmış, Salyan rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 7(057)- 591/2023 saylı qərarı ilə cəzasının çəkilməmiş 29 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Lənkəran rayonu, Digah kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, xeyli miqdarda - 7,276 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 16 yanvar 2025-ci il tarixdə, saat 19:56-da “Reno Megan” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu, Muğan kəndi ərazisində hərəkətdə olduğu vaxt narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, həmin yerdə üzərinə şəxsi axtarış keçirildiyi zaman həmin narkotik vasitə qurudulmuş marixuana bir ədəd yapışqanlı lentlə sarılmış şəffaf rəngli sellofana bükülmüş bükümdə olmaqla, əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Lənkəran rayonu, Digah kəndində yaşayır, evlidir və 2 uşağı var. O, rəsmi olaraq heç bir yerdə işləməsə də, yaşadığı rayonda ustalıq və fəhləlik edir. O, 2012-ci ildən narkotik vasitə istehlak etməyə başlamışdır. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə Lənkəran rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 6 ay hissəsi azaldılmış, həmin məhkəmənin 21 sentyabr 2023-cü il tarixli qərarı ilə isə cəzasının çəkilməmiş 29 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. O, 16 yanvar 2025-ci il tarixdə Lənkəran şəhərində yerləşən “Ləvəngi dairəsi” adlanan yerdə olduğu zaman yerdən şəffaf rəngli sellofan bir ədəd bükülü tapmışdır. O, həmin bükülünü açdığı zaman içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. O, həmin narkotik vasitəni sonradan istehlak etmək məqsədilə əynindəki şalvarın yan cibində gizlətmişdir. O, həmin gün Biləsuvar şəhəri, “Təyyarə meydanı” yaşayış massivində yaşayan, o, azadlıqdan məhrum edildikdən sonra əlaqələri kəsilmiş əsgərlik yoldaşı Kamranla görüşmək məqsədi ilə Biləsuvar rayonuna getmək qərarına gəlmişdir. O, həmin gün günorta saatlarında Lənkəran şəhərində, keçmiş məhkumluq yoldaşı X1 onu Biləsuvar rayonuna aparmasını xahiş etmişdir. R.N.Bağıyev onu 30 manat gediş haqqı ödəməsi müqabilində Biləsuvar rayonuna aparmağa razılaşmışdır. Bundan sonra o, R.N.Bağıyevin idarə etdiyi “Reno Megan” markalı, **-CX- *** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu istiqamətində yola düşmüş və onlar həmin gün axşam saatlarında Biləsuvar rayonuna çatdıqdan sonra yolu səhv salmışlar. Buna görə ddə onlar Biləsuvar şəhərinə getmək üçün geri qayıdarəkən yolpatrul xidməti avtomobili onlara “saxla” işarəsi vermişdir. Buna görə də sürücü R.N.Bağıyev idarə etdiyi nəqliyyat vasitəsini yolun kənarında saxlamışdır. Həmin vaxt bir neçə nəfər şəxs videoçəkiliş aparmaqla onlara yaxınlaşmış və özlərini tədim edərək, polis əməkdaşı olduqlarını bildirmişlər. Həmin əməkdaşlar narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmiş və onlara hüquqlarını izah etmişlər. Əvvəlcə videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, hər hansı əşya və predmet varsa təqdim etməsini təklif etmişlər. O da əynindəki şalvarın sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd bükülünü və şəxsi əşyalarını çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmçinin onun əynindəki gödəkçənin sol yan cibindən bir ədəd “Nokia” markalı, gödəkçənin sağ yan cibindən bir ədəd “Oppo” markalı mobil telefon və əynindəki şalvarın arxa cibindən bir manatlıq pul əskinası aşkar edilmiş, sonradan həmin pul əskinası ona geri qaytarılmışdır. Mobil telefonlar polis əməkdaşları tərəfindən götürülmüş, daha sonra isə həmin predmetlər ona geri qaytarılmışdır. Onun üzərinə baxış keçirildiyi zaman başqa hər hansı dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya aşkar edilməmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla saxlandıqları yerdə polis əməkdaşı sürücü R.N.Bağıyevin üzərinə və “Reno Megan” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin sürücünün üzərində və ya nəqliyyat vasitsində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, hər hansı əşya və predmet aşkar edilməmişdir. Baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, eyni zamanda onun üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Tərtib olunmuş protokol ona ucadan oxunmuş, protokol və onun üzərinə şəxsi axtarış keçirildiyi zaman aşkar edilmiş əşyaların qablaşdırıldığı zərfin üzəri o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Onun üzərindən aşkar edilmiş büküm polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq, götürülmüşdür. Həmçinin o bildirdi ki, onun üzərində narkotik vasitə olmasıdan sürücü R.N.Bağıyevin məlumatı olmamışdır. Onun üzərində daşıdığı nakotik vasitə qurudulmuş marixuananı satmaq məqsədi olmamışdır. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və himayəsində 2 uşağı olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsində cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Əvvəllər tanımadığı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 16 yanvar 2025ci il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmış, o, həmin qrupa daxil edilmişdır. Əməliyyataxtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, həmin gün, saat 19:56-da Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan etdiyi “Reno Megan” markalı, **-CX- *** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayonu Gömrük yolu üzərində yerləşən Muğan kəndində “Muğan kənd” yazılan lövhənin yaxınlığında Biləsuvar rayon polis şöbəsinin post patrul xidməti bölməsinin əməkdaşı tərəfindən “saxla” işarəsi verilərək, saxlanılmışdır. Bundan sonra o, əməliyyat qrupunun digər üzvləri ilə birlikdə, videoçəkiliş aparılmaqla, həmin nəqliyyat vasitəsinə yaxınlaşaraq, özlərini təqdim etmiş və gəlişlərinin səbəbini izah etmişlər. Həmin vaxt avtomaşında Təqsirləndirilən şəxs və sürücü R.N.Bağıyev olmuşlar. Həmin şəxslərə hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçi ilə təmin olmaq hüququ izah olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla, şübhəli şəxslərin üzərinə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd “Nokia” markalı, gödəkçənin sağ yan cibindən bir ədəd “Oppo” markalı mobil telefonu, bir ədəd 1 manatlıq pul əskinasını, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən isə 1 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş və həmin bükülünü həmin gün Lənkəran şəhərində yerləşən “Ləvəngi dairəsi” adlanan yerdə olduğu zaman yerdən tapdığını və sonradan istehlak etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərisinə baxılarkən orada, rəngindən və digər əlamətlərindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən edilmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 9,74 qram olmuşdur. Daha sonra isə sürücü R.N.Bağıyevin üzərinə şəxsi axtarış keçilmişdir. Baxış keçirilməzdən əvvəl həmin şəxsə üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuş və sonuncu üzərində qanunla qadağan edilmiş hər hansı predmetin olmadığını bildirmişdir. Həmçinin R.N.Bağıyevin idarə etdiyi avtomobilə, videoçəkiliş aparılmaqla, baxış keçirils də, həmin nəqliyyat vasitəsində qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya, eləcə də narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Şəxsi axtarış və baxış hərəkətləri yekunlaşdıqdan sonra saxlanılmış şəxslər Biləsuvar rayon polis şöbəsinə aparılmışdır. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Sonda şəxsi axtarış və baxış keçirilməsinə dair protokollar tərtib olunaraq iştirakçılara oxunmuş, protokollar baxış iştirakçıları tərəfindən imzalanmışdır. İş üzrə şahid kimi dindirilmiş Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsin əməkdaşı Şahid2 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, xeyli miqdarda - 7,276 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşıdığını, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 16 yanvar 2025-ci il tarixdə, saat 19:56-da “Reno Megan” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu, Muğan kəndi ərazisində hərəkətdə olduğu vaxt narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, həmin yerdə üzərinə şəxsi axtarış keçirildiyi zaman həmin narkotik vasitə qurudulmuş marixuana bir ədəd yapışqanlı lentlə sarılmış şəffaf rəngli sellofana bükülmüş bükümdə olmaqla, əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdi. İş materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxslərin yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair 16 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməsində, saxlamasında və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 16 yanvar 2025-ci il tarixdə, saat 19:56-da həmin şəxsin içərisində olduğu ehtimal olunan Biləsuvar rayonu, Muğan kəndi ərazisində “Reno Megan” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşı tərəfindən “saxla” işarəsi verilərək saxlanılmışdır. Həmin nəqliyyat vasitəsi yolun kənarında saxlandıqdan sonra polis əməkdaşları avtomobilə yaxınlaşaraq, özlərini təqdim etmiş və gəlişlərinin səbəbini izah etmişlər. Həmin vaxt avtomaşınn sürücüsünün X2, sərnişinin isə ətrafında əməliyyat-axtarış tədbirləri keçirilmiş Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir.Bundan sonra polis əməkdaşlarının iştirakı ilə, videoçəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş narkotik vasitə və yaxud digər əşya varsa, könüllü olaraq təqdim etməsi Təqsirləndirilən şəxs təklif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd “Nokia”, gödəkçənin sağ yan cibindən bir ədəd “Oppo” markalı mobil telefonları, bir ədəd 1 manatlıq pul əskinasmı, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən isə bir ədəd şəffaf rəngli sellofan bükülmüş bükümü təqdim etmişdir. Həmin bükülüyə baxış keçrildikdə içərisində qurudulmuş marixuanaya bənzər ot kütləsi olduğu müəyyən edilmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 9,74 qram olduğu müəyyən edilmişdir. Həmin bükülü bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri baxış iştirakçıları tərəfindən imzalanmışdır. Bundan sonra sürücü R.N.Bağıyevin üzərinə şəxsi müayinə keçirilmişdir. Baxış keçirilməzdən əvvəl R.N.Bağıyevə üzərində qanunla qadağan olunmuş narkotik vasitə və yaxud digər əşya varsa, könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Həmin şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən birədəd “Huawei” markalı mobil telefonu təqdim edərək, üzərimdə qanunla qadağan edilmiş heç bir əşya və ya predmet olmadığını bildirmişdir. R.N.Bağıyev üzərinə baxış keçirilmiş və üzərindən qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra “Reno Megan” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və nəqliyyat vasitəsində qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 17 yanvar 2025-ci il tarixli, 19/18 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bükülü...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi - 7,276 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi - 7,276 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 7,226 qram qalmışdır. İş materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 03 fevral 2025-ci il tarixli, 48 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nın İ siyahısının 109.1-ci bəndinənin tələbinə görə qurudulmuş marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə məhkumluğunun olmasını və əvvəllər narkotik vasitələrin və psixotrop maddlələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətdiyinə görə məhkum edildiyini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində 2 uşağının olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hallar hesab edir. Cinayətin resdivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 1(049)-397/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, həmin Məcəllənin 66.2-ci maddəsi tətbiq edilməklə, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixdə qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azaldılmış, Salyan rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 7(057)-591/2023 saylı qərarı ilə cəzasının çəkilməmiş 29 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanin müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edimiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 56.1 və 56.1.3-cü maddələrinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cinayət işinin hallarini, əməlin ictimai təhlükəliliyini və cinayətin törədilmə üsulunu nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin oluna bilər və buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində, həmin Məcəllənin 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 yanvar 2025-ci il tarixdə, saat 19:56-da şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 18 yanvar 2025-ci il tarixdə, saat 14:10-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət işinə məhkəmədə baxıldığı dövrdə məhkəmədən qaçıb gizləndiyinə görə sonuncu barəsində Biləsuvar rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli qərarı ilə axtarış elan edilməklə, polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş və R.N.Nəhməto 25 may 2025-ci il tarixdə, saat 18:00-da Lənkəran rayonunda polis əməkdaşları tərəfindən tutulmuş və Biləsuvar rayon polis şöbəsinə gətirilərək, şöbənin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasının əvvəli 25 may 2025-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 03 fevral 2025-ci il tarixli, 48 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 7,226 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları və həmin şəxsin məhkəməyədək icraat dövründə barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsini nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 7,226 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-66/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-66/2025
05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver