Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-67/2023 27.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1991-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sədələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 04 mart 2023-cü il tarixdə, yaşadığı Biləsuvar rayonu, Nəsimi kəndi ərazisində yerləşən evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətlər zəminində yaranmış münaqişə zamanı təpiklə bir dəfə Zərərçəkmiş şəxs kürək nahiyəsindən, əlində olan ağac parçası ilə isə zərərçəkmiş şəxsin bədənin müxtəlif nahiyələrindən bir neçə dəfə vuraraq həmin şəxsə başın təpə və sağ qaşüstü nahiyəsinin əzilmiş yaraları, ənsə nahiyəsinin qançırı, alın nahiyəsinin sıyrığı, hər iki aşağı və yuxarı ətrafların, oturaq və kürək nahiyəsinin qançırları ilə nəticələnmi. xəsarətlər yetirərək zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır və onlar 2016-cı ildə evlənmişlər, onların birgə nikahından 2 uşağı vardır. O, ailəsi ilə birgə Biləsuvar rayonu, Nəsimi kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır. O, metal qırıntıları toplayıb satmaqla ailəsini dolandırır. O, Zərərçəkmiş şəxs ilə evləndikdən az sonra qayınatası Azad Almasov onların ailə həyatına daima müdaxilə etməyə başlamış və onların arasındakı münasibəti pozmağa çalımışdır. 04 mart 2023-cü il tarixdə saat 20 radələrində o, işdən gəldikdən sonra yorğun və sərxoş olduğuna görə, habelə metal qırıntıları topladığı zaman ayağından aldığı yaraların sağalmayaraq irinlədiyi və bu səbəbdən dözülməz ağrı verdiyi üçün, arvadı Zərərçəkmiş şəxs ilə onun arasında mübahisə yaranmış və o, sonuncuya təpiklə və ağac parçası ilə zərbələr vurmuş, daha sonra yatmağa getmişdir. 05 mart 2023cü il tarixə keçən gecə, saat 01:30 radələrində atası Şəbiyev Bəhlul Yolçu oğlu onu çağırdığı üçün yuxudan oyanmış və bu zaman arvadının o, yatdığı zaman evdən gizlicə çıxaraq onun atasının evinə getdiyindən xəbər tutmuşdur. Sonradan o, arvadı Zərərçəkmiş şəxs ondan Biləsuvar rayon polis şöbəsinə şikayət etdiyini bilmişdir. O, 04 mart 2023-cü il tarixdə içkili və müştərilər tərəfindən aldadılması səbəbindən əsəbi olduğuna görə arvadı ilə münaqişə etsə də, sonradan bu əməlinə görə peşman olmuşdur. Baş vermiş hadisədən sonra o, arvadı Zərərçəkmiş şəxs ilə dəfələrlə barışmağa cəhd göstərmiş və sonuncu onun barəsində verdiyi şikayəti geri götürmək istəsə də, qayınatası buna mane olmuşdur. Belə ki, təhqiqat orqanında Zərərçəkmiş şəxs şikayəti ilə əlaqədar aparılan araşdırma zamanı zərərçəkmiş şəxs onunla barışdığı barədə ərizə versə də, sonradan məhz qaynatası Azad Almasovun müdaxiləsi nəticəsində Zərərçəkmiş şəxs onunla barışmaqdan və ər-arvad münasibətlərini bərpa etməkdən imtina etmişdir. Onunla qaynatası arasında 2019-cu ildə eyni səbəblərdən münaqişə baş vermiş, həmin vaxt da qaynatası ondan polisə şikayət etsə də, sonradan o, Azad Almasovla barışıq əldə etdiyi üçün həmin vaxt işin icraatına xitam verilmişdir. Bununla belə, qaynatası Azad Almasov onunla arvadı arasında nikah münasibətlərini pozmağa çalışdığı üçün onunla zərərçəkmiş şəxs arasında 04 mart 2023-cü il tarixdə baş vermiş münaqişədən istifadə edərək, Zərərçəkmiş şəxs onunla barışmasına imkan vermir. Halbuki, onun Zərərçəkmiş şəxs ilə birgə nikahından 2 azyaşlı uşağı vardır və səhhətindəki çoxsaylı qüsurlara baxmayaraq, o, küçə-bə-küçə gəzərək metal qırıntıları toplayıb satmaqla, bütün qazancını ailəsinin rifahına sərf etdir. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışmağa cəhd etdiyini və himayəsində iki azyaşlı uşağının olmasını bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, barəsində ittiham irəli sürülmüş şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, Təqsirləndirilən şəxslə 2016-cı ildə ailə qurmuş və onların birgə nikahlarından iki uşağı vardır. Təqsirləndirilən şəxs evləndikləri gündən hazırki tarixədək onunla yola getməmiş və ona qarşı tez-tez zorakılıq hərəkətləri etmişdir. 04 mart 2023-cü il tarixdə, axşam vaxtı, əri Təqsirləndirilən şəxs yaşadıqları evə qayıtdıqdan sonra sonuncunun xahişi ilə o, Təqsirləndirilən şəxs qıçına məlhəm sürtmüş və sonuncu məlhəmi yaxşı çəkmədiyini bildirərək onun üstünə qışqırmış və kürək nahiyəsindən təpiklə vurmuşdur. Daha sonra sonuncu uşaqların ağladığını görüb, onları yan otağa aparmış və yatmalarını tapşırmışdır. Təqsirləndirilən şəxs isə həyətə düşmüş və bir neçə dəqiqə sonra əlində ağac parçası ilə geri dönərək ona qol, qıç, bədən nahiyələrindən və axırıncı olaraq baş nahiyəsindən iki dəfə zərbə endirmiş və onun vəziyyəti pisləşərək başın nahiyəsindən qan axmağa başlamışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs yalvararaq, onu döyməməsini xahiş etmişdir. Əri onun xahişlərini və halının pis olmasını, paltarlarının qana bulaşmasını görüb onu döyməyi sonlandırmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs məhkəmədə bildirdi ki, Təqsirləndirilən şəxslə onun arasında əvvəllər də belə bir hadisə baş vermiş, lakin o, şikayət ərizəsini geri götürərək sonuncu ilə barışmışdır. Bununla belə Təqsirləndirilən şəxs əməllərinə davam etmişdir. O, artıq valideynlərinə məxsus evdə yaşayır və Təqsirləndirilən şəxslə aralarında olan nikahın ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. Sonda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs etidiyi əməlinə görə bağışlamadığını bildirərək, məhkəmədən Təqsirləndirilən şəxs barədə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etdi. İş materiallarında olan canlı şəxsin ekspertizasının 06 mart 2023-cü il tarixli, 97 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində başın təpə və sağ qaşüstü nahiyələrinin əzilmiş yaraları, ənsə nahiyəsinin qançırı, alın nahiyəsinin sıyrığı, hər iki aşağı və yuxarı ətrafların, oturaq və kürək nahiyəsinin qançırları (ümumilikdə, 13 ədad) xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir. Xəsarətlərin əmələ gəlmə müddəti 04 mart 2023-cü il tarixə uyğun gəlir və əllə, təpiklə vurulma nəticəsində törənə bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Ş.A.Əlizadənin əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışmağa cəhd göstərməsini və himayəsində 2 azyaşlı uşağının olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Ş.A.Əlizadənin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyi təqdirdə də təmin edilə bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-67/2023
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-67/2023
27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver