Məhkəmə qərarları › İş №1(022)-68/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-68/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-68/2023 04.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Xüsusi ittihamçı Zərərçəkmiş şəxs iştirakı ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətinə 04 aprel 2023-cü il tarixdə Biləsuvar şəhərində Biləsuvar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zərərçəkmiş şəxs X2 CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayət verərək göstərmişdir ki, xx.xx.2019-cu il tarixdən "xxxx" ASC-nin 3 saylı Regional Sukanal İdarəsinin Biləsuvar sukanal sahəsinin sahə rəisi işləyir. İşlədiyi müddət ərzində Komitənin rəhbərliyi, habelə rayon rəhbərliyi tərəfindən heç bir cəza və töhmət almamış, vəzifə borcunu layiqincə yerinə yetimişdir.1-ci Qarabağ müharibəsi veteranıdır. Medallarla təltif olunmuşdur. X2 bu yaxınlarda Biləsuvar rayon sakini olduğunu bilmişdir. Aralarında heç bir ədavət və düşmənçilik yoxdur. V.Abdullayev son dövrlər sosial şəbəkədə, yəni internet informasiya ehtiyatlarında yaymaqla, onun haqqında yalan, iftira və böhtan xarakterli məlumatlar yaymaqla şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl yetirən cinayət xarakterli əmələ yol vermişdir. Eyni zamanda yaydığı müraciətlərdə onun külli miqdarda rüşvət almaqda, özbaşnalıqda, vəzifə səlahiyyətlərini aşmaqda, habelə dövlət əleyhinə cinayət törətmiş Əlikram Hübbətovun tərəfdarı olmaqda işbirliyində ittiham etməklə, korrupsiya əməllərinin olması ilə bağlı ona böhtan atmış və buna görə də onun əməlində CM-nin 147.2-ci maddəsinin əlamətləri vardır. Ona görə də hesab edir ki, o, həmin maddə ilə məhkəməyə verilməlidir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçı Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayəti müdafiə edərək onun məhkəmənin icraatına qəbul edilməsini və məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 293.3.2-ci maddəsinə əsasən şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməlidir. Məhkəmə diqqətə çatdırır ki, Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətində X1 dövrlər sosial şəbəkədə, yəni internet informasiya ehtiyatlarında yaymaqla, onun haqqımda yalan, iftira və böhtan xarakterli məlumatlar yaymaqla şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl yetirən cinayət xarakterli əmələ yol verdiyini, eyni zamanda yaydığı müraciətlərdə onun külli miqdarda rüşvət almaqda, özbaşnalıqda, vəzifə səlahiyyətlərini aşmaqda, habelə dövlət əleyhinə cinayət törətmiş Əlikram Hübbətovun tərəfdarı olmaqda işbirliyində ittiham etdiyini göstərsə də, X4 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, həmin əməllərin cinayət qanununun konkret olaraq hansı dispozitiv şərtlərinə uyğun olması əsaslandırılmayaraq ümumi cümlələrdən istifadə edilməklə bunların təsdiqinə dair məhkəməyə hər hansı mötəbər sübutu təqdim etməmişdir. Belə ki, şikayətdə X2 CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi göstərilsə də, məlumatın hansının və ya hansı hissəsinin şikayətdə göstərilən CM-in 147.2-ci maddəsinin tərkibini yaratdığı konkretləşdirilməmiş yayılması iddia edilən məlumatların konkret hansı əməlin, yəni CM-in 147.2-ci maddəsinin tərkibini yaratdığı əsaslandırılmamışdır. Bundan əlavə, şikayətdə X2 CM-nin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi xahiş edilsə də, X2 böhtan atdığı ağır cinayətin nədən ibarət olması şikayətdə konkret göstərilməmişdir. Halbuki, CPM-in 293.3.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği şikayətdə göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab eldir ki, ləkələyici məlumatlar konkret faktlarla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Məhkəmə hesab edir ki, göstərilənlər xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə araşdırılması aparmadan CPM-in 302.1.3-cü maddəsinə uyğun məhkəmə hazırlıq iclasında şikayətin icraata qəbul edilməsindən imtina haqqında qərar qəbul edilməsi üçün əsasdır. Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərardır (CPM-in 300.1.3-cü maddəsi). CPM-in 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Göstərilənlərə əsasən və CPM-in 300.1.3, və 302-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunsun. Qərardan elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan 20 gün müddətində apellyasiya şikayəti verilməzsə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar