Məhkəmə qərarları › İş №1(022)-69/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-69/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-69/2023 26.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 2002-ci il tarixdə Lerik rayonu, Soru kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Soru kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, S.Bəhlulzadə küçəsi, 13 saylı döngədə yerləşən 1 saylı evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq -1,308 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 05 fevral 2023-cü il tarixdə saat 23:25 radələrində, Şahid4 idarə etdiyi «Chevrolet Cruze» markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri, Q.Həsənov küçəsi ilə hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman həmin psixotrop maddə metamfetamin bir ədəd şəffaf rəngli sellofan bükümdə olmaqla əynindəki gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Lerik rayonu, Soru kəndində qeydiyyatda olsa da, faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində ailə üzvləri ilə birgə yaşayır. O, Bakı şəhəri, Yasamal rayonunda dönərxanaların birində kuryer kimi çalışır. Polis tərəfindən tutulmazdan təxminən bir neçə gün əvvəl o, Bakı şəhərində yerləşən ünvanlardan birinə sifariş çatdırdığı zaman lift işləmədiyinə görə pilləkənla mənzila qalxarkən, pilləkən meydançasında bir ədəd şəffaf rəngli sellofan büküm tapmış və həmin bükülünü açdığı zaman içərisində psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Bundan sonra o, həmin psixotrop maddənin bir qismini istifadə etmiş və qalan hissəsini sonradan istehlak etmək məqsədi ilə əynindəki gödəkçənin sol yan cibində gizlətmişdir. O, Biləsuvar rayonundan olan xanımla sosial şəbəkə vasitəsilə tanış olmuş və 05 fevral 2023-cü il tarixdə Biləsuvar rayonuna gəlməyə qərar vermişdir. Bununla bağlı tanışı Şahid5 Tahir oğluna bildirmiş və onunla Biləsuvar rayonuna gəlməsini xahiş etmişdir. Onlar birlikdə “Bolt” şirkətinə məxsus taksi vasitəsilə həmin gün saat 21 radələrində yola düşmüşlər. Həmin taksidə onlardan başqa sürücü Şahid4 və sərnişin Musayeva Könül Qurban qızı adlı şəxlər olmuşdur. O, yola düşməzdən əvvəl tapmış olduğu bükümü də özü ilə götürmüşdür. Onlar saat 23 radələrində Biləsuvar rayonuna çatmışlar. Biləsuvar şəhəri, Q.Hüseynov küçəsi ilə hərəkətdə olarkən yol post-patrul xidmətinin əməkdaşları maşına saxla əmrini verdiklərinə görə sürücü Şahid4 maşını yolun kənarında saxlamışdır. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş, gəlişlərinin səbəbini izah etdikdən sonra onları Biləsuvar rayon polis şöbəsinə dəvət etmişlər. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında video çəkiliş aparılmaqla, vəkilin iştirakı ilə, onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. O da əynindəki gödəkçənin sol yan cibindən həmin bükümü çıxarıb, polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış və «Chevrolet Cruze» markalı, **-VP- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş, lakin onun üzərində və avtomobildə dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Şəxsi axtarış və baxış keçirilməsi ilə əlaqədar protokollar tərtib edilmiş, eyni zamanda onun üzərindən aşkar edilmiş psixatrop maddə qablaşdırılaraq götürülmüşdür. Tərtib olunmuş protokollar ona ucadan oxunmuş, protokol və üzərindən götürülmüş əşyaların qablaşdırıldığı zərfin üzəri o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Bundan əlavə o bildirdi ki, daha əvvəl Şahid4 tanımamış və onun üzərində olan psixotrop maddə metamfetamindən nə sonuncunun, nə də avtomobildə olan digər şəxslərin xəbəri olmamışdır. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, “Bolt” taksi şirkətində sürücü kimi işləyir. 05 fevral 2023-cü il tarixdə ona Biləsuvar rayonuna taksi sifarişi verilməsi ilə bağlı xəbər verilmiş və o, yolun uzun olacağını düşününərək tanışı Musayeva Könül Qurban qızının da onunla gəlməsini xahiş etmişdir. K.Q.Musayeva onun təklifini qəbul etmiş və onlar «Chevrolet Cruze» markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs və Şahid5 götürməyə getmişlər. Həmin gün saat 23 radələrində Biləsuvar şəhəri, Q.Hüseynov küçəsində hərəkətdə olan zaman yol post-patrul xidmətinin əməkdaşları onun idarə etdiyi nəqliyyat vasitəsini saxlatdırmış və polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş, gəlişlərinin səbəbini izah etdikdən sonra onları Biləsuvar rayon polis şöbəsinə dəvət etmişlər. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında video çəkiliş aparılmaqla, vəkilin iştirakı ilə, onun üzərinə şəxsi axtarış və idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya olub-olmaması soruşulmuşdur. Daha sonra onun üzərinə şəxsi axtarış və üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Daha sonra «Chevrolet Cruze» markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və nəqliyyat vasitəsində qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Bunun ardınca onun üzərinə şəxsi axtarış keçirilməsi və «Chevrolet Cruze» markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi ilə bağlı protokollar tərtib olunmuş və həmin protokollar onun və digər baxış iştirakçıları tərəfindən imzalanmış və o, Təqsirləndirilən şəxs törətdiyi cinayətə aidiyyəti olmadığına görə sərbəst buraxılmışdır. Bundan əlavə o bildirdi ki, həmin günə qədər Şahid5 və Təqsirləndirilən şəxs tanımamış və sonuncunun üzərində psixotrop maddə metamfetamin olmasından xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Əvvəllər tanımadığı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 05 fevral 2023-cü il tarixdə əməliyyataxtarış tədbirləri keçirilməsi haqqında onun tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, həmin gün saat 23:15 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs əyləşdiyi «Chevrolet Cruze» markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar şəhəri, Q.Hüseynov küçəsində hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Bundan, təxminən, 10 dəqiqə sonra həmin nəqliyyat vasitəəsi yol post-patrul xidmətinin əməkdaşları tərəfindən saxlatdırılmış və Təqsirləndirilən şəxs və avtomobildə olan digər şəxslər polis əməkdaşları tərəfindən Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında, vəkilin iştirakı ilə, videoçəkilişlə, Təqsirləndirilən şəxs və digərlərinin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri onlara izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmiş və içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükülünün içərisinə baxılarkən, orada, həqiqətən də, rəngindən və digər əlamətlərindən narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs və digərlərinin üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və üzərlərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Şübhəli şəxslər üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və həmin protokollar onlar və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Daha sonra «Chevrolet Cruze» markalı, **-VP- *** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş və nəqliyyat vasitəsində qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 1,37 qram olmuş və sonuncudan götürülmüş psixotrop maddə metamfetaminə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Sonda baxış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol baxış iştirakçıları tərəfindən imzalanmışdır. İş üzrə şahid kimi dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək, Təqsirləndirilən şəxs 05 fevral 2023-cü il tarixdə saat 23:25 radələrində cinayət barədə xəbərsiz olan Şahid4 idarə etdiyi «Chevrolet Cruze» markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri, Q.Həsənov küçəsi ilə hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar rayon polis şöbəsinə gətirildiyini və üzərinə şəxsi axtarış keçirilən zaman həmin psixotrop maddə metamfetaminin bir ədəd şəffaf rəngli sellofan bükümdə olmaqla əynindəki gödəkçənin sol yan cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdilər. İş materiallarında olan şəxsi axtarış və maddi sübutun götürülməsi barədə 06 fevral 2023-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində döviyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik vasitə ve ya psixotrop maddə vardırsa, könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisindəki psixotrop maddə metamfetamindir, onun özünə məxsusdur və o, həmin psixotrop maddə metamfetamini bir ay əvvə sifariş çatdırdığı zaman liftdən tapmış, bir qismini istifadə etmiş və qalanını sonradan istehlak etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə bükümün çəkisinin 1,37 qram olması məlum olmuşdur. Həmin psixotrop maddə metamfetaminə bənzər maddə olan büküm zərfə qoyulub qablaşdırılaraq 61 nömrəli möhürü ilə möhürlənmişdir. İşdə olan məhkəmə-fiziki-kimyəvi ekspertizasının 06 fevral 2023-cü il tarixli, 19/161 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddə...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi -1,308 qram olan ağ rəngli, kristal şəkilli maddə psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi -1,308 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 1,258 qram qalmışdır. İş materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 09 fevral 2023-cü il tarixli, 164 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunmuşdur. Təqsirləndirilən şəxs toksikomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan məhkəmə-psixiatrik ekspertizasının 28 fevral 2023-cü il tarixli, 557 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. O, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğuna görə törətdiyi əməl barəsində anlaqlı hesab olunur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının» İİ siyahısının 67-ci bəndinin tələbinə görə metamfetaminin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, emosional davamsız şəxsiyyət pozuntusu xəstəliyindən əziyyət çəkməsini və cavanlığını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 05 fevral 2023-cü il tarixdə saat 23:25-də şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 07 fevral 2023-cü il tarixdə saat 17:10-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 09 fevral 2023-cü il tarixli, 164 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs toksikomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 1,258 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdən dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları və O nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbd qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs toksikomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 1,258 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar