Məhkəmə qərarları › İş №1(022)-69/2025

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-69/2025

08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-69/2025 08.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Biləsuvar rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhəri, M.Füzuli küçəsi, ev 10, mənzil 2-də qeydiyyatda olmaqla yaşayan, barəsində 08 fevral 2025-ci il tarixli qərarla həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq odlu silah hesab edilən bir ədəd 5,45 mm kalibrli AKS-74U modelli, Kalaşnikov konsturksiyalı avtomatı, həmin kalibrli Kalaşnikov konsturksiyalı avtomatların komplekt hissəsi olan bir ədəd darağı və döyüş sursatı hesab edilən 5,45 x 39 mm 19 ədəd patronu əldə etmiş, saxlamış, daşıyaraq üzərində gəzdirmiş, habelə, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, -5,763 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, 07 fevral 2025-ci il tarixdə saat 03:41 dəqiqədə Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Azpetrol” YDM-in yaxınlığında piyada hərəkətdə olarkən şübhəli şəxs kimi saxlanılıb yoxlanılarkən əynindəki gödəkçənin sol içəri cibindən siqaret qutusunun işərisindən bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş xeyli miqdarda, təmiz çəkisi -5,763 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana habelə, əlində olan göy rəngli sellofan torbanın içərisindən ağ rəngli parçaya bükülümüş bir ədəd nömrəsi silinmiş, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə, keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz, atəş üçün yararlı, təyinatı hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamış, yivli odlu silah olan AKS-74U modelli, Kalaşnikov konsturksiyalı avtomat, bir ədəd zavod üsulu ilə, keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, 30 ədəd 5,45 x 39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi, texniki cəhətdən saz və istifadə üçün yararlı olan daraq, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45 x 39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan 19 ədəd ştat patron aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitə aludəçisi deyil, amma arada bir düşəndə narkotik vasitə marixuana qəbul edir. Psixi problemləri yoxdur və heç bir dispanserdə qeydiyyatda deyildir, subaydır, rəsmi olaraq heç yerdə işləmir, ailəsini dolandırmaq üçün çobanlıq edir. O, 02 fevral 2025-ci il tarixdən Gəncə şəhəri Yenikənd deyilən ərazidə çoban işləyir. 04 fevral 2025-ci il tarixdə Gəncə şəhəri Kirov qəsəbəsində adını xatırlamadığı bir kafeyə getmişdir. Kafenin arxasına keçəndə zibillik olduğunu görmüş və orada metal axtarmışdır. Həmin vaxt bir ədəd qara rəngli sellofan torba görmüş, torbanın içərisinə baxanda ağ rəngli parçaya bükülmüş alətin olduğunu hiss etmişdir. O, həmin parçanı açanda içərisində bir ədəd avtomat silahı, ona aid 19 ədəd paron və daraq olduğunu görmüşdür. Torbanın içərisində başqa əlavə bir ədəd sellofana bükülmüş bükülüdə olmuşdur. Bükülünü açanda içərisindəkinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüş və özü istifadə etmək üçün siqaret qutusuna qoyub əynindəki gödəkçənin cibinə qoymuşdur. Avtomatı da aparıb Bakıda satmaq qərarına gəlmişdir. Ona görə də avtomat silahını patronları və darağını götürüb özü ilə aparıb işlədiyi fermanın yaxınlığında kolluqda gizlətmişdir. İki gün sonra, yəni 06 fevral 2025-ci il tarixdə ferma sahibindən alış-veriş etmək adı ilə 40 manat pul alıb Gəncə avtovağzalına getmişdir. Özü ilə tapdığı avtomat silahını darağı və patronları ilə birlikdə götürmüşdür. Silahı göy rəngli böyük sellofan torbaya qoymuşdur ki, heç kim görməsin və şübhələnməsin. O, avtovağzala çatanda saat 17 radələri olmuşdur. Oradan Bakıya getmək üçün maşın soraqlaşmış, lakin demişlər ki, bu vaxt buradan Bakıya maşın çıxmır. Həmin vaxt Biləsuvara bir taksi getdiyini demişlər. Ona bildirmişdirlər ki, “həmin taksi ilə Biləsuvara get, oradan da Bakıya gedərsən”. O da həmin tanımadığı taksi ilə saat saat 23 radələrində Biləsuvara gəlmişdir. Əlində olan torbanı kənarda gizlədib orada olan kafedə yemək yemişdir. Sonra da torbanı götürüb Bakıya getmək üçün taksilər dayanan yerə getmək istəyən zaman “Azpetrol” YDM yaxınlığında bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini tədim edərək polis əməkdaşı olduqlarını bildirmişdir. Sonra da narkotik vasitələrin və odlu silahın qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib hüquqları ona izah olunmuş və üzərinə videoçəkilişlə şəxsi müayinə keçiriləcəyini bildirmişlər. O da etiraz etməmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla saxlandığı yerdə polis əməkdaşı ona təklif etmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, hər hansı əşya və predmet varsa təqdim etsin. O da əlindəki sellofan torbada olan avtomat silahını və əynindəki gödəkçənin sol içəri cibindən içərisində sellofana bükülmüş marixuana olan siqaret qutusunu çıxarıb təqdim etmiş və bundan başqa üzərində qanunla qadağan olunmuş heç bir şeyin olmadığını bildirmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin sellofan torbada avtomat silahı, bir ədəd bükülünün içində marixuana vardır, ona məxsusdur, onları Gəncə şəhərində pasyolka deyilən istiqamətdən tapmış və marixuananı şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Avtomat silahını isə Bakı şəhərində satmaq üçün aparır. Bundan sonra üzərində yoxlama keçirilsə də, üzərindən ona məxsus mobil telefondan başqa qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmamışdır. Onun təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükülü açılıb baxıldıqda içərisində qurudulmuş marixuanaya oxşar bitki kütləsi olması müəyyən olunmuş, elektron tərəzidə çəkildikdən sonra bükülü ilə birlikdə zərfə qoymuş və zərfi möhürləmişlər. Zərfin üzərinə bütün iştirakçılar, o cümlədən o da imza etmişdir. Daha sonra onun təqdim etdiyi içərisində avtomat silahı, patronlar və daraq olan torbaya baxılmışdır. Torbanın içərisindən ağ rəngli parçaya bülümüş bükülü açıldıqda içərisindən bir ədəd nömrəsi silinmiş avtomat silahı, 19 ədəd patron və bir ədəd daraq aşkar olunmuşdur. Baxıldıqdan sonra bir ədəd sellofan torbaya qoyularaq qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. Sonra isə onu polis şöbəsinə gətirmişlər. Onun üzərində keçirilən yoxlama barədə protokol tərtib olunmuş, protokolu hamı, o cümlədən o da imza etmişdir. Daha sonra isə polis şöbəsində xidməti otaqların birində hüquqlarının müdafiə olunması ilə bağlı dövlət büdcəsinin vəsaiti hesabına ona təqdim olunmuş vəkil siyahısından öz istəyi ilə hüquqlarını müdafiə etmək ücün Müdafiəçi vəkil kimi dəvət olunmuşdur. Müdafiəçi tərəfindən hüquqları ona izah edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. İfadəsinə əlavə olaraq bildirmişdir ki, həmin marixuananı və avtomat silahını patronları və darağı ilə birlikdə 04 fevral 2025-ci il tarixdə Gəncə şəhəri Kirov qəsəbəsi deyilən ərazidə adını xatırlamadığı kafenin arxasındakı zibillikdən tapmışdır, marixuananı özü istifadə etmək üçün üzərində saxlamış, bir ədəd AKS-74U modelli Kalaşnikov konstruksiyalı avtomat, ona aid 19 ədəd patronları darağı ilə birlikdə Bakı şəhərinə aparıb satacaqmış. O, AKS-74U modelli Kalaşnikov avtomatını və ona aid sursatı satmaq barədə heç kimlə danışıb razılaşmamış, məqsədi avtomat silahını Bakı şəhərinə apardıqdan sonra maraqlanıb müştəri tapdıqdan sonra satmaq olmuşdur. Onun üzərində marixuana və silah olmasından heç kimin məlumatı olmamış, bu barədə heç kimə heç bir söz deməmişdir. O, içərisində marixuana və avtomat silahı olan torbanı tapanda yanında heç kim olmamışdır. O, əvvəllər narkotik vasitə istifadə etmişdir. Ona görə də içərisində marixuana olan bükülünü özü istifadə etmək üçün üstündə gəzdirmişdir. Həmin bir ədəd sellofan kəsiyinə bükülmüş marixuana ona məxsusdur, satışı barədə düşünməmiş və heç kimə satmamışdır. Amma avtomat silahını və onun sursatını isə Bakı şəhərinə apardıqdan sonra müştəri tapıb satacaqdır. Səhvini başa düşür, ona görə də əməlindən səmimi olaraq peşamandır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Biləsuvar RPŞ-nin Səmədabad PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Xırdalan şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə etməsi, saxlaması, istifadəsi və daşıması, həmçinin odlu silahın saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 07 fevral 2025-ci il tarixdə tərəfindən onun cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən o, Biləsuvar RPŞ-nin Səmədabad PB-nin polis nəfəri polis baş serjantı Şahid2, Biləsuvar RPŞ-nin PPXB-nin polis nəfərləri polis serjantı Şahid3 və Şahid4 tərkibdə əməliyyat qrupu yaradılaraq bu barədə protokol tərtib edilmişdir. Həmin qərara uyğun olaraq Təqsirləndirilən şəxs narkotik vasitələri və odlu silahı əldə etməsində, saxlamasında və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 07 fevral 2025-ci il tarixdə saat 03:41 dəqiqədə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşəm “Azpetrol” YDM-in yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılmışdır. Həmin andan videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçi ilə təmin olmaq hüququ izah olunmuş, bundan sonra Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə videoçəkiliş ilə üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan sellofan torbanı təqdim edərək içərisində avtomat silahı olduğunu, bundan başqa əynində olan gödəkçənin sol içəri cibindən bir ədəd siqaret qutusunu təqdim edərək içərisində narkotik vasitə olduğunu, ikisini bir yerdə Gəncə şəhərində pasyolka deyilən istiqamətdən tapdığını və marixuananı şəxsi istifadəsi üçün üzərində saxladığını, avtomat silahını isə Bakı şəhərində satmaq üçün apardığını bildirmiş, üzərində başqa qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı onun üzərindən mobil telefonundan başqa qanunla dövriyyəsi qadağan edilmiş əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərisində olan bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmiş və elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisi 9,13 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbaya baxılmış, torbanın içərisindən ağ rəngli parçaya bülümüş bükülü açıldıqda içərisindən bir ədəd nömrəsi silinmiş avtomat silahı, 19 ədəd patron və bir ədəd daraq aşkar olunmuşdur. Baxıldıqdan sonra bir ədəd sellofan torbaya qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üstünü yoxlama Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşəm “Azpetrol” YDM-in yaxınlığında keçirilmiş və yoxlama zamanı «Honor» markalı videokamera vasitəsi ilə Biləsuvar RPŞ-nin Səmədabad PB-nin polis nəfəri polis baş serjantı Şahid2 tərəfindən videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanılması barədə protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Biləsuvar RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq barədə hüquq və vəzifələri izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmiş və 1(bir) ədəd DVD protoloka əlavə olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4, Şahid3 və Şahid2 işin əsas mahiyyəti üzrə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan 07 fevral 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında protokoldan görünür ki, əməliyyatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri, həmçinin odlu silahı əldə etməsində, saxlamasında və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 07 fevral 2025-ci il tarixdə saat 03:41 dəqiqədə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Azpetrol” YDM-in yaxınlığında saxlanımışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin vaxt əməliyyat-axtarış tədbirində Biləsuvar RPŞ-nin Səmədabad PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1, RPŞ-nin Səmədabad PB-nin polis nəfəri polis baş serjantı Şahid2, Biləsuvar RPŞ-nin PPXB-nin polis nəfərləri polis serjantı Şahid3 və Şahid4 iştirak etmişdir. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan sellofan torbanı təqdim edərək içərisində avtomat silahı olduğunu, bundan başqa əynində olan gödəkçənin sol içəri cibindən bir ədəd siqaret qutusunu təqdim edərək içərisində narkotik vasitə olduğunu, ikisini bir yerdə Gəncə şəhərində pasyolka deyilən istiqamətdən tapdığını və marixuananı şəxsi istifadəsi üçün üzərində saxladığını, avtomat silahını isə Bakı şəhərində satmaq üçün apardığını bildirdi. Üzərində başqa qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olmadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanıldı. Yoxlama zamanı onun üzərindən mobil telefonundan başqa qanunla dövriyyəsi qadağan edilmiş əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərisində olan bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmiş və elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisi 9,13 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbaya baxılmışdır. Torbanın içərisindən ağ rəngli parçaya bülümüş bükülü açıldıqda içərisindən bir ədəd nömrəsi silinmiş avtomat silahı, 19 ədəd patron və bir ədəd daraq aşkar olunmuşdur. Baxıldıqdan sonra bir ədəd sellofan torbaya qoyularaq qablaşdırıldı və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Üstünü yoxlama Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Azpetrol” YDM-in yaxınlığında keçirilmiş, üstünü yoxlama zamanı «Honor» markalı videokamera ilə çəkilmiş videogörüntüyə baxış keçirilmiş və istintaq materiallarına əlavə edilmişdir. İşdə olan məhkəmə-bioloji ekspertizası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X1 Bölməsinin 07 fevral 2025-ci il tarixli 19/48 nömrəli rəyində göstərilmişdir ki; tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, sözlər və imzalar olan digər zərfin içərisində 1 ədəd bükümdə təmiz çəkisi: -5,763 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi - 5,763 qram, tədqiqata sərf edildi -0,1 qram, qalıq -5,663 qram. İşdə olan məhkəmə-ballistik ekspertizası ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar idarəsinin 07 fevral 2025-ci il tarixli 25/178 nömrəli rəyində göstərilmişdir ki; -Tədqiqata təqdim edilmiş 01 ədəd, №-si silinmiş silah, 5,45 mm kalibirli olmaqla, zavod üsulu ilə, keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AKS-74U modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamışdır. -Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə, keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağədər, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş 19 ədəd patronlar zavod üsulu ilə, keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 5,45 x 39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlardır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 45 nömrəli rəyində göstərilmişdir ki, 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmadı. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Dövlət Ataman oğlundan aşkar olunaraq götürülmüş -5,763 qram marixuananın tədqiqatdan sonrakı -5,663 qram qalığı 13 fevral 2025-ci tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-nin saxlancına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd AKS-74U modelli Kalaşnikov konstruksiyalı avtomat, ona aid 19 ədəd patronlardan 16 ədəd qalığı və bir ədəd darağı 04 mart 2025-ci tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-nin saxlancına təhvil verilmişdir. İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 430 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda X2 Aşkar Olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixotik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. - yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. - yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. - yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. İşdə olan ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 129 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan Kannabinoidlərdən istifadə halları olub. Lakin Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nın İ siyahısının 109.1-ci bəndinənin tələbinə görə qurudulmuş marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qramdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Narkotik vasitələrin, psixatrop maddələrin və onların prekusorslarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndində göstərilir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və cavanlığını məhkəmə Təqsirləndirilən şəxsnnun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 41.1-ci maddəsinin tələbinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilmiş məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkmular, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli qərarının 1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli, 4 nömrəli Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 15-ci bəndində isə məhkəmələrə tövsiyə olunmuşdur ki, başa çatmış və başa çatmayan cinayətlərin çoxluğu cinayətlərin təkrar törədilməsi əlaməti üzrə Cinayət Məcəlləsinin bir (məsələn, 177.2.2-ci) maddəsi ilə deyil, başa çatmayan və başa çatmış cinayətlərin məcmusu kimi tövsif edildiyi, yəni başa çatmış və başa çatmayan cinayətlərin istər real, istərsə də ideal məcmusu olduğu hallarda təqsirkar şəxsə cəza da cinayətlərin məcmusuna görə cəzaların təyin edilməsi qaydalarına riayət olunmaqla təyin olunmalı, yəni Cinayət Məcəlləsinin 66.1-ci maddəsi tələb etdiyi kimi əvvəlcə cinayətlərin məcmusuna daxil olan hər bir cinayətə, o cümlədən başa çatmış və CM-in 66-cı maddəsinin müəyyən etdiyi hədlər daxilində başa çatmayan cinayətə görə ayrı-ayrılıqda cəzalar təyin edilməli və daha sonra məcmuya daxil olan cinayətlərin təsnifatından asılı olaraq CM-in 66.2 və yaxud 66.3-cü maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın müddəti və ya həcmi müəyyən olunmalıdır. Başa çatmış və başa çatmayan cinayətlərin məcmusu üzrə birbaşa vahid cəzanın təyin edilməsi cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi qaydalarına zidd olmaqla yanaşı həm də ona görə yolverilməzdir ki, başa çatmayan cinayətlərə görə cəzanın CM-in 63-cü maddəsinə müvafiq olaraq təyin edilməli olmasını, yəni həmin maddəyə görə məcmuya daxil olan başa çatmayan və başa çatmış cinayətlər üzrə sanksiyaların fərqli olduğunu nəzərə almır. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələbinə görə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılma müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə cinayət işinin hallarini, əməlin ictimai təhlükəliliyini və cinayətin törədilmə üsulunu nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin oluna bilər və buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Biləsuvar Rayon Məhkəməsinin 08 fevral 2025-ci il tarixli, 4(022)-6/2025 saylı qərarı ilə 07 fevral 2025-ci il tarixdən hesablanmaqla üç ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli faktiki tutulduğu 07 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 129 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən bir ədəd AKS-74U modelli Kalaşnikov konstruksiyalı avtomat, ona aid 19 ədəd patronlardan 16 ədəd qalığı və bir ədəd darağı xüsusi müsadirə olunmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan 5,663 qram olan narkotik vasitə marixuana məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona çəkilməsi üçün 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə növündə qəti cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 07 fevral 2025ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan AKS- 74U modelli Kalaşnikov konstruksiyalı avtomat, ona aid 19 ədəd patronlardan 16 ədəd qalığı və bir ədəd darağı xüsusi müsadirə olunsun və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon Polis şöbəsində saxlanılan, xalis çəkisi 5,663 qram olan narkotik vasitə marixuana məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar