Məhkəmə qərarları › İş №1(022)-7/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-7/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-7/2023 24.01.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, tərcüməçi Zeynalov Akif Əlihüseyn oğlunun, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Pourbehroudı Mahdi Mohammedbagherin, onun müdafiəçisi, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun müdiri Müdafiəçi iştirakı ilə, Pourbehroudı Mahdi Mohammedbagherin, xx xxxxxxxx 1992-ci il tarixdə İran İslam Respublikasının Təbriz şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 uşağı olan, sürücü işləyən, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası, Təbriz şəhəri, Xiyabani Vəli As, ev 23 ünvanında qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş həbs etmənin əvvəli 05 sentyabr 2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Pourbehroudı Mahdi Mohammedbagher ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublıikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, 04 sentyabr 2022-ci il tarixdə İran İslam Respublikasının Biləsuvar şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq qəsdən əldə etdiyi 1 bükülüdə, şəxsi istehlak miqdarından artıq miqdarda, tərkibindəki buprenorfin psixotrop maddəsinin təsiredici miqdarı 0,101 qram təşkil edən 50 ədəd üzərində “B2” yazısı olan həbləri və 1 ədəd yarı bölünmüş həb qırıntısını malların aşkar edilməsini çətinləşdirən üsüllardan istifadə etməklə sol ayağına geyindiyi qara rəngli corabın içəri pəncə hissəsinə yerləşdirib saxlamış, özü ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıyaraq 5 sentyabr 2022-ci il tarixdə, saat 18 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən “Biləsuvar” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və gömrük yoxlaması zamanı tərkibində psixotrop maddələr olan həmin həblər aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs Pourbehroudı Mahdi Mohammedbagher ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək, göstərdi ki, o, təxminən 2015-ci ildən fərdi qaydada sürücü kimi işləyir və yük avtomaşını ilə İran İslam Respublikasından Azərbaycana və Gürcüstana müxtəlif təyinatlı yüklər daşımaqla, ailəsini dolandırır. O, bir ildən çoxdur ki, xroniki başağrılardan əziyyət çəkir. Bu səbəbdən o, İran İslam Respublikasının Təbriz şəhərində həkimə müraciət etmiş və həmin həkim ona “B2” adlı dərman qəbul etməyi tövsiyə etmişdir. Buna görə də o, İran İslam Respublikasında olarkən əczaxanadan üzərində “B2” yazısı olan dərmanlar almağa və ondan istifadə etməyə başlamışdır. Sonuncu dəfə o, Azərbaycana gəlmək üçün, 2022-ci ilin avqust ayının sonlarında, içərisində “armatur” yükü olan “Scania” markalı, RR928RE/UU327V dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə İranın Təbriz şəhərindən yola düşmüş və 02 sentyabr 2022-ci il tarixdə İranın Biləsuvar gömrüyünə çataraq, orada növbəyə durmuşdur. 04 sentyabr 2022-ci il tarixdə o, İran İslam Respublikasının Biləsuvar şəhərində yerləşən əczaxanadan şəxsi istifadəsi üçün 150000 İran rialı, təxminən 10 Azərbaycana manatı dəyərində, hər birində 26 həb olan 2 konvalyutda “B2” adlı dərman həbləri almışdır. Həmin dərman həblərinin bir ədədini və bir ədədinin yarısını İranda olan zaman istifadə etmişdir. Bundan sonra o həmin dərman həblərini itirməmək üçün corabında saxlamağa qərar vermişdir. Bu məqsədlə o, “B2” adlı dərman həblərini konvalyutlarından çıxararaq 1 ədəd sellofan paketə, daha sonra Azərbaycanda istifadə etmək üçün içərisində 50 həb və 1 ədəd yarı bölünmüş həb qırıntısı olan 1 ədəd sellofan paketi sol ayağında olan qara rəngli corabının içəri pəncə hissəsinə yerləşdirmişdir. 05 sentyabr 2022-ci il tarixdə o, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Gürcüstana getmək məqsədi ilə, saat 18 radələrində, idarə etdiyi “Scania” markalı, RR928RE/UU327V dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Biləsuvar gömrük postundan keçməklə İran İslam Respublikasından Azərbaycana daxil olmuşdur. Gömrük nəzarəti xəttində gömrük əməkdaşları onun idarə etdiyi yük nəqliyyat vasitəsində və üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olub-olmaması, o cümlədən narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin olub-olmaması barədə ona suallar vermiş və əgər varsa həmin predmetləri təqdim etməsini ona təklif etmişlər. O, həm idarə etdiyi yük nəqliyyat vasitəsində, həm də, üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını, idarə etdiyi yük nəqliyyat vasitəsində “armatur” yükü olduğunu bildirmişdir. Bundan sonra, gömrük əməkdaşları hal şahidlərinin iştirakı ilə ilk növbədə idarə etdiyi “SCANİA” markalı, RR928RE/UU327V qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini yoxlamağa başlamışlar və yoxlama zamanı avtomobildən və avtomobilin kabinasında olan əşyalardan gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir predmet aşkar olunmamışdır. Ancaq o, “B2” adlı dərman həblərini corabında gizlətdiyi üçün həyacanlı olmuşdur. Bundan sonra gömrük əməkdaşı ona bir daha üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin, o cümlədən narkotik vasitə, psixotrop və güclü təsir edən maddəllərin olub-olmaması barədə soruşmuşdur. O isə bir daha üzərində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyanolunası hər hansı predmetin olmadığını bildirmişdir. Daha sonra gömrük əməkdaşı onun üzərində şəxsi yoxlama aparılacağı barədə ona məlumat verən zaman həmin dərmanların aşkar olunacağını anlayaraq, o, sol ayağında olan qara rəngli corabının içəri pəncə hissəsindən gömrük nəzarətindən gizlətdiyi içərisində “B2” adlı həblər olan 1 ədəd sellofan paketi çıxararaq təqdim etmişdir. Bundan sonra həmin bir ədəd sellofan paketə hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və paketin içərisində 50 ədəd üzərində “B2” yazısı olan, ağ rəngli, dairəvi formalı həblər və ağ rəngli həbin yarısı miqdarında olan 1 ədəd həb qırıntısı olduğu məlum olmuşdur. Daha sonra onun üzərində qanunvericiliyin tələblərinə uyğun olaraq hal şahidlərinin iştirakı ilə şəxsi yoxlama aparılmış və üzərindən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir predmet aşkar edilməmişdir. Bundan sonra araşdırma ilə əlaqədar sol ayağına geyindiyi qara rəngli corabın içəri pəncə hissəsindən aşkar edilən 50 ədəd üzərində “B2” yazısı olan, ağ rəngli, dairəvi formalı həblər və ağ rəngli həbin yarısı miqdarında olan 1 ədəd həb qırıntısı onun və hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və gömrük əməkdaşı tərəfindən bu barədə müvafiq protokol tərtib edilmiş, həmin protokol tərcüməçi tərəfindən ona oxunmuş və doğru tərtib edildiyi üçün imzalamışdır. Sonda Pourbehroudı Mahdi Mohammedbagher əməlindən peşman olduğunu, üzərində aşkar edilmiş psixtrop maddəni narkotik asılılığından müalicə məqsədilə həkim resepti əsasında əldə etdiyini, habelə həbsdə olduğu dövrdə ilk övladının doğulduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2018-ci il tarixdən gömrük orqanlarında xidmət edir. 05 sentyabr 2022-ci il tarixdə iş bölgüsünə əsasən “Biləsuvar” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn yük avtomobillərinə gömrük nəzarətini həyata keçirmiş və Cənub Ərazi Baş Gömrük İdarəsinə ezam olunmuş Kinoloji Mərkəzin təlimçisi Şahid2 da onunla eyni xətdə xidmətdə olmuşdur. Həmin gün vəzifə borcunu yerinə yetirərkən, saat 18 radələrində, İran İslam Respublikası vətəndaşı Pourbehroudı Mahdı Mohammadbagher idarə etdiyi “SCANİA” markalı, RR928RE/UU327V qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə “Biləsuvar” gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. Gömrük nəzarəti məqsədi ilə Valeh Novruzov tərəfindən xidməti it yük avtomobilinə tətbiq edilmiş və xidməti it kabinanın ətrafına reaksiya verdiyindən yük nəqliyyat vasitəsinin əsaslı yoxlanılması qərara alınmışdır. Bundan sonra, o, 2 nəfər hal şahidi dəvət edərək, hal şahidlərinin iştirakı ilə yoxlamaya başlamazdan əvvəl Pourbehroudı Mahdı Mohammadbagherə idarə etdiyi yük nəqliyyat vasitəsində və üzərində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməli olan hər hansı predmetin olub olmadığı barədə sual vermiş, Mahdı isə üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla qadağan edilmiş heç bir predmetin olmadığını bildirmişdir. Həmin yük nəqliyyat vasitəsinə keçirilmiş gömrük yoxlaması zamanı avtomobildən və avtomobilin kabinində olan əşyalardan gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir hüquqpozma predmeti aşkar olunmamışdır. Lakin, avtomobilin kabinası yoxlanılarkən sürücü Pourbehroudı Mahdı Mohammadbagher özünü çox həyacanlı apardığından Mahdıya bir daha üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin, o cümlədən narkotik vasitə, psixotrop və güclü təsir edən maddəllərin olub-olmaması barədə sual vermiş və hər hansı hüquqpozma predmeti olduğu təqdirdə çıxararaq təqdim etməyi təklif etmişdir. Mahdı isə öz növbəsində üzərində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Sürücü Pourbehroudı Mahdı Mohammadbagherə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 64-cü maddəsinə uyğun olaraq üzərində şəxsi yoxlama aparılacağı barədə məlumat verilən zaman Mahdı ifşa olunacağını anlayaraq sol ayağına geyindiyi qara rəngli corabın içəri pəncə hissəsində gömrük nəzarətindən gizlətdiyi içərisində xırda ağ rəngli həblər olan 1 ədəd sellofan paketi çıxararaq təqdim etmişdir. Bundan sonra həmin bir ədəd sellofan paketə baxış keçirilmiş və paketin içərisində 50 ədəd üzərində “B2” nişanəsi olan, ağ rəngli, dairəvi formalı həblər və ağ rəngli həbin ½ miqdarında olan 1 ədəd həb qırıntısı olduğu məlum olmuşdur. Bundan sonra zərurət yarandığından Pourbehroudı Mahdı Mohammadbagherin üzərində qanunvericiliyin tələblərinə uyğun olaraq şəxsi yoxlama aparılmış və Mahdının üzərindən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan qanunla qadağan edilmiş hər hansı bir predmet aşkar olunmamışdır. Pourbehroudı Mahdı Mohammadbagherdən aşkar olunaraq götürülmüş 50 ədəd üzərində “B2” nişanəsi olan, ağ rəngli, dairəvi formalı həblər və ağ rəngli həbin ½ miqdarında olan 1 ədəd həb qırıntısı, hal şahidlərinin iştirakı ilə, onun tərəfindən götürülərək qablaşdırılmışdır. Bununla bağlı tərəfindən müvafiq protokol tərtib edilmiş və tərtib olunmuş protokolla bütün iştirakçılar tanış olduqdan sonra imzalamışlar. Şahid, Azərbaycan Respulikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat şöbəsinin instruktor-kinoloqu Şahid2 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır, müvəqqəti olaraq işsizdir. 05 sentyabr 2022-ci il tarixdə o və həmyerlisi Şahid4 “Biləsuvar” gömrük postunun qarşısında dayanmışlar. Saat 18 radələrində bir nəfər gömrük əməkdaşı onlara yaxınlaşıb özünü təqdim edərək İrandan Azərbaycan Respublikasına gəlmiş bir yük nəqliyyat vasitəsinə xidməti it reaksiya verdiyindən həmin avtomobilə tətbiq olunacaq yoxlamada hal şahidi qismində iştirak etməklərini xahiş etmişdir. Onlar gömrük əməkdaşına etiraz etməyərək, yoxlamada iştirak etmək məqsədilə gömrük əməkdaşı ilə birlikdə “Biləsuvar” gömrük postuna daxil olmuşlar. Burada gömrük əməkdaşı adını sonradan öyrəndikləri İran İslam Respublikası vətəndaşı Pourbehroudı Mahdı Mohammadbagherin idarə etdiyi “SCANİA” markalı, RR928RE/UU327V dövlət qeydiyyat nişanlı yük avtomobilinin yoxlanmasında onların hal şahidi kimi iştirak edəcəkləri barədə məlumat verdikdən sonra ona və digər hal şahidinə hüquq və vəzifələrini izah etmiş, məsuliyyət barədə xəbərdarlıq etmişdir. Bundan sonra gömrük əməkdaşı onun və digər hal şahidinin iştirakı ilə yoxlamaya başlamazdan əvvəl Pourbehroudı Mahdı Mohammadbagherə idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilmiş və eyni zamanda gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olub-olmaması barədə sual vermiş, Mahdı isə üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla qadağan edilmiş hər hansı bir predmetin olmadığını bildirmişdir. Pourbehroudı Mahdı Mohammadbagherin idarə etdiyi “SCANİA” markalı, RR928RE/UU327V qeydiyyat nişanlı yük avtomobilinin yoxlanması zamanı nəqliyyat vasitəsindən və kabinada olan əşyalardan gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan hər hansı bir predmet aşkar olunmamışdır. Lakin, avtomobilin kabinası yoxlanılarkən sürücü Pourbehroudı Mahdı Mohammadbagher özünü çox həyacanlı apardığından gömrük əməkdaşı Mahdıya bir daha üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin, o cümlədən narkotik vasitə, psixotrop və güclü təsir edən maddəllərin olubolmaması barədə sual vermiş və hər hansı hüquqpozma predmeti olduğu təqdirdə çıxararaq təqdim etməyi təklif etmişdir. Mahdı isə öz növbəsində üzərində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olmadığını bildirmişdir. Sürücü Pourbehroudı Mahdı Mohammadbagherə üzərində şəxsi yoxlama aparılacağı barədə məlumat verilən zaman ifşa olunacağını anlayaraq sol ayağına geyindiyi qara rəngli corabın içəri pəncə hissəsində gömrük nəzarətindən gizlətdiyi içərisində xırda ağ rəngli həblər olan 1 ədəd sellofan paketi çıxararaq gömrük əməkdaşına təqdim etmişdir. Bundan sonra həmin bir ədəd sellofan paketə baxış keçirilmiş və paketin içərisində 50 ədəd üzərində “B2” nişanəsi olan, ağ rəngli, dairəvi formalı həblər və ağ rəngli həbin ½ miqdarında olan 1 ədəd həb qırıntısı olduğu məlum olmuşdur. Bundan sonra zərurət yarandığından Pourbehroudı Mahdı Mohammadbagherin üzərində qanunvericiliyin tələblərinə uyğun olaraq şəxsi yoxlama aparılmış və üzərindən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan olunmayan qanunla qadağan edilmiş hər hansı bir predmet aşkar olunmamışdır. Pourbehroudı Mahdı Mohammadbagherdən aşkar olunaraq götürülmüş 50 ədəd üzərində “B2” nişanəsi olan, ağ rəngli, dairəvi formalı həblər və ağ rəngli həbin ½ miqdarında olan 1 ədəd həb qırıntısı onların və Pourbehroudı Mahdının iştirakı ilə gömrük əməkdaşları tərəfindən götürülərək qablaşdırılmış, bu barədə gömrük əməkdaşı tərəfindən müvafiq protokol tərtib edilmişdir. Bütün iştirakçılar kimi Yaşar və o həmin protokolla tanış olduqdan sonra imzalamışlar. İş materiallarında olan 05 sentyabr 2022-ci il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, idarə etdiyi “SCANİA” markalı, RR928RE/UU327V dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran İslam Respublikasının vətəndaşı Pourbehroudı Mahdı Mohammadbagher “Biləsuvar” gömrük postunun idxal yoxlama xəttində gömrük nəzarətindən keçərkən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə sol ayağına geyindiyi qara rəngli corabın içəri pəncə hissəsində bir bükümdə gömrük nəzarətindən gizlətdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, tərkibindəki buprenorfin psixotrop maddəsinin təsiredici miqdarı 0,101 qram təşkil edən 50 ədəd üzərində “B2” yazısı olan həblər və 1 ədəd yarı bölünmüş həb qırıntısı aşkar edilərək protokol əsasında götürülmüş və 206188 nömrəli polietilen paketdə qablaşdırılmışdır. İşdə olan materialların məhkəmə eksperizasının 6 sentyabr 2022-ci il tarixli, 6/4810 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Cənub Ərazi Baş Gömrük İdarəsi... Pourbehroudı Mahdı Mohammadbagher...” əl yazıları olan 206188 nömrəli polietilen paketdəki p/e torbacıqda 50 ədəd üzərlərində “B2” yazısı həkk olunmuş tabletlərin və 01 ədəd ½ hissə tablet qırıntısının tərkibində ümumilikdə 0,101 qram (01 ədəd tabletdə 0,002 qram) buprenorfin təsiredici maddəsi müəyyən edilmişdir. Buprenorfin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr”in siyahısına daxildir. Aparılmış tədqiqatdan sonra tərkibində buprenorfin psixotrop maddəsi olan 50 ədəd bütöv və 1 ədəd yarı bölünmüş tabletlərdən 45 ədədi qalıq olaraq qalmışdır. İşdə olan ambulator məcburi narkoloji tibbi yoxlamanın 26 sentyabr 2022-ci il tarixli, 5501 saylı rəyindən görünür ki, Pourbehroudı Mahdı Mohammadbagherdə “B2” (psixotrop maddə buprenorfindən) istifadə etmə halları olub. Lakin, hal-hazırda Pourbehroudı Mahdı Mohammadbagherdə müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Pourbehroudı Mahdı Mohammadbagher narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 17 oktyabr 2022-ci il tarixli, baxış keçirilməsi haqqında protokoldan görünür ki, Pourbehroudı Mahdı Mohammadbagher 15 aprel 2022-ci il tarixdən mütəmadi olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasının tranzit keçməklə Türkiyə Respublikasına və Gürcüstana getmiş və geri qayıtmış, sonuncu dəfə 5 avqust 2022-ci il tarixdə, saat 12:23-də “Biləsuvar” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Azərbaycan Respublikası istiqamətindən İran İslam Respublikasına getmiş, 5 sentyabr 2022-ci il tarixdə, saat 17:25-də isə “Biləsuvar” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasına gəlmiş və həmin tarixdən sonra Azərbaycan Respublikasından hər hansı xarici ölkəyə getməmişdir. İş materiallarında olan İran İslam Respublikası Təbriz şəhəri Tibbi Nizamlanması Təşkilatının mütəxəssis-psixiatrı Doktor Əli Seydi tərəfindən verilmiş 70448 nömrəli tibbi arayışdan görünür ki, Pourbehroudı Mahdı Mohammadbagher 02 mart 2022-ci il tarixdən narkotik vasitələrə aludəçiliyinə görə “bupernorfin” (B2) dilaltı dərman preparatı ilə müalicə alır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən düzgün olmayaraq, Pourbehroudı Mahdı Mohammadbagherə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir və Pourbehroudı Mahdı Mohammadbagherə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə irəli sürülmüş ittihamdan həmin Məcəllənin 234.1-ci maddəsi xaric edilməli, Pourbehroudı Mahdı Mohammadbagher yalnız Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə isə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsinin 1-ci bəndinə görə hər kəs ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə, işinin ədalətli və açıq araşıdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 1.2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın. Həmin Məcəllənin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 28.2-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Həmçinin Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Təqsirləndirilən şəxsə elan olunmuş ittihamın məzmunundan görünür ki, ibtidai araşdırma orqanı Pourbehroudı Mahdı Mohammadbagher satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda buprenorfin psixotrop maddəsini əldə etməsi və həmin psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirməsini əsas tutaraq, Pourbehroudı Mahdı Mohammadbagheri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tələbinə görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixatrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinin tələbinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” Qaydasının 11-ci bəndinin tələbinə görə narkotik dərman preparatları tibbi məqsədlərlə adi ağrıkəsici dərman preparatının təsirinin az olduğu və tam olmadığı hallarda güclü ağrı sindromunu aradan qaldırmaq məqsədi ilə istifadə edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı qərarının 5-ci bəndində məhkəmələrə tövisyyə edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Cinayət qanunuvericiliyinin təhlil olunan normalarının tələbindən göründüyü kimi, dövriyyəsi qanunla qadağan olunan və ya məhdudlaşdırılan əşyaların siyahısı qanunla müəyyən olunmuşdur, həmin siyahıya əlavələr edilməsi və ya hansısa bəndin çıxarılması yalnız qanunvericiliyə dəyişikliklər qaydasında mümkündür. «Buprenorfin» dərman preparatı isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələri”in siyahısına daxildir. Yəni həmin dərman preparatının dövriyyəsi məhdudlaşdırılsa da, qadağan edilməmişdir və qanunla nəzərdə tutulmuş qaydada dövriyyəsinə icazə vardır. Həmçinin psixotrop dərman preparatları tibbi məqsədlərlə adi ağrıkəsici dərman preparatının təsirinin az olduğu və tam olmadığı hallarda güclü ağrı sindromunu aradan qaldırmaq məqsədi ilə istifadə edilə bilər. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Pourbehroudı Mahdı Mohammadbagher narkotik asılılığından əziyyət çəkdiyinə görə ona buprenorfin dərman preparatının qəbulu tövsiyyə edilmişdir ki, həmin dərman preparatı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2005-ci ildə opoid asılılığı zamanı tətbiq olunan daha effektiv və təhlükəsiz dərman preparatı hesab edilmişdir. Bundan başqa, Pourbehroudı Mahdı Mohammadbagher saxlanıldığı andan məhkəmə iclasında ifadə verdiyi ana qədər eyni məzmunlu izahat və ifadələr verməklə, «Buprenorfin» dərman preparatını həkim resepti əsasında əldə edib, bədənindəki ağrılarla əlaqədar şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmiş, məhkəmə iclasında dindirilmiş şahidlər də eyni məzmunlu ifadələr vermişlər. Beləliklə, «Buprenorfin» psixotrop maddəsinin İran İslam Respublikasında xüsusi icazə əsasında dərman preparatı kimi istehsalına və satışına icazə verilməsi, həmin dərman preparatlarının istehsalının və satışının ciddi hesabat sənədlərində əks olunması, eləcə də qeyd olunan hesabat sənədlərinin xüsusi dövlət nəzarətində olması «Buprenorfin» dərman preparatının sayı bəlli həddə zavodda istehsal olunduğu, müəyyənləşdirilmiş hədlər daxilində zavoddan satış məntəqələrinə (apteklərə) çatdırıldığı və həmin məntəqələrdən (apteklərdən) resept əsasında satıldığı qənaətinə gəlməyə əsas verir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Jabordo İspaniyaya qarşı”işi üzrə 06 dekabr 1988-ci il tarixli qərarında qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir (§ 77). Bundan başqa, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Pham Hoang Fransaya qarşı” işi üzrə 25 sentyabr 1992-ci il tarixli qərarında göstərmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur(§ 36). Azərbaycan Respublikası CM-nin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcüd olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanununun həmin müddəasının məzmunundan görünür ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və sübyektiv əlamətlərinin hamısının, yəni cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhətinin eyni vaxtda mövcud olduğu təqdirdə, törədilmiş əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən heç olmasa birinin mövcüd olmaması əməlin cinayət kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxs narkotik vasitə - buprenorfinu həkim resepti əsasında aptekdən aldığını bildirməsinə baxmayaraq, cinayət prosesi üzrə ittiham tərəfi həmin reseptinin həqiqiliyinə, habelə təqsirləndirilən şəxsin narkotik vasitə buprenorfin həblərini aptekdən qanuni əldə etməsini şübhə altına alsalar da, həmin şübhələrin həqiqiliyini, eləcə də təqsirləndirilən şəxsin buprenorfin həblərini qanunsuz olaraq əldə etməsini və daşımasını təsdiq edən sübutları iş materiallarına əlavə və məhkəməyə təqdim edə bilməmişlər. Buna görə də hazırki halda ittiham tərəfinin mövcud şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinə görə narkotik vasitələri əldə, saxlama və daşıma qanunsuz olaraq həyata keçirildikdə cinayət məsuliyyətinə səbəb olur. Hazırki halda aradan qaldırılması mümkün olmayan mövcud şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olması, Pourbehroudı Mahdı Mohammadbagherdən götürülmüş «Buprenorfin» dərman preparatının zavod üsulu ilə hazırlanması, təqsirləndirilən şəxsin özünün, habelə şahidlərin ifadələri və iş materiallarına əlavə olunmuş nömrəli tibbi arayış nəzərə alındıqda, Pourbehroudı Mahdı Mohammadbagher «Buprenorfin» dərman preparatını həkim resepti əsasında aptekdən reseptlə müəyyən edilmiş sayda əldə etdiyi və həmin dərman preparatını şəxsi istifadəsi üçün üzərində daşıdığı müəyyən edilir. Beləliklə, cinayət işinin məhkəmə iclasında müəyyən edilməklə, yuxarıda qeyd olunmuş hallarından göründüyü kimi Pourbehroudı Mahdı Mohammadbagher hazırki iş üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin predmeti olan «Buprenorfin» dərman preparatını qanuni yolla əldə etmiş və şəxsi istifadəsi üçün üzərində daşımışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməliini ağır cinayətdən, daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsə Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilir ki, məhkəmənin ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasını reallaşdırarkən həll etdiyi məsələlərin dairəsi məhkəmə baxışının hədləri ilə müəyyən edilir. Ümumiyyətlə, cinayət prosesində hədd kateqoriyası prosessual şərt kimi çıxış edir. Məhkəmə baxışının hədləri isə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəmədə müdafiə edilən ittihamla şərtlənən məhkəmə tədqiqatının və qərarının qanunla müəyyən edilmiş sərhədləridir. Göründüyü kimi, cinayət-prosessual qanunvericilik məhkəmə baxışının hədlərini dəqiq müəyyən edərək: məhkəmə baxışının hədlərini şəxslərin dairəsinə və ittihamın məzmununa görə məhdudlaşdırır; məhkəmə baxışı nəticəsində məhkəmə tərəfindən ittihamın dəyişdirilməsinin hədlərini dəqiq müəyyənləşdirir. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, Pourbehroudı Mahdı Mohammadbagherə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə irəli sürülmüş ittihamdan həmin Məcəllənin 234.1-ci maddəsi xaric edilməli, Pourbehroudı Mahdı Mohammadbagher yalnız Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, ona həmin əmələ görə cəza təyin edilməlidir. Cinayət işinin məhkəmə baxışı zamanı işdə olan sübutların məhkəmədə tədqiqi nəticəsində Pourbehroudı Mahdı Mohammadbagher «Buprenorfin» dərman preparatını qanuni yolla əldə edib daşıdığı, buna görə Pourbehroudı Mahdı Mohammadbagherin əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibinin olmadığı, lakin Pourbehroudı Mahdı Mohammadbagher Azərbaycan Respublikası dövlət sərhəddindən 05 sentyabr 2022-ci il tarixdə keçərkən həmin dərman preparatının onda olmasını bəyan etmədiyinə görə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin tərkibi müəyyən edilmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 1 №-li qərarının 4-cü bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, CM-nin 206-cı maddəsində nəzərdə tutulmuş cinayətin predmetinə gömrük sərhədindən keçirilən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinin və GM-nin 1.0.34 və 1.0.42-ci maddələrinin tələblərinə müvafiq olaraq daşınar əşyalara aid edilmiş nəqliyyat vasitələri də daxil olmaqla mal hesab edilən istənilən əmlak, eləcə də qanunvericilikdə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinin müəyyən qaydası və şərtləri müəyyən edilmiş, mal olmayan digər əşyalar (məsələn, beynəlxalq daşımalar üçün istifadə olunan, mal əlamətlərinə malik olmayan nəqliyyat vasitələri, elmi məqalənin əlyazması və ya mal dəyəri olmayan, material daşıyıcıda olan digər əqli mülkiyyət obyekti, xüsusi olaraq faydalı model, sənaye nümunəsi və sair), habelə nağd xarici valyuta, Azərbaycan Respublikasının milli valyutası, yol çekləri, sənədli formada xarici və (və ya) daxili qiymətli kağızlar, qızılzinət əşyaları və CM-nin 206.2-ci maddəsində sadalanmış əşyalar aiddirlər. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Pourbehroudı Mahdi Mohammedbagherin məhkumluğunun olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, cinayətin predmeti olan psixtorop maddəsini narkotik asılılığından müalicə ilə əlaqədar əldə edib üzərində daşımasını, himayəsində 1 uşağının olmasını və cavanlığını məhkəmə Pourbehroudı Mahdi Mohammedbagherin cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Pourbehroudı Mahdi Mohammedbagherin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 41.1-ci maddəsinin tələbinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilmiş məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Avropa İnsan Hüquqları Məhkəməsi isə özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; De Cubber Belçikaya qarşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) ədalətin bərpasını belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 №-li qərarının 1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli, 4 №-li qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər...Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1-ci maddəsinin tələbinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.2-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmuyu və hökmlərin məcmuyu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. Həmin Məcəllənin 62.1 və 62.2-ci maddələrinin tələbinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza təyin edə bilər. Cəzanı yüngülləşdiriən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmuyu müstəsna hal hesab edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilir ki, Müstəsna hallar (AR CM-nin 62-ci maddəsi) olduqda məhkəmə CM-nin 65.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydaların tətbiq edilməsi barədə qərarını hökmün təsviri-əsaslandırıcı hissəsində CPM-nin 353.2-ci maddəsinə müvafiq surətdə əsaslandırmalıdır. Bu halda hökmün nəticə hissəsində yalnız CM-nin 62-ci maddəsinə istinad edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxs Pourbehroudı Mahdi Mohammedbagherə CM-nin 8.1 və 41.2-ci maddəsinin tələblərinə uyğun cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3 maddəsinə əsasən təqsirkarın şəxsiyyətini, cinayətin törədildiyi andan təqsirini boynuna alıb əməlindən səmimi peşiman olmasını, cəzanı yüngülləşdirən halların məcmusunu – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə nəzərdə tutulan hərəkətləri hadisələrin təsadüfi axarı zəminində ilk dəfə törətməsini, törətdiyi əməldən səmimi peşman olmasını, cinayətin predmeti olan psixtorop maddəni narkotik asılılığından müalicə ilə əlaqədar həkim reseptri əsasında əldə edib üzərində daşımasını, himayəsində 1 uşağının olmasını və cavanlığını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müstəsna hallar kimi nəzərə alaraq, barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə ona həmin Məcəllənin 58.2-ci maddəsində müəyyən edilmiş qaydada, yəni həmin Məcəllənin 206.2-ci maddəsində müəyyən edilmiş cəzanın aşağı həddindən də aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını qanuna və məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 26 sentyabr 2022-cu il tarixli, 5501 saylı rəyini nəzərə alaraq, hesab edir ki, Pourbehroudı Mahdi Mohammedbagher ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan, 45 ədəd buprenorfin həbi məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1 maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 110 manat məbləğində pul vəsaiti Pourbehroudı Mahdi Mohammedbagherdan dövlət nəfinə tutulmalıdır. Məhkəmə Pourbehroudı Mahdi Mohammedbagher barəsində təyin edilən cəzanın növünü və müddətini, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Pourbehroudı Mahdi Mohammedbagher barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə, Pourbehroudı Mahdi Mohammedbagherin sürücülüklə məşğul olaraq ailəsini dolandırmasını və ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətini nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 52.1 və 58.3-cü maddələrinə əsasən hesab edir ki, təyin olunan əsas cəza növünü, yəni azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Pourbehroudı Mahdi Mohammedbagherin Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılması növündə əlavə cəzanın təyin edilməsinə əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Pourbehroudı Mahdi Mohammedbagher Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla, ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Pourbehroudı Mahdi Mohammedbagherə elan edilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi xaric edilsin. Cəzanın çəkilməsi Pourbehroudı Mahdi Mohammedbagherə ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Pourbehroudı Mahdi Mohammedbagherin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 05 sentyabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Pourbehroudı Mahdi Mohammedbagher barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Pourbehroudı Mahdi Mohammedbagher ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Pourbehroudı Mahdi Mohammedbagherdan dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan, 45 ədəd buprenorfin həbi məhv edilsin. Hökm elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar