Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-7/2024 08.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X4 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azrbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, İzlivnoy küçəsində yerləşən 47 nömrəli evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1 və 318.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar ölkə ərazisinə qanunla müəyyən edilmiş qaydada gələ bilmədiyinə görə Azərbaycan Respublikası ərazisinə qanunsuz yolla gəlmək məqsədi ilə 09 may 2023-cü il tarixdə, saat 20 radələrində qəsdən, qanunsuz olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Biləsuvar rayonu ərazisində yerləşən 6-cı sərhəd zastavasının xidməti ərazisinin 13-cü sahəsindən İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası istiqamətində keçmiş, aparılmış axtarış tədbirləri zamanı N may 2023-cü il tarixdə, 01:40-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 0,437 qram çəkidə narkotik vasitə həşiş qətranını əldə edib, özündə saxlayaraq daşımış, N may 2023-cü il tarixdə, saat 04 radələrində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Bİləsuvar rayonu ərazisində yerləşən inzibati binasında üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə həşiş qətranı bir ədəd bükümdə olmaqla əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməkdə özünü tam təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi yaşayır. O, əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2019-cu ildə azadlığa buraxılmışdır. Həmin vaxtdan rəsmi olaraq heç bir yerdə işləməsə də, avtomobilə dair ehtiyat hissələri satmaqla ailəsinin dolanışığını təmin edir. O, 2022-ci ilin sentyabr ayında “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə İran İslam Respublikası vətəndaşı olan, hazırda adını xatırlamadığı bir qadınla tanış olmuşdur. O və həmin qadın təxminən iki aya yaxın müddətdə müxtlif sosial şəbəkələr üzərindən əlaqə saxlamağa başlamışlar. Danışıqlar zamanı həmin qadın mütəmadi olaraq görüşmək məqsədilə onu İran İslam Respublikasına dəvət etmişdir. Sonuncu dəfə 04 noyabr 2022-ci il tarixdə o, spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə həmin qadınla “WhatsApp” mobil tətbiqi vasitəsi ilə əlaqə saxladığı zaman sonuncu onu təkrarən İran İslam Respublikasına dəvət etmişdir. Belə ki, telefonda danışdıqları vaxt İran İslam Respublikası vətəndaşı olan həmin qadın ona İran İslam Respublikası ilə sərhəddə yerləşən Füzuli rayonu, Böyük Bəhmənli kəndi ilə onun yaşadığı yer arasında məsafə qısa olduğu üçün bir-birilərini görə biləcəklərini bildirmişdir. O da özündə olmadığına görə həmin qadının təklifi ilə razılaşmış və həmin kəndə getmişdir. O, Füzuli rayonu, Böyük Bəhmənli kəndində olduğu vaxt həmin şəxs ona istiqamət verməsi məqəsdi ilə məkan koordinatlarını yollamışdır. Bundan sonra o, tanış qadının göstərdiyi yolla Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində irəliləmiş və qarşısına ilkin olaraq, məftillərdən ibarət çəpər çıxmışdır. O, həmin məftilləri keçdikdən sonra bir qədər də irəliləmiş və onun qarşısına Araz çayı çıxmışdır. Həmin çayın suyu dayaz olduğuna görə o, şalvarını yuxarı qaldırıb, çayı keçməklə Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində qanunsuz yolla hərəkət etmişdir. Bundan sonra isə o, İran İslam Respublikası ərazisində sərhədçilər tərəfindən saxlanmışdır. O, saxlanıldıqdan sonra dövlət sərhədindən qanunsuz yolla keçdiyinə görə İran İslam Respublikasında məsuliyyətə cəlb edilmiş, barəsində məhkəmənin hökmü ilə 18 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsə də, Həmin ölkənin qanunlarına görə o, hakimin onun barəsində təyin etdiyi cəza ilə razılaşdığına ona təyin edilmiş cəza dörddə bir hissədə azaldılmış və o, qəti olaraq 13 ay 15 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, cəzasını çəkdiyi müddətdə cəzaçəkmə müəssisəsində olan digər dustaqlardan hansısa tanışının onun əvəzinə zamin qoyacağı təqdirdə azadlığa buraxıla biləcəyini eşitmişdir. Bu məqsədlə o, Azərbaycan Respublikasında yaşayan xalasının oğluna zəng edərək, ona məxsus avtomobili satmasını və girov kimi qoymaq üçün ona pul göndərməsini xahiş etmişdir. O, dustaq yoldaşlarına müvəqqəti olaraq zamin tapılacağı təqdirdə azadlığa çıxdıqdan sonra təkrarən sərhədi keçməklə Azərbaycan Respublikasına qayıdacağını və bunun üçün yoldaşlarından ona kömək etmələrini istəmiş və ondan əvvəl azadlığa buraxılan, İran İslam Respublikasının Biləsuvar şəhərindən olan yoldaşları ona kömək edəcəklərinə dair söz vermişlər. Bundan sonra o, həm tanışlarının, həm də dustaq yoldaşlarının köməyi ilə 6000 Azərbaycan manatı ekvivalentində 150.000.000 İran rialı miqdarında pulu toplamış və o həmin pulun qarşılığında azadlığa buraxılmışdır. O, azadlığa çıxan kimi cəza çəkdiyi yerdə olan tanışları İlqar və Şəhruz adlı şəxslərlə əlaqə saxlayıb, sonuncular ilə görüşmüş və gecəni onların evində keçirmişdir. Onlar səhərisi gün sərhədyanı əraziyə gəlmişlər və dostları kənardan ona istiqamət göstərərək, Azərbaycan Respublikası ərazisinə getmək üçün yolu ona başa salmışlar. Beləliklə, o, həmin şəxslərin göstərdiyi istiqamətdə irəliləməklə qarşısına çıxan çaydan keşərək, qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gəlmişdir. O, çaydan 300-350 metr getdikdən sonra havaya fişənglər atılmışdır. O, İran İslam Respublikasının polislərinin onu axtardığını fikirləşib qorxmuş və dərhal yerə uzanmışdır. O, həmin vaxt yerdə kiçik bükülü olduğunu görmüş və həmin bükümü açıb baxdığı vaxt içərisində narkotik vasitə olduğunu bilmişdir. O, həmin narkotik vasitənin tiryək olduğunu fikirləşmişdir. Lakin onun üzərində axtarış keçirildiyi vaxt o, həmin narkotik vasitənin həşiş qətranı olduğunu öyrənmişdir. O, həmin bükülünü əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. O, qarşısına çıxan məftillərdən ibarət çəpəri də keçmiş və bir qədər getdikdən sonra sərhədçilər tərəfindən saxlanılmışdır. O, saxlanıldıqdan sonra hər şeyi səmimi olaraq etiraf etmiş və 05 noyabr 2022-ci il tarixdə, saat 01 radələrində dövlət sərhədindən qanunsuz yolla Azərbaycan Respublikası ərazisindən İran İslam Respublikası ərazisinə keçdiyini və sərhədçiləri tərəfindən saxlanıldığını, 09 may 2023-cü il tarixdə isə əks istiqamətdə qanunsuz yolla gəldiyini bildirmişdir. Onun üzərinə hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirildiyi zaman yolda tapdığı bükülü əynindəki şalvarın sağ cibindən aşkar edilərək, götürülmüşdür. Bundan başqa, o bildirdi ki, İran İslam Respublikasında cəzaçəkmə müəssisənində müvəqqəti azadlığa buraxıldıqdan sonra Azərbaycan Respublikasına qayıtmaq istəmiş, lakin cəzaını çəkib qurtarmadığına görə qanuni üsullarla gələ bilməmişdir. Buna görə də o, məcbur olub, qeyri-qanuni üsulla sərhədi keçməyə cəhd etmişdir. Əməlindən çox peşmandır. Sonda, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, himayəsində iki övladı olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 318.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 6-cı sərhəd zastavasının rəisi vəzifəsində xidmət edir. 09 may 2023-cü tarixdə, saat 20:58-də “Növbətçi Operator” sərhəd naryadında olan əsgər Şahid5 ona yaxınlaşaraq idarə olunan kamera (PTZ) vasitəsi ilə bir nəfər naməlum şəxsin sərhəd zastavasının 13-cü sahəsindən İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası istiqamətində hərəkətini müşahidə etdiyi barədə məlumat vermişdir. Bundan sonra o, sərhəd zastavasının şəxsi heyətini dərhal “Silaha!” komandasına qaldırıb qeyd olunan naməlum şəxsin olduğu sahə istiqamətində hərəkətə başlamışdır. O, əraziyə çatdıqdan sonra nəzarət zolağına və mühəndis texniki çəpərə baxış keçirdiyi zaman orada bir nəfər şəxsə məxsus ayaq izlərinin İran İslam Respublikası ərazindən Azərbaycan Respublikası istiqamətində hərəkətini müşahidə etmişdir. Həmin izləri təqib edərək, sərhədi qanunsuz surətdə keçmiş həmin şəxsin axtarışına başlanılmış və N may 2023-cü il tarixdə, saat 01:40-da 13-cü sahənin arxa istiqamətində, kameraların çəkiliş apardığı yerdən 300-400 metr qabaqda, kanalın içərisindən üzanıqlı vəziyyətdə bir nəfər şübhəli şəxs onlar tərəflərindən saxlanılmışdır. Onlar əvvəlcə həmin şəxsin İran İslam Respublikası vətəndaşı olduğunu fikirləşmişlər, lakin sonradan sonuncu Azərbaycan dilində danışmağa başlamışdır. Həmin şəxs özünü Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs kimi təqdim edərək, dövlət sərhədindən qanunsuz yolla keçməklə, İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə gəldiyini etiraf etmişdir. Həmçinin o, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış keçirilməsində iştirak etmişdir. Həmin axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərindən içərisində şəxsi istehlak miqdarından artıq çəkidə olan narkotik vasitə həşiş qətranı olan bükülü aşkar edilmişdir. İş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə iclasında göstərdi ki, o, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 6-cı sərhəd zastavasında əsgərdir. 09 may 2023-cü tarixdə o, kamera vasitəsi ilə sərhəd zonasını müşahidə etmiş və orada bir nəfər şəxsin sərhəd zastavasının 13-cü sahəsindən İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası istiqamətində hərəkətini müşahidə etdiyi barədə məlumat vermişdir. Bundan sonra hər kəs silanlanmış və həmin şəxsi axtarmağa başlamışlar. O isə yoldaşlarına həmin şəxsin hərəkət etdiyi istiqamət barədə məlumatlar vermişdir. Bir neçə saat axtarış edildikdən sonra Təqsirləndirilən şəxs tutulmuşdur. O, təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilməsində iştirak etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 6-cı sərhəd zastavasında əsgərdir. 09 may 2023-cü tarixdə onlara İran İslam Respublikası ərazisindən dövlət sərhədini qanunsuz keçməklə, Azərbaycan Respublikasına bir nəfər şəxsin keçdiyi barədə məlumat vermişdir. Bundan sonra onlar silahlanmış və həmin şəxsi axtarmağa başlamışlar. Həmin gün saat 04 radələrində isə onlar Təqsirləndirilən şəxs otluğun üzərində uzanıqlı vəziyyətdə tutmuşlar. O, təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilməsi prosesində iştirak etmiş və həmin baxış nəticəsində sonuncunun üzərindən içərisində narkotik vasitə olan bükülü aşkar edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin komandiri Pərviz Məmmədovun N may 2023-cü il tarixli, 3-38/2-16-1568/2023 nömrəli məktubundan görünür ki, 09 may 2023-cü il tarixdə, saat 20 radələrində 6-cı sərhəd zastavasının xidməti ərazisindən bir nəfər şübhəli şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkəti müşahidə olunmuş, sərhəd zastavası “Silaha” komandasına qaldırılaraq, əraziyə doğru hərəkət edilmiş və axtarış zamanı N may 2323-cü il tarixdə, saat 2 radələrində sərhəd pozucusu qismində Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs saxlanılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş N may 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş sxemdən görünür ki, hadisə yeri Təqsirləndirilən şəxs tərəfindən göstərilmişdir. Hadisə yeri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Biləsuvar rayonu ərazisində yerləşən 6-cı sərhəd zastavasının xidməti ərazisinin 13-cü sahəsidir. Ərazi düzənlik relyefə malik əkin sahələrindən ibarətdir. 6-cı sərhəd zastavasından Azərbaycan Respublikası istiqamətində Biləsuvar rayonu yerləşir və zastavadan həmin rayona qədər məsafə 18.000 metrdir. 6-cı sərhəd zastavasından İran İslam Respublikası istiqamətində İran İslam Respublikasının Biləsuvar rayonu yerləşir və oraya qədər olan məsafə 2.000 metrdir. 13-cü sahədə Azərbaycan Respublikası istiqamətində Biləsuvar rayonu, Üçtəpə yaşayış massivi yerləşir, oraya qədər olan məsafə 2.000 metr, İran İslam Respublikasının Biləsuvar rayonuna qədər olan məsafə 2.500 metrdir. Həmin yerdə dövlət sərhəd xəttinə baxış keçirildiyi zaman dövlət sərhəd xəttində qarışıq izlərin olması aşkar edilmişdir. Nəzarət iz zolağına baxış keçirildiyi zaman bir nəfər şəxsə məxsus ayaq izinin İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikası istiqamətinə hərəkət etməsi müşahidə olunmuşdur. Mühəndis texniki çəpərə baxış keçirildiyi zaman isə mühəndis texniki çəpərin etillərinin əyilməsi müşahidə edilmişdir. İşdə olan N may 2023-cü il tarixli şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən bir ədəd “Nokia” markalı telefon və bir ədəd şəffaf bükümdə olmaqla, qara rəngli maddə aşkar edilərək, götürülmüşdür. İş materiallarında olan N may 2023-cü il tarixli predmetə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf rəngli bükülüyə baxış keçirildiyi zaman orada ümumi çəkisi büküm ilə birlikdə 0,5 qram olan narkotik vasitə həşiş qətranına bənzər maddənin olması müəyyən edilmişdir. Cinayət işində olan 11 may 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokoldan və və ona əlavə edilmiş sxemdən görünür ki, baxış aparılan yer Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin 4-cü sərhəd komendatlığının 18-ci sərhəd zastavasının 18-ci sahəsidir. Araz çayından müqabil tərəfdə İran İslam Respublikası istiqamətində İran İslam Respublikasının Aslandüz rayonu, Gürşad kəndi yerləşir, həmin yerə qədər olan məsafə təxminən 1.500 metrdir. Hadisə yerindən Azərbaycan Respublikası istiqamətində Füzuli rayonunun Böyük Bəhmənli kəndi yerləşir və həmin yerə qədər olan məsafə təxminən 50 metrdir. Hadisə yeri N nömrəli hərbi hissənin 4-cü sərhəd komandanlığının 18-ci sərhəd zastavasının 18-ci sahəsində, dövlət sərhəd xəttindən 1.500 metr aralıda, 53 nömrəli sərhəd nişanından 200 metr solda əraziyə baxış keçirilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 12 may 2023-cü il tarixli, 7/685 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...DSX zərfər üçün 25...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi 0,437 qram olan bitki mənşəli maddə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin hissələrindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranıdır. Həşiş qətranının təmiz çəkisi -0,437 qram olmuş, tədqiqata 0,02 qram sərf edilmiş, qalıq 0,417 qram qalmışdır. Cinayət işində olan 12 may 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, 0,417 qram narkotik vasitə olan həşiş qətranı qalığı ********* nömrəli cinayət işi üzrə sübut kimi tanınmış və həmin narkotik vasitə həşiş qətranı saxlanc üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinə təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əməliyat-Axtarış Baş İdarəsi tərfindən təqdim edilmiş Giriş-çıxış və qeydiyyat» X1 Axtarış Sistemindən (İAMAS) çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs dövlət sərhədindən hərəkəti qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin 11 iyul 2023-cü il tarixli, xx/xx-7475 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 23 avqust 2017-ci il tarixdən 30 avqust 2017-ci il tarixədək və 19 dekabr 2017-ci il tarixdən 23 dekabr 2017-ci il tarixədək “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsində könüllü surətdə stasionar müalicə almışdır. İş materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 18 may 2023-cü il tarixli, 3012 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş İran İslam Respublikasının “Aslandüz” sahəsi üzrə sərhəd komissarı Əhməd Monirinin 15 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs dövlət sərhədini qanunsuz yolla keçməklə İran İslam Respublikası ərazisinə daxil olduğuna görə 06 noyabr 2022-ci il tarixdə saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində 18 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs 08 may 2023-cü il tarixdə İran İslam Respublikasının tanınmış şəxslərindən birinin zaminliyi ilə cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1 və 318.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nın İ siyahısının 86-cı bəndinə görə həşiş qətranının şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,4 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 40 qramdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində 2 uşağının olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinin təlbinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə cinayət işinin hallarini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlin ictimai təhlükəliliyini və cinayətin törədilmə üsulunu, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəzanın təyin edilməsi ilə cəzanın məqsədlərini təmin etmək mümkün deyildir və buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 318.1-ci maddələrində nəzərdə tutulmuş hədd daxilində, həmin Məcəllənin 66.2-ci maddəsində nəzərdə tutulmuş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin komandirinin N may 2023-cü il tarixli arayışından, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının 6-cı sərhəd zastavasının rəsinin N may 2023-cü il tarixli raportundan və inzibati qaydada tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs N may 2023-cü il tarixdə, saat 01:40-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Biləsuvar rayonu ərazisində yerləşən 6-cı sərhəd zastavasının xidməti ərazisinin 13-cü sahəsində saxlanıldıqdan sonra inzibati qaydada tutulmuş və 12 may 2023-cü il tarixdə ona ittiham elan edildikdən sonra barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Təqsirləndirilən şəxs 12 may 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlanılma yerindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs inzibati qaydada tutulduğu və azadlığın faktiki məhdudlaşdırıldığı N may 2023-cü il, saat 01:40-dan 12 may 2023-cü il tarixdə, saat 14:00-da təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra başqa növ qətimkan tədbirinin seçilməsi ilə əlaqədar müvəqqəti saxlama yerindən azad edilənədək olan 2 sutkadan çox olan zamana görə 3 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət işinə məhkəmədə baxıldığı dövrdə məhkəmədən qaçıb gizləndiyinə görə Biləsuvar rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli qərarı ilə həmin şəxsin barəsində axtarış elan edilməklə, polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş və həmin qərarın icrası Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilmişdir. 03 may 2024-cü il tarixdə Biləsuvar rayon Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin arayışından görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitələrin dövriyyəsində saxlanıldığı və həmin şəxsin 04 fevral 2024-c üil tarixdən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanaraq, həbs edildiyi və Bakı İstintaq Təcridxanasına yerləşdirildiyi müəyyən edilmişdir. Həmin xüsusatla bağlı Astara rayon polis şöbəsinə 16 fevral 2024-cü il tarixli, 3-38/1-5/359/24 saylı sorğu göndərilmiş və həmin şöbədən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə ********* nömrəli cinayət işinın başlandığı və hazırda istintaqının davam etdirildiyi barədə 05 aprel 2024-cü il tarixli, 3-13-65/2-5931/24 saylı cavab məktubu daxil olmuşdur. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, Biləsuvar rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə, polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş olsa da, həmin şəxs Biləsuvar rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli qərarının icrası qaydasında deyil, başqa bir cinayət - külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətməkdə ittiham olunaraq şübhəli şəxs qismində tutulmuş və onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasının əvvəli bu hazırkı hökmün çıxarıldığı vaxtdan, yəni 08 may 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 18 may 2023-cü il tarixli, 3012 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və hazırda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 0,417 qram olan narkotik vasitə - həşiş qətranı məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri qismində 72 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları və Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsini nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 318.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona çəkilməsi üçün qəti olaraq 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 3 (üç) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 08 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan, xalis çəkisi 0,417 qram olan narkotik vasitə - həşiş qətranı məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-7/2024
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-7/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver