Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-7/2025 25.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X6 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1998-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Qarabağ küçəsində yerləşən 35 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini keçmək üçün hüquq verən müvafiq sənədləri olmadığı üçün Azərbaycan Respublikasına gəlmək məqsədi ilə 09 avqust 2024-cü il tarixdə, saat 19:40 radələrində dövlət sərhədini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Biləsuvar rayonunda yerləşən “Biləsuvar” sərhəd nəzarət şöbəsinin xidməti ərazisindən sərhəd nəzarətindən yayınaraq, yük nəqliyyat vasitələrinin yanı ilə gizlənib-qaçaraq hərəkət etməklə, qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd göstərmiş, lakin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “Biləsuvar” sərhəd nəzarət şöbəsinin “Şlaqbaum Nəzarətçisi” sərhəd naryadı tərəfindən aşkar edilərək, “Dayan!” çağırış komandası verilərək saxlanıldığı üçün öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, Gəncə şəhəri, Kəpəz rayonu, Qarabağ küçəsində yerləşən 35 nömrəli evdə ailə üzvləri ilə birlikdə yaşayır. O, orta məktəbi Azərbaycan Respublikasında bitirsə də, ali təhsil almaq məqsədi ilə 2016-cı ildə Türkiyə Respublikasına getmiş və Mersin Dövlət Universitetində təhsil almışdır. O, hərdənbir Azərbaycan Respublikasına ailəsini ziyarət etmək məqsədi ilə gəlmişdir. O, sonuncu dəfə 2021-ci ildə ailəsinin yanına gəlmiş və 17 iyul 2021-ci il tarixdə özünün pasportu ilə “Bakı-Alanya” aviareysi vasitəsilə dövlət sərhədini müvafiq qaydada keçərək, Türkiyə Respublikasının Mersin şəhərinə getmiş və həmin tarixdən də orada yaşayaraq, Azərbaycan Respublikasına qayıtmamışdır. O, Türkiyə Respublikasında yaşadığı zaman ona məxsus bank kartlarına onun xəbəri olmadan və tanımadığı şəxslər tərəfindən qeyri-qanuni köçürmələr həyata keçirilmişdir. O, həmin şəxsləri tanımasa da, kartına edilmiş müdxailələrə görə 2022-ci ilin oktyabr ayında Türkiyə Respublikasında dələduzluq cinayətini törətməkdə ittiham edilmiş və onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. O, 17 iyun 2023-cü il tarixdə azadlığa buraxılmış və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Türkiyə Respublikasının cinayət qanunvericiliyinə görə əgər şəxsin daimi yaşadığı yer və ya ünvanı mövcuddursa, həmin şəxs barəsində polisin nəzarəti altına vermə tədbiri seçilə və eyni zamanda barəsində başlanılmış cinayət işi ilə əlaqədar müvafiq istintaq hərəkətləri aparıla bilər. Onun həmin vaxt Türkiyə Respublikasında daimi ünvanı olduğu üçün barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, vaxtaşırı müəyyən sənədləri imzalamaq üçün polis şöbəsinə getmişdir. Lakin o, azadlıqda olduğu müddətdə tanımadığı şəxslər tərəfindən onun bank kartına təkrarən müdaxilələr edilərək, qanunsuz pul köçürmələri həyata keçirilmişdir. Buna görə də o, “Türkiyə Respublikası İstanbul Anadolu 3. İnfaz Hakimliği”nin 04 dekabr 2023-cü il tarixli hökmü ilə “X10”nun 158.1-ci (nitelikli dolandırıcılık) maddəsi ilə təqsirli bilinərək, 6 il 8 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. O, həmin hökmdən narazı olduğuna görə apellyasiya şikayəti versə də, onun şikayəti təmin edilməmişdir. Türkiyə Respublikası qanunvericiliyinə görə onun cəzası 3 il 4 aya endirilmişdir. Həmin hökmün icrası ilə əlaqədar o, 2024-cü ilin yanvar ayında tutulmuş və cəzaçəkmə müəssisəsinə göndərilmişdir. O, cəzasının 6 ay hissəsini “Sincan 4” nömrəli “L” tipli cəzacəkmə müəssisəsində, 4 ay hissəsini isə açıq tipli cəzaçəkmə müəssisəsində çəkdikdən sonra 28 may 2024-cü il tarixdə polisin nəzarəti altında azadlığa buraxılmışdır. Türkiyə Respublikası qanunvericiliyinə görə polisin nəzarəti altına verilmə üçün əsas şərt məhkumun daimi ünvanın mövcud olmasıdır. Həmin vaxt isə o, azadlığa yeni buraxıldığına görə özünə yaşamaq üçün yer tapa bilməmişdir. Həmçinin o, cəzasının digər hissəsindən ancaq polisin nəzarəti altına verilməklə, azad edilsə də, həmin sənədlər ona daimi yaşayış yeri olmadığı üçün təqdim edilməmişdir. Buna görə də o, özünə iş və yaşamaq üçün daimi ünvan tapmaq üçün internet üzərində iş axtarmağa başlamış və təxminən bir ay sonra sosial şəbəkələr vasitəsilə bir şirkətdə iş tapmışdır. Həmin müəssisə Ərzurum şəhərində yerləşdiyi üçün o, həmin şəhərə getmişdir. O, həmin müəssisədə işə qəbul edilmiş və qurumun mühasibatlıq işlərini aparmağa başlamışdır. O, təxminən 20 gün həmin şirkətdə rəsmi şəkildə işləmiş, daha sonra isə rəhbərlik onu ofis şəraitindən ev şəraitinə keçirmişdir. O, kirayə tutduğu evdən öz işlərini görməyə başlamışdır. Lakin həmin şirkəti idarə edən 4 nəfər şəxs hazırda xatırlamadığı tarixdə onun yaşadığı evə gələrək, onun şəxsiyyət vəsiqəsini, passportunu və digər hüquqmüəyyənedici sənədlərini əlindən almış və onu qanunsuz işlər görməyə məcbur etmişlər. Belə ki, həmin şəxslər üçüncü şəxslərin hesablarında müvafiq əməliyyatlar apararaq, həmin hesablarda olan pulları mənimsəməsini ondan tələb etmişlər. Həmin şəxslərin tələbi ilə o, əməliyyatları əvvəllər yalnız sadə vətəndaşlara qarşı etsə də, sonradan dövlət qurumlarına qarşı da həyata keçirməyə başlanmışdır. O, həmin şəxslərə tabe olsa da, həmin evdən qaçmaq üçün planlar qurmuş və qaçmaq üçün gizli şəkildə pul toplamağa başlamışdır. O, əlinə düşən ilk fürsətdə - 06 avqust 2024-cü il tarixdə, axşam saatlarında gizli şəkildə topladığı pulu da özü ilə götürərək, Azərbaycan Respublikasına qayıtmaq məqsədi ilə evdən qaçmışdır. O, həmin şəxslərin onu tapacağından qorxduğu üçün Türkiyə Respublikası ərazisini dərhal tərk etmək qərarına gəlmişdir. Buna görə də o, Ərzurum şəhərindən İran İslam Respublikası sərhədinə daha yaxın olan Ağrı şəhərinə getmişdir. O, həmin şəhərin Doğubəyazit rayonunda yerləşən “Gürbulaq” sərhəd keçid məntəqəsinə getmişdir. Həmin vaxt onun üzərində şəxsiyyətini təsdiq edən hər hansı sənəd olmadığı üçün 07 avqust 2024-cü il tarixdə dövlət sərhədini qanunsuz yolla keçərək, Türkiyə Respublikasından İran İslam Respublikasına getmişdir. O, Türkiyə Respublikasında olduğu vaxt hər hansı hüquqmühafizə orqanlarına həmin şəxslər barəsində, həmçinin Azərbaycan Respublikasının həmin ölkədə yerləşən səfirliyinə və ya konsulluğuna sənədlərinin əlindən alınması barədə müraciət etməmişdir. O, üzərində olan pulla taksi tutmuş və Təbriz şəhərinə taksi vasitəsilə getmişdir. O, Təbriz şəhərində olduğu vaxt telefonunda olan “WhatsApp” mobil tətbiqi vasitəsilə valideynlərinə zəng vurmuş və vəziyyəti barədə sonunculara məlumat vermişdir. O, pulu qurtardığı üçün valideynlərindən ona pul göndərmələrini xahiş etmişdir. Həmin şəxslər kartdan karta atmaq yolu ilə ona pul göndərmişlər. O, İran İslam Respublikası ərazisinə daxil olduğu vaxtdan 1 gün sonra, 08 avqust 2024-cü il tarixdə, sənədlərini bərpa edib qanuni yolla Azərbaycana qayıtmaq məqsədi ilə taksi vasitəsilə Təbriz şəhərində yerləşən Azərbaycan Respublikasının Baş Konsulluğuna getmişdir. O, konsulluq əməkdaşlarına yazılı qaydada müraciət edərək, Türkiyə Respublikasında olduğu vaxt 4 nəfər şəxsin onun bütün sənədlərini əlindən alaraq, onu qanunsuz əməllər törətməyə sövq etdiklərini, buna görə də oradan qaçaraq, qanunsuz surətdə İran İslam Respublikasına gəldiyini və Azərbaycan Respublikasına qayıtmaq istədiyini bildirmiş və konsulluq əməkdaşlarından ona ölkəsinə qayıtmaq üçün kömək etmələrini xahiş etmişdir. Həmin konsulluq əməkdaşları ona qayıdış şəhadətnaməsinin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq orqanlarına sorğu göndəriləcəyini və bu prosesin 3-4 gün çəkəcəyini bildirmiş və buna görə də ona 3-4 gün sonra təkrarən konsulluğa müraciət etməsini tövsiyə etmişlər. Həmçinin həmin əməkdaşlar ona qayıdış şəhadətnaməsi verilsə belə, İran İslam Respublikası ərazisinə qanunsuz keçdiyinə görə həmin ölkədə cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirmişlər. Həmin vaxt konsulluq əməkdaşları onun ərizəsini qəbul etdikdən sonra fotoşəkillərini də çəkərək, müraciətini qeydiyyata almışlar. O, həmin müddət ərzində İran İslam Respublikasında qalmaq üçün pulunun olmaması və qanunsuz olaraq həmin dövlət ərazisinə keçdiyi üçün saxlanıla biləcəyini fikirləşdiyi, habelə digər həmvətənlərinin İran İslam Respublikasında başına gələnlərdən xəbərdar olduğu üçün özü Azərbaycan Respublikasının sərhəd-buraxılış məntəqəsinə gedərək, sərhəd nəzarətçilərinə özünü təqdim etməyə qərar vermişdir. Buna görə də o, əvvəlcə İran İslam Respublikasının Culfa şəhərinə, 09 avqust 2024-cü il tarixdə isə Biləsuvar şəhərinə getmişdir. O, hələ Azərbaycan Respublikasında yaşadığı vaxt Biləsuvar rayonunda sərhəd keçid məntəqəsinin olduğunu bildiyinə görə həmin sərhəd keçid məntəqəsinə getməyə qərar vermişdir. Həmn vaxt günün işıqlı vaxtı olmuş və o, əvvəlcə İran İslam Respublikasının dövlət sərhədində yük nəqliyyat vasitələrinin yoxlanışının keçirildiyi ərazidə dayanaraq, ətrafı təxminən 10 dəqiqə müşahidə etmişdir. Həmin vaxt orada İran İslam Respublikasının sərhəd xidməti əməkdaşları olmamış, cəmi bir nəfər olmuş, həmin şəxs də heç bir nəzarət həyata keçirməmişdir. Həmin vaxt və ondan əvvəl İran İslam Respublikasının “Biləsuvar” sərhəd keçid məntəqəsində onu heç bir sərhəd nəzarətçisi yoxlamamışdır. O, hərəkətdə olan tırın yanı ilə iti addımlarla İran İslam Respublikası dövlət sərhədini keçmiş və neytral zonaya daxil olmuşdur. O, Azərbaycan Respublikasının sərhəd buraxılış məntəqəsində video-müşahidə kameraların olduğunu uzaqdan görmüş və neytral zonada hərəkətdə olan yük avtomobilinin yanı ilə qaçaraq hərəkət etməklə, Azərbaycan Respublikasının dövlət sərhədi istiqamətində hərəkət etmişdir. Onun həmin vaxt yeganə məqsədi İran İslam Respublikasının sərhəd nəzarətçiləri tərəfindən tutulmadan, Azərbaycan Respublikasının sərhəd nəzarətçilərinə özünü təqdim etmək olmuşdur. O, şlaqbaumu keçməmiş - neytral zonada olduğu vaxt Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin “Biləsuvar” sərhəd nəzarəti şöbəsinin sərhəd naryadı ilə qarşılaşmışdır. Həmin vaxt o, sərhəd naryadına özünü təqdim edərək, Azərbaycan Respublikası vətəndaşı olduğunu, sənədlərinin olmadığını və ölkəsinə gəldiyini bildirmişdir. Həmin vaxt o heç bir tabesizlik göstərməyərək, sərhəd nəzarətçisinə könüllü təslim olmuşdur. O, dövlət sərhədini keçməmişdir, sərhəd naryadı özü onu içəri buraxmışdır. O, Azərbaycan Respublikasının ərazisinə daxil olduqdan sonra sərhəd naryadı digər əməkdaşlara məruzə etmişdir. Bundan sonra hadisə yerinə gəlmiş nəzarətçi onunla bir neçə dəqiqə şifahi qaydada sorğu-sual aparmış və bundan sonra onu Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin “Biləsuvar” sərhəd nəzarəti şöbəsinin inzibati binasına aparmışlar. Həmçinin o, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməmiş, özünü sərhəd naryadına könüllü təqdim etmişdir. O, yalnız öz vətəninə qayıtmaq üçün başqa imkanı olmadığına görə İran İslam Respublikasının dövlət sərhədini qanunsuz keçmişdir. Sonda, Təqsirləndirilən şəxs ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz elan edilməli və əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, 6 ildir Dövlət Sərhəd Xidmətində gizir kimi xidmət etmiş və 09 iyul 2024-cü il tarixdən hal-hazıradək Dövlət Sərhəd Xidmətinin «Biləsuvar» sərhəd nəzarəti şöbəsində mühafizəçi vəzifəsində xidmət edir. O, 09 avqust 2024-cü il tarixdə saat 08:00-dan 18:00-dək rejim gözətçisi, saat 18:00-dan saat 20:00-dək isə «Biləsuvar» sərhəd nəzarəti şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində ölkəyə giriş xəttində «Şlaqbaum gözətçisi» sərhəd naryadı xidmətinə təyin olunmuşdur. O, xidməti vəzifəsi ilə əlaqədar çılpaq gözlə müşahidə apardığı zaman İran İslam Respublikası ərazisində nəqliyyat vasitələrinin dövlət sərhəddini keçmək məqsədi ilə hərəkət etməli olduğu xətdə, “TİR” tipli yük avtomobillərin yanında bir nəfər şəxsin sağa-sola baxdığını görmüşdür. O, həmin şəxsin şübhəli hərəkətlər etdiyini fikirləşdiyi üçün sonuncunu müşahidə etməyə davam etmişdir. Belə ki, dövlət sərhədində buraxılış üçün iki xətt var. Həmin xətlərdən biri yalnız nəqliyyat vasitələrinin sərhədi keçmək üçün istifadə etməli olduğu nəqliyyat xətti, digəri isə fiziki şəxslərin hərəkət etməli olduğu piyada xəttidir. Azərbaycan Respublikası ərazisində karantin rejimi tətbiq edildiyinə görə həmin vaxt dövlət sərhədi piyadalar üçün bağlı olmuşdur. Karantin rejimi ilə əlaqədar dövlət sərhədindən yalnız Naxşıvan Muxtar Respublikası ərazisindən hərəkət edən “Naxçıvan-Bakı” marşrut avtobuslarının sərnişinləri və ya yalnız müvafiq olaraq sərhədi keçmək üçün icazə sənədi olan şəxslər keçə bilər. Dövlət sərhədini nəqliyyat vasitələri “yük-nəqliyyat xətti”ndən, avtobusun sərnişinləri isə piyada şəklində “piyada keçid xəttindən” keçə bilərlər. Yalnız nəqliyyat vasitələrinin sürücüləri avtomaşını idarə edərək, “yük-nəqliyyat xətti”ndən keçməklə, Azərbaycan Respublikası ərazisinə daxil ola bilərlər. X7 Respublikasından Azərbaycan Respublikası ərazisinə keçmək istəyən fiziki şəxsin olduğu barədə onlara İran İslam Respublikasının sərhəd xidməti əməkdaşları məlumat verir və bundan sonra onlar həmin şəxsi Azərbaycan Respublikasına buraxırlar. Adını sonradan bildiyi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına gəlmək istəməsi barədə onlara İran İslam Respublikasının sərhəd xidməti əməkdaşları məlumat verməmişlər. Həmin şəxs yük avtomaşınlarının yanı ilə iri addımlarla heç bir maneə ilə qarşılaşmadan hərəkət edərək, İran İslam Respublikası dövlət sərhədini keçmiş və neytral zonaya daxil olmuşdur. Neytral zona təxminən 15-20 metr olmuşdur. Bundan sonra isə həmin şəxs neytral zonadan Azərbaycan Respublikası dövlət sərhədi istiqamətində hərəkətinə davam etmişdir. O, dərhal Təqsirləndirilən şəxs sərhədi keçməyə imkan verməyərək, şlaqbauma təxminən 2 metr qalmış, “Dayan!” əmrini vermişdir. Həmin şəxs isə ona qarşı heç bir tabesizlik göstərməyərək, dayanmışdır. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası vətəndaşı olduğunu, adının Təqsirləndirilən şəxs olduğunu, Gəncə şəhərində yaşadığını və Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. Əgər Təqsirləndirilən şəxs ona tabesizlik göstərib, neytral zonada qalsa idi, həmin şəxsə qarşı o, silah tətbiq edə və ya onu zorla saxlaya bilməzdi. O, Təqsirləndirilən şəxs saxlayaraq, dərhal hadisə yerinə «Növbə rəisi» sərhəd naryadı xidmətində olan leytenant Şahid2 çağırmışdır. Şahid2 da Təqsirləndirilən şəxs şifahi şəkildə sorğu-sual etmiş və bundan sonra sonuncu Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinə aparılmışdır. Həmçinin o bildirdi ki, hadisə günün işıqlı vaxtında baş vermişdir. O hesab edir ki, şlaqbaumun quraşdırıldığı yerdə və dövlət sərhədində baş verənləri müşahidə-nəzarət kameraları qeydiyyata almışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək, bildirdi ki, o, Dövlət Sərhəd Xidmətinin «Biləsuvar» sərhəd nəzarəti şöbəsində növbə rəisi vəzifəsində xidmət edir. 09 avqust 2024-cü il tarixdə sərhəd nəzarətçisi Şahid1 onunla əlaqə saxlayaraq, bir nəfər şəxsin İran İslam Respublikası sərhədində olan “TİR” tipli yük avtomobillərinin yanında dayanaraq, dövlət sərhədini müşahidə etdiyi barədə məlumat vermişdir. X11 Respublikası sərhədindən məsul olmaqdıları üçün heç bir tədbir görməmişlər. Həmin vaxtdan bir neçə dəqiqə sonra isə Şahid1 onunla təkrar əlaqə saxlayaraq, Təqsirləndirilən şəxs adlı şəxsin dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərdiyi barədə məlumat vermiş və onu hadisə yerinə çağırmışdır. Buna görə də o, dərhal sərhəd keçid məntəqəsinin 3-cü qapısına yaxınlaşmışdır. O, həmin yerə çatdığı vaxt Təqsirləndirilən şəxs artıq sərhəd buraxılış məntəqəsinin içərisində, yəni Azərbaycan Respublikası ərazisində olmuşdur. O, Təqsirləndirilən şəxs ilə şifahi qaydada sorğu-sual aparmışdır. Həmin vaxt təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası vətəndaşı olduğunu və ölkəsinə qayıtdığını bildirmişdir. Təqsirləndirilən şəxs ona dövlət sərhədini gizli şəkildə keçmək niyyətinin olması ilə bağlı heç bir söz deməmişdir. Bundan sonra isə o, həmin şəxsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsinə aparmışdır. Həmçinin o bildirdi ki, “Biləsuvar” sərhəd buraxılış məntəqəsində 3 qapı-zona mövcuddur və dövlət sərhədini keçmək üçün həmin dəmir qapılardan keçmək lazımdır. Həmin qapılar mexaniki qaydada sərhəd nəzarətçiləri tərəfindən açılıb-bağlanır. Həmin qapılar yalnız dövlət sərhədindən fiziki şəxs və ya nəqliyyat vasitəsi keçdiyi vaxt açılır. 3cü qapıdan sonra isə neytral zona başlayır. Həmin qapılar arasında və dövlət sərhədində çox sayda müşahidə-nəzarət kameraları quraşdırılmış, həmçinin nəzarətçilər yerləşdirilmişdir. Buna görə də o hesab edir ki, Təqsirləndirilən şəxs sərhəd keçid məntəqəsinin bütün 3 qapısını gizlicə keçə bilməsi imkansız idi. Bir müddət bundan əvvəl Təqsirləndirilən şəxs başqa da bir şəxs də dövlət sərhədini qanunsuz keçməyə cəhd göstəmişdir. Lakin həmin şəxs Təqsirləndirilən şəxs fərqli olaraq, yük avtomobilinin yanı ilə piyada şəkildə buraxılış məntəqəsinə doğru hərəkət etməmiş, əksinə, “TİR” tipli yük avtomobilin altında gizlənərək, sərhəd buraxılış məntəqəsinə daxil olduqdan sonra yaxalanmışdır. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşıdır. Cinayət işində olan “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə 17 iyul 2021-ci il tarixdə rəsmi qaydada Turkiyə Respublikasına getmiş və həmin tarixdən sonra həmin şəxsin dövlət sərhədində rəsmi qaydada hərəkəti qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun 14 yanvar 2025-ci il tarixli, 2-2-140/2-008017/2025 saylı məktubundan görünür ki, Türkiyə Respublikasının səlahiyyətli orqanından Azərbaycan Respublikası Baş Prokurorluğuna Təqsirləndirilən şəxs barəsində “Türkiyə Respublikası İstanbul Anadolu 3. İnfaz Hakimliği” tərəfindən çıxarılmış 04 dekabr 2023-cü il tarixli hökmün tanınmasına dair sorğu daxil olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 08 yanvar 2025-ci il tarixli, 3-16-14/2-284/2025 saylı məktubundan görünür ki, Türkiyə Respublikasının İstanbul Anadolu 3. İnfaz Hakimliğinin 04 dekabr 2023-cü il tarixli hökmünün Azərbaycan Respublikası ərazisində tanınması ilə bağlı müaciət və müvafiq sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyində aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin 15 yanvar 2025-ci il tarixli, 3-33/2-000646/2025 saylı məktubundan görünür ki, müraciətdə sorğulanan - 09 avqust 2024-cü il tarixdən uzun müddət keçdiyi üçün qeydə alınmış videogörüntülərin saxlanma müddəti bitmiş və yaddaş qurğularında mövcud olmaması səbəbindən təqdim edilməsi imkan xaricindədir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərində yerləşən Baş Konsulluğunun Azərbaycan Respublikası Xarici İşlər Nazirliyini Konsulluq İdarəsinə ünvanladığı 08 avqust 2024-cü il tarixli, KTBR/1- 302/24 saylı elektron məktubunun surətindən görünür ki, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərində yerləşən Baş Konsulu Əliyənnağı Hüseynov Azərbaycan Respublikası Xarici İşlər Nazirliyini Konsulluq İdarəsinə “...Bildirmək istərdik ki, 08 avqust 2024-cü il tarixində özünü Azərbaycan Respublikasının vətəndaşı kimi təqdim edən Təqsirləndirilən şəxs Baş Konsulluğa ərizə ilə müraciət edərək, xx.xx.2024xx.xx.2024-cü il tarixləri arasında gecə saatlarında Türkiyə Respublikasından İran İslam Respublikasına quru yolu vasitəsi ilə qeyri-qanuni yolla keçmək məcburiyyətində qaldığını bildirmişdir. O, bu yolla sərhədi keçməsinə səbəb kimi Türkiyə Respublikasında iş imkanı vədi ilə aldadılaraq birdən çox şəxs tərəfindən məcburi olaraq vətəndaşların pulunu mənimsəmə istiqamətində biliklərinin istifadə edilməsinin istənilməsi və bununla yanaşı pasport və digər şəxsi sənədlərinin zorla həmin şəxslər tərəfindən mənimsənildiyini qeyd etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına qayıtmasında köməklik göstərilməsini xahiş etmişdir.” məzmununda elektron məktub ünvanlayaraq, aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərində yerləşən Baş Konsulluğunun Azərbaycan Respublikası Xarici İşlər Nazirliyini Konsulluq İdarəsinə ünvanladığı 08 avqust 2024-cü il tarixli, KTBR/1-302/24 saylı elektron məktubuna əlavə edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərində yerləşən Baş Konsulluğuna ünvanladığı 08 avqust 2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərində yerləşən Baş Konsulluğuna “Mən Təqsirləndirilən şəxs bu ərizəmi yazaraq bildirmək istəyirəm ki, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasında gecə saatlarında Türkiyə Respublikasından İran İslam Respublikasına quru yolu vasitəsi ilə qeyri-qanuni yolla keçmək məcburiyyətində qaldım. Bu yolla sərhədi keçməyimdə səbəb Türkiyə Respublikasında iş imkanı vədi ilə aldadılarağ birdən çox şəxs tərəfindən məcburi olarağ vətəndaşların pulunu mənimsəmə yönündə biliklərimi istifadə etməmin istənilməsi olmaqla bərabər eyni zamanda pasport və digər şəxsi sənədlərimin zorla eyni şəxslər tərəfindən mənimsənilməsi oldu. Bütün bu səbəblər işığında Hörmətli Konsulluqdan xahişim mənim ölkəmə yəni Azərbaycan Respublikasına qayıtmağımı təmin edərək mənə yardım etməsidir.” məzmununda ərizə ünvanlamışdır. Həmçinin həmin ərizəsində Təqsirləndirilən şəxs +994-99-866-03-03 nömrəsini və həmin nömrənin altında isə Rəşadət Bayramlı adlı şəxsin adını qeyd etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərində yerləşən Baş Konsulluğunun Azərbaycan Respublikası Xarici İşlər Nazirliyini Konsulluq İdarəsinə ünvanladığı 28 yanvar 2025-ci il tarixli, KTBR/1- 021/25 saylı arayışın surıtindən görünür ki, həmin Baş Konsulluq 08 avqust 2024-cü il tarixli, KTBR/1-302/24 saylı məktubla Azərbaycan Respublikası Xarici İşlər Nazirliyini Konsulluq İdarəsinə müraciət edərək, Təqsirləndirilən şəxs 07 avqust 2024-cü il tarixdə, gec saatlarda Baş Konsulluğa müraciət etdiyini, həminn şəxsin qeyri-qanuni yolla Türkiyə- İran sərhədini keçdiyini bildirdiyini və Azərbaycan Respublikasına qayıtması üçün ona köməklik göstərilməsini xahiş etdiyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərində yerləşən Baş Konsulluğu Q.E.X5 Respublikasının qaydaları izah edilmiş, Baş Konsulluğun həmin şəxsə qayıdış şəhadətnaməsini verməyə hazır olduğu və qayıdış şəhadətnaməsi rəsmiləşdirildikdən sonra həmin sənədə İran İslam Respublikasının dövlət orqanları tərəfindən də möhür vurulacağı bildirilmişdir. Həmin məlumatlar verildikdən sonra Təqsirləndirilən şəxs qayıdış şəhadətnaməsinin verilməsi məsələsi ilə bağlı Baş Konsulluğa növbəti gün müraciət edəcəyini bildirməsinə baxmayaraq, həmin şəxs Baş Konsulluğa bir daha müraciət etməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs 2024-cü ilin avqust ayında müvafiq hüquqmüəyyənedici sənədləri olmadan Türkiyə Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçərək İran İslam Respublikasına, 09 avqust 2024-cü il tarixdə, saat 19:40 radələrində isə, yəni sutkanın işıqlı vaxtı, İran İslam Respublikasının dövlət sərhədini qanunsuz keçərək, neytral zonaya daxil olmuş və Azərbaycan Respublikasını dövlət sərhədini keçmədən, sərhəd keçid məntəqəsinin şlaqbaumunun yaxınlığında onu qarşılayan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “Biləsuvar” sərhəd nəzarət şöbəsinin “Şlaqbaum Nəzarətçisi” sərhəd naryadına özünü könüllü, yəni hər hansı zor və ya silah tətbiqi olmadan, təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə isə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında»Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə, işinin ədalətli və açıq araşıdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə görə şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli Qərarında göstərilir ki, törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayət qanunvericiliyinin yuxarıda öyrənilən normalarının tələblərindən göründüyü kimi şəxsin ona istinad edilən əməldə cinayət tərkibinin əlamətlərinin olması cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə yoxanılmalıdır. Həmin əlamətlərdən birinin və ya bir neçəsinin mövcud olmaması əməlin cinayət olmasını istisna edir. Təqsirləndirilən şəxs həm istintaq orqanına, həm də məhkəmə iclasında verdiyi ifadələrində Türkiyə Respublikasından İran İslam Respublikasına qanunsuz olaraq qəsdən keçdiyini, bununla da hər iki dövlətin dövlət sərhədlərini pozduğunu etiraf etsə də, həmin şəxs Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz və ya gizli şəkildə keçmək niyyətinin olmadığını, heç bir qanuni sənədi olmadığına və həmin ölkənin dövlət sərhədini qanunsuz keçdiyinə görə İran İslam Respublikasının hakimiyyət orqanları tərəfindən həbs olunacağını güman edərək, özünü Azərbaycan Respublikasının sərhəd nəzarətçilərinə təqdim etmək üçün Azərbaycan Respublikasının dövlət sərhədi istiqamətində hərəkət etdiyini bildirmişdir. Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsinə görə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsinin məzmunundan da göründüyü kimi hər hansı başqa dövlətin sərhədini keçmə deyil, yalnız Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Cinayət işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Q.E.X8 Respublikası ərazisindən neytral zonaya “TİR” tipli yük avtomobilinin yanı ilə iti addımlarla gəlmiş və Azərbaycan Respublikasının dövlət sərhədini keçmədən, yəni sərhəd buraxılış məntəqəsinin şlaqbaumundan irəlidə, yəni neytral zonada ona yaxınlaşmış Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin “Biləsuvar” sərhəd nəzarəti şöbəsinin sərhəd naryadı Şahid1 özünü könüllü təqdim edərək, şəxsiyyətini təsdiq edən heç bir sənədi olmadığını və Azərbaycan Respublikasına qayıtmaq istədiyini bildirmişdir. Belə ki, təqsirləndirilən şəxslə yanaşı, məhkəmə iclasında şahid qismində dindirilmiş sərhəd nəzarətçisi Şahid1 öz ifadəsində, Təqsirləndirilən şəxs şlaqbaumdan digər tərəfdə, yəni neytral zonada – dövlət sərhədinə təxminən 2 metr qalmış saxladığını, sonuncunun ona özünü təqdim edərək, şəxsiyyəti haqqında məlumat verməklə, lakin şəxsiyyətini təsdiq edən heç bir sənədi olmadan Azərbaycan Respublikasına qayıtmaq istədiyini bildirdiyini, Təqsirləndirilən şəxs ona qarşı hər hansı tabesizlik etmədiyini göstərmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının dövlət sərhədini keçməmiş, şlaqbaumun yanında dayanan sərhəd nəzarətçisinə özünü könüllu surətdə təqdim etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Q.E.X3 Respublikası ərazisindən Azərbaycan Respublikası sərhədi istiqamətində qaça-qaça gəlmiş olsaydı belə, bu hal Azərbaycan Respublikası dövlət sərhədini qanunsuz keçməyə cəhd sayıla bilməz. Çünki, Təqsirləndirilən şəxs dövlət sərhədinin qorunduğunu və orada videomüşahidə kameralarının olduğunu uzaqdan görmüşdür. Həmçinin təqsirləndirilən şəxs Azərbaycan Respublikası dövlət sərhədinə günün işıqlı vaxtı yaxınlaşmışdır. Əgər həmin şəxs dövlət sərhədini qanunsuz keçmək niyyətində olsa idi, bunu sutkanın qaranlıq vaxtında, gizli yolla (məsələn yük avtomobilinin altında gizlənərək və ya sərhəd buraxılış məntəqələrindən kənarda) edə bilərdi. Halbuki təqsirləndirilən şəxs istintaq orqanına verdiyi ilkin izahatlarından başlayaraq, məhkəməyədək icraatın və məhkəmə icraatının bütün mərhələlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmək niyyətinin olmadığını təkidlə bildirmişdir. Bununla belə, istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərməsini, yəni ittihamı təsdiq edən sübut qismində müvafiq videogörüntüləri əldə edərək, iş materiallarına əlavə etməli olduğu halda, bunu etməmişdir. Təqsirləndirilən şəxs Q.E.X3 Respublikası istiqamətindən Azərbaycan Respublikasının dövlət sərhəd məntəqəsinə yaxınlaşdığı vaxtdan həmin şəxs saxlanılandığı anadək olan müddət ərzində qeydə alınmış videogörüntülər məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətindən və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən tələb edilsə də, müvafiq görüntülər məhkəməyə təqdim edilməmiş və buna görə də həmin görüntülərin məhkəmə baxışı zamanı tədqiq edilməsi mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti məhkəmənin müvafiq sorğusuna cavab olaraq müvafiq videogörüntülərin əldə edilməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilməsini, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi isə 15 yanvar 2025-ci il tarixli, 3-33/2- 000646/2025 saylı məktubla müraciətdə sorğulanan tarixdən uzun müddət keçdiyi üçün qeydə alınmış videogörüntülərin saxlanma müddətinin bitdiyini və yaddaş qurğularında mövcud olmadığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məvəllənin 124.1-ci maddəsinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 58-ci bəndinin 5-ci abzasına görə CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayətprosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə, iş materialllarından da görünür ki, ibtidai istintaq orqanı 09 avqust 2024cü il tarixdə və ondan sonrakı müddət ərzində təqsirləndirilən şəxs Q.E.X3 Respublikası istiqamətindən Azərbaycan Respublikasının dövlət sərhəd məntəqəsinə yaxınlaşdığı vaxta, o cümlədən həmin şəxsin dövlət sərhədinə daxil olduğu andan saxlanılandığı anadak keçən müddət ərzində qeydə alınmış videogörüntüləri nəinki cinayət işi materiallarına əlavə etməmiş, hətta buna heç cəhd də göstərməmiş, təqsirləndirilən şəxsə elan etdiyi ittihamı əsaslandırmaq üçün yalnız öz əməkdaşlarının şahid qismində verdiyi ifadələrlə kifayətlənmiş və iş materiallarına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətdə təqsirini təsdiq edən başqa sübutlar əlavə etməmişdir. Halbuki, məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “Biləsuvar” sərhəd nəzarət şöbəsinin əməkdaşları məhkəmə iclasında verdikləri ifadələrində dövlət sərhədində neytral zonanı və sərhədin özünü qeydiyyata alan, həmçinin sərhəd nəzarət məntəqəsində yerləşən hər üç qapını da qeydiyyata alan müvafiq videomüşahidə və nəzarət kameralarının quraşdırıldığını göstərdilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Həmçinin həmin Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirsizlik prezumpsiyası prinsipi o cümlədən, məhkəmə üzvlərindən vəzifələrini yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön mühakimə ilə başlamamağı tələb edir; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulmuş hesab edilməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə edilən dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd etdiyini sübut edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, yalnız formal mülahizələri – təqsirləndirilən şəxsin İran İslam Respublikasının dövlət sərhədində yerləşən “yük-nəqliyyat xəttində” müşahidə aparmasını, həmin yerdən Azərbaycan Respublikası dövlət sərhədinə qədər yük avtomobilinin yanı ilə iti addımlarla və ya qaça-qaça gəlməsini həmin şəxsin cinayət törətmək niyyətinin göstəricisi olduğu və Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə edilən dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərdiyi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə görə isə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bu səbəbdən yalnız ehtimallardan yaranan şübhəli mülahizələr əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə edilən dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərdiyi qənaətinə gəlmək cinayət mühakimə icraatının əsas prinsiplərinə və sübutların mötəbərliliyinə dair tələblərinə ziddir. Həmçinin “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən kənarda hər hansı vasitə ilə Azərbaycan Respublikasının dövlət sərhədini keçmiş və ya keçməyə cəhd göstərmiş, ya da sərhədkeçmə qaydalarını pozmaqla, o cümlədən gizli şəkildə, saxta və ya özgənin sənədləri ilə Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində sərhədi keçmiş və ya keçməyə cəhd göstərmiş şəxslər Azərbaycan Respublikasının dövlət sərhədini pozanlar hesab olunur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs sərhəd-buraxılış məntəqəsindən kənarda deyil, məhz sərhəd-buraxılış məntəqəsində keşik çəkən sərhəd naryadına yaxınlaşdığı vaxt sərhədin mühafizəsini həyata keçirən hərbi qulluqçunun “Dayan!” əmrinə tabe olduğunu və sonuncuya özünü təqdim edərək, Azərbaycan Respublikası vətəndaşı olduğunu və öz ölkəsinə qayıtmaq istədiyini bildirmiş, şahid qismində dindirilmiş sərhəd naryadı Şahid1 də Təqsirləndirilən şəxs ifadəsini təsdiq edərək, sonuncunun neytral zonada olmasına baxmayaraq, ona qarşı hər hansı tabesizlik göstərmədiyini öz ifadəsində qeyd etmişdir. Halbuki, dövlət sərhədini qanunsuz keçməyə dair işləri üzrə məhkəmə təcrübəsi göstərir ki, analoji halların əksəriyyətində dövlət sərhədini qanunsuz keçməyə cəhd edən şəxslər bu əməllərini nəzarətin aparılmadığı yerlərdən, yəni sərhəd nəzarət buraxılış məntəqələrindən kənar ərazilərdən keçməklə törədirlər. Lakin təqsirləndirilən şəxs həm məhkəməyədək icraat zamanı, həm də məhkəmədə verdiyi ifadələrində Biləsuvar rayonu ərazisində sərhəd buraxılış məntəqəsinin yerləşdiyindən məlumatlı olduğunu və buna görə də məhz Azərbaycan Respublikasına qayıtmaq üçün “Biləsuvar” sərhəd-buraxılış məntəqəsinə gəldiyini bildirmişdir. Həmçinin təqsirləndirilən şəxs neytral zonada olduğu vaxt sərhəd nəzarətçisi Şahid1 heç bir zor və ya silah tətbiqi olmadan, özünü könüllü surətdə təqdim etmiş, sonuncunun əmrinə tabe olmuş və oradan uzaqlaşmağa cəhd göstərməmişdir. Halbuki, anoloji işlər üzrə məhkəmə təcrübəsinə görə sərhəd nəzarətçisi ilə qarşılaşan təqsirləndirilən şəxslər ya geri qayıdır, ya da silah tətbiqindən sonra nəzarətçiyə tabe olaraq dayanır. Hazırki iş üzrə isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Şahid1 ilə qarşılaşdığı vaxt neytral zonada olmuşdur. Belə olan halda, Təqsirləndirilən şəxs qaçmağa və ya geri qayıtmağa çalışsa idi, nəzarətçi ona qarşı silah tətbiq edə bilməzdi. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə İran İslam Respublikasının dövlət sərhədindən neytral zonaya qədər hərəkət edən “TİR” tipli yük avtomobilinin yanı ilə gəldiyini və həmin hərəkətində əsas məqsədinin Azərbaycan Respublikasının deyil, İran İslam Respublikasının sərhəd xidməti nəzarətçilərinin onu görməsinin qarşısını almaq olduğunu bildirmişdir. Belə ki, Q.E.X8 Respublikasının dövlət sərhədindən neytral zonaya qədər hərəkət edən “TİR” tipli yük avtomobilinin yanı ilə gəlsə də, həmin şəxs qarşıda Azərbaycan Respublikasının dövlət sərhədində xidmət edən naryadın və ya nəzarətçilərin onu görməsinə qarşı heç bir tədbir görməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə bildirmişdir ki, o, özgə ölkədə - İran İslam Respublikasında həmin dövlətin sərhədini qanunsuz keçdiyinə görə məsuliyyətə cəlb edilməkdən qorxmuş, buna görə də şəxsiyyətini təsdiq edən pasportu olmadığına görə, vətəndaşı olduğu ölkəsinə daha tez qayıtmaq üçün, özünü sərhəd naryadına təhvil vermək üçün bilərəkdən və açıq şəkildə Azərbaycan Respublikasının Biləsuvar rayonu ərazisində yerləşən sərhəd nəzarət məntəqəsinə yaxınlaşmışdır. İş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verildikdə, təqsirləndirilən şəxs Q.E.X3 Respublikasının dövlət sərhədindən neytral zonaya qədər “TİR” tipli yük avtomobilinin yanı ilə hərəkət etməkdə məqsədinin yalnız İran İslam Respublikasının sərhəd xidməti əməkdaşlarına yaxalanmamaq olduğu və onu qarşı tərəfdən Azərbaycan Respublikasının dövlət sərhəd nəzarətçilərinin aşkar etməsinə qarşı hər hansı tədbir görmədiyi barədə ifadəsinin səmimiliyi məhkəmədə kifayət qədər inam yaradır və bu hallar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının dövlət sərhədini gizli, qanunsuz olaraq keçmək niyyətini istisna edir. Bundan başqa, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın Konvensiyaya və ona dair Birinci Protokola artıq daxil edilənlərdən başqa, bəzi hüquq və azadlıqların təmin olunması haqqında 16 sentyabr 1963-cü il tarixli, 4 saylı Protokolunun 3-cü maddəsinin 2-ci bəndinə görə heç kəs vətəndaşı olduğu dövlətin ərazisinə daxil olmaq hüququndan məhrum edilə bilməz. “X2 Bəyannaməsi”nin 13-cü maddəsinin 2-ci bəndinə görə hər bir insan, öz ölkəsi də daxil olmaqla istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci bəndinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsinin 3-cü bəndinə görə Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiyası Qanunun 22-ci maddəsinə görə Azərbaycan Respublikası beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyünü tanıyır və Azərbaycan Respublikası qanunvericiliyinin onlara uyğunluğunu təmin edir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.1-ci maddəsinə görə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanır. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiya və onun 1, 4, 6 və 7 saylı Protokolları müvafiq bəyanatlar və qeyd-şərtlər ilə birlikdə 25 dekabr 2001-ci il tarixdə "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın və onun 1, 4, 6 və 7 saylı Protokollarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın Konvensiyanın 4 saylı Protokolunun 3-cü maddəsinin 2-ci bəndinə görə heç kəs vətəndaşı olduğu dövlətin ərazisinə daxil olmaq hüququndan məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “H.F. və digərləri Fransaya qarşı iş üzrə” 14 sentyabr 2022-ci il tarixli qərarında qeyd etmişdir ki, tərəflərin etiraf etdiyi kimi, 4 saylı Protokolun 3-cü maddəsinin 2-ci bəndi ilə nəzərdə tutulmuş və mahiyyət etibarı ilə həmin maddə ilə təmin edilmiş hüquq Dövlət və vətəndaş arasında o münasibətlərə şamil edilir ki, vətəndaş Dövlətin ərazisindən və ya onun üzərində effektiv nəzarəti həyata keçirdiyi ərazidən kənarda olsun. Əgər həmin maddə ilə təminat altına alınmış şəxsin öz ölkəsinə daxil olmaq hüququ artıq həmin Dövlətin ərazisində olan və ya onun effektiv nəzarəti altında olan vətəndaşlarla məhdudlaşmış olsa idi, bu hüquq səmərəsiz hesab edilər və 4 saylı Protokolun 3-cü maddəsinin 2-ci bəndi öz effektivliyini itirmiş olardı. Çünki, 4 saylı Protokolun 3-cü maddəsinin 2-ci bəndi ilə qorunan hüquq praktiki baxımdan bu müdafiəyə ən çox ehtiyacı olanlar, yəni öz vətəndaşı olduğu Dövlət qayıtmaq istəyən şəxslərin real müdafiəsini təmin edir. Bu hüququn həm predmeti, həm də əhatə dairəsi yalnız iştirakçı Dövlətin onun yurisdiksiyasından kənarda olan vətəndaşlarına fayda verməsini nəzərdə tutur (§ 209). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “H.F. və digərləri Fransaya qarşı iş üzrə” 14 sentyabr 2022-ci il tarixli qərarında həmçinin göstərmişdir ki, 4 saylı Protokolunun 3cü maddəsinin 2-ci bəndi ilə nəzərdə tutulan öhdəliklər şəxslərin vətəndaşı olduqları ölkələrinə daxil olmaq hüququnu təminat altına almaq üçün Dövlətlərin üzərinə qoyulur. Bu tədbirlər adətən dövlətin öz vətəndaşlarına sərhədləri keçmələrini təmin etmək üçün müvafiq sənədlərin verilməsi öhdəliyi ilə üst-üstə düşür (§§ 251 və 260). “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nin 1-ci maddəsinə görə Azərbaycan Respublikasının konsulluqları xarici dövlətlərdə Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və mənafeyini müdafiə edir. Azərbaycan Respublikası Prezidentinin 26 fevral 2007-ci il tarixli, 532 saylı Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamənin 14.18-ci bəndinə əsasən Konsulluq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşlarına qayıdış şəhadətnaməsi vermək funksiyasını həyata keçirir. Məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs 2024-cü ilin avqust ayının əvvəllərində, yəni ona istinad edilən cinayət hadisəsi baş verməzdən bir gün əvvəl Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğuna yazılı qaydada müraciət edərək, Türkiyə Respublikasında olduğu vaxt 4 nəfər şəxsin onun bütün sənədlərini əlindən alaraq, onu qanunsuz əməllər törətməyə sövq etdiklərini, buna görə də oradan qaçaraq, qanunsuz surətdə İran İslam Respublikasına gəldiyini və Azərbaycan Respublikasına qayıtmaq istədiyini bildirmiş və konsulluq əməkdaşlarından ona ölkəsinə qayıtmaq üçün kömək etmələrini xahiş etdiyini göstərmişdir. Lakin konsulluq əməkdaşları ona qayıdış şəhadətnaməsinin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq orqanlarına sorğu göndəriləcəyini və bu prosesin 3-4 gün çəkəcəyini bildirmiş və buna görə də ona 3-4 gün sonra təkrarən konsulluğa müraciət etməsini tövsiyə etmişlər. Həmçinin həmin əməkdaşlar ona qayıdış şəhadətnaməsi verilsə belə, İran İslam Respublikası ərazisinə qanunsuz keçdiyinə görə həmin ölkədə məsuliyyətə cəlb ediləcəyini bildirmişlər. Hazırki iş üzrə məhkəmə tərəfindən verilmiş sorğulara Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Biləsuvar rayon Məhkəməsinə üvnanladığı cavab məktubundan və həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, təqsirləndirilən şəxs Q.Ə.Bayramlı, həqiqətən də, 08 avqust 2024-cü il tarixdə İran İslam Respublikasının Təbriz şəhərində yerləşən Azərbaycan Respublikasının Baş Konsulluğuna müraciət edərək, Türkiyə Respublikasından qanunsuz olaraq İran İslam Respublikasına gəldiyini, Türkiyə Respublikasında olduğu vaxt bütün sənədlərini əlindən alındığını və Azərbaycan Respublikasına qayıtmaq istədiyini bildirərək, ona öz ölkəsinə - Azərbaycan Respublikasına qayıtmaq üçün kömək edilməsini xahiş etmişdir. ”Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 10 aprel 2007 tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında” Əsasnamənin 1-ci bəndinə görə xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının, habelə Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikasında daimi yaşayan uşağının Azərbaycan Respublikasına qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir. Həmin Əsasnamənin 7-1-ci bəndinə əsasən şəhadətnamənin verilməsi üçün tələb olunan sənədlərin X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir Həmçinin “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında” Əsasnamənin 9-cu bəndinə görə Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs tərəfindən həmin Əsasnamənin 7-ci bəndində göstərilən sənədlər təqdim edildikdən sonra (həmin Qanunun 7-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) şəhadətnamə ərizə-anket qeydiyyata alındığı vaxtdan ən geci 3 təqvim günü müddətində verilməlidir. İşdə olan sübutlarla, o cümlədən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələrlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs vətəndaşı olduğu Azərbaycan Respublikasına qayıtmaq üçün müvafiq qaydada şəxsiyyətini təsdiq edən sənədləri olmadığı üçün çıxış yolu kimi İran İslam Respublikasının Təbriz şəhərində yerləşən, Azərbaycan Respublikasının Baş Konsulluğuna müraciət edərək, həmin diplomatik nümayəndəlikdən Azərbaycan Respublikasına qayıtmaq üçün ona kömək etmələrini xahiş etmişdir. Azərbaycan Respublikasının Baş Konsulluğunun əməkdaşları isə İran İslam Respublikasının dövlət sərhədini pozaraq Türkiyə Respublikasından həmin ölkəyə qanunsuz keçmiş, şəxsiyyətini təsdiq edən hər hansı sənədi olmayan və buna görə də İran İslam Respublikasının hakimiyyət orqanları tərəfindən tutulmasına və həbsə alınmasına kifayət qədər ehtimal olan Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs qanunla qorunan hüquq və azadlıqlarını qanunvericiliklə müəyyən edilmiş qaydada müdafiə etmək, Azərbaycan Respublikası vətəndaşının pozulmuş hüquqlarının bərpası üçün tədbirlər görmək vəzifələrini lazımi qaydada icra etməyərək, müvafiq orqanlara sorğu verilməsi ilə əlaqədar bir neçə gündən sonra təkrarən müraciət etməsini təqsirləndirilən şəxsə tövsiyə etmişlər. Halbuki, “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında” Əsasnaməyə görə yalnız şəxsin müvafiq orqana özü barədə yanlış məlumat verdiyi təqdirdə, sonuncuya qayıdış şəhadətnaməsi verilməsindən imtina edilə bilər. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “H.F. və digərləri Fransaya qarşı iş üzrə” 14 sentyabr 2022-ci il tarixli qərarında göstərmişdir ki, dövlət vətəndaşlarını pis rəftardan qorumaq üçün mümkün olan hər vasitədən istifadə etməklə, diplomatik və konsulluq müdafiəsini həyata keçirməlidir. Əgər repatriasiya ağlabatan tədbir hesab edilməsə, səyahət sənədləri tərtib etmək və ya yerli qeyri-hökümət təşkilatları ilə əlaqə yaradaraq, vətəndaşlarına ən yaxın səfirliyə getməyə kömək etmək və yaxud digər səfirlikdən yardım tələb etmək kimi digər konsulluq kömək təqdim edilməlidir. Bu, mümkün olan bütün tədbirlər görməklə vətəndaşın öz ölkəsinə geri qaytarmaq hüququnun həyata keçirilməsini asanlaşdırmaq üçün Dövlətin üzərinə qoyulmuş pozitiv öhdəlikdir (§§ 221). Beləliklə, iş materiallarına əlavə edilmiş sübutlarla və məhkəmə iclasında təqsirləndirilən şəxsin verdiyi ifadə ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına qanuni şəkildə qayıtmaq üçün bütün mümkün üsullardan istifadə etmişdir. Belə ki, həmin şəxs vətəndaşı olduğu ölkəyə qayıtmaq üçün rəsmi sənəd almaq məqsədi ilə diplomatik nümayəndəliyə – İran İslam Respublikasının Təbriz şəhərindəki Azərbaycan Respublikasının Baş Konsulluğuna müraciət edərək, ona qayıdış şəhadətnaməsi verilməsini xahiş etmişdir. Bu hal isə həmin şəxsin rəsmi sənəd əsasında öz vətəninə qayıtmaq niyyətinin olduğunu sübut edir. Həm beynəlxalq, həm də milli qanunvericiliyin tələblərindən də göründüyü kimi şəxsin vətəndaşı və ya bu və ya digər formada bağlılığı olduğu dövlətin ərazisinə qayıtması onun konstitusion hüququdur və bu hüququn təmin edilməsi üçün hər bir dövlət müvafiq olaraq müxtəlif pozitiv və neqativ öhdəlikləri öz üzərinə götürmüşdür. Qeyd edilənlərlə əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Konstitusiya və digər normativ-hüquqi aktlarla, həmçinin beynəlxalq hüquq normaları ilə təminat altına alınmış öz ölkəsinə geri qayıtmaq hüququnu realizə etmək üçün vətəndaşı olduğu dövlətin müvafiq orqanına müraciət etdiyi və kömək istədiyi qurumdan müvafiq yardım ala bilmədiyi halda, Azərbaycan Respublikasının sərhəd nəzarətçilərinə yaxınlaşmaqla, vətəndaşı olduğu ölkənin hakimiyyət nümayəndələrinə özünü könüllü təqdim etməsi həmin şəxsin əleyhinə yozula bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Barbera, Messegue və Jabordo İspaniyaya qarşı» işi üzrə 06 dekabr 1988-ci il tarixli qərarında qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir (§ 77). Bundan başqa, İnsan hüquqları üzrə Avropa Məhkəməsi «X4rşı» işi üzrə 25 sentyabr 1992-ci il tarixli qərarında göstərmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur(§ 36). Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə isə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində isə deyilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanununun həmin müddəasının məzmunundan görünür ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və sübyektiv əlamətlərin hamısının, yəni cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhətinin eyni vaxtda mövcud olduğu təqdirdə, törədilmiş əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən heç olmasa birinin mövcud olmaması əməlin cinayət kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Vera Fernandez-Huidobro İspaniyaya qarşı» iş üzrə 06 yanvar 2010-cu il tarixli qərarında vurğulamışdır ki, qərəzsizlik tələbi nəzərdə tutur ki, «məhkəmə» mahiyyətindən irəli gələrək öz mühakimə funksiyası baxımından səciyyələndirilməli: hüquq normaları əsasında və prosessual qaydalara uyğun olaraq öz səlahiyyətinə aid məsələləri həll etməlidir (§ 108). Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 28.2-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Həmçinin həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 1.2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın. Həmin Məcəllənin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmiş hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda təqsirini sübut edən kifayət qədər sübut olmadığı üçün, həmçinin təqsirləndirilən şəxsin Azərbaycan Respublikası dövlət sərhədini keçməyə cəhd etdiyini şübhə altına salan kifayət qədər əsaslar olduğu və bu əsasları təkzib edən sübutlar ibtidai istintaq orqanı tərəfindən toplanaraq, iş materiallarına əlavə edilmədiyi üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz elan edilməli və əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 42.1.2 və 350.2-ci maddələrinə əsasən əməldə cinayət tərkibi olmadıqda, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Həmin Məcəllənin 55.1-ci maddəsinə görə isə məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 29, 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edildiyinə görə və bununla əlaqədar qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdığı üçün Azərbaycan Respublikası CPM-nin 36.2, 175.2 və 353.5.2-ci maddələrinə əsasən ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 350-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edilsin və əməlində cinayət tərkibi olmadığına görə Təqsirləndirilən şəxs bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №1(022)-7/2025
Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-7/2025
25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver