Məhkəmə qərarları › İş №1(022)-72/2025

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-72/2025

05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-72/2025 05.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X1 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun müdiri Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxx 1996-cı il tarixdə Biləsuvar rayonu, Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, faktiki nikah münasibətində olan, himayəsində 1 uşağı olan, fərdi əməklə məşğul olan, Biləsuvar rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 1(022)-46/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, həmin Məcəllənin 67.1 və 69.3-cü maddələri tətbiq edilməklə qəti olaraq 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda həmin cəzanı çəkən, Biləsuvar rayonu, Bəydili kəndi, M.Hüseyn küçəsində yerləşən 92 nömrəli evdə qeydiyyatda olan, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, xeyli miqdarda - 6,572 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 27 yanvar 2025ci il tarixdə, saat 18:41-də Biləsuvar şəhəri, N.Əlizadə küçəsində (keçmiş 1 May küçəsində) yerləşən “X2 Mərkəzi”nin yaxınlığında piyada hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, həmin yerdə üzərinə yoxlama keçirildiyi zaman həmin narkotik vasitə qurudulmuş marixuana bir ədəd sellofan bükümdə olmaqla, əynindəki gödəkçənin sağ sinə cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, uzun müddətdir ki, narkotik vasitə qurudulmuş marixuana istehlak edir, faktiki nikah münasibətlərindədir və himayəsində 1 uşağı var. O, rəsmi olaraq heç bir yerdə işləməsə də, fəhləlik etməklə ailəsini dolandırır. O, narkotik vasitə əldə edərək üzərində gəzdirdiyinə görə əvvəllər iki dəfə məhkum edilmişdir. Sonuncu dəfə o, Biləsuvar rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli hökmü ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində təqsirli biliərək, qəti olaraq 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir və o, hazırda cəzasını çəkir. O, 25 yanvar 2025-ci il tarixdə Biləsuvar şəhərində yerləşən mərkəzi bazarın yaxınlığında piyada hərəkətdə olduğu zaman yerdən sellofan büküm tapmış və həmin bükülünü açıb içərisinə baxdığı zaman orada narkotik vasitə qurudulmuş marixuana olduğunu bilmişdir. O, həmin bükümü sonradan istehlak etmək məqsədi ilə gödəkçəsinin cibində gizlətmişdir. O, həmin bükümdə olan narkotik vasitədən istifadə edə bilməmişdir. Belə ki, 27 yanvar 2025-ci il tarixdə, saat 18 radələrində Biləsuvar şəhərinin keçmiş 1 May küçəsində yerləşən “X2 Mərkəzi”nin yaxınlığında piyada hərəkətdə olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin əməkdaşlar narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmiş və ona hüquqlarını izah etmişlər. Daha sonra isə videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. O da əynindəki göəkçənin sağ sinə cibində gizlətdiyi həmin bükümü çıxarıb, polis əməkdaşlarına təqdim etmiş və bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin bükümü 25 yanvar 2025-ci il tarixdə mərkəzi bazarın yaxınlığında yerdən tapdığını və sonradan istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, eyni zamanda onun üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Tərtib olunmuş protokol ona ucadan oxunmuş, protokol və üzərindən götürülmüş əşyaların qablaşdırıldığı zərfin üzəri o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Daha sonra isə o, polis əməkdaşları tərəfindən Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir və vəkillə təmin edilmişdir. Həmçinin o bildirdi ki, küçədən narkotik vasitə tapdığı barədə heç kəsə, o cümlədən ailə üzvlərinə heç bir məlumat verməmişdir. Onun üzərində daşıdığı narkotik vasitə qurudulmuş marixuananı satmaq niyyəti olmamışdır. O, hazırda əməlindən peşmandır və bir daha belə bir əmələ yol verməyəcəyinə söz verir. Bundan başqa, anası ağır dərəcəli onkoloji xəstəlikdən, atası isə ürək xəstəliyindən əziyyət çəkir. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və himayəsində 1 azyaşlı uşağı olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Biləsuvar şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 27 yanvar 2025-ci il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, 27 yanvar 2025-ci il tarixdə əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs Biləsuvar şəhərinin keçmiş 1 May küçəsində yerləşən “X2 Mərkəzi”nin yaxınlığında piyada hərəkətdə olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin andan polis əməkdaşları videoçəkiliş aparmaqla, təqsirləndirilən şəxsə yaxınlaşaraq, özlərini təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək, həmin şəxsə hüquqlarını izah etmişlər. Daha sonra isə videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd alışqanı və bir ədəd ətiri, sol yan cibindən “Redmi” markalı mobil telefonu və gödəkçəsinin sağ sinə cibindən isə bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin bükülünün ona məxsus olduğunu və həmin predmeti iki gün əvvəl mərkəzi bazarın yaxınlığında piyada hərəktdə olduğu zaman yerdən tapdığını bildirmişdir. Həmin bükülünün içərisinə baxılarkən, orada, həqiqətən də, rəngindən və digər əlamətlərindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən edilmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 9 qram olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Şübhəli şəxsin üzərindən aşkar edilmiş digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyinə görə həmin şəxsə qaytarılmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və vəkillə təmin edilmişdir. Şübhəli şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və həmin protokol o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. İş üzrə şahid kimi dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşları Şahid1 və Şahid3 məhkəmədə Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq - 6,572 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşıdığını, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 27 yanvar 2025-ci il tarixdə, saat 18:41-də Biləsuvar şəhəri, 1 May küçəsində yerləşən “X2 Mərkəzi”nin yaxınlığında piyada hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, həmin yerdə üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə qurudulmuş marixuananın bir ədəd sellofan bükümdə olmaqla, əynindəki gödəkçənin sağ sinə cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdilər. İş materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair 27 yanvar 2025-ci il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, 27 yanvar 2025-ci il tarixdə, saat 18:41-də Biləsuvar şəhəri, 1 May küçəsində yerləşən “X2 Mərkəzi”nin yaxınlığında piyada hərəkətdə olduğu zaman Təqsirləndirilən şəxs Biləsuvar rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 tərəfindən «Honor» markalı videokamera vasitəsi ilə video çəkiliş aparılmaqla saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılmağa başlanılmışdır. Üstünə yoxlama və götürmə aparılmasından əvvəl həmin şəxsə paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd alışqanı və bir ədəd ətiri, sol yan cibindən “Redmi” markalı mobil telefonu, gödəkçəsinin cibindən bir ədəd boş siqaret qutusunu və gödəkçəsinin sağ sinə cibindən isə içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd sellofan bükümü təqdim etmişdir. Daha sonra isə həmin şəxsin üstü yoxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı predmet və ya əşya aşkar edilməmişdir. Həmin ş üzərindən aşkar edilmiş sellofan bükülü açılmış və içərisinə baxış keçirilmişdir. Bükülünün içərisinə baxılan zaman orada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Bundan sonra həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə bükümün çəkisinin 9 qram olması məlum olmuşdur. Daha sonra həmin büküm qablaşdırılaraq, saxlanılan şəxs tərəfindən imzalandıqdan sonra götürülmüşdür. İş üçün əhəmiyyət kəsb etmədiyinə görə digər əşyalar Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar edilmiş bükülünü 2 gün əvvəl Biləsuvar şəhəri, mərkəzi bazarın ərazisində yerdən tapdığını bildirmişdir. Cinayət işi materiallarında olan əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və götürmə haqqında 27 noyabr 2025-ci il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli olması barədə daxil olmuş əməliyyat məlumat əsasında onun cinayət əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qəbul edilmiş qərar əsasında, 27 yanvar 2025-ci il tarixdə, saat 18:41-də Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Biləsuvar şəhəri, 1 May küçəsində yerləşən “X2 Mərkəzi”nin yaxınlığında piyada hərətdə olduğu zaman əməliyyat qurupunun üzvləri tərəfindən saxlanılmış və üzərinə baxış keçirilmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd, 9 qram çəkidə sellofan bükümdü narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş və qablaşdırılaraq, götürülmüşdür. Təqsirləndirilən şəxs 1 ədəd bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin götürülməsi raportda qeyd olunaraq, aidiyyətı üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 ədəd ağ rəngli zərfə və 1 ədəd DVD-yə baxış keçirildi. Üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” yazısı yazılmış 01 ədəd ağ rəngli zərfin içərisində üzəri yapışqan lentə sarılmış sellofona bükülmüş yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin çəkisinin 9 qram olduğu müəyyən edilmiş və qablaşdırılaraq möhürlənmişdir. Daha sonra 1 ədəd “DVD” diskə “HP” markalı kompüterdə baxış keçirilmiş və görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmişdir. İşdə olan məhkəmə-fiziki-kimyəvi ekspertizasının 28 yanvar 2025-ci il tarixli, 19/32 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi - 6,572 qram olan bitki mənşəli kütlə tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi - 6,572 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 6,522 qram qalmışdır. Cinayət işi materiallarına əlavə edilmiş ambulator narkoloji tibbi yoxlamanın 04 fevral 2025-ci il tarixli, 53 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Biləsuvar rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 1(022)-46/2024 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1 və 69.3-cü maddələri tətbiq edilməklə, qəti olaraq 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin 15 may 2025-ci il tarixli, 3-16-35-36/2-29647/2025 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 1(022)- 46/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs barəsində olan hökm və hökmün icrası barədə göstəriş 23 may 2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə müvafiq sənədləşmə işləri aparılmaqla yanaşı, Təqsirləndirilən şəxs 31 may 2024-cü il tarixdə qeydiyyata götürülmüş və həmin şəxsə elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 07 may 2025-ci il tarixədək 11 ay 7 gün hissəsini çəkmişdir. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nın İ siyahısının 109.1-ci bəndinin tələbinə görə qurudulmuş marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər törətdiyinə görə 2 dəfə məhkum olunmasını və hazırda cəza çəkməsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onu da nəzərə alır ki, Təqsirləndirilən şəxs nakotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətdikdən sonra iş üzrə müəyyən edilmiş yüngülləşdirici hallar əsas götürülərək, həmin şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsə də, təqsirləndirilən şəxs təkrarən qanunsuz olaraq narkotik vasitə əldə edərək, üzərində daşımışdır. Törətdiyi əməldən səmimi peşman olmasını, cavanlığını və himayəsində 1 azyaşlı uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 1(022)-46/2024 saylı hökmü ilə ona təyin edilmiş 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının hazırki tarixə - 05 iyun 2025-ci il tarixə - 1 il 6 gün hissəsini çəkmişdir, həmin şəxsin hazırda çəkilməmiş cəzası 1 il 11 ay 20 gün təşkil edir. Məhkəmə hesab edir ki, nakotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətməyə görə azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyi dövrdə yenidən eyni növdə cinayət törətmiş Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinin tələbinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilən cəzaya Biləsuvar rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 1(022)-46/2024 saylı hökmü ilə həmin şəxsə təyin edilən 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 11 ay 20 gün hissəsini 1 günə 2 gün hesabı ilə qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti cəza müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 yanvar 2025-ci il tarixdə, saat 18:41-də şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 29 yanvar 2025-ci il tarixdə, saat 14:10-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 04 fevral 2025-ci il tarixli, 53 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 6,522 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Biləsuvar rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 1(022)- 46/2024 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının halhazıradək çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün hissəsi hazırki hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzasına 2 günə 1 gün hesabı ilə qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 6,522 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar