Məhkəmə qərarları › İş №1(022)-73/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-73/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-73/2023 27.04.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs. onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1994-cü il tarixdə Biləsuvar rayonu, Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Bəydili kəndi, Ə.Rəsulov küçəsi, 30 nömrəli evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdə saat 14 radələrində, ibtidai araşdırma orqanı tərəfindən şəxsiyyəti müəyyən edilmiş şəxsdən, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq - 1,686 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 17:35 radələrində Biləsuvar rayonu, Bəydili kəndində yerləşən R.Mikayılov adına tam orta məktəbin yaxınlığında piyada hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman həmin psixotrop maddə metamfetamin bir ədəd şəffaf rəngli sellofan bükümdə olmaqla əynindəki gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, Biləsuvar rayonu, Bəydili kəndində yaşayır və rəsmi olaraq heç yerdə işləmir. 23 yanvar 2023-cü il tarixdə, o, Biləsuvar rayonu, Bəydili kəndində yerləşən tam orta məktəbin yaxınlığında dostu ilə birlikdə piyada hərəkətdə olarkən, 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq onu özlərinin gəldiyi nəqliyyat vasitəsinə əyləşdirmiş, onu Biləsuvar rayonu ərazisində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Biləsuvar rayon polis şöbəsinə apardlqlarını bildirmişlər. O, Biləsuvar rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra, otaqların birində, vəkil dəvət edilmədən polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış heç bir əşya aşkar edilməmişdir. Daha sonra həmin polis əməkdaşlarının biri tərəfindən onun üzərinə bir ədəd şəffaf sellofan büküm qoyulmuş və həmin vasitənin güya onun üzərində aşkar edilməsi barədə etirafedici ifadə verməsi ondan tələb olunmuşdur. O, belə ifadə verməkdən imtina etdikdə, polis əməkdaşları ona qarşı zorakılıq etdiyinə görə o, məcbur olub polis əməkdaşlarının təklifi ilə razılaşmışdır. Bundan sonra Biləsuvar rayon polis şöbəsinə vəkil dəvət olunaraq, onu üzərinə şəxsi axtarış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. O, polis əməkdaşları tərəfindən onun cibinə qoyulmuş həmin bükümü təqdim etmədiyinə görə onun üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış keçirildiyi zaman onun əynindəki gödəkçəsinin cibindən içərisində psixotrop maddə metamfetamin olan həmin büküm aşkar edilmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, eyni zamanda onun üzərindən aşkar edilmiş psixotrop maddə qablaşdırılaraq götürülmüşdür. Tərtib olunmuş protokol ona ucadan oxunmuş, protokol və üzərindən götürülmüş əşyaların qablaşdırıldığı zərfin üzəri o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. O, 2 gün ərzində Bİləsuvar rayon polis şöbəsinin təcridxanasnda saxlanılmış və 2 gündən sonra Biləsuvar rayon prokurorunun şəxsi qəbuluna aparılmışdır. O, polis əməkdaşları tərəfindən ona qarşı edilmiş qanunsuzluqlar barədə rayon prokuroruna heç bir söz deməmiş, vəkilinə isə qeyd edilənlər barədə yalnız ibtidai araşdırmanın sonunda, cinayət işinin məhkəməyə göndərilməsi üçün o, iş materialları ilə tanış edildikdə, məlumat vermişdir. O, məhz polis işçilərinin ona göstərdikləri təzyiq səbəbindən, üzərində aşkar edilmiş psixotrop maddəni həmyerlisi və orta məktəbdə sinif yoldaşı olmuş Fəlatundan alması barədə ifadə vermiş, həmçinin eyni səbəbdən bu xüsusatı Fəlatunla üzləşdirilərkən də təsdiq etmişdir. Sonda, Təqsirləndirilən şəxs ona elan olunmuş hazırkı ittihamda özünü təqsirli bilmədiyini bildirsə də, bir neçə dəfə psixatrop maddə metamfetamindən xırda miqdarda istifadə etdiyinə görə peşman olduğunu, ilk dəfə cinayət törətməsini və cavan olmasını bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Əvvəllər tanımadığı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 23 yanvar 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında onun tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, həmin gün saat 17:30 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs Biləsuvar rayonu, Bəydili kəndi, M.Hüseyn küçəsində piyada hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Bundan, təxminən, 5 dəqiqə sonra Biləsuvar rayonu, Bəydili kəndində yerləşən R.Mikayılov adına tam orta məktəbin yaxınlığında piyada hərəkətdə olarkən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanaraq, Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında, vəkilin iştirakı ilə, videoçəkilişlə, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olubolmaması soruşulmuşdur, lakin Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və üzərində içərisində psixatrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Həmin bükülünün içərisinə baxılarkən, orada rəngindən və digər əlamətlərindən psixatrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və həmin protokol o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 1,85 qram olmuş və sonuncudan götürülmüş psixotrop maddə metamfetaminə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Sonda baxış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol baxış iştirakçıları tərəfindən imzalanmışdır. Şahid1 həmçinin məhkəmədə bildirdi ki, onun tərəfindən və ya onun iştirakı ilə digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsindən əvvəl həmin şəxsə qarşı hər hansı qanunsuzluğa yol verilməmiş, şəxsi axtarış yalnız bir dəfə və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun keçirilmişdir. İş üzrə şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşı Şahid2 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 23 yanvar 2023-cü il tarixdə saat 17:35 radələrində Biləsuvar rayonu, Bəydili kəndində yerləşən R.Mikayılov adına tam orta məktəbin yaxınlığında piyada hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar rayon polis şöbəsinə gətirildiyini və üzərinə şəxsi axtarış keçirilən zaman həmin -1,686 qram çəkidə psixotrop maddə metamfetaminin bir ədəd şəffaf rəngli sellofan bükümdə olmaqla əynindəki gödəkçənin sol yan cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdi. Şahid2 həmçinin məhkəmədə bildirdi ki, onun tərəfindən və ya onun iştirakı ilə digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsindən əvvəl həmin şəxsə qarşı hər hansı qanunsuzluğa yol verilməmiş, şəxsi axtarış yalnız bir dəfə və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun keçirilmişdir. İş materiallarında olan şəxsi axtarış və maddi sübutun götürülməsi barədə 23 yanvar 2023-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində döviyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik vasitə ve ya psixotrop maddə vardırsa, könüllü təqdim etmək təklif olunmuş, lakin sonuncu üzərində qanunla qadağan edilmiş heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun əynindəki gödəkçənin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan büküm aşkar edilmişdir. Daha sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə bükümün çəkisinin 1,85 qram olması məlum olmuşdur. Həmin psixotrop maddə metamfetaminə bənzər maddə olan büküm zərfə qoyulub qablaşdırılaraq 61 nömrəli möhürü ilə möhürlənmişdir. İşdə olan məhkəmə-fiziki-kimyəvi ekspertizasının 24 yanvar 2023-cü il tarixli, 19/101 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddə...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi -1,686 qram olan ağ rəngli, kristal şəkilli maddə psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi -1,686 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 1,636 qram qalmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 25 yanvar 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrlə Bəşirli Fəlatun Əfqan oğlunun ibtidai istintaq zamanı vermiş olduğu ifadələr arasında ziddiyyətlər olduğu üçün onlar arasında üzləşdirmə keçirilmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs F.Ə.Bəşirliyə 2022-ci ilin yay aylarında ilk dəfə ona patı deyilən psixatrop maddə metamfetamindən istifadə etməyi təklif etdiyini və həmin maddəni qəbul etməyin qaydasını ona öyrətdiyini bildirmişdir. Bundan əlavə o, F.Ə.Bəşirlidən bir neçə dəfə istifadə etmək üçün metamfetamin aldığını, o cümlədən sonuncu dəfə 23 yanvar 2023-cü il tarixdə saat 14 radələrində Biləsuvar şəhəri, M.İbrahimov keçəsində yerləşən mərkəzi bazarın yaxınlığında sonuncu ilə görüşdüyü zaman 10 manat dəyərində psixatrop maddə metamfetamin aldığını bildirmişdir. İş materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 09 fevral 2023-cü il tarixli, 161 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən fiziki və ya psixi zora məruz qalması və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsindən əvvəl həmin şəxsə qarşı qanunsuzluğa yol verilməsi barədə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ilkin ifadəsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunduğuna görə özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onun külli miqdarına görə siyahılarının» İİ siyahısının 67-ci bəndinin tələbinə görə metamfetaminin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Başqa bir cinayətin açılmasına, onun iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 23 yanvar 2023-cü il tarixdə saat 17:35-də şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 25 yanvar 2023-cü il tarixdə saat 15:10-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 73.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 09 fevral 2023-cü il tarixli, 161 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 1,636 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdən dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 1,636 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar