Məhkəmə qərarları › İş №1(022)-76/2025

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-76/2025

10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-76/2025 10.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X5 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxx 1963-cü il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 uşağı olan, fərdi əməklə məşğul olan, Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(091)-3/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 7(052)- 395/2023 saylı qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Ağdam şəhəri, Z.Hacıyev küçəsində yerləşən 46 nömrəli evdə qeydiyyatda olan, Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən 10 nömrəli evin 36 nömrəli mənzilində yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, - 9,888 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, 24 fevral 2025-ci il tarixdə, saat 01:44-də Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən hissəsində “Mercedes Benz” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, həmin yerdə üzərinə yoxlama keçirilərkən həmin narkotik vasitə qurudulmuş marixuana bir ədəd sellofan kəsiyi bükümündə olmaqla, əynindəki qara rəngli gödəkçənin cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Ağdam şəhəri, Z.Hacıyev küçəsində yerləşən 46 nömrəli evdə qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən məcburi köçkünlər üçün inşa edilmiş 10 nömrəli binanın 36 nömrəli mənzilində yaşayır. O, uzun müddət ki, narkotik vasitə istifadəçisi olsa da, artıq xeyli vaxtdır ki, narkotik vasitə istehlak etmir. O, 18 fevral 2025-ci il tarixdə, gündüz saatlarında Mingəçevir şəhərində, “QRES” adlanan ərazidə piyada hərəkətdə olduğu vaxt yerdən ağ rəngli sellofan kəsiyi bükümü tapmış və həmin bükülünü açdığı zaman içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. O, həmin narkotik vasitə qurudulmuş marixuananı sonradan istehlak etmək məqsədi ilə əynindəki gödəkçənin sol yan cibində gizlətmişdir. O, həmin narkotik vasitədən istifadə etməmişdir. Bundan bir neçə gün sonra, onunla eyni cəzaçəkmə müəsisəsində cəza çəkən dostunun atası vəfat etdiyinə görə o, yas mərasimində iştirak etmək məqsədi ilə Salyan rayonu, Xələc qəsəbəsinə getmək qərarına gəlmişdir. O, 23 fevral 2025-ci il tarixdə Mingəçevir şəhərində taksi fəaliyyəti ilə məşğul olan X1 ilə taksi dayanacağında görüşmüş və həmin şəxsin 150 manat müqabilində onu Salyan rayonuna aparması barədə razılaşmışdır. Bundan sonra o, L.N.Səfərovun idarə etdiyi “Mercedes Benz” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Mingəçevir şəhərindən daha qısa marşrut hesab etdikləri Bəhramtəpə - Biləsuvar yolu ilə Salyan rayonu Xələc qəsəbəsi istiqamətində yola düşmüşlər. Hava şəraiti ilə əlaqədar yol qarlı və buzlu olduğuna görə onlar yolda ləngiyəcəklərini güman etdiklərinə görə yola tez çıxmışlar ki, səhər saatlarında Salyan rayonuna çatsınlar. Onlar Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazsindən keçən hissəsində hərəkətdə olarkən, yol-patrul xidmətinin əməkdaşları avtomobilə “saxla” işarəsi vermiş və buna görə də L.N.Səfərov nəqliyyat vasitəsini yolun kənarında saxlamışdır. Bundan sonra polis əməkdaşları, videoçəkiliş aparmaqla, onlara yaxınlaşmışlar və həmin yerdə onların üzərlərini yoxlamağa başlamışlar. Yoxlama aparılmazdan əvvəl ona paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitə və ya psixotrop maddə varsa, verməsi təklif edilmişdir. O, əynində olan gödəkçənin sağ yan cibində gizlətdiyi bükülünü polis əməkdaşlarına təqdim edərək, həmin bükümün ona məxsus olduğunu, 18 fevral 2025-ci il tarixdə Mingəçevir şəhərində, “QRES” adlanan ərazidə piyada hərəkətdə olduğu vaxt yerdən tapdığını və sonradan istehlak etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üzərində şəxsi yoxlama keçirilmiş və üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmet aşkar olunmamışdır. Daha sonra isə avtomobilin sürücüsü L.N.Səfərovun üzərinə şəxsi axtarış və həmin şəxsin idarə etdiyi “Mercedes Benz” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin sürücünün üzərindən və ya nəqliyyat vasitəsindən qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Onun üzərində aşkar edilmiş büküm açılıb baxıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən edilmiş və bükülü polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Həmçinin o bildirdi ki, sürücü L.N.Səfərovun onun üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır. Onun həmin narkotik vasitə qurudulmuş marixuananı satmq niyyəti olmamışdır. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və himayəsində 1 uşağı olduğunu bildirərək, yaşını və xəstəliyini nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Əvvəllər tanımadığı Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxsun narkotik vasitələrin qanunsuz əldə etməsi, saxlaması, istifadəsi və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 23 fevral 2025-ci il tarixdə onun tərəfindən həmin şəxsin cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, 24 fevral 2025-ci il tarixdə, saat 01:44-də Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan “Mercedes Benz” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobil dəqiqədə Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndindən keçən hissəsində “Turist 5” kafesinin yaxınlığında əməliyyat qurupunun üzvləri tərəfindən saxlanılmışdır. Həmin andan videoçəkiliş aparılmaqla, onlar “Mercedes Benz” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yaxınlaşmış və Təqsirləndirilən şəxs və sürücü L.N.Səfərova özlərini təqdim edərək, gəlişlərinin səbəbini bildirmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçi ilə təmin olmaq hüququ izah olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla, şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd sellofan kəsiyi bükümünü çıxarıb təqdim etmiş və həmin bükümün ona məxsus olduğunu, 18 fevral 2025-ci il tarixdə Mingəçevir şəhərində, “Qres” adlanan ərazidə piyada hərəkətdə olduğu vaxt yerdən tapdığını və sonradan istehlak etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Həmin bükülünün içərisinə baxılarkən, orada rəngindən və digər əlamətlərindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və həmin şəxsin üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Bundan sonra isə avtomobilin sürücüsü L.N.Səfərovun üzərinə şəxsi axtarış və həmin şəxsin idarə etdiyi “Mercedes Benz” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin sürücünün üzərindən və ya nəqliyyat vasitəsindən qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 11,78 qram olmuş və həmin şəxsdən götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Biləsuvar rayon polis şöbəsinə Səmədabad polis bölməsinə gətirilmişdir. Sonda baxış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol baxış iştirakçıları tərəfindən imzalanmışdır. İş üzrə şahid kimi dindirilmiş Biləsuvar rayon polis şöbəsinin dövlət yol polis bölməsinin əməkdaşları Şahid4 və Şahid2 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, - 9,888 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşıdığını, 24 fevral 2025-ci il tarixdə, saat 01:44-də Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyataxtarış tədbirləri nəticəsində Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən hissəsində yerləşən “Turist 5” kafesinin yaxınlığında “Mercedes Benz” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, həmin yerdə üzərinə yoxlama keçirilərkən həmin narkotik vasitə qurudulmuş marixuananın bir ədəd sellofan kəsiyi bükümündə olmaqla, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdilər. İş materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair 24 fevral 2025-ci il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, əməliyyatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməsində, saxlamasında və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 24 fevral 2025-ci il tarixdə, saat 01:44-də Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndindən keçən hissəsində, “Turist 5” kafesinin yaxınlığında “Mercedes Benz” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman saxlanılmış, ona hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin vaxt əməliyyat-axtarış tədbirində Biləsuvar rayon polis şöbəsinin əməkdaşları Şahid1, X4, Şahid2 və X2 iştirak etmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əyinində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş bükülü təqdim edərək üzərində başqa qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olmadığını bildirmişdir. Bundan sonra həmin şəxsin üstü yoxlanılmış, yoxlama zamanı onun üzərindən əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmiş və elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisi 11,78 qram olmuşdur. Daha sonra həmin kütlə qablaşdırılmış, saxlanılan şəxs və iştirakçılar tərəfimdən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, bildirmişdir ki, həmin bir ədəd bükülünün içində marixuana vardır, ona məxsusdur, onu 18 fevral 2025-ci il tarixdə Mingəçevir şəhəri ərazisində “Qres” adlanan yerdə piyada hərəkətdə olarkən yerdən tapmış, şəxsi istifadəsi üçün üzərində saxlamış və həmin marixuanadan istifadə etməmişdir. Yoxlama zamanı “Samsung A 32” markalı videokamera vasitəsi ilə çəkilmiş videogörüntüyə baxış keçirilmiş və istintaq materiallarına əlavə edilmişdir. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının 24 fevral 2025-ci il tarixli, 19/76 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxsdan aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi - 9,888 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi - 9,888 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 9,838 qram qalmışdır. İş materiallarına əlavə edilmiş ambulator narkoloji tibbi yoxlamanın 03 aprel 2025-ci il tarixli, 178 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitə istifadə halları istisna olunmur. Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nın İ siyahısının 109.1-ci bəndinənin tələbinə görə qurudulmuş marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə məhkumluğunun olmasını və əvvəllər narkotik vasitələrin və psixotrop maddlələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər törətdiyinə görə dəfələrlə məhkum edildiyini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, yaşını və himayəsində 1 uşağının olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hallar hesab edir. Cinayətin resdivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Belə ki, iş materiallarından görünür ki, N.İ.X8 Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(091)-3/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 7(052)- 395/2023 saylı qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəza müddətinin sonu ilə əlaqədar 25 noyabr 2023-cü il tarixdə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edimiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 56.1 və 56.1.3-cü maddələrinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cinayət işinin hallarini, əməlin ictimai təhlükəliliyini və cinayətin törədilmə üsulunu nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin oluna bilər və buna görə də təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində, həmin Məcəllənin 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 24 fevral 2025-ci il tarixdə, saat 01:44-də şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 25 fevral 2025-ci il tarixdə, saat 16:10-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 03 aprel 2025-ci il tarixli, 178 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 9,838 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 2 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 10 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 9,838 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar