Məhkəmə qərarları › İş №1(022)-78/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-78/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-78/2023 13.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun müdiri Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 uşağı olan, fərdi əməklə məşğul olan, Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 1(060)-145/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə, həmin Məcəllənin 67.1 və 68.1.1-1-ci maddələri tətbiq edilməklə, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 oktyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 62 nömrəli evdə qeydiyyatda olan və həmin ünvanda yaşayayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq -0,505 qram çəkidə narkotik vasitə olan heroini əldə edib, üzərində saxlayaraq daşımış, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə daxil olmuş məlumat əsasında 07 yanvar 2023-cü il tarixdə saat 14:00 radələrində Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən yaşadığı 62 nömrəli evin yaxınlığında piyada hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə heroin bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olmaqla əynindəki şalvarın sağ yan, kiçik cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq -1,412 qram çəkidə narkotik vasitə olan heroini əldə edib, üzərində saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında 21 yanvar 2023-cü il tarixdə saat 21:15 radələrində Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Şahid4 idarə etdiyi «Mercedes E220»markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən “Cənnət bağı” restoranının yaxılığında hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə heroin bir ədəd sellofan bükümdə olmaqla əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 62 nömrəli evdə yaşayır, iki uşağı var və usta kimi fəaliyyət göstərir. O, uzun müddətdir ki, hərdənbir narkotik vasitə olan heroin istehlak edir. 06 yanvar 2023-cü il tarixdə o, Bakı şəhəri, “İnşaatçılar” metrosunun yaxınlığında tanımadığı bir şəxsdən şəxsi istehlak məqsədi ilə 10 manat qarşılığında gümüşü rəngli siqaret kağızı bükümündə olmaqla narkotik vasitə heroin almış və həmin bükülünü öz üzərində sonradan istehlak etmək məqsədilə saxlamışdır. 07 yanvar 2023-cü il tarixdə saat 14 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən yaşadığı 62 nömrəli evin yaxınlığında piyada hərəkətdə olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onu Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə dəvət etmişlər. Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin inzibati binasında video çəkiliş aparılmaqla, vəkilin iştirakı ilə, onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmamasını soruşulmuşdur. O isə üzərində daşıdığı heroinin aşkar edilərək, götürüləcəyini bildiyi üçün əynində olan şalvarın sağ yan cibində saxladığı heroini polis əməkdaşlarına təqdim etmiş və həmin gümüşü rəngli siqaret kağızı bükümündə olan narkotik vasitə heroini 06 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “İnşaatçılar” metrosunun yaxınlığında tanımadığı bir şəxsdən şəxsi istehlak məqsədi ilə 10 manat qarşılığında aldığını bildirmişdir. Bundan sonra onun üzərinə baxış keçirilmiş, lakin dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, eyni zamanda üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Tərtib olunmuş protokol ona ucadan oxunmuş, protokol və üzərindən götürülmüş əşyaların qablaşdırıldığı zərfin üzəri o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. O, 09 yanvar 2023-cü il tarixdə Sumqayıt şəhər polis idarəsinin müvəqqəti saxlama yerindən azad olunmuş və onun barəsində polisin nəzarəti altına vermə nüvündə qətimkan tədbiri seçilmişdir. Daha sonra o, barəsində cinayət işininin icraatı davam etdiyi müddətdə normal həyatına davam etmiş və usta kimi çalışaraq, ailəsini dolandırmışdır. Lakin 20 yanvar 2023-cü il tarixdə günorta saatlarında təmir işləri apardığı evdən çıxdıqdan sonra dəniz kənarına getmiş və orada yerdən şəffaf rəngli sellofan büküm tapmışdır. Həmin bükülünü açıb baxdığı zaman içərisində narkotik vasitə heroin olduğunu görmüş, həmin narkotik vasitə heroinin bir qismini istehlak etmiş və qalan hissəsini sonradan bədənində ağrılar olduğu zaman istifadə etmək məqsədilə üzərində gizlətmişdir. 21 yanvar 2023-cü il tarixdə səhər saatlarında “İnstagram” sosial şəbəkəsində Cəlilabad rayonundan olan bir şəxsin Sumqayıt şəhərində yerləşən torpaq sahəsini satması ilə bağlı elan görmüş və həmin torpaq sahəsini almaq məqsədilə sonuncuya zəng vuraraq, həmin şəxsi torpağın alqı-satqı şərtlərini müəyyən etmək və torpaq sənədlərini almaq üçün Biləsuvar rayonuna dəvət etmişdir. Həmin gün günorta saatlarında o, Biləsuvar rayonuna gəlib-qayıtmaq üçün tanışı taksi sürücüsü Şahid4 zəng vuraraq, sonuncudan Biləsuvar rayonuna onu aparıbgətirməsi üçün nə qədər pul alacağını soruşmuş və onlar 80 manat məbləğində gedişgəliş haqqında razılaşmışlar. Telefonla danışandan sonra o, tanışı Gəncə şəhər sakini Əhmədov Rasim Vaqif oğlunu görmüş və sonuncunun Bakı şəhərinə səhhəti ilə bağlı müayinə üçün həkimə gəldiyini və hal-hazırda da Gəncə şəhərinə qayıtmaq istədiyini öyrənmişdir. Bununla əlaqədar, o, R.V.Əhmədova torpaq sənədi ilə bağlı Biləsuvar rayonuna getdiyini bildirərək, onunla Biləsuvar rayonuna getməsini sonuncudan xahiş etmiş və onu Biləsuvar rayon avtovağzalından Gəncə şəhərinə yola salacağını vəd etmişdir. R.V.Əhmədov onun təklifi ilə razılaşmış və onlar birlikdə 21 yanvar 2023-cü il tarixdə saat 19 radələrində Şahid4 idarə etdiyi «Mercedes E220» markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu istiqamətində yola düşmüşlər. Nə Şahid4, nə də R.V.Əhmədovun onun üzərində gizlətdiyi içərisində narkotik vasitə olan heroin olan bükümdən xəbəri olmuşdur. Onlarsaat 21 radələrində Biləsuvar rayonuna çatmışlar və Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində yerləşən «Cənnət bağı» restoranın yaxınlığında hərəkətdə olduqları zaman yol post-patrul xidmətinin əməkdaşları maşına saxla işarəsi verdiklərinə görə sürücü Şahid4 maşını yolun kənarında saxlamışdır. Bundan sonra polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş və gəlişlərinin səbəbini izah etdikdən sonra onları Biləsuvar rayon polis şöbəsinə dəvət etmişlər. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında video çəkiliş aparılmaqla, vəkilin iştirakı ilə, onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin olub-olmamasını soruşulmuşdur. O isə üzərində daşıdığı heroinin aşkar edilərək, götürüləcəyini bildiyi üçün əynində olan şalvarın sağ yan cibində saxladığı şəffaf rəngli sellofan bükümü polis əməkdaşlarına təqdim etmiş, bükülünün içərisində narkotik vasitə heroin olduğunu və həmin bükümü 20 yanvar 2023-cü il tarixdə Sumqayıt şəhəri Corat qəsəbəsində dəniz kənarı ilə gəzdiyi zaman yerdən tapdığını bildirmişdir. Bundan sonra onun üzərinə baxış keçirilmiş, lakin dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Bunun ardınca Şahid4 idarə etdiyi «Mercedes E220» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə şöbənin inzibati binasının həyətində onun iştirakı ilə, videoçəkiliş aparılmaqla baxış keçirilmiş və maşından dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya aşkar edilməmişdir. Şəxsi axtarış və baxış keçirilməsi ilə əlaqədar protokollar tərtib edilmiş, eyni zamanda üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və himayəsində 2 uşağı olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Əvvəllər tanımadığı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 07 yanvar 2023-cü il tarixdə Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün saat 14:00 radələrində keçirilmiş əməliyyat tədbiri ilə Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürülərək, Sumqayıt şəhəri, Corat qəsəbəsində yefləşən 62 nömrəli evinin qarşısında hərəkətdə olan zaman saxlanılmış və Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə dəvət edilmişdir. Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin inzibati binasında vəkilin iştirakı ilə, videoçəkilişlə, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdılmış əşyalar, həmçinin narkotik vasitələr və psixotrop maddələr varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxararaq, onlara təqdim etmiş və həmin bükülüdə heroin olduğunu bildirmişdir. Həmin bükülünün içərisinə baxılarkən orada həqiqətən də rəngindən və digər əlamətlərindən narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 06 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən «İnşaatçılar» metrosunun yanında tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroinə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, daha sonra həmin narkotik vasitə heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 0,624 qram çəkidə olması məlum olmuş və Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Sonda baxış keçirilməsinə dair protokol tərtib olunaraq iştirakçılara oxunmuş, protokol baxış iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmədə şahid kimi dindirlimiş Rəhimov Nihad Vaqif oğlu məhkəmədə Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq -0,505 qram çəkidə narkotik vasitə olan heroini əldə edib, üzərində saxlayaraq daşıdığını, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə daxil olmuş məlumat əsasında 07 yanvar 2023-cü il tarixdə saat 14:00 radələrində Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən yaşadığı 62 nömrəli evin yaxınlığında piyada hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə gətirildiyini və üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə heroin bir ədəd gümüşü rəngli siqaret kağızı bükümdə olmaqla əynindəki şalvarın sağ yan, kiçik cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi vəzifəsində işləyir. Əvvəllər tanımadığı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Biləsuvar rayon polis şöbəsinə məlumat daxil olmuş və onun tərəfindən həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlini ifşa edilməsi üçün 21 yanvar 2023cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. 21 yanvar 2023-cü il tarixdə saat 21:05 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan «Mercedes E220» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar şəhəri, H.Əliyev küçəsində hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürümüşdür. Bundan, təxminən, 10 dəqiqə sonra həmin nəqliyyat vasitəsi Biləsuvar rayonu, Xırmandalı kəndi ərazində yerləşən «Cənnət bağı» restoranın yaxınlığında hərəkətdə olan zaman yol post-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs və avtomobildə olan digər şəxslər Biləsuvar rayon polis şöbəsinə dəvət edilmişlər. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla, əvvəlcə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdılmış əşyalar, həmçinin narkotik vasitələr və psixotrop maddələr varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli bükülü çıxararaq, onlara təqdim etmiş, həmin bükümdə heroin olduğunu, həmin narkotik vasitəni 20 yanvar 2023-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində dənizin kənarından tapdığını və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Həmin bükülünün içərisinə baxılarkən, orada, həqiqətən də, rəngindən və digər əlamətlərindən narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin sonuncunun üzərindən dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdılmış başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroinə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmiş, baxış iştirakçıları tərəfindən imzalanmışdır. Bundan sonra ardıcıllıqla Şahid4, R.V.Əhmədovun üzərinə vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla, şəxsi axtarış və «Mercedes E220» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin Şahid4 və R.V.Əhmədovun üzərində, habelə həmin nəqliyyat vasitəsində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdılmış əşya aşkar edilməmişdir. Sonda baxış keçirilməsinə dair protokollar tərtib olunaraq iştirakçılara oxunmuş, həmin protokollar baxış iştirakçıları tərəfindən imzalanmışdır. İş üzrə şahid kimi dindirilmiş Şahid2 və Şahid3 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq -1,412 qram çəkidə narkotik vasitə olan heroini əldə edib, üzərində saxlayaraq daşıdığını, Biləsuvar rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında 21 yanvar 2023-cü il tarixdə saat 21:15 radələrində Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyataxtarış tədbirləri nəticəsində Şahid4 idarə etdiyi «Mercedes E220»markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən “Cənnət bağı” restoranının yaxılığında hərəkətdə olduğu zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirildiyini və üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə heroin bir ədəd sellofan bükümdə olmaqla əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdilər. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə 07 yanvar 2023-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində döviyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik maddə vardırsa, könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim edərək bildirmişdir ki, bükülünün içərisində narkotik vasitə heroindir və həmin vasitəni 06 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “İnşaatçılar” metrosunun yaxınlığında tanımadığı bir şəxsdən şəxsi istehlak məqsədi ilə 10 manat qarşılığında almışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü açılaraq, ona baxış keçirilmiş və həmin bükülünün içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması məlum olmuşdur. Həmin bükülü elektron tərəziyə qoyularaq çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisinin 0,624 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitə heroinə bənzər maddə olan büküm zərfə qoyulub qablaşdırılaraq 61 nömrəli möhürü ilə möhürlənmişdir. Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə barədə 21 yanvar 2023-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində döviyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik maddə vardırsa, könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 1 ədəd bükülünü çıxarıb təqdim edərək bildirmişdir ki, bükülünün içərisində narkotik vasitə heroindir və həmin vasitəni 20 yanvar 2023-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində dəniz kənarında gəzərkən yerdən tapmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü açılaraq, ona baxış keçirilmiş və həmin bükülünün içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması məlum olmuşdur. Həmin bükülü elektron tərəziyə qoyularaq çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisinin 1,58 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitə heroinə bənzər maddə olan büküm zərfə qoyulub qablaşdırılaraq 61 nömrəli möhürü ilə möhürlənmişdir. İşdə olan məhkəmə-fiziki-kimyəvi ekspertizasının 08 yanvar 2023-cü il tarixli, 6/85 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «... Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş heroinə bənzər maddə» sözləri və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi – 0,505 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,505 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,455 qram qalmışdır. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının 22 yanvar 2023-cü il tarixli, 19/95 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «... Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş heroinə bənzər maddə» sözləri və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi – 1,412 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 1,412 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 1,362 qram qalmışdır. İş materiallarında olan ambulator məcburi narkoloji tibbi yoxlamanın 26 yanvar 2023-cü il tarixli, 92 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının» 1 siyahısının 5-ci bəndinə görə heroinin şəxsi istehlak miqdarı daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində 2 uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. Cinayətin resdivi və cinayətin təkrar törədilməsi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallardır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 1(060)-145/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə, həmin Məcəllənin 67.1 və 68.1.1-1-ci maddələri tətbiq edilməklə, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 28 yanvar 2022-ci il tarixdə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-256/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətlə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Mili Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 01 il 05 ay 10 gün azadlıqdan məhrumetmə cəzası 06 ay azadılmış və 15 oktyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanin müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edimiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.3-cü maddələrinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə cinayət işinin hallarini, əməlin ictimai təhlükəliliyini və cinayətin törədilmə üsulunu nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin oluna bilər və buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədd daxilində, həmin Məcəllənin 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 07 yanvar 2023-cü il tarixdə, saat 14:00-da tutma tətibiq olunmuş və Təqsirləndirilən şəxs 09 yanvar 2023-cü il tarixdə, saat 14:00-da Sumqayıt şəhər polis idarəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 21 yanvar 2023-cü il tarixdə, saat 21:15-də tutma tətibiq olunmuş və Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdə, saat 16:50-də Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 4 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət işinə məhkəmədə baxıldığı dövrdə məhkəmədən qaçıb gizləndiyinə görə Biləsuvar rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə, polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş və Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzasının əvvəli 10 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 26 yanvar 2023-cü il tarixli, 92 saylı rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və Azərbaycan Respublikasının Biləsuvar rayon polis şöbəsində saxlanılan 0,455 qram və 1,362 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə 08 yanvar 2023-cü tarixli ekspertiza xərci qismində 65 manat və 22 yanvar 2023-cü il tarixli ekspertiza xərci qismində 65 manat, cəmi 130 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları və Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməsini nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 4 (dörd) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 10 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri qismində 130 (bir yüz otuz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkiləri 0,455 qram və 1,362 qram olan narkotik vasitə heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar