Məhkəmə qərarları › İş №1(022)-8/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-8/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-8/2023 21.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsi, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1997-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, “Vətən Müharibəsi” iştirakçısı, Biləsuvar şəhəri, S.Rufullayev küçəsi, ev 12də qeydiyyatda olan, Biləsuvar şəhəri, Təyyarə meydanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, 01 avqust 2022-cı il tarixdə saat 15 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Uğur» marketin qarşısında, ictimai yerdə, tanışı Zərərçəkmiş şəxs ona arvadı Vəfa Ağayeva ilə mübahisə etməsini irad bildirdiyinə görə əsəbləşərək heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək nalayiq sözlər işlədib səs-küy salıb cəmiyyətə açıqca hörmətsizlik edərək cibində özü ilə gəzdirdiyi istintaqla əldə edilməsi mümkün olmayan bıçaqdan silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs sol bud nahiyəsinə vuraraq ona sol budun arxa səthində kəsilmiş yara ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə zor tətbiq edib, 5-10 dəqiqə ərzində ətrafda olan vətəndaşların narahatçılığına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməkdə özünü qismən təqsirli bilərək göstərdi ki, o, Biləsuvar şəhəri, Təyyarə meydanı yaşayış massivində yaşayır. O, Vətən Müharibəsində iştirak edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində göstərdiyi şücaətlərə görə bir neçə medalla təltif olunmuşdur. Müharibə zamanı aldığı xəsarətlərə görə o, mütəmadi olaraq psixi müalicə alır və ağır nevropatik dərmanlar qəbul edir. Sonuncu dəfə o, 2022-ci ilin dekabr ayından 2023-cü ilin yanvar ayının sonlarınadək Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstəxanasında stasionat müalicədə olmuşdur. O, Zərərçəkmiş şəxs həmyerlisi kimi tanısa da, əvvəllər aralarında hər hansı münasibət və ədavət olmamışdır. O, Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşayan Ağayeva Vəfa Qubadxan qızı ilə faktiki nikah münasibətlərində olduğunu bilsə də, sonuncunun yüngül həyat tərzi keçirdiyini güman etmişdir. Bu zəmində 31 iyul 2022-ci il tarixdə onunla həmin qadın arasında küçədə mübahisə baş vermiş, mübahisə zamanı həmin qadın onu söymüşdür. Buna görə də o, həmin gün, hava qaraldıqdan sonra, Zərərçəkmiş şəxs V.Q.Ağayevanın evinə gəldiyini bildikdən sonra həmin ünvana gedərək, Zərərçəkmiş şəxs küçəyə çağırtdırmış və V.Q.Ağayevanın ictimai əxlaqa zidd olan davranışlarına son qoymasını Zərərçəkmiş şəxs tələb etmişdir. Həmin vaxt onunla Zərərçəkmiş şəxs arasında qısa mübahisə baş versə də, heç bir dava-dalaş olmamış və o, yaşadığı evə qayıtmışdır. 01 avqust 2022-ci il tarixdə, saat 15 radələrində, o, atası Tehran Abdalovla birlikdə, sonuncunun idarə etdiyi motosikletlə “Uğur market” ticarət mərkəzindən bazarlıq etmək məqsədilə Biləsuvar şəhəri, H.Əliyev küçəsinə gəlmşlər. Atasının idarə etdiyi motisklet “Uğur market” ticarət mərkəzinin qarşısında, yolun əks tərəfində, dayandıqdan dərhal sonra o, motosikletdən enmiş və “Uğur market” ticarət mərkəzinə tərəf getmək istəyərkən, Zərərçəkmiş şəxs qəflətən arxa tərəfdən ona yaxınlaşıb arvadı V.Q.Ağayeva ilə mübahisə etməsini ona irad bildirirək və onun cavabını gözləmədən ona təpiklə zərbə endirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs qorxutmaq üçün cibində saxladığı kiçik cib bıçağını çıxarmışdır. Zərəçəkmiş şəxs həmin bıçağı görərək, ondan uzaqlaşmışdır. O, mübahisənin bitdiyini düşünərək, “Uğur market” ticarət mərkəzinə getmək məqsədilə yolun əks tərəfinə doğru addımlamağa başlamış və “Uğur market” ticarət mərkəzinin bilavasitə qarşısına çatdığı zaman, Zərərçəkmiş şəxs yenidən onun arxasınca gələrək, əlindəki tilovla onun başından bir dəfə vurmuş və həmin zərbədən sonra o, başından xəsarət almışdır. Daha sonra Zərərçəkmiş şəxs bir-iki dəfə təpiklə də onun ayaqlarına zərbələr endirmişdir. Buna görə də o, öz əsəblərinə hakim ola bilməyərək, Zərərçəkmiş şəxs qarşılıq vermək məqsədilə, təkrarən cib bıçağını çıxararaq, həmin şəxsin üzərinə getmişdir. O, Zərərçəkmiş şəxs bud nahiyəsindən hansı şəraitdə zərbə endirdiyini xatırlamır. Bundan sonra atası Tehran və hadisə yerində olan şəxslər davaya müdaxilə edib onları sakitləşdirmiş və aralamışlar. Sonradan o, Zərərçəkmiş şəxsn onun barəsində polisə şikayət etməsindən xəbər tutduqdan sonra o da həmin şəxs barədə Biləsuvar rayon polis şöbəsinə şikayət etmişdir. Zərərçəkmiş şəxsla onun arasında olan dava-dalaş Biləsuvar şəhəri. H.Əliyev küçəsində, “Uğur market” ticarət mərkəzinin qarşısında, yolun hərəkət hissəsində baş vermiş, təxminən 5-10 dəqiqə davam etmişdir. Onun Zərərçəkmiş şəxs bud nahiyəsindən vuraraq xəsarət yetirdiyi bıçaq açılıb-bağlanan sadə cib bıçağı olmuş və o, həmin bıçağı təxminən iki ay öncə yaşadığı evə gedərkən küçədən tapmışdır. O, həmin bıçağı meyvə-tərəvəz yeyərkən istifadə etmək üçün üzərində gəzdirmiş və hadisədən sonra “Uğur market” ticarət mərkəzinin yaxınlığındakı «Balharı» çayına tullamışdır. Sonradan Zərərçəkmiş şəxsla barışmış və həmin şəxsə vurulmuş maddi zərəri könüllü olaraq ödəmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsi ilə düzgün tövsif olunmamışdır və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsi ilə deyil, 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, aşağıda göstərilən sübutlarla təsdiq edilir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmədə göstərdi ki, Biləsuvar şəhəri, H.Əliyev prospekti, ev 18, mənzil 2-də qeydiyyatda olsa da, hazırda faktiki nikah münasibətlərində olduğu Ağayeva Vəfa Qubadxan qızı və həmin şəxslə birgə nikahından doğulmuş 2 övladı ilə birlikdə, Biləsuvar şəhəri Təyyarə meydanı yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayır. Belə ki, o, başqa qadınla rəsmi nikahda olsa da, həmin qadınla birgə nikahından övladları olmadığına görə Ağayeva Vəfa Qubadxan qızı ilə faktiki nikaha daxil olmuşdur. Onun V.Q.Ağayeva ilə birgə nikahdan 2 uşağı doğulmuşdur. O, özünə məxsus «Qazel» markalı **-OC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Biləsuvar şəhəri, H.Əliyev küçəsində, “Uğur market” ticarət mərkəzinin qarşısında, yolun hərəkət hissəsinin kənarında, meyvə-tərəvəz ticarəti ilə məşğul olur. Təqsirləndirilən şəxs o, həmyerlisi kimi tanımış və aralarında əvvəllər hər hansı münasibət olmamışdır. 31 iyul 2022-ci il tarixdə, axşam vaxtı, saat 20 radələrində, Təqsirləndirilən şəxs onun V.Q.Ağayeva ilə birlikdə yaşadığı evə gələrək, onu küçəyə çağırmışdır. O, həmin evin həyət darvazasının qarşısına çıxıb onu çağırmasının səbəbini Təqsirləndirilən şəxs şəxsdən soruşduqda, təqsirləndirilən şəxs yaşadıqları evin qarşısında güya hər gün fərqli avtomaşınlar dayandığını, arvadı V.Q.Ağayevanın davranışını irad kimi ona bildirərək, bu məsələyə son qoyulmasını ondan tələb etmişdir. Bu zəmində onunla Təqsirləndirilən şəxs arasında qısa sözlü mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs cibindən bir bıçaq çıxararaq, onu təhdid və təhqir etsə də, o, həmin şəxsin hədələrinə və söyüşlərinə əhəmiyyət verməyərək, həyət qapısını bağlayıb yaşadığı evə qayıtmışdır. Bundan sonra arvadı V.Q.Ağayeva, həmin hadisədən bir neçə saat əvvəl Təqsirləndirilən şəxs küçədə onun ünvanına nalayiq ifadələr işlətdiyinə görə onların arasında da mübahisə baş verdiyini, mübahisə zamanı Təqsirləndirilən şəxs əlində olan alışqanı V.Q.Ağayeva tullayıb həmin şəxsə xəsarət yetirdiyini ona xəbər vermiş, ancaq bununla belə Təqsirləndirilən şəxs baş qoşmamasını ondan xahiş etmişdir. Lakin o, Təqsirləndirilən şəxs ona və arvadına qarşı nalayiq hərəkətlərinən bərk qeyzlənmiş və Təqsirləndirilən şəxs ilə bir daha danışmaq və bu mübahisəni sonlandırmaq qərarına gəlmişdir. Növbəti gün, 01 avqust 2022-ci il tarixdə, saat 15 radələrində, o, Biləsuvar şəhəri, H.Əliyev küçəsində, “Uğur market” ticarət mərkəzinin qarşısında meyvə-tərəvəz ticarəti edən zaman, Təqsirləndirilən şəxs atası ilə birlikdə, sonuncunun idarə etdiyi motosikletlə, “Uğur market” ticarət mərkəzinin qarşısına gəldiklərini görmüşdür. O, Təqsirləndirilən şəxs yaxınlaşıb həmin şəxsin onun arvadı V.Q.Ağayeva ilə mübahisə etməsinin səbəblərini soruşmaq istədikdə, təqsirləndirilən şəxs cibindən bir bıçaq çıxardığı üçün o da təpiklə Təqsirləndirilən şəxs vurmuşdur. Bundan sonra o, geri qayıdaraq, özünə məxsus yük avtomaşınında saxladığı, balıq tutmaq üçün bambuk çubuğundan hazırlanmış tilovu götürərək, təkrarən Təqsirləndirilən şəxs yaxınlaşmış və əlindəki tilovla Təqsirləndirilən şəxs başından bir dəfə vurmuşdur. Davadalaş vaxtı o, geri hərəkət etdiyi zaman müvazinətini saxlaya bilməyərək yerə yıxılmış və bu zaman Təqsirləndirilən şəxs əlindəki bıçaqla onun sol budundan bir dəfə vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt yaxınlıqda olan şəxslər dava-dalaşa müdaxilə edərək, onları aralamışlar. Hadisə zamanı o, xəsarət aldığına görə xəstəxanaya getmiş, daha sonra Biləsuvar rayon polis şöbəsinə gedərək ərizə yazıb şikayət etmişdir. Təqsirləndirilən şəxs ilə onun arasında baş vermiş dava-dalaş “Uğur market” ticarət mərkəzinin qarşısında, Biləsuvar şəhəri, H.Əliyev küçəsində baş vermiş və təxminən 5-10 dəqiqə davam etmişdir. Hadisə vaxtı Təqsirləndirilən şəxs vurduğu tilov sındığına görə o, həmin tilovu hadisə yerinin yaxınlığındakı Balharı çayına tullamışdır. Lakin sonradan təqsirləndirilən şəxs ondan üzr istəmiş və ona dəymiş zərəri ödəməklə onunla barışıq əldə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmyerliləri kimi tanıyır və aralarında heç bir ədavəti və şəxsiqərəzçiliyi olmamış, hər ikisi ilə də münasibəti yaxşı olmuşdur. O, uzun müddətdir ki, o, Şahid2 və Zərərçəkmiş şəxs ilə birlikdə, Biləsuvar şəhəri, H.Əliyev küçəsində, “Uğur market” ticarət mərkəzinin qarşısında, yolun əks tərəfində, Zərərçəkmiş şəxs məxsus «Qazel» markalı yük avtomobilində parakəndə meyvə-tərəvəz ticarəti ilə məşğul olur. 01 avqust 2022-ci il tarixdə, günorta vaxtı, Təqsirləndirilən şəxs, atası Tehranın idarə etdiyi motosikletlə, onun ticarətlə məşğul olduğu «Qazel» markalı yük avtomobilinin yaxınlığında dayanmış və Təqsirləndirilən şəxs motosikletdən enərək, “Uğur market” ticarət mərkəzi istiqamətində yolu keçmək istəyərkən, qəflətən Zərərçəkmiş şəxs həmin şəxsə tərəf gedərək, arvadı ilə hansı səbəbdən mübahisə etməsini soruşmuşdur. Bu zaman həmin şəxslərin arasında mübahisə yaranmış, mübahisə vaxtı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ayaqlarına təpik vurmuşdur. Təqsirləndirilən şəxs isə bundan sonra cibindən bıçaq çıxardığı üçün Zərərçəkmiş şəxs özünə məxsus yük avtomobilinə tərəf qaçaraq balıq tutmaq üçün istifadə etdiyi və bambukdan olan tilovu götürmüş və təkrarən Təqsirləndirilən şəxs üzərinə getmiş və əlindəki tilovla Təbrizin başından vurmuş, daha sonra geriyə doğru çəkilərkən yerə yıxılmışdır. Bundan sonra o, hadisə yerində olan digər şəxslərlə bilrikdə dalaşanları sakitləşdirmək üçün davaya müdaxilə edərək, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşdırmışlar. Daha sonra Zərərçəkmiş şəxs ticarət etdikləri avtomaşının yanına gəlib oturduğu zaman o, həmin şəxsin ayaq nahiyəsindən qan ləkəsini və bıçaqla kəsilmə izi olduğuğunu görmüşdür. Lakin o, Zərərçəkmiş şəxs hadisə zamanı həmin xəsarəti hansı şəraitdə aldığını görməmişdir. Sonradan Zərərçəkmiş şəxs budundan aldığı xəsarətlə əlaqədar xəstəxanaya getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, hadisənin Biləsuvar şəhəri, H.Əliyev küçəsində, “Uğur market” ticarət mərkəzinin qarşısında baş verdiyini, hadisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əvvəlcə hücum çəkərək, təpiklə vurduğunu, daha sonra isə geri dönərək, idarə etdiyi avtomaşından tilovu götürdükdən sonra təkrarən Təqsirləndirilən şəxs üzərinə gedərək, həmin şəxsi tilovla vurduqdan sonra Təqsirləndirilən şəxs həmin şəxslərin tutaşdığını, lakin Zərərçəkmiş şəxs bud nahiyəsində aşkar edilmiş xəsarəti hadisə zamanı hansı şəraitdə aldığını görmədiyini təsdiq etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Uğur market” ticarət mərkəzinin müşahidə kameralarındakı videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında 01 avqust 2022-ci tarixdə dava-dalaş küçədə, yolun hərəkət hissəsində baş vermişdir, hadisə həmin küçə ilə hərəkət edən nəqliyyət vasitələrinin hərəkətinə mane olmuşdur. Həmin videogörüntülərdən həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs, atası Tehranın idarə etdiyi motosikletlə, yolun hərəkət hissəsinin kənarıda dayanaraq, motosikletdən enib “Uğur market” ticarət mərkəzi istiqamətində yolu keçmək istəyərkən, qəflətən Zərərçəkmiş şəxs arxadan həmin şəxsə tərəf gedərək, Təqsirləndirilən şəxs təpiklə zərbə endirir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə getdikdən sonra Zərərçəkmiş şəxs həmin yerdən uzaqlaşır. Bu zaman Təqsirləndirilən şəxs yolu keçərək, “Uğur market” ticarət mərkəzinə tərəf addımlayarkən, Zərərçəkmiş şəxs təkrarən Təqsirləndirilən şəxs üzərinə gedərək, əlindəki predmetlə Təqsirləndirilən şəxs başına zərbə endirir. Bundan sonra hadisə yerinə toplaşmış şəxslər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ayırırlar. İş materiallarında olan canlı şəxsin ekspertizasının 05 avqust 2022-ci il tarixli 666 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş sol budun arxa səthində kəsilmiş yara kəsici əşyanın təsirindən törənmişdir, bıçaqla vurulma nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 01 avqust 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan məhkəmə-psixiatrik ekspertizasının 03 sentyabr 2022-ci il tarixli, 2353 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu (F07.0) aşkar olunur. Onun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Onda aşkar olunan üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. O, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. O, barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Belə ki, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında məhkəmələrə həmçinin izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi isə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmışdır. Həmin Plenum qərarının 6-cı bəndində deyilir: “qəsdən adam öldürmə o vaxt CMin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən 3 davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Cinayən işinin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında bir gün öncə mübahisə baş versə də, həmin mübahisə ictimai qaydanı pozan hərəkətlərə çevrilmədən sakitləşmişdir. Lakin iş üzrə Zərərçəkmiş şəxs 01 avqust 2022-cı il tarixdə saat 15 radələrində, Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Uğur market” ticarət mərkəzinin qarşısına gəldiyini gördükdən sonra, özü həmin şəxsin üzərinə getmiş və birbaşa təqsirləndirilən şəxsə təpik atmışdır. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında yaranmış həmin mübahisə çox qısa zaman davam etdiyi və mübahisə ictimai qaydanı pozan hərəkətlərə çevrilmədiyi, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs geri qayıtdığını görüb həmin şəxsin üzərinə getməyərək, «Uğur market” ticarət mərkəzinə getmək məqsədilə yolun qarşı tərəfinə keçmək üçün piyada hərəkət etdiyi halda, Zərərçəkmiş şəxs özünə məxsus nəqliyyat vasitəsindən bambuk tilovu götürərək, təkrarən arxadan gələrək Təqsirləndirilən şəxs üzərinə hücum çəkmiş və həmin şəxsin başına tilovla zərbə endirmişdir. Yalnız bundan sonra Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında yaranmış həmin mübahisə ictimai kobud pozan və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilmiş, bu zaman Təqsirləndirilən şəxs əlindəki cib bıçağı ilə Zərərçəkmiş şəxs bud nahiyəsindən bir dəfə vuraraq, zərərçəkmiş şəxsə yüngül dərəcəli xəsarət yetirmişdir. Həmin hadisə zamanı törətdiyi əməlinə görə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və Zərərçəkmiş şəxs həmin maddə ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində ittihamedici hökm çıxarılmışdır. Məhkəmə hesab edir ki, işdə olan sübutlarla Təqsirləndirilən şəxs hadisə zamanı öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməsi, özünü ətrafdakılara qarşı qoyması, hadisə yerinə toplaşmış şəxslərə münasibətdə laqeydliyini ifadə etməklə, cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərməsi öz təsdiqini tapmır. Belə ki, işdə olan sübutlarla müəyyən olunur ki, Vətən Müharibəsində iştirak edərkən partlayış travması almış, üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu və şəxsiyyətin davamlı dəyişikliyi, yuxu pozğunluğu, depressiv sindrom və retroqrad amneziya diaqnozlu psixi xəstəlikdən əziyyət çəkən, davamlı olaraq psixiatrik müalicə alan və nevropatik dərmanlar qəbul edən Təqsirləndirilən şəxs yalnız Zərərçəkmiş şəxs təkrarən onun üzərinə hüçum çəkməsindən, ictimai qaydanı, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətləri nəticəsində onun başına tilovla zərbə endirməsindən sonra, yəni məhz zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış münaqişə zamanı Zərərçəkmiş şəxs bud nahiyəsindən cib bıçağı ilə zərbə vurmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, işdə olan sübutlarla hadisə zamanı Təqsirləndirilən şəxs hərəkətlərində həmin şəxsin özünün şəxsiyyətini zərərçəkmiş şəxsin və ya hər hansı digər şəxsin şəxsiyyətinin fövqündə qoymaq, onlara qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətinin olması öz təsdiqini tapmır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 28.2-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Həmçinin Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Jabordo İspaniyaya qarşı”işi üzrə 06 dekabr 1988-ci il tarixli qərarında qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir (§ 77). Bundan başqa, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Pham Hoang Fransaya qarşı” işi üzrə 25 sentyabr 1992-ci il tarixli qərarında göstərmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur(§ 36). Azərbaycan Respublikası CM-nin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləlliklə, işdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs 01 avqust 2022-ci il tarixdə, saat 15 radələrində, Biləsuvar şəhəri H.Əliyev prospektində, zərərçəkmişin təşəbbüsü ilə başlanmış mübahisə zamanı məhz Zərərçəkmiş şəxs ictimai qaydanı, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərinə qarşılıq verərək, başından tilovla zərbə aldıqdan sonra həmin şəxslə münaqişəyə cəlb olunmuş və bu zaman hətta hadisə şahidlərininin də görmədiyi şəraitdə, cib bıçağı ilə Zərərçəkmiş şəxs bud nahiyəsindən ani olaraq bir dəfə vuraraq, zərərçəkmişə sol budunun arxa səthində kəsilmiş yara formasında yüngül dərəcəli xəsarət yetirmişdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxartmaq hüququna malikdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsindən 128-ci maddəsinə tövsif edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs vəsatət verərək, ona istinad edilən əməlin Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsindən 128-ci maddəsinə tövsif edilməsini, habelə ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətdiyinə, zərərçəkmişə vurulmuş zərəri aradan qaldırdığına və zərərçəkmişlə barışıq əldə etdiyinə görə onu cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda zərərçəkmiş şəxs A.A.Məmmədov məhkəmədə vəsatət verərək, təqsirləndirilən şəxsə istinad edilən əməlin Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsindən 128-ci maddəsinə tövsif edilməsini, həmin şəxsin ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, ona vurulmuş zərəri aradan qaldırdığını və onunla barışmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmişi və dövlət ittihamçısını, habelə şahidləri dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduqlarına görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir. Hal-hazırda o, zərərçəkmişə vurduğu zərəri aradan qaldırmış və onunla barışmışdır. Azərbaycan Respublikası CPM-nin 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs yazılı vəsatətindən görünür ki, o, zərərçəkmiş şəxslə barışdığına görə cinayət işi üzrə icraata xitam verilməsinə razıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə görə təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən sonra qətimkan təddiri qüvvədən düşmüş sayılır. Buna görə də məhkəmə cinayət təqibinə xitam verilməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və vurulmuş zərəri aradan qaldırdığına görə cinayət məsuliyyətindən azad edilsin və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə başlanmış və məhkəmə tərəfindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin Sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar