Məhkəmə qərarları › İş №1(022)-81/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №1(022)-81/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 1(022)-81/2023 21.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Kəlbəcər rayonu Sarıdaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, ailəli, hal-hazırda Göygöl rayonu 130 ailəlik Yeni qəsəbə bina 3, mənzil 28-də qeydiyyatda olmaqla, orada yaşayan və barəsində - 07 aprel 2023-cü ildə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 29 may 2022-ci ildə saat 23:55 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kamaz 5410” yük markalı ** CK *** dövlət qeydiyyat nişanlı yanacaq daşıyan avtomobillə Biləsuvar-Bəhramtəpə yolunun Biləsuvar rayon Ağayrı kəndi ərazisindən keçən hissəsində, Biləsuvar rayonu istiqamətdə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni gözü qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsinin dayandırılması üçün tədbir görməli, gözqamaşma şəraitində avtomobilin hərəkətini davam etdirməməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, əks istiqamətdən hərəkətdə olan naməlum minik avtomaşının işıqları gözünü qamaşdırdığı təqdirdə nəqliyyat vasitənin hərəkətini davam etdirmiş, bu zaman eyni istiqamətdə yolun hərəkət hissəsinin sağı ilə adi yerişlə düzünə hərəkətdə olan atlını avtomobilin qabaq sağ hissəsi ilə arxadan vurmuş, nəticədə ehtiyyatsizliqdan atın üzərində olan Zərərçəkmiş şəxs açıq kəllə-beyin travması, baş beynin və beyin kötüyünün ağır dərəcə əzilməsi, başın təpə nahiyyəsinin sbudural hematoması, sağ təpə və gicgah sümüyünün sınıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “Kamaz 5410” yük markalı ** CK *** dövlət qeydiyyat nişanlı yanacaq daşıyan avtomaşını idarə etmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Biləsuvar rayon sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 29 may 2022-ci ildə saat 23:55 radələrində idarə etdiyi “Kamaz 5410” yük markalı yanacaq daşıyan avtomaşınla Bəhramtəpə - Biləsuvar yolu ilə üzü Biləsuvar rayonu istiqamətdə sağ zolaqla hərəkətdə olmuşdur. Həmin vaxtda avtomaşında yük olmamışdır. Biləsuvar rayon Ağayrı kəndi ərazisindən keçdikdə, əks istiqamətdən hərəkətdə olan tanımadığı minik avtomaşının işıqları gözünü qamaşdırmış, bu zaman təxminən beş saniyə yolu görə bilməmiş, daha sonra avtomaşının uzaq vuran işıqlarını yandırdıqda qarşısında eyni istiqamətdə iki atlının hərəkətdə olduğunu görmüşdür. Həmin anda dərhal avtomaşının əyləcini basmış, lakin məsafə az olduğundan avtomaşının qabaq sağ hissəsi atlılardan birinə arxadan çırpılmışdır. Zərbənin təsirindən at üzərində olan sonradan adını bildiyi Zərərçəkmiş şəxs asfalt üzərinə yıxılaraq xəsarət almışdır. Həmin vaxtda dərhal avtomaşını saxlamaqla Zərərçəkmiş şəxs yardım etmiş və onu yol maşını ilə Biləsuvar RMX-na aparmışdır. Sonradan Zərərçəkmiş şəxs lazımı maddi yardımlar göstərmişdir. Hadisə zamanı avtomaşında tək olmaqla heç bir xəsarət almamışdır. Sonda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, cinayət nəticəsində ona dəymiş ziyanı tam olaraq ödədiyini, hazırda zərəçəkmiş şəxslə münasibətlərinin normal olduğunu və ondan heç bir şikayət tələbinin olmadığını bildirərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini, zərərçəkmiş şəxsi və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, sürücü Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 29 may 2022-ci ildə saat 23:55 radələrində özünə məxsus atla Biləsuvar- Bəhramtəpə yolu ilə üzü Biləsuvar rayon istiqamətdə yolun sağ hissəsi ilə at üzərində adi yerişlə hərəkətdə olmuşdur. Həmin vaxtda həmkəndlisi Şahid2 da özünə məxsus atla yanakı hərəkətdə olmuşlar. Biləsuvar rayon Ağayrı kəndi ərazisindən keçdikdə arxadan nəyinsə ona çırpıldığını hiss etmiş, həmin anda ağır xəsarət aldığından huşunu itirmiş, ayıldıqda xəstəxanada olduğunu bilmişdir. “Kamaz 5410” yük markalı avtomaşının hadisə zamanı ona arxadan çırpıldığını sonradan bilmişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onunla barışığa nail olduğunu, ona vurduğu zərəri tam olaraq ödədiyini, ona görə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığnı bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon Ağayrı kəndində yaşayır. 29 may 2022-ci ildə saat 23:55 radələrində özünə məxsus atla Biləsuvar-Bəhramtəpə yolu ilə üzü Biləsuvar rayonu istiqamətdə yolun sağ ehtiyyat hissəsi ilə at üzərində adi yerişlə hərəkətdə olmuşdur. Həmin vaxtda həmkəndlisi Zərərçəkmiş şəxs də özünə məxsus atla yanakı hərəkətdə olmuşdur. Biləsuvar rayon Ağayrı kəndi ərazisindən keçdikdə ani olaraq eyni istiqamətdə hərəkətdə olan “Kamaz 5410” yük markalı avtomaşının qabaq sağ hissəsi Xanhüseynin atına arxadan çırpılmış, bu zaman Xanhüseyn at üzərindən yerə yıxılaraq xəsarət almışdır. Daha sonra yük avtomaşını saxlamaqla, sürücüsü sonradan adını bildiyi Zakir adlı şəxs Xanhüseynə yardım etmiş və onu xəstəxanaya aparmışdır. İş materiallarında olan Biləsuvar rayon “MTE və PA” şöbəsinin 04 iyul 2022-ci il tarixli 239 nömrəli tibbi rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - açıq kəlləbeyin travması, baş beynin və beyin kötüyünün ağır dərəcə əzilməsi, başın təpə nahiyyəsinin sbudural hematoması, sağ təpə və gicgah sümüyünün sınıqları müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, avtoqəza nəticəsində avtomaşının hissə və mexanizmlərinin təsiri nəticəsində əmələ gələ bilər, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan DİN BDYPİ QİS-in 16 mart 2023-cü il tarixli 3-13-16\2- 33467\2023 nömrəli məktubdan görünür ki, X3 xx.xx.2015-ci ildə AC serialı 049346 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İş materiallarında olan Biləsuvar RMX-nin 29 may 2022-ci il tarixli 549 nömrəli tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 29 mart 2023-cü il tarixli 8\685 saylı rəyindən görünür ki, “Kamaz 5410” yük markalı ** CK *** dövlət qeydiyyat nişanlı yanacaq daşıyan avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3- cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.1-1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. CM-nin 263-cü maddəsinin qeyd hissəsinə əsasən Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs vəsatət təqdim edərək bildirmişdir ki, hadisədən sonra Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmış, ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxs onu bağışlamışdır. Ona görə də Təqsirləndirilən şəxs onun barəsində bəraətverici əsaslar olmadan cinayət işinin icraatına xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs vəsatət verərək bildirmişdir ki, hadisədən sonra Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ona ödəmiş və onunla barışığa nail olmuşdur. Onunla hazırda münasibətləri normaldır. Ona görə də Təqsirləndirilən şəxs heç bir tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Dövlət ittihamçısı məhkəmədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsinə və iş üzrə icraata xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi və onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduqlarına görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Lakin hal-hazırda o, zərərçəkmişə vurduğu ziyanı tam olaraq ona ödəmiş və onunla barışığa nail olmuşdur. Təqsirləndirilən şəxs vəsatətindən görünür ki, o, zərərçəkmiş şəxslə barışdığına və ona vurduğu ziyanı tam olaraq ödədiyinə görə onun barəsində CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsinə razıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmaması məsələsinin aydınlaşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar