Məhkəmə qərarları › İş №1(022)-82/2023

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-82/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-82/2023 07.06.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi vəkil Müdafiəçi2 Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində 06 aprel 2023-cü il tarixli qərarla «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “CM”) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1986-cı ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 2 ünvanda yaşayan, barəsində 07 aprel 2023-cü il tarixli qərarla «başqa yerə getməmək haqqında iltizam » qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “CM”) 221.2.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasıda baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 08 noyabr 2022-ci il tarixdə saat 19:30 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, əmisi oğlu Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında, Biləsuvar şəhəri, P.Əliyev küçəsində yerləşən «Ay işığı » şadlıq sarayında, ictimai yerdə Şahid6 övladı Həsən Mehrəliyev üçün təşkil etdiyi kiçik toy məclisi zamanı cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək Təqsirləndirilən şəxs2 cüzi səbəbdən, yəni Zərərçəkmiş şəxs onu ofisiant zənn edib spirtli içki gətirməsini xahiş etməsini bəhanə etməklə toyda iştirak edən şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər işlədib səs-küy salıb mübahisə edib dalaşmaqla yumruqla sonuncunun sol gözaltı nahiyəsindən bir dəfə vuraraq sol gözaltı nahiyəsinin qançırları ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsini və yenidən üzərinə hücum etməklə xəsarət yetirməyə çalışmasını görüb heç bir əsaslı səbəb olmadan, yüksək səslə nalayiq ifadələr işlədib səs-küy salıb cəmiyyətə açıqca hörmətsizlik edərək şadlıq sarayının döşəməsindən götürdüyü bir ədəd şüşə butulkadan silah qismində istifadə edərək Zərərçəkmiş şəxs üzərinə hücum edib baş nahiyəsindən bir dəfə vurmaqla ona başın təpə nahiyəsinin əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə zor tətbiq edib, Təqsirləndirilən şəxs2lə birlikdə bir qrup şəxs halında şadlıq sarayının həyətində xuliqanlıq hərəkətlərini davam etdirib yüksək səslə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə və fiziki zor tətbiq etməklə hədələməklə 10-15 dəqiqə ərzində toyda iştirak edən şəxslərin narahatçılığına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 08 noyabr 2022-ci il tarixdə saat 19:30 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində qohumu Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Biləsuvar şəhəri, P.Əliyev küçəsində yerləşən «Ay işığı» şadlıq sarayında ictimai yerdə Şahid6 övladı Həsən Mehrəliyev üçün təşkil etdiyi kiçik toy məclisi zamanı cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək cüzi səbəbdən, yəni Zərərçəkmiş şəxs onu ofisiant zənn edib spirtli içki gətirməsini xahiş etməsini bəhanə edərək yüksək səslə Zərərçəkmiş şəxs ünvanına nalayiq sözlər işlədib səs-küy salıb mübahisə edib dalaşmaqla yumruqla sonuncunun sol gözaltı nahiyəsindən vuraraq sol gözaltı nahiyəsinin qançırları ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə zor tətbiq etmiş, Təqsirləndirilən şəxs1 heç bir əsaslı səbəb olmadan, yüksək səslə nalayiq ifadələr işlədib səs-küy salıb cəmiyyətə açıqca hörmətsizlik edərək şadlıq sarayının döşəməsindən götürdüyü bir ədəd şüşə butulkadan silah qismində istifadə edərək Zərərçəkmiş şəxs üzərinə hücum edib baş nahiyəsindən bir dəfə vurmaqla ona başın təpə nahiyəsinin əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə zor tətbiq etmiş, Təqsirləndirilən şəxs2 habelə Təqsirləndirilən şəxs1lə birlikdə bir qrup şəxs halında həmin dava-dalaşı şadlıq sarayının həyətində davam etdirib yüksək səslə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməklə və fiziki zor tətbiq etməklə hədələyib 10-15 dəqiqə ərzində toyda iştirak edən şəxslərin narahatçılığına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 törədilmiş əməldə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Biləsuvar rayonu, Bəydili kəndi, M.F.Axundov küçəsi ev 56-da qeydiyyatda olmaqla yaşayır. Evlidir, iki azyaşlı uşağı vardır. Rəsmi olaraq heç bir yerdə işləmir, yalnız kənd təsərrüfatı ilə məşğul olaraq ailəsini dolandırır. Ruhi-əsəb xəstəliyi və ya digər hər hansı xəstəliyi yoxdur, bununla bağlı heç bir tibb müəssisəsində qeydiyyata alınmamışdır. Zərərçəkmiş şəxs əvvəllər görməmiş, heç bir qohumluq əlaqələri, şəxsi ədavət və ya düşmənçilik münasibətləri yoxdur. 08 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Biləsuvar şəhəri, P.Əliyev küçəsində yerləşən “Ay işığı” şadlıq sarayında qohumu Şahid6 oğlunun kiçik toy məclisinə əmisi oğlu Təqsirləndirilən şəxs2lə birlikdə getmişdir. Həmin toy məclisində araq verilmədiyi üçün onlarla bir stolda əyləşmiş tanımadığı bir şəxsin aldığı araqdan içmişlər. Saat 19 radələrində onun əyləşdiyi stoldan qabaqda olan stolda əyləşmiş adını sonradan bildiyi Zərərçəkmiş şəxs ayaq üstə Təqsirləndirilən şəxs2lə mübahisə etməsini görmüş, buna görə də həmin şəxslərə yaxınlaşaraq heç bir səbəb olmadan yumruqla iki dəfə Elçinin başından vurmuşdur. Elçini vurmasını görən toyda iştirak edən şəxslər onu Elçindən kənarlaşdırıb sakitləşdirmiş və şadlıq sarayından çıxarmışlar. Onu sakitləşdirən tanımadığı şəxslər şadlıq sarayından çıxaran zaman yerə yıxılmış və buna görə də burnundan xəsarət almışdır. Bir qədər sonra şadlıq sarayına gəlmiş PPX əməkdaşları onu, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs Biləsuvar RPŞ-nə gətirmişlər. İfadəsinə əlavə olaraq göstərmişdir ki, baş vermiş davadalaşı toyda iştirak edən şəxslər görmüş, dava-dalaş təxminən 5 dəqiqəyə yaxın vaxt davam etmişdir. O, Biləsuvar RPŞ-nə gətirilən zaman Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə söyüb-təhqir etməsini və yumruqla vurmasını bildirmiş, lakin əsl həqiqətdə isə digər şəxslər onu sakitləşdirib şadlıq sarayından çıxaran zaman yerə yıxıldığına görə burun nahiyəsindən xəsarət almışdır. Bundan başqa ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, Zərərçəkmiş şəxs heç bir səbəb olmadan yumruqla başından vursa da, lakin toyda spirtli içki qəbul etməklə sərxoş vəziyyətdə olduğuna görə həmin vaxt zərərəçəkmiş şəxsə qarşı daha hansı hərəkətlərə yol verməsini, o cümlədən onu şüşə butulka ilə başından vurmasını xatırlamır. Sonda Təqsirləndirilən şəxs1 əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslə barışığa nail olmaqla ondan heç bir şikayət və tələbinin olmamasını, ona görə də ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 törədilmiş əməldə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Biləsuvar rayonu Bəydili kəndi, M.Adışov küçəsi ev 3-də qeydiyyatda olmaqla yaşayır. Evlidir, üç azyaşlı uşağı vardır. Rəsmi olaraq heç bir yerdə işləmir, yalnız kənd təsərrüfatı ilə məşğul olaraq ailəsini dolandırır. Ruhi-əsəb xəstəliyi və ya digər hər hansı xəstəliyi yoxdur, bununla bağlı heç bir tibb müəssisəsində qeydiyyata alınmamışdır. Zərərçəkmiş şəxs 08 noyabr 2022-ci il tarixdə Biləsuvar şəhəri, P.Əliyev küçəsində yerləşən “Ay işığı” şadlıq sarayında dava-dalaş baş verənə qədər görməmiş, heç bir qohumluq əlaqələri, şəxsi ədavət və ya düşmənçilik münasibətləri yoxdur. 08 noyabr 2022ci il tarixdə saat 18 radələrində Biləsuvar şəhəri, P.Əliyev küçəsində yerləşən “Ay işığı” şadlıq sarayında qohumu Novruz Mehrəliyevin oğlunun kiçik toy məclisinə əmisi oğlu Təqsirləndirilən şəxs1lə birlikdə qonaq kimi getmişdir. Həmin toy məclisində araq verilmədiyi üçün onlarla bir stolda əyləşmiş, tanımadığı bir şəxsin aldığı araqdan içmişlər. Saat 19 radələrində yaxınlıqdakı stolda əyləşmiş adını sonradan bildiyi Zərərçəkmiş şəxs yanına çağırıb ofisinat olub-olmadığını soruşmuş, o da Elçinə ofisiant olmadığını, toya qonaq kimi gəldiyini bildirmiş, hətta əgər istəyirsə onlarla bir stolda əyləşib yeyib-içməyi də təklif etmişdir. Bundan sonra öz əyləşdiyi stola qayıtmaq istəyən zaman Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlədib geri çağırmış, o, arxaya baxarkən isə Elçin əlindəki stəkanda olan arağı üzünə atmışdır. O da Zərərçəkmiş şəxs bu hərəkətindən əsəbiləşib yumruqla onun sifətindən vurmuş, Elçin yenidən onun üzərinə gəldiyinə görə aralarında dava- dalaş yaranmışdır. Orada olan şəxslər onun üzərinə gəldiyinə görə əmisi oğlu Təqsirləndirilən şəxs1 də həmin şəxsləri qorxutmaq üçün yerdən şüşə butulkanı götürüb Elçinin üzərinə getmişdir. Toyda iştirak edən şəxslər onu sakitləşdirib şadlıq sarayının həyətinə çıxarmışlar. Şadlıq sarayının həyətində də həmin dava-dalaş davam etmiş, lakin digər şəxslər onları sakitləşdirməyə çalışmışlar. Həmin vaxt oraya gəlmiş polis əməkdaşları onu, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs polis şöbəsinə gətirmişlər. Sonradan Zərərçəkmiş şəxs o və Təqsirləndirilən şəxs1 tərəfindən döyülməsi ilə bağlı polis şöbəsinə şikayət etməsini bilmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, 08 noyabr 2022-ci il tarixdə saat 19 radələrində Biləsuvar şəhəri, P.Əliyev küçəsində yerləşən “Ay işığı” şadlıq sarayında Zərərçəkmiş şəxsla aralarında baş vermiş dava-dalaşı toyda iştirak edən şəxslər görmüş, dava-dalaş təxminən 10-15 dəqiqəyə yaxın vaxt davam etmişdir. Bundan başqa, həmin dava-dalaş zamanı Təqsirləndirilən şəxs1 əlində şüşə butulka olmasını görsə də, lakin butulka ilə Elçinin başından vuraraq xəsarət yetirməsini görməmişdir. O, sonradan Fuadın yumruqla Elçinin başından vuraraq xəsarət yetirməsini eşitmişdir. Həmin dava-dalaş zamanı Zərərçəkmiş şəxs ona hər hansı xəsarət yetirməmişdir. Sonda Təqsirləndirilən şəxs2 əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslə barışığa nail olmaqla ondan heç bir şikayət və tələbinin olmamasını, ona görə də ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu, Ağalıkənd kəndində qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər görməmiş, heç bir qohumluq əlaqələri, şəxsi ədavət və düşmənçilik münsibətləri yoxdur. 08 noyabr 2022-ci il tarixdə saat 19 radələrində Biləsuvar şəhərində yerləşən “Ay işığı” şadlıq sarayında qohumu Şahid6 oğlunun kiçik toy məclisinə getmişdir. Həmin toy məclisində iştirak edən zaman saat 19:30 radələrində şadlıq sarayında ayaq üstə dayanıb qulluq edən ofisiantlara yemək üçün stola yemək gətirməsini istəmişdir. Həmin vaxt iki nəfər ofisiantın yanında dayanmış ağ köynək və qara şalvar geyinmiş bir şəxs ona aqressiv şəkildə reaksiya verərək əli ilə onun sifətindən vurmuş və “mən ofisiant deyiləm” sözlərini demişdir. Buna görə də həmin şəxslə aralarında dava-dalaş yaranmışdır. Bu zaman gözləmədiyi bir anda sol tərəfində dayanmış tanımadığı bir şəxs şüşə materialından olan araq butulkası ilə bir dəfə onun başının sol tərəfindən vurmuşdur. Orada olan digər şəxslər isə onu butulka ilə vuran, həmçinin yumruqla vurub xəsarət yetirən şəxsləri sakitləşdirməyə çalışmışlar. O, xəsarət aldığına görə şadlıq sarayının həyətinə çıxmışdır. Həmin şəxslər isə şadlıq sarayının həyətində də üzərinə hücum edərək yenidən onu döymək istəmiş, lakin dava-dalaşı görən digər şəxslər onları sakitləşdirməyə çalışmışlar. Şadlıq sarayının həyətində mübahisə davam edərkən post-patrul xidmətinin iki əməkdaşı da oraya gəlib onunla dava-dalaş edən şəxsləri sakitləşdirməyə çalışmışlar. Lakin, onu döyüb xəsarət yetirən şəxslər təxminən 10 dəqiqəyə yaxın vaxt ərzində yüksək səslə nalayiq ifadələr işlədərək üzərinə hücum etmişlər. Buna görə də PPX-nin əməkdaşları onu və onunla dava-dalaş edən iki şəxsi avtomobilə əyləşdirib Biləsuvar RPŞ-nə gətirmişlər. O, yalnız polis şöbəsində “Ay işığı” şadlıq sarayında baş vermiş dava-dalaş zamanı yumruqla sifətindən vuraraq xəsarət yetirmiş şəxsin Təqsirləndirilən şəxs2, başından butulka ilə vurub xəsarət yetirmiş şəxsin isə Təqsirləndirilən şəxs1 olmasını bilmişdir. O, başından xəsarət aldığına görə polis şöbəsindən onu Biləsuvar RMX-nın təcili tibbi yardım şöbəsinə aparılmış, xəstəxanada tibbi yardım göstərilmiş, başına sarğı qoyulmuş, bundan sonra isə həmin gün evə buraxılmışdır. İfadəsinə əlavə olaraq göstərmişdir ki, həmin dava-dalaşı toyda iştirak edən şəxslər görmüş, dava-dalaş təxminən 10-15 dəqiqəyə yaxın vaxt davam etmişdir. 08 noyabr 2022-ci il tarixdə Biləsuvar şəhərində yerləşən “Ay işığı” şadlıq sarayında baş vermiş dava-dalaş zamanı o, Təqsirləndirilən şəxs2 nalayiq ifadələrlə söyüb-təhqir etməmiş, üzünə araq atmamış, hər hansı xəsarət yetirməmiş, həmçinin Təqsirləndirilən şəxs1 söyüb-təhqir etməmiş, heç bir xəsarət yetirməmişdir. Fuadın nə vaxt, harada və hansı şəraitdə xəsarət almasından da heç bir məlumatı yoxdur. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə aralarında barışıq əldə edildiyini və onlardan şikayət və tələbinin olmadığını, ona görə də onlara yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər. Onların təqsiri ibtidai istintaq zamanı verdikləri öz ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, aşağıda qeyd edilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qaynıdır, münasibətləri normaldır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə əvvəllər görməmiş, heç bir qohumluq əlaqələri, şəxsi ədavət və ya düşmənçilik münasibətləri yoxdur. 08 noyabr 2022-ci il tarixdə Biləsuvar şəhərində yerləşən “Ay işığı” şadlıq sarayında qardaşı Şahid6 oğlu Həsən Mehrəliyevə kiçik toy məclisi təşkil etmiş, həmin toya o da qonaq kimi getmişdir. Həmin gün saat 19 radələrində şadlıq sarayının mətbəxində olan zaman toy keçirilən hissədə səs-küy gəlməsini eşitmiş, buna görə də dərhal həmin yerə getmişdir. Bu zaman şadlıq sarayının giriş qapısında təxminən 50-60 şəxsin toplaşmasını, dava-dalaş baş verməsini görmüşdür. Dava-dalaş yerinə çatarkən qaynı Zərərçəkmiş şəxs başından qan axmasını görmüşdür. Orada Elçinin kim tərəfindən döyülməsini soruşsa da, ilk olaraq heç kim ona cavab verməmişdir. Daha sonra şadlıq sarayının həyətində iki şəxsin Elçinin üzərinə hücum edərək döymək istədiklərini görmüş, orada olan digər şəxslərdən biri elə Elçini həmin şəxslərin döyüb xəsarət yetirdiklərini bildirmişdir. Həmin şəxslər yüksək səslə qışqraraq nalayiq ifadələr işlətdiyinə görə o da də əsəbiləşib 102 xidmətinə zəng etmiş və Elçinin döyülməsi barədə məlumat vermişdir. Hətta, Elçinin başından qan çox axdığına görə təcili tibbi yardım çağırmışdır. Lakin, həmin şadlıq sarayının həyətinə gələn PPX əməkdaşları Zərərçəkmiş şəxs, həmçinin Elçini yenidən döyüb xəsarət yetirmək istəyən digər iki şəxsi avtomobilə əyləşdirib polis şöbəsinə gətirmişlər. O, sonradan Zərərçəkmiş şəxs döyüb xəsarət yetirmiş şəxslərin qardaşı Novruzəlinin dostları olan Bəydili kənd sakinləri Elvin və Fuad adlı şəxslər olmasını bilmişdir. “Ay işığı” şadlıq sarayının həyətində Elvin adlı şəxs Zərərçəkmiş şəxs üzərinə hücum edərək Elçini vurmaq istəyərkən yüksək səslə nalayiq ifadələr işlətdiyinə görə o da Elvinin qolundan tutub saxlamış və hərəkətlərinə fikir verməsini, nalayiq ifadələr işlətməməsini tələb etmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, 08 noyabr 2022-ci il tarixdə saat 19 radələrində “Ay işığı” şadlıq sarayında Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında davadalaşın hansı səbəbdən baş verməsini dəqiq bilməmiş, Zərərçəkmiş şəxs kimin hansı üsulla xəsarət yetirməsini görməmiş, dava-dalaş yerinə çatarkən isə Elçinin başından və sifətindən xəsarət almasını, hətta başından qan axmasını görmüşdür. Həmin dava-dalaşı toyda iştirak edən bütün şəxslər görmüş, dava-dalaş şadlıq sarayının içərisində və həyətində ümumilikdə 15 dəqiqəyə yaxın vaxt davam etmişdir. Şahidlər Şahid6, Şahid9, Şahid8, Şahid4 və Şahid3 məhkəmə iclasında Şahid7 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmədə şahid qismində dindirilmiş Biləsuvar RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 ifadəsində göstərmişdir ki, əvvəlcədən tərtib edilmiş və RPŞ- nin rəhbərli tərəfindən təsdiq edilmiş cədvəl əsasında 08 noyabr 2022-ci il tarixdə saat 20 radələrində RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid5la birlikdə Biləsuvar şəhəri, Təyyarə meydanı yaşayış massivində 3 nömrəli avtopatrulda xidmətdə olan zaman Biləsuvar şəhəri, P.Əliyev küçəsində yerləşən “Ay işığı” şadlıq sarayının həyətində səs-küy gəlməsini eşitmişlər. Buna görə də Şahid5la birlikdə dərhal həmin şadlıq sarayının həyətinə getmişlər. Şadlıq sarayının həyətinə çatarkən tanımadıqları xəsarət almış bir şəxsin başından qan axmasını, digər iki şəxsin isə onun üzərinə hücum edərək xəsarət yetirməyə çalışdığını, yüksək səslə nalayiq ifadələr işlətməsini, dava-dalaşı görən başqa şəxslərin isə həmin şəxsləri sakitləşdirə bilmədiklərini görmüşlər. Orada olan lakin halhazırda xatırlamadığı digər şəxslər xəsarət almış şəxsin onun üzərinə hücum edən şəxslər tərəfindən döyülməsini, hətta birinin şüşə butulka ilə xəsarət almış şəxsin başına vurmasını bildirmişlər. Bu səbəbdən də dava-dalaş edən həmin iki şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər, nizam-intizama dəvət edərək sakitləşməsini tələb etmişlər. Buna baxmayaraq dava-dalaş edən və xəsarət almış şəxsin üzərinə hücum edən şəxslər təxminən 7- 8 dəqiqə ərzində ucadan nalayiq ifadələr işlədərək onların tələblərinə məhəl qoymayaraq hüquqazidd əməllərini davam etdirmişlər. Bu səbəbdən də səs-küy salan və dava-dalaş edən şəxsləri, həmçinin xəsarət almış şəxsi xidməti avtomobilə əyləşdirib RPŞ-nə gətirmişlər. RPŞ-də xəsarət alması nəticəsində başından qan axan şəxsin Biləsuvar rayonu, Ağalıkənd kənd sakini Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsla davadalaş edən digər iki şəxsin isə Biləsuvar rayonu, Bəydili kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olmasını müəyyən etmişlər. Həmin şəxslərin dava-dalaş etmələri ilə bağlı RPŞ-nin rəhbərliyinə raport yazmış, bundan sonra RPŞ-nin Növbətçi hissəsinə təhvil verib Şahid5la birlikdə xidməti əraziyə getmişlər. 08 noyabr 2022-ci il tarixdə saat 20 radələrində Biləsuvar şəhəri, P.Əliyev küçəsində yerləşən “Ay işığı” şadlıq sarayının həyətində baş vermiş dava-dalaş baş verən yerə çatdıqdan sonra şəxsiyyətini sonradan RPŞ-də müəyyən etdikləri Zərərçəkmiş şəxs başından qan axmasını, həmçinin sifətindən xəsarət almasını görmüş, bundan başqa orada olan zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yüksək səslə nalayiq ifadələr işlədərək Zərərçəkmiş şəxs üzərinə hücum etsələr də, Elçinə xəsarət yetirməsinin qarşısını almışlar. Əgər onlar həmin şəxsləri sakitləşdirməsəydilər Zərərçəkmiş şəxs yenidən xəsarət yetirə bilərmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “Videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 08 noyabr 2022-ci il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Ay işığı” şadlıq sarayında keçirilən toy məclisi zamanı baş vermiş dava-dalaşı özündə əks etdirən həmin şadlıq sarayında quraşdırılmış nəzarətmüşahidə kameraları vasitəsilə çəkilmiş videogörüntülərə baxış keçirilmişdir. Baxış zamanı 08 noyabr 2022-ci il tarixdə saat 19:30 radələrində “Ay işığı” şadlıq sarayının toy məclisi keçirilməsi üçün nəzərdə tutulmuş hissəsində Biləsuvar rayonu, Bəydili kənd sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 başqa şəxslərlə dava-dalaş etməsi, toyda iştirak edən təxminən 50-60 şəxsin isə həmin şəxsləri sakitləşdirməyə çalışması, Elvin və Təqsirləndirilən şəxs1lərin onları sakiləşdirməyə çalışan şəxslərin tələblərinə məhəl qoymadıqları və öz hərəkətlərinə davam etmələri, digər şəxslərin isə onları çətinliklə şadlıq sarayının giriş qapısından həyətə çıxarmaları, giriş qapısının yaxınlığında əyləşmiş musiqiçilərin baş vermiş dava-dalaşa heç bir müdaxilə etmədikləri müəyyən edilmişdir. “Ay işığı” şadlıq sarayında quraşdırılmış nəzarət-müşahidə kameraları vasitəsilə çəkilmiş iş üçün əhəmiyyət kəsb edən videogörüntülər “Redmi” markalı mobil telefon vasitəsilə götürülmüş, CD köçürülmüşdür. Həmin CD disk və “videogörüntüyə baxış keçirilməsi haqqında” protokol cinayət işinin istintaqı materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Biləsuvar rayon MTE-dən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 407 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs a) başın təpə nahiyəsinin əzilmiş yarası, b) sol gözaltı nahiyəsinin qançırları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gələrək yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. A bəndində göstərilən xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, b) bəndində göstərilən xəsarətlər isə sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Biləsuvar RMX-nın TTY şöbəsinin xx.xx.2022-ci il tarixli 426 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında Təqsirləndirilən şəxs1 hadisə baş verən anda orta dərəcəli sərxoş vəziyyətdə olması göstərilmişdir. İş materiallarında olan Biləsuvar RMX-nm TTY şöbəsinin xx.xx.2022-ci il tarixli 428 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında Təqsirləndirilən şəxs2 hadisə baş verən anda yüngül dərəcəli sərxoş vəziyyətdə olması göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi və Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və məhkumluqlarının olmamasını, habelə təyin olunan cəzanın onların islah olunmasına təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs2 himayəsində 3 azyaşlı uşaqlarının olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1 himayəsində 2 azyaşlı uşaqlarının olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onlar tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və təqsirləndirilən şəxslərin şəxsiyyətinə düzgün qiymət verərək, cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarındakı tövsiyələrini nəzərə alır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Adçəkilən qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda qeyd edilənlər nəzərə alınmalıdır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 56.1-ci və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 221.3-cü maddəsində və Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-cü maddəsində nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Habelə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs1 məhkəmə iclası zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 07 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 təyin edilən cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 221.2.1-cü maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs2 məhkəmə iclası zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 07 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 təyin edilən cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Biləsuvar Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar