Məhkəmə qərarları › İş №1(022)-84/2025

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-84/2025

30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-84/2025 30.09.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X4 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1990-cı il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, - 11,233 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, 11 aprel 2025-ci il tarixdə, saat 14:29-da Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhəri, İqbal Astanlı küçəsində, qəbirstanlığın yaxınlığında piyada hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, həmin yerdə üzərinə yoxlama keçirildiyi zaman həmin narkotik vasitə qurudulmuş marixuana bir ədəd üzəri şəfaf rəngli yapışqan lentlə sarılmış qara rəngli sellofan kəsiyi bükümündə olmaqla, əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla yaşayır, subaydır və artıq 1 ildir ki, işsizdir və günəmuzd fəhlə işləməklə dolanışığını təmin edir. O, əvvəllər bir neçə dəfə narkotik vasitə istifadə etsə də, sonradan bu vərdişini tərgitmişdir. O, həmin əməlinə görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməmişdir. Həmin vaxtdan sonra isə o, heç bir narkotik vasitə və ya psixotrop maddə istifadə etmir. O, 11 aprel 2025-ci il tarixdə, saat 8-9 radələrində yaşadığı evdə yatdığı zaman əvvəllər tez-tez – ayda təxminən 2-3 dəfə görüşdüyü, lakin uzun müddətdir ki, əlaqələrinin kəsildiyi tanışı, Biləsuvar rayonu, Bəydili kəndində yaşayan X1 ona məxsus mobil telefona zəng edərək, Biləsuvar şəhərində görüşüb, çay içməyi təklif etmişdir. O, həmin şəxsin təklifi ilə razılaşmış və buna görə də Biləsuvar şəhərinə gəlmişdir. O, həmin vaxt S.E.Şirxanova məxsus mobil telefona zəng edərək, nə vaxt gələcəyini sonuncudan xəbər almaq istəsə də, həmin şəxsin telefonu bağlı olmuşdur. Bundan sonra o, “Pizza Home” restoranına gedərək bir ədəd dönər yemiş və orada dostunu gözləmişdir. Təxminən 1 saat sonra o, yenidən S.E.Şirxanova zəng edərək, harada olması ilə maraqlanmşdır. Həmin şəxs isə onun zənginə cavab verərək, “Aran” marketin qarşısına gəlməsini ondan xahiş etmişdir. O, “Pizza Home” restoranından çıxaraq, bir neçə metr aralıda yerləşən “Aran” marketin qarşısına getmişdir. O, saat 13:30da Samir Şirxanov ilə görüşmüş və həmin vaxt da mülki geyimdə olan Biləsuvar rayon polis şöbəsinin əməkdaşları Şahid1, Şahid3 və Sərxan adlı bir nəfər əməlliyyatçı ona yaxınlaşaraq özlərini təqdim etmiş və Biləsuvar rayon polis şöbəsinə gəlməli olduğunu ona bildirmişlər. Həmin vaxt onun yanında Samir Şirxanov da olmuşdur. O, polis əməkdaşlarına heç bir müqavimət göstərməyərək, həmin şəxslərin avtomobilinə minmişdir. O, həmin nəqliyyat vasitəsində polis əməkdaşları tərəfindən döyülmüşdür və buraxıldığı gündən 15-16 gün ərzində bir qulağı heç nə eşitməmişdir. Biləsuvar rayon polis şöbəsində olduğu vaxt polis əməkdaşı Şahid1 ona bir ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan büküm təqdim edərək, üstünə qoymasını və ona məxsus olması barədə etirafedici ifadə verməsini tələb etmişlər. Həmçinin Biləsuvar rayon şöbəsində də polis əməkdaşları onu döymüş və soyunduraraq, çılpaq bədənini yapışqan lentlə sarımışlar. O, polis əməkdaşlarının ona təqdim etdiyi bükümü götürməkdən imtina etsə də, Şahid1 evinə daha böyük çəkidə - 10 kiloqram narkotik qoyacaqları ilə ona hədə-qorxu gəlmişdir. Onun atası əvvəllər Şıxəli Qurbanov adına məktəbdə hərbi hazırlıq müəllimi işləmiş və vəfat etdikdən sonra isə ailəni dolandıran yeganə şəxs yalnız o olmuşdur. Onun anası isə tibbi bacısı olsa da, hazırda onkoloji xəstə olduğuna görə heç bir yerdə işləmir. Onun evində dörd nəfər qadın olduğuna görə o, polis əməkdaşlarının onun evinə getməsindən narahat olmuş və işgəncənin təsiri altında həmin bükülünü götürmüşdür. Bundan sonra isə onu Biləsuvar şəhəri, İqbal Astanlı küçəsinə apararaq, həmin yerdə videoşəkiliş aparmışlar. Həmin videoçəkilişdən sonra o, polis əməkdaşlarının ona artıq nəsə etməyəcəklərini fikriləşsə də, onu həmin şəxslər təkrarən Biləsuvar rayon polis şöbəsində ona qarşı təhqiramiz ifadə işlədərək onu alçaltmış və işgəncə vermişlər. Polis əməkdaşları onu daha sonra narkoloji ekspertizaya təqdim etmiş və iki gün sonra isə müvəqqəti saxlama yerindən buraxmışlar. Polis əməkdaşları onu Biləsuvar rayon prokurorunun yanına aparmamışlar. O, savadsız olduğu üçün, habelə hansısa orqana şikayət edərsə, polis əməkdaşlarının ona daha sərt işgəncələr verəcəklərindən ehtiyat etdiyinə görə azad edildikdən sonra heç bir orqana şikayət etməmiş və məhkəməyə çağırılacağı günü gözləmişdir. Həmçinin o bildirdi ki, tanışı Samir Şirxanovu həmin vaxtdan sonra ilk dəfə hazırki iş üzrə keçirilən məhkəmə iclası zamanı məhkəmənin inzibati binasında görmüşdür. Onun S.E.Şirxanovun narkotik vasitə istifadəçisi olub-olmamasından xəbəri olmamışdır. O, əvvəllər narkotik vasitə istehlak etdiyinə görə çox peşmandır. Sonradan Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə özünü təqsirli bilərək göstərdi ki, Biləsuvar rayon polis şöbəsində ona qarşı hər hansı qanunsuzluğa yol verilməmiş, polis əməkdaşları tərəfindən 11 aprel 2025-ci il tarixdə, saat 14:29-da Biləsuvar şəhəri, İqbal Astanlı küçəsində, qəbirstanlığın yaxınlığında piyada hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılmış, polis əməkdaşları tərəfindən onun üzərinə cinayətprosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq baxış keçirilmiş və şəxsi istifadəsi məqsədilə üzərində gəzdirdiyi, içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükülü aşkar edilərək götürülmüşdür. O, məhkəmədəki əvvəlki ifadəsini özünümüdafiə məqsədilə vermişdir və iş üzrə əlavə sübutların tələb olunmasını və araşdırılmasını, o cümlədən əməliyyat tədbiri kimi onun telefonlarına qulaq asılmışsa, səs yazılarının məhkəməyə təqdim edilməsini və araşdırılmasını istəmir. Ona verilmiş ittiham tam qanunidir və o, elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilir. Onun anası onkoloji xəstədir və onun himayəsində yaşayır. O, ailəsini dolandıran yeganə şəxsdir. Buna görə də Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Biləsuvar rayonu, Xırmandalı kənd sakini kimi tanıdığı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında 11 aprel 2025-ci il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında onun tərəfindən qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna o, Şahid3 və Şahid1 daxil edilmişlər. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, həmin gün əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, İqbal Astanlı küçəsində qəbirstanlığın yaxınlığında piyada hərəkətdə olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin andan videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçi ilə təmin olmaq hüquqları izah olunmuş, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, hər hansı əşya və predmet varsa, təqdim etmələri təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən bir ədəd üzəri şəffaf rəngli yapışqan lentlə sarılmış qara rəngli sellofan kəsiyi bükümünü, digər ciblərindən mobil telefon və şəxsi əşyalarını çıxarıb təqdim edərək, üzərində başqa qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olmadığını bildirmişdir. Sorğu zamanı həmin şəxs üzərindən aşkar edilmiş bükülünü yerdən tapdığını, həmin bükümün ona məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı onun üzərindən qanunla dövriyyəsi qadağan edilmiş əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 14,22 qram olmuşdur. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Bundan sonra isə şübhəli şəxs Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Sonda şəxsi axtarış və baxış keçirilməsinə dair protokollar tərtib olunaraq iştirakçılara oxunmuş, protokollar baxış iştirakçıları tərəfindən imzalanmışdır. Şahid2 həmçinin məhkəmədə bildirdi ki, onun tərəfindən və ya onun iştirakı ilə digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunmamış, təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsindən əvvəl həmin şəxsə qarşı hər hansı qanunsuzluğa yol verilməmiş və şəxsi axtarış cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun keçirilmişdir. Həmçinin təqsirləndirilən şəxs Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Aran” marketin qarşısında deyil, Biləsuvar şəhəri, İqbal Astanlı küçəsində qəbirstanlığın yaxınlığında saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs yanında S.E.Şirxanov adlı şəxs olmamışdır. Bundan başqa, S.E.Şirxanov adlı şəxs də Təqsirləndirilən şəxs saxlanıldıqdan təxminən 2 gün sonra Şahid1 rəhbərlik etdiyi əməliyyat qrupu tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılmışdır. İş üzrə şahid kimi dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. O, Təqsirləndirilən şəxs Biləsuvar rayon sakini kimi taımış, sonuncu ilə heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 11 aprel 2025-ci il tarixdə, saat 14-15 radələrində təqsirləndirilən şəxsin Biləsuvar rayonu ərazində narkotik vasitələrin və psixatrik maddələrin qanunsuz saxlanılması və daşınması ilə məşğul olması barədə Biləsuvar rayon polis şöbəsinə məlumat daxil olmuş və həmin məlumat əsasında həmin şəxsin əməllərinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupunun rəhbəri Şahid2 olmuş, o və Şahid3 həmin əməliyyat qrupuna daxil edilmişlər. Həmin gün Təqsirləndirilən şəxs Biləsuvar rayon ərazisində gedə bilmə ehtimalı olan yerlər müəyyən edilmiş və əməliyyat-axtarış tədbiri keçirilməyə başlanılmışdır. Həmin gün, saat 14 radələrində Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, İqbal Astanlı küçəsində - qəbiristanlıq istiqamətində hərəkət etdiyi zaman 10-15 dəqiqə əməliyyat müşahidəsinə götürülmüş, saat 14:29-da isə hmin küçədə, qəbiristanlıq istiqamətində olan dar bir dalanda saxlanılmışdır. Əməliyyat – axtarış tədbiri keçirildiyi vaxt onlardan bir nəfəri avtomobildə, iki nəfər isə piyada şəkildə Təqsirləndirilən şəxs müşahidə etmişlər. Təqsirləndirilən şəxs saxlanıldığı zaman Biləsuvar şəhəri, İqbal Astanlı küçəsində ondan və digər əməliyyat qrupu üzvlərindən başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra hüquq və vəzifələri, o cümlədən saxlanıldığı andan müdafiəçi ilə təmin olmaq hüquqları izah olunmuş, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla dövriyyəsi qadağan edilmiş, hər hansı əşya və predmet varsa, təqdim etmələri təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən bir ədəd bükümü, digər ciblərindən mobil telefon və şəxsi əşyalarını çıxarıb təqdim edərək üzərində başqa qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olmadığını bildirmişdir. Sorğu zamanı həmin şəxs üzərindən aşkar edilmiş bükülünü yaşadığı Biləsuvar rayonu, Xırmandalı kəndində, ağacın dibindən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Aran” marketin qarşısında saxlanımasına dair ifadəsi yalandır. O, təqsirləndirilən şəxsə qarşı hər hansı qanunsuzluğa yol verməmiş, hər hansı fiziki və ya psixi zor tətbiq etməmiş və ya həmin şəxsin üzərinə baxış keçirilməsindən əvvəl həmin şəxsə qarşı hər hansı qanunsuzluğa yol verilməmişdir. Həmçinin həmin gün, səhər saatlarında Biləsuvar şəhəri ərazisində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında X1 adlı Biləsuvar rayonu, Bəydili kənd sakini də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılmışdır. Həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə əlaqədar yaradılmış əməliyyat qrupuna o rəhbərlik etmiş, həmçinin Şahid2 də həmin qrupa daxil edilmişdir. S.E.Şirxanovun saxlanıldığı yerlə Təqsirləndirilən şəxs saxlanıldığı yer arasında təxminən 20 dəqiqə məsafə var. O və digər polis əməkdaşları S.E.Şirxanovun təqsirləndirilən şəxslə hər hansı münasibətinin olmasından xəbərdar olmamışlar. Həmçinin S.E.Şirxanovun saxlanıldıqdan sonra özünəməxsus mobil telefon vasitəsilə Təqsirləndirilən şəxs zəng etməsi mükün deyil. Həmçinin onlarda təqsirləndirilən şəxsin S.E.Şirxanov ilə görüşəcəyinə dair hər hansı məlumat olmamışdır. Biləsuvar rayon polis şöbəsinin əməkdaşları Şahid3 məhkəmədə Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, - 11,233 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşıdığını və 11 aprel 2025-ci il tarixdə, saat 14:29-da Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhəri, İqbal Astanlı küçəsində qəbirstanlığın yaxınlığında piyada hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanıldığını, həmin yerdə üzərinə yoxlama keçirildiyi zaman həmin narkotik vasitə qurudulmuş marixuana bir ədəd üzəri şəfaf rəngli yapışqan lentlə sarılmış qara rəngli sellofan kəsiyi bükümündə olmaqla, əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, Bİləsuvar rayonu, Bəydili kəndində yaşayır və İİ dərəcəli əlildir. O, Təqsirləndirilən şəxs ilə sonuncu Biləsuvar rayon mərkəzi xəstəxanasında işlədiyi vaxt tanış olmuş və dostluq etməyə başlamışdır. Onlar tez-tez çayxanada və ya kafedə görüşərək, birlikdə narkotik vasitə qurudulmuş marixuana istehlak etmişdir. Həmin narkotik vasitəni bəzi vaxtlar təqsirləndirilən şəxs, bəzən isə o gətirmişdir. O, hazırda etdiyi əmələ görə peşmandır və bu əməlinə görə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, əvvəllər Təqsirləndirilən şəxs ilə ayda 2-3 dəfə görüşsə də, son bir ay ərzində onun mobil telefonu xarab olduğuna görə görüşə bilməmişlər. O, 11 aprel 2025-ci il tarixdə, səhər saatlarında telefonunu Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən mərkəzi bazarın qarşısında olan telefon təmiri mağazasında təmir etdirmişdir. O, telefonunun təmir etdikdən sonra, saat təxminən 8-9 radələrində onun xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs ona zəng edərək, Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən “Kapital Bank” açıq səhmdar cəmiyyətinin inzibati binasının qarşısında görüşmələrini təklif etmişdir. Buna səbəb isə onlar iş tapmaq üçün Bakı şəhərinə getməyi planlaşdırmaları olmuşdur. O, təqsirləndirilən şəxsin təklifi ilə razılaşmışdır. O, həmin gün evə bazarlıq etməli olsa da, telefonun təmir xərcləri xeyli pul tutduğu üçün evə alış-veriş edə bilməmişdir. Buna görə də o, yaşadığı evə anasına Təqsirləndirilən şəxs ilə görüşəcəyini xəbər vermək məqəsədilə getməyə başlamışdır. Həmin vaxt isə polis əməkdaşları onu saxlayaraq, Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. O, şöbədə olduğu zaman həmin əməkdaşlar tərəfindən onun telefonu əlindən alınmışdır. Polis əməkdaşları onu dindirdikləri zaman ona tez-tez Təqsirləndirilən şəxs ilə bağlı suallar vermişlər və sonuncu ona zəng etdiyi vaxt telefonunu ona təqdim edərək, təqsirləndirilən şəxslə danışmasını və görüşməsini tapşırmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs ona Biləsuvar şəhəri, H.əliyev küçəsində yerləşən “Pizza Home” restoranın qarşısında, “Aran” marketin yaxınlığında onu göslədiyini demişdir. Daha sonra isə polis əməkdaşları “Kia” markalı avtomobilə onu əyləşdirərək, “Pizza Home” restoranın qarşısına getmiş və Təqsirləndirilən şəxs tutaraq nəqliyyat vasitəsinə əyləşdirmişlər. Həmin vaxt o və təqsirləndirilən şəxs, həmçinin bir nəfər polis əməkdaşı avtomaşının arxa oturacağında əyləşmişlər. İş materiallarında olan əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair 11 aprel 2025-ci il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, daxil olmuş əməliyyat məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 11 aprel 2025-ci il tarixdə, saat 14:29-da Biləsuvar şəhəri, 8 Mart küçəsində, qəbirstanlığının yaxınlığında saxlanılmış, həmin vaxt əməliyyat-axtarış tədbirində Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, Şahid2, Şahid1 və X2 iştirak etmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl həmin şəxsə paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Həminu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükülü, şalvarın sol yan cibindən bir ədəd mobil telefon və digər ciblərindən şəxsi əşyalarını çıxarıb təqdim edərək, başqa üzəzrində qanunla qadağan olunmuş heç bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra şübhəli şəxsin üstü yoxlanılmış və yoxlama zamanı onun üzərindən qanunla qadağan olunmuş əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, həmin bir ədəd bükülünün içində marixuana vardır, ona məxsusdur, onu yaşadığı Biləsuvar rayonu, Xırmandalı kənd qəbirstanlğında ağacın dibindən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd üzəri şəfaf rəngli yapışqan lentlə sarılmış qara rəngli sellofan kəsiyinə bükülmüş bükülü açılıb baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmiş və elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə çəkisi 14,22 qram olmuşdur. Daha sonra həmin kütlə qablaşdırılmış, saxlanılan şəxs və iştirakçılar tərəfimdən imzalanmış və götürülmüşdür. Şübhəli şəxsin üstünü yoxlama hərəkətləri Biləsuvar şəhəri, İ.Astanlı küçəsində yerləşən qəbirstanlığın yaxınlığında keçirilmiş, üstünü yoxlama zamanı «Samsung A32» markalı videokamera vasitəsi ilə Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən video çəkiliş aparılmışdır. Cinayət iş materiallarına əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının 12 aprel 2025-ci il tarixli, 19/152 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs üzərindən aşkar odilərək götürülmüş bükülü...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi - 11,233 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuananın təmiz çəkisi - 11,233 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş, qalıq 11,133 qram qalmışdır. İş materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 17 aprel 2025-ci il tarixli, 213 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən istifadə halları olmuşdur. Lakin Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş “Azercell” məhdud məsuliyyətli cəmiyyətinin 15 sentyabr 2025-ci il tarixli və “Azerfon” məhdud məsuliyyətli cəmiyyətinin 22 sentyabr 2025-ci il tarixli məktublarından və habelə həmin məktuba əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş iki ədəd “CD” disklərdəki məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələr 11 aprel 2025-ci il tarixdə, saat 13 radələrinədək olan müddət ərzində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində aktiv olmuş, yalnız həmin gün, saat 13 radələrindən sonra Biləsuvar şəhəri ərazisində olmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalması və üzərinə baxış keçirilməsindən əvvəl həmin şəxsə qarşı qanunsuzluğa yol verilməsi barədə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ilkin ifadəsi, sonradan Təqsirləndirilən şəxs özü tərəfindən, habelə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunduğuna görə özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nın İ siyahısının 109.1-ci bəndinənin tələbinə görə qurudulmuş marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qramdır. Məhkəmə iş materiallarını təqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən ona qarşı qanunsuzluğa yol verilməsi və üzərindən aşkar edilmiş narkotik vasitənin baxış keçirilməsindən əvvəl polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması barədə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsi, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunduğuna görə özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş hesab olunmalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunan şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 11 aprel 2025-ci il tarixdə, saat 14:29-da şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 13 aprel 2025-ci il tarixdə, saat 12:00-da Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlıqdan məhrum etmənin müddətinə 1 günə 1 gün hesabı ilə hesablanmalıdır. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 17 aprel 2025-ci il tarixli, 213 saylı rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 11,133 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 1 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 11,133 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar