Məhkəmə qərarları › İş №1(022)-87/2024

Biləsuvar Rayon Məhkəməsi Hökm — İş №1(022)-87/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Biləsuvar rayonu İş № 1(022)-87/2024 30.05.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X5 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1995-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan şəhəri, Ə.Quliyev küçəsində yerləşən 5 nömrəli evin 25 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 5,268 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 16 fevral 2024cü il tarixdə, saat 01:35-də «Lada Kalina» markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən Ələt-Astara yolunun sağ hissəsində yerləşən “Turist 5” kafesinin yaxınlığında hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə qurudulmuş marixuana üzəri sarı rəngli yapışqanlı lentə bükülmüş bir ədəd şəffaf rəngli sellofan bükümdə olmaqla, əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, uzun müddətdir narkotik vasitə qurudulmuş marixuana istifadə edir. Həmçinin o, əvvəllər narkotik vasitə heroin istehlak etdiyinə görə Salyan rayon Məhkəməsinin 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 2021-ci ilin dekabr ayında cəzadan azad edilmişdir. O, 13 fevral 2024-cü il tarixdə işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində piyada hərəkətdə olduğu vaxt yerdən bir ədəd üzəri sarı rəngli yapışqan lentlə bağlanmış şəffaf rəngli sellofan bükülü tapmış və həmin bükümün içərisinə baxdığı vaxt orada narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. O, həmin narkotik vasitəni sonradan istehlak etmək məqsədi ilə üzərində olan gödəkçənin cibində gizlətmişdir. O, 15 fevral 2024-cü il tarixdə Biləsuvar rayonu, Ağalıkənd kəndində yaşayan əsgər yoldaşı Elvinə 2020-ci ildə borc kimi verdiyi 300 manat pulu həmin şəxsdən almaq məqsədi ilə Biləsuvar rayonuna getməyə qərar vermişdir. Belə ki, o, Elvin adlı şəxsi həqiqi hərbi xidmətdə olduğu vaxt tanımış və cəzaəçəkmə müəssisəsində cəza çəkdiyi üçün onun həmin şəxslə əlaqəsi kəsilmişdir. O, həmin gün Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində olan taksi sürücüsü kimi tanıdığı X1 onu və faktiki nikah münasibətlərində olduğu N.İ.Əliyevanı Biləsuvar rayonuna aparmasını və daha sonra Salyan rayonunda düşürməsini xahiş etmiş, Ü.A.Şaxsuvarov isə 100 manat zəhmət haqqı veriləcəyi təqdirdə, onları həmin ünvana apara biləcəyini ona bildirmişdir. O Ü.A.Şaxsuvarov ilə onları Biləsuvar rayonuna və Salyan rayonuna 100 manat zəhmət haqqı müqabilində aparmağa razılıq əldə etmişlər. O və N.İ.Əliyeva həmin gün saat 22:30-da yaşadıqları evin yerləşdiyi küçədə Ü.A.Şaxsuvarovun idarə etdiyi «Lada Kalina» markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişlər və birlikdə Biləsuvar rayonuna yola düşmüşlər. Həmin vaxt nəqliyyat vasitəsində Ü.A.Şaxsuvarovun tanışı X3 da olmuşdur. 16 fevral 2024-cü il tarixdə, saat 01 radələrində onlar Biləsuvar rayonu, Ağalıkənd kəndinə çatmışlar, lakin o, gec olduğu və Elvinin yaşadığı ünvanı bilmədiyi üçün Salyan şəhərinə gedib, orada valideynlərinə məxsus evdə gecəni keçirməyi, sabah isə yenidən Biləsuvar rayonu, Ağalıkənd kəndinə gəlməyə qərar vermişdir. Bu məqsədlə onlar Salyan şəhəri istiqamətində yola düşmüşlər. Onlar Ələt- Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən hissəsində yerləşən “Turist 5” kafesinin yaxınlığında hərəkətdə olarkən yol patrul xidmətinin əməkdaşları avtomaşına saxla əmrini verdiklərinə görə Ü.A.Şaxsuvarov nəqliyyat vasitəsini yolun kənarında saxlamışdır. Polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş, gəlişlərinin səbəbini izah etdikdən sonra onları Biləsuvar rayon polis şöbəsinə dəvət etmişlər. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında videoçəkiliş aparılmaqla, vəkilin iştirakı ilə, onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. O da əynindəki gödəkçənin sağ yan cibindən həmin bükümü çıxarıb, polis əməkdaşlarına təqdim etmiş və həmin bükülünü 13 fevral 2024-cü il tarixdə işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən sexin yaxınlığında piyada hərəkətdə olduğu vaxt yerdən tapdığını və sonradan istehlak etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış və «Lada Kalina» markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş, lakin onun üzərində və avtomobildə dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Şəxsi axtarış və baxış keçirilməsi ilə əlaqədar protokollar tərtib edilmiş, eyni zamanda onun üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Tərtib olunmuş protokollar ona ucadan oxunmuş, protokollar və üzərindən götürülmüş əşyaların qablaşdırıldığı zərfin üzəri o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Bundan əlavə, o bildirdi ki, onun üzərində narkotik vasitə qurudulmuş marixuana olduğundan sürücü Ü.A.Şaxsuvarovun, sərnişin N.A.Cəfərovun xəbərləri olmamışdır. Sonda, Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Əvvəllər tanımadığı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Biləsuvar rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında onun tərəfindən 15 fevral 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq, 16 fevral 2024-cü il tarixdə, gecə saatlarında əməliyyat tədbiri keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs içərisində olduğu ehtimal edilən Ü.A.Şaxsuvarovun idarə etdiyi «Lada Kalina» markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Bundan təxminən bir neçə dəqiqə sonra həmin nəqliyyat vasitəsi yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlatdırılmış və Təqsirləndirilən şəxs və avtomobildə olan digər şəxslər polis əməkdaşları tərəfindən Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Biləsuvar rayon polis şöbəsinin inzibati binasında, vəkilin iştirakı ilə, videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli bükümü çıxarıb təqdim etmiş və həmin bükülünü 13 fevral 2024-cü il tarixdə işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən sexin yaxınlığında piyada hərəkətdə olduğu vaxt yerdən tapdığını və sonradan istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Həmin bükülünün içərisinə baxılarkən, orada rəngindən və digər əlamətlərindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir. Şübhəli şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və həmin protokol o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Bundan sonra digər şübhəli şəxslər üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və həmin şəxslərin üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya aşkar edilməmişdir. Şübhəli şəxslər üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokollar tərtib olunmuş və həmin protokollar o və digər baxış iştirakçıları tərəfindən imzalanmışdır. Daha sonra «Lada Kalina» markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş və nəqliyyat vasitəsində qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisi 5,48 qram olmuş və həmin şəxsdən götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin zərflər üçün 61 nömrəli möhürü ilə möhürlənmişdir. Sonda baxış keçirilməsinə dair protokollar tərtib olunaraq iştirakçılara oxunmuş, protokollar baxış iştirakçıları tərəfindən imzalanmışdır. İş üzrə şahid kimi dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşı Şahid2 məhkəmədə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 5,268 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşıdığını, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 16 fevral 2024-cü il tarixdə, saat 01:35-də Ü.A.Şaxsuvarovun idarə etdiyi «Lada Kalina» markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara yolunun Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən hissəsində, sağda yerləşən “Turist 5” kafesinin yaxınlığında hərəkətdə olarkən hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq, Biləsuvar rayon polis şöbəsinə gətirildiyini və üzərində şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə qurudulmuş marixuananın üzəri sarı rəngli yapışqanlı lentə bükülmüş bir ədəd şəffaf rəngli sellofan bükümdə olmaqla, əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək götürüldüyünü təsdiq etdilər. İş materiallarında olan şəxsi axtarış və maddi sübutun götürülməsi barədə 16 fevral 2024-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində döviyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyalar, eləcə də narkotik vasitə və ya psixotrop maddə vardırsa, könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki gödəkçəninın sağ yan cibindən bir ədəd sarı rəngli yapışqanlı lentə bükülmüş bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana vardır və o, həmin bükülünü narkotik vasitələrin və psixotrop maddlərin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanıldığı gündən təxminən 3-4 gün əvvəl işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən sexin yaxınlığında piyada hərəkətdə olduğu vaxt yerdən tapmış və sonradan istehlak etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra həmin bükülüyə onun iştirakı ilə açılaraq baxış keçirilmiş və bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuanaə bənzər maddə olması aşkar olunmuşdur. Həmin bükülü elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə bükümün çəkisinin 5,48 qram olması məlum olmuşdur. Həmin narkotik vasitə qurudulmuş marixuanaə bənzər maddə olan büküm zərfə qoyulub qablaşdırılaraq 61 nömrəli möhürü ilə möhürlənmişdir. İş materiallarına əlavə edilmiş avtomobilə baxış keçirilməsi və götürülməsi barədə 16 fevral 2024-cü il tarixli protokoldan, habelə həmin protokola əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən görünür ki, X2 idarə etdiyi «Lada Kalina» markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin həmin nəqliyyat vasitəsində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya aşkar edilməmişdir. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının 16 fevral 2024-cü il tarixli, 19/149 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülünün qablaşdırıldığı zərf...» sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki, 01 ədəd bükümdə təmiz çəkisi - 5,268 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadir. Qurudulmuş marixuananın təmiz çəkisi -5,268 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 5,218 qram qalmışdır. İş materiallarında olan ambulator narkoloji tibbi yoxlamanın 06 mart 2024-cü il tarixli, 230 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»nın İ siyahısının 109.1-ci bəndinənin tələbinə görə qurudulmuş marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qramdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunmayan şəxsiyyətini, məhkumluğunun olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 4-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 fevral 2024-cü il tarixdə, saat 01:35-də şübhəli şəxs kimi tutma tətbiq olunmuş və Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə, saat 16:50-də Biləsuvar rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs faktiki tutulduğu 2 gün müddət təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 günə 2 gün hesabı ilə hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Bundan başqa, məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlamanın 06 mart 2024-cü il tarixli, 230 saylı rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, tədqiqatdan sonra xalis çəkisi 5,218 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə ekspertiza xərci qismində 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü, habelə cinayət işinin digər materialları ilə birlikdə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyləndirən halları və Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və onun barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəza müddətinə 1 günə 2 gün hesabı ilə hesablansın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya qurumuna həvalə edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs götürülmüş və iş üzrə maddi sübut kimi tanınmış, Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 5,218 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar